Yeni aqrar qanunlar. XX əsrin əvvəllərində Şimali Azərbaycanda bütün torpaqların 70%-ə qədəri dövlətin mülkiyyətində idi və bu torpaqlarda bütün kəndlilərin 68%-i yaşayırdı. Bütün kəndlilərin sayı 1,5 milyon nəfərə çatırdı ki, bunun da 1/3 hissəsi, yəni 500 min nəfəri mülkədar torpaqlarında məskunlaşmışdı. Bütövlükdə dövlət kəndlilərinin istifadəsində olan torpaq sahəsi sahibkar (mülkədar) kəndlilərinin istifadə etdiyi torpaqlardan 3 dəfə çox idi. Lakin çar höküməti dövlət kəndində torpaq münasibətlərinin nizamlanmasına çox gec başladı. "Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında^ 1900-cü il 1 may qanunu ilə rus höküməti bu sahədə ilk addımı ataraq dövlət kəndlilərinə icma torpaqlanndan nəsli istifadə hüququ vermişdi. 1900-cü il 1 may qanununa uyğun olaraq 1903-cü il aprelin 21-də verilmiş Əsasnamədə kəndlilərin nəsli istifadəsinə keçəcək torpaqların sərhədlərinin müəyyənləşdirilməsi və pay torpaqlannm planlarının tərtib və təsdiq edilməsi qaydası müəyyən edildi. Kəndlilərə əlavə pay torpaqlarının verilməsi, çəmən, otlaq və meşələrdən də onlara pay ayrılması qaydası da müəyyən olundu. Lakin nə qanun, nə də Əsasnamə dövlət kəndində torpaq məsələsini axıra qədər həll etmədi. Əksinə qanunun müəyyən maddələrindən (torpaqların vaxtaşırı icma üzvləri arasında bölüşdürülməsi qaydasının ləğv edilməsi) yararlanan qolçomaqlar və imkanlı kəndlilər icmadakı yararlı torpaqların bir hisəsini ələ keçirərək dövlət kəndində təbəqələşmənin güclənməsinə təkan verdilər.
Şimali Azərbaycanın sahibkar kəndində isə 1870-ci il 14 may aqrar islahatı yarımçıq qalmışdı. Kəndlilər sahibkarların asılılığından çıxsalar da, müəyyən edilmiş normalar əsasında pay torpaqlarını satın alaraq öz mülkiyyətlərinə çevirə bilməmişdilər. Şimali Azərbaycanda pay torpaqlarının satın alınma qiyməti Rusiyanın mərkəzi quberniyaları ilə müqayisədə məsələn, Bakı quberniyası üzrə 8 dəfə, Yelizavetpol (Gəncə) quberniyası üzrə 17 dəfə baha idi. Buna görə də Azərbaycanın pay torpağını satın ala bilməyən sahibkar kəndliləri artıq 40 il idi ki, islahatdan əvvəlki vergi və mükəlləfiyyətləri sahibkara ödəməyə məcbur idilər. Bir sözlə, torpağını satın alana qədər "müvəqqəti mükəlləfiyyətli" sayılırdılar. Hansı ki, Rusiyada "müvəqqəti mükəlləfiyyətli" münasibətlər 1881-ci və 1886-cı illərdə ləğv edilmişdi.
Rus höküməti Azərbaycanın sahibkar kəndində kapitalist münasibətlərinin, qolçomaq və kəndli fermer təsərrüfatlarımn yaradılması yolunda əsas əngəl olan torpaq məsələsini tam həll etmək üçün 1905-ci ildən başladığı işi 1912-ci ildə tamamladı. Bu müddətdə hazırlanan qanun layihəsi III Dövlət Dumasında müzakirə edildikdən sonra 1912-ci il dekabrın 20-də çar tərəfindən imzalanaraq qüvvəyə mindi. 1912-ci il 20 dekabr tarixli "Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında" qanuna görə Şimali Azərbaycanın sahibkar kəndliləri 1913-cü il yanvarın 1-dən mükəlləfiyyət daşımaqdan azad edilirdi və onlann xüsusi mülkiyyəti elan olunmuş pay torpağını satın almalı idilər. Kəndli yalnız torpaq Nizamnaməsində göstərilən torpağı öz mülkiyyətinə keçirə bilərdi. Əkinçilik üçün yararsız olan torpaqlar kəndlinin mülkiyyətinə pulsuz keçirdi. Pay torpaqlarında salınmış bağ yerlərinin əvəzində pul ödənilmirdi. Kəndli çəmən, otlaq və meşə sahələrini satın ala bilməzdi. Su arxları mülkədarlann xüsusi mülkiyyətində qalırdı. Mülkədarlar torpaq üçün əvəz haqqını dövlət xəzinəsindən alırdılar. Kəndlilər isə həmin pulu faizlə 28-56 il müddətinə dövlətə qaytarmalı idilər.
Başqa bir, 1913-cü il 7 iyul qanununa görə Zaqatala dairəsinin sahibkar kəndliləri feodal asılılığından azad edilirdilər. Dövlətin bəy və keşgəl (torpaq) sahiblərinə birdəfəlik ödədiyi 284 min manat pulu kəndlilər 20 ildə dövlət xəzinəsinə qaytarmalı idilər.
1912-1913-cü illər aqrar qanunları ləng həyata keçirilirdi və sahibkar kəndlilərini faktiki olaraq dövlətə borclu vəziyyətinə salmışdı. Buna baxmayaraq, Azərbaycan kəndində qolçomaq və kəndli fermer təsərrüfatlarinin yaradılması üçün müəyyən iqtisadi şərait təmin olunmuşdu. Nəticədə kənddə ictimai təbəqələşmə güclənmiş və kapitalizmin inkişafı sürətlənmişdi.
Dostları ilə paylaş: |