İstifadə olunmuş ədəbiyyatın siyahısı.
1. Azərbaycan tarixi 7 ciliddə 5-ci cild. Bakı: 2007.
2. Həvva Məmmədova. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxari Qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920).
3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı: 2005.
4. Azərbaycan Xalq Cümhuriyyəti – 90 (1918-1920). Bakı: 2008.
5. Azərbaycan tarixi. İ.Məmmədov Bakı: 2005.
Mövzu: Azərbaycan sovet rejimi şəraitində (1920-1939-cu illər)
Plan:
1. Azərbaycan sovet rejiminin bərqərar olması və ona qarşı üsyanlar.
2. Azərbaycanda sovet milli siyasəti. DQMV-nin və Naxçıvan MSSR-in təşkili.
3. Azərbaycanda sosialist yenidənqurmaları və onların nəticələri. Kütləvi siyasi
represiyalar.
4. Azərbaycanda mədəni quruculuq.
1. 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edildi. Hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi və Azərbaycan SSR Xalq Komissarları Soveti yaradıldı (N.Nərimanov-sədr, H.Sultanov, Ə.H.Qarayev, Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Vəzirov). Qırmızı ordu hissələri aprelin 28-30-da Lənkəranı, Salyanı, Şuşanı, Ağdamı və b., mayın əvvəllərində Gəncəni, Şamaxını, Goyçayı, Şəkini, Zaqatalanı və Balakəni zəbt etdilər, mayın ortalarında isə Qarabağ bölgəsini öz nəzarətləri altına aldılar. Rusiyanın hərbi donanması Lənkəran və Astaraya desant çıxardı. İnqilab Komitəsinin 1920-ci il 3 may tarixli dekreti ilə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı, polis ləğv edildi, fəhlə-kəndli milisi təşkil olundu. Torpaq haqqında 1920-ci il 5 may tarixli dekreti ilə bütün xan, bəy torpaqları müsadirə edildi və ödənişsiz kəndlilərin istifadəsinə verildi. 1920-ci il mayın 7-də ordu və donanmanın yenidən təşkili barədə dekret verildi. Digər bir dekretlə isə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər milliləşdirilərək, dövlət mülkiyyətinə verildi. 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz və s.) ləğv edildi. Xalq Maarif Komissarlığının 15 may tarixli qərarı ilə vicdan azadlığı elan olundu, hər cür dini ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. Fövqəladə Komissiya (ÇK) və Ali İnqilabi Tribunal təşkil olundu. 1920-ci il sentyabr tarixli fərman ilə kəndlərdə yaradılan yoxsul komitələri 1921-ci ilin yayından etibarən kənd sovetləri ilə əvəz olundu. 1920-ci il 24 may tarixli dekret ilə neft sənayesi milliləşdirildi, onu idarə etmək üçün V.İ.Lenin tərəfindən göndərilmiş A.P.Serebrovskinin başçılığı ilə Azərbaycan Neft Komitəsi (sonralar “Azneft”) təşkil olundu və neft faktiki olaraq Sovet Rusiyasının ixtiyarına keçdi.
1920-ci ilin iyununda Xəzər Ticarət Donanması, banklar və balıq sənayesi milliləşdirildi. 1920-ci ilən sonuna kimi Azərbaycandan Rusiyaya 3 mln. ton neft daşınmışdı, bu da Bakıda istehsal olunan neftin 90%-dən çoxu idi. 1921-ci il mayın 6-da Bakıda keçirilən Azərbaycan SSR-in I sovetlər qurultayı Azərbaycan SSRin ilk Konstitusiyasını qəbul etdi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi və qurultaylararası dövrlərdə respublikada ali qanunverici orqan olan Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (Az. MİK) seçildi. MİK sədri Muxtar Hacıyev, sədrin müavini Səmədağa Ağamalıoğlu seçildilər. Az. MİK qarşısında məsuliyyət daşıyan ali icraedici hakimiyyət orqanı-Azərbaycan SSR Xalq Komissarları Soveti (sədri N.Nərimanov) yenidən təşkil olundu.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək rütbəli hərbiçilərini həbs edərək Nargin adasında güllələdilər. 1920-1921-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin keçmiş sədrləri F.X.Xoyski və N.Yusifbəyli, parlamentin sədr müavini H.Ağayev, hökumət üzvləri X.Rəfibəyli, İ.Ziyadxanlı və b. öldürüldülər. 1920-ci il aprelin 28-dən-1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam öldürüldü. M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilərək Bakıya gətirilmiş, lakin Stalin tərəfindən azad edilərək Moskvaya aparılmış və 1922-ci ildə Finlandiyaya, oradan Türkiyəyə mühacirət etmişdir.
1921-ci ildə “Müsavat”, “İttihad”, “Əhrar” partiyalarının qanundankənar olması və fəaliyyətlərinin qadağan olunması barədə rəsmi qərar verildi. Xalqın Sovet rejimindən narazılığı getdikcə artırdı. İlk güclü silahlı çıxış 1920-ci il may ayının 25-26-da Gəncədə Azərbaycan Milli Ordusunun bölmələri tərəfindən baş verdi, üsyançıların sayı 10-12 minə çatırdı. Üsyana general Cavad bəy Şıxlinski, general Məmməd Mirzə Qacar, polkovnik Cahangir bəy Kazımbəyov və b. ibarət Hərbi Şura rəhbərlik edirdi. Mayın 26-da üsyançılar dəmiryol stansiyasını ələ keçirdilər. Bolşevik hökuməti Gəncə üzərinə güclü hərbi qüvvə göndərdi, erməni əhalisi isə arxadan zərbə vuraraq, Qırmızı orduya köməklik göstərirdi. Mayın 31-də şəhər XI Qırmızı ordu hissələrinin nəzarətinə keçdi. Üsyançılardan 13 min nəfər həlak oldu, 76 nəfər zabit və əsgər Nargin adasında güllələndi.
Türk generalı Nuru paşanın başçılıq etdiyi və 1920-ci il iyunun əvvəllərində başlamış Qarabağ üsyanının başlıca qüvvəsini Azərbaycan Milli Ordusunun Qarabağın müxtəlif yerlərində yerləşən hissələri, Şəki, Cavanşir, Ağdam süvari, Bakı piyada alayları, 2 topçu diviziyası təşkil edirdi. İlk hərbi toqquşma Ehsan xan Naxçıvanskinin komandanlıq etdiyi Şəki alayı arasında olmuşdu. Bu döyüşdə Naxçıvanski və onu müşaiyət edən bir qrup hərbiçi ələ keçirilib XI Qırmızı ordu qərargahında güllələndilər. Qarabağ üsyanı amansızlıqla yatırildı.
2. 1920-ci il iyunun 6-da Zaqatalada güclü üsyan baş verdi. Bu üsyanın əsas qüvvəsini dinc əhali təşkil edirdi. Üsyana keçmiş Xalq Cümhuriyyətinin xadimlərindən biri, peşəkar hərbiçi Əhmədiyev və Molla Hafiz Əfəndi başçılıq edirdilər. Amansızlıqla yatırılan üsyanın sağ qalan hissələri Gürcüstanda sığınacaq tapmalı oldular. 1920-ci ilin yayında Şəmkir qəzasının Müşkürlü kəndi ətrafında, avqustda Quba qəzasının Dəvəçi və Qusar dairələrində kəndlilərin silahlı dəstəsi ilə Qırmızı ordu hissələri arasında toqquşmalar baş verdi. 1920-1924-cü illərdə Lənkəran, Cavanşir, Ordubad və Şərur qəzalarında, Qəbələ və Xaçmazda da sovet rejimi əleyhinə kütləvi çıxışlar baş vermişdi. “İttihad” partiyasının Sovet hakimiyyətini devirmək üçün hazırladıqları üsyan planı baş tutmadı. Beləki, partiyanın sədri Qarabəy Qarabəyov başda olmaqla 155 nəfər üzvü xüsusi şöbə tərəfindən həbs olunmuşdu.
1920-ci il aprel çevrilişindən sonra da Ermənistan Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ və Şərur-Dərələyəz torpaqlarını ələ keçirmək niyyətində idi. Erməni hərbi hissələri 1920-ci ilin yayında Zərgəzuru dağıdıb Naxçıvana hücum etdilər. Əhalinin tələbi ilə Naxçıvanı müdafiə etmək üçün Veysəl bəyin başçılığı ilə köməyə gələn türk qoşun hissələri Naxçıvanı nəzarət altına aldılar. 1920-ci ilin iyulunda XI Qırmızı ordu hissələri də Naxçıvana girdi. 1920-ci ilin avqustunda Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müvəqqəti sazişə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilir, rus qoşunlarının zəbt etdiyi Qarabağ, Zərgəzur və Naxçıvan mübahisəli ərazilər elan olunur. 1920-ci il oktyabrın əvvəllərində təcili olaraq Naxçıvanda fövqəladə komissarlığın yaradılması faktiki olaraq Naxçıvanı Ermənistan idarəçiliyinə vermək məqsədi güdürdü. Ermənistan sovetləşdikdən (29 noyabr 1920) sonra AK(b)P MK Siyasi və Təşkilat bürolarının 1920-ci il 30 noyabr tarixli qərarına müvafiq olaraq dekabrın 1-də Nərimanovun “…Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir…” bəyanatı erməniləri Azərbaycandan yeni ərazilər qoparmaq iddialarını daha da artırdı.
1921-ci il fevral-mart aylarında keçirilən Moskva danışıqlarının əsas obyektlərindən biri Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvanın statusu məsələsi idi. Türkiyə nümayəndəsi bildirdi ki, Azərbaycanın Naxçıvan üzərində himayəsi o zaman təmin olunar ki, o bu himayəni 3-cü bir dövlətə güzəştə getməyəcəyinə dair öhdəlik götürsün. Rusiya isə Azərbaycanın himayəsi altında Naxçıvana muxtariyyət verilməsini və onun sərhədlərinin müəyyənləşdirilməsini ön plana çəkirdi. 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında Moskvada müqavilə imzalandı. Müqavilənin 3-cü maddəsində göstərilirdi ki, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədləri ilə Azərbaycanın himayəçiliyi altında Naxçıvanın muxtar ərazi olmasına razılıq verirlər və Azərbaycan onu 3-cü dövlətə güzəştə getməməlidir. 1921-ci il oktyabrın 13-də Qarsda imzalanmış müqavilədə Naxçıvanın Azərbaycan ərazisi olması bir daha təsdiqləndi, onun sərhədləri və gələcək statusu qəti olaraq müəyyənləşdirildi. 1929-1931-ci illərdə Ordubad və Zəngilan rayonlarının bir sıra kəndləri Ermənistana verildi və bu ərazi Mehri rayonu adlandırıldı. Nəticədə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan sərhəd bağlandı. Naxçıvan barədə 1922-ci ilin yazında təsdiq olunmuş Əsasnamədə Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) adı ilə Azərbaycan SSR himaysində muxtar respublika elan olundu. 1923-cü ilin fevralından dekabrına kimi o, Azərbaycan SSR tərkibinə muxtar ölkə kimi, dekabrın 31-də qəbul olunmuş qərara görə Naxçıvan ölkəsi Naxçıvan SSR, 1924-cü il fevralın 9-da Naxçıvan MSSR kimi daxil oldu.
1921-ci ilin yayında Əlahiddə Qafqaz ordusunun hissələri hücum etdi və Yuxarı Zəngəzur Ermənistana birləşdirildi. 1921-ci ilin yayında Ermənistan SSR XKS sədri A.Myasnikov tərəfindən Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi elan olundu. Dağlıq Qarabağda fövqəladə nümayəndə təyin olunan A.Mravyan N.Nərimanovun təkidi ilə iyunun 27-də geri çağırıldı. 1920-ci ilin dekabrında Türkiyə ilə Ermənistan arasında imzalanmış Gümrü (Aleksandropol) sülh müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla, bütün Ermənistan ərazisi təxminən 10 min kv.km hüdudlarında müəyyənləşdirilmişdi. Lakin Rusiya bir müddətdən sonra Gümrü sülh müqaviləsini tanımaqdan imtina etdi.
RK(b)P-nin Qafqaz bürosu 1921-ci il iyulun 4-də toplanmış plenumunda Qarabağ məsələsini müzakirə etdi. Müzakirələrdə 2 fikir irəli sürüldü: I, Qarabağın Azərbaycanın tərkibində saxlanılması və bütün əhalisi arasında rəy sorğusu keçirilməsi; II, Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə qatılması və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi. İclasda əksəriyyət (Orcanikidze, Myasnikov, Kirov) 2-ci təklifə səs verdi. Lakin N.Nərimanovun qəti etirazı, kəskin narazılıq yarandığını nəzərə alaraq Qafqaz Bürosu son qərar üçün məsələni RK(b)P MK-nın müzakirəsinə verməyi tövsiyə etdi. Məsələ iyulun 5-də Qafqaz bürosunun plenumunda yenidən müzakirə olundu. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq Dağlıq Qarabağın Azəraycan SSR-in tərkibində saxlanılması qərarını qəbul etdi, paytaxtı Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi bəndi salında. Bu məsələdə Stalinin, Çiçerinin, Orconikidzenin və Kirovun həlledici rolu olmuşdu. Lakin bu qərar Azərbaycan rəhbərliyini qane etmirdi. Buna baxmayaraq, 1923-cü il iyunun 27-də RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin plenumunda bu qərar təsdiq olundu. S.Orconikidzenin təkidi ilə Azərbaycan MİK-i 1923-cü il 7 iyul tarixli qərarı ilə Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elin etdi.
“RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında” 1920 il sentyabrın 30-da bağlanmış müqavilə, Cənubi Qafqaz respublikalarını Federativ Respublika kimi birləşdirmək siyasəti və 1921-ci ilin noyabrında RP(b)P MK Qafqaz bürosu və RK(b)P MK-nın Siyasi Bürosu tərəfindən Zaqafqaziya Federasiyasının yaradılması barədə qərarlar qəbul etməsi Azərbaycanın formal müstəqilliyinin ləğv olunması demək idi. 1922-ci ilin martında Azərbaycan, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin səlahiyyətli nümayəndələri müqaviləni təsdiq etdilər və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası - ZSFSR yaradıldı. Cənubi Qafqaz Respublikalarının 1922-ci il dekabrın 10-da toplanmış I Sovetlər qurultayında Ali orqan-Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi seçildi. Bununla Azərbaycanın bütün yeraltı və yerüstü sərvətləri, xüsusən nefti digər Cənubi Qafqaz respublikalarının ixtiyarına verildi. 1922-ci il fevralın 22-də Sovet respublikalarının RSFSR ilə bağladıqları sazişə görə bütün respublikalar, o cümlədən Azərbaycan beynəlxalq münasibətlərdə öz mənafeyini təmsil və müdafiə etməyi RSFSR-ə tapşırırdılar. 1922-ci il dekabrın 30-da I Sovetlər qurultayı SSRİ-nin yaradılmasına nail oldu. SSRİ-nin tərkibinə 4 respublika-RSFSR, Ukrayna, Belorusiya və ZSFSR daxil idi. Qurultayda sədrlərindən biri N.Nərimanov olan SSRİ-nin ali orqanı-Mərkəzi İcraiyyə Komitəsi seçildi. 1924-cü ilin yanvarında SSRİ-nin ilk Konstitusiyası qəbul edildi.
Azəraycanda sovet milli siyasətinin bir istiqaməti milli adətənənələri yasaq etmək, İslam dininə, İslam mədəniyyətinə qadağa qoymaq, məscidləri dağıtmaq, rus dilini dövlət dili səviyyəsinə çatdırmaq, milli kadr qıtlığı bəhanəsilə qeyri millətlərin nümayəndələrini Azərbaycana gətirmək, “beynəlmiləl” şəhər elan edilən Bakıda əhalinin milli tərkibinin köklü surətdə dəyişdirmək, rəhbərlikdə olan milli kadrlar arasında süni olaraq qarşıdurma yaratmaq, Azərbaycanın milli sərvətlərini hərraca qoymaq, onun əzəli torpaqlarını zaman-zaman qonşulara bəxşiş etmək idi. “Sağlar” və “sollar”, “qocalar və cavanlar” arasında aparılan bu qarşıdurmalar N.Nərimanovun Azərbaycan rəhbərliyindən uzaqlaşdırılması ilə nəticələndi.
Sovet milli siyasətində Azərbaycanın müsəlman Şərqinə, Türk dünyasına nüfuzedici amil olması kimi baxılması da mühüm yer tuturdu. Təsadüfi deyildi ki, bu dövrdə Şərq xalqlarının və türkoloqların nüfuzlu yığıncaqları məhz Azərbaycanda-Bakıda keçirilmişdi-1920-ci il sentyabrın 1-7-də Şərq xalqlarının nümayəndələrinin birinci qurultayı. Qurultayda 37 millətin nümayəndəsi iştirak etmişdi.
3. 1920-ci ilin yayında Azərbaycanda hərbi kommunizm siyasəti tətbiq olundu. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 26 avqust tarixli fərmanı ilə taxıl ticarəti inhisara alındı, sentyabrda ərzaq sapalağı tətbiq olundu, bunun üçün ərzaq dəstələri kəndlərə göndərildi, “İşləməyən dişləməz” prinsipi həyata keçirilməyə başladı, kartoçka sistemi yaradıldı. Sovet ordusu hissələrinin ərzaqla təmin edilməsi kəndlilərin vəziyyətini ağırlaşdırdığına görə hökumət Quba və Cavad qəzaları müstəsna olmaqla, Azərbaycanın bütün bölgələrində taxıl tədarükünü dayandırdı. “Bütün növ ərzaq inhisarının ləğv edilməsi haqqında” 1921-ci il 17 may tarixli dekreti ilə ərzaq sapalağı ləğv olundu. Onun əvəzinə könüllü məhsul rüsumu - “çanaq” (20 girvənkə) vergisi qoyuldu. 1922-ci ilin yazından etibarən ərzaq vergisi tətbiq olunmağa başlandı. Yeni iqtisadi siyasət dövründə neft sənayesini öz himayəsində saxlayan mərkəz onun inkişafı naminə respublika orqanlarına xarici şirkətlər ilə əlaqə yaratmaq səlahiyyətləri vermişdi. Bu, neft sənayesini yeni texnika ilə təmin olunmasına kömək edirdi. ABŞ-ın “Standart-Oyl” şirkəti ilə bağlanmış müqaviləyə görə “Azərneft” texniki avadanlıq və s., “Gikkers Limited” ingilis firması ilə bağlanmış müqaviləyə görə Azərbaycan ilk krekinq qurğuşununun texniki avadanlığını istehsal etmək üçün lisenziya aldı. “Azərneft” London, Paris, Berlin, Nyu-York və s. şəhərlərdə öz nümayəndəliklərini açdı. 1924-cü ildə Suraxanıda turbobur vasitəsilə ilk quyu qazıldı. Balaxanı- Sabunçu, Bayıl buxtasında neft mədənləri aşkar edildi və işə salındı. 1925-ci ildə neft hasilatı 1921-ci ilə nisbətən 2 dəfə artdı. Neftmaşınqayırma sənayesi inkişaf etməyə başladı (leytenant Şmidtindiki Səttarxan zavodu).
1925-ci ildə Bakıda və Tovuzda sement, Gədəbəydə misəritmə zavodları, Gəncədə mahud favriki işə salındı, Şərur və Yevlaxda yeni pambıqtəmizləmə zavodları tikildi, Şəkidə, Ordubadda və Dağlıq Qarabağda baramaaçan fabrikləri fəaliyyətə başladı. Kənd təsərrüfatında da əkin sahələri artdı, sosial təbəqələşmə gücləndi, 1925-ci ildə ortabablar 54% təşkil edirdi. 1925-ci ildə Azərbaycanın iqtisadiyyatında canlanma başlanmışdı, lakin 1926-cı ildən etibarən YİS prinsiplərindən imtina etməyə başlandı və iqtisadiyyatda inzibati amirlik metodlarının tətbiq edilməsinə keçildi.
XX əsrin 20-ci illərinin ikinci yarısından etibarən Azərbaycanda da xalq təsərrüfatının bütün sahələrinin sosialistcəsinə yenidən qurulmasına başlanıldı. Onun əsas istiqamətləri: sosialist sənayeləşdirilməsi, kənd təsərrüfatlarının kollektivləşdirilməsi, bolşevik ideologiyasına xidmət edən mədəni quruculuq, kommunist partiyasının bölünməz və şəriksiz ağalığının təmin olunması, planlaşmada və idarəçilikdə sərt mərkəzləşmə təşkil edirdi. 1925-ci ilin dekabrında ölkənin sosialist sənayeləşdirilməsi xətti irəli sürüldü. Azərbaycanda əsas üstünlük neft sənayesinin inkişafına və elektrik istehsalına yönəldilmişdi. Yüngül sənaye müəssisələrinin və ilkin xammal emalı (pambıqtəmizləmə, ipəkçilik və s.) obyektlərinin yaradılması da Azərbaycanda sənayeləşdirmənin tərkib hissələrindən idi. Sənayeləşdirmə xalqın, xüsusən o zaman əhalinin əksəriyyətini təşkil edən kəndlilərin istismarı, ağır vergilər qoymaq, müsadirələr, “sənayeləşdirmə istiqrazları” yolu ilə toplanan kapitalı hesabına aparılırdı. Sənayeləşdirmə illərində Bakıda neftayırma və neftmaşınqayırma zavodları (İ.Şmidt, Suraxanı mexaniki zavodu), ilk krekinq qurğusu, sürtkü yağları, ağ neft, benzin, gəmi təmiri,karbid zavodları, Gəncədə əyirici-toxuculuq kombinatı, Gəncə, Ucar və Yevlaxda pambıqtəmizləmə zavodları, Lənkəranda və Ordubadda konserv zavodları, Şəkidə, Xankəndində, Zaqatalada, Salyanda və Füzulidə istilik və su-elektrik stansiyaları tikilib işə salındı. 1937-ci ildə SSRİ-də hasil edilən neftin 76%-ni Azərbaycan verirdi və dünyada 2-ci yerə çıxmışdı. Bu illərdə 822 km. Bakı-Batum neft kəmərinin, Ələt-Culfa dəmiryol xəttinin çəkilməsi başa çatdırıldı. İlk dəfə Azərbaycanda elektrik dəmir yolu xətti istifadəyə verildi. Sənayeləşdirmə öz çətinlikləri və mənfi nəticələri ilə bərabər Azərbaycanın ümumi inkişafına xeyli təkan verdi. Onun həyata keçirilməsi sayəsində Azərbaycan aqrar-sənaye ölkəsinə çevrildi.
Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasəti 1929-cu ilin ikinci yarısından etibarən Azərbaycanda həyata keçirilməyə başlandı. Bu məqsədlə inzibati və zorakılıq yolu ilə kəndliləri kolxozlara yazmağa başlamışdılar. 1928-ci ildən sonra qolçomaqları məhdudlaşdırmaq və sıxışdırmaq siyasəti yürüdülürdü: onlara yüksək vergilər qoyulur, artıq taxılları zorla müsadirə edilir, muzdur saxlamaq, torpağını və texnikasını icarəyə vermək məhdudlaşdırılırdı, bir sinif kimi ləğv etmək siyasəti keçirildi, Sibir və Qazaxıstanın şaxtalı ərazilərinə sürgün olundu. 1930-cu ildə kütləvi olaraq kəndlilər kolxozlardan çıxmağa başladılar, lakin 1930-cu ilin sonu 1931-ci ilin əvvələrindən etibarən kolletivləşmə dalğası yüksəlməyə başladı. 1937-ci ildə bütün kəndli təsərrüfatının 86,5%-i kolxozlarda birləşdirilmişdi. 1930-cu ilin birinci yarısında Şəki-Zaqatala mahalında, Naxçıvan MSSR-in Keçili kəndində, Xızı dairəsinin Ağdərə kəndində, Şəmkirin Bitdili kəndində, Cəbrayıl qəzasının Sirik kəndində və s. yerlərdə kəndli üsyanları baş vermişdi. Təkcə 1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi fəaliyyət göstərmişdi. Bu siyasətin zorakılıqla yerinə yetirilməsi nəticəsində kollektivləşdirmənin 4 ilində ona qarşı 400-dən çox silahlı qaçaq dəstəsi mübarizə aparmışdı. Bu siyasət sanki çarizmin ənənəvi təhkimçilik qayda-qanunlarının bərpası demək idi. Belə ki, 1950-ci illərin sonuna kimi pasportu olmayan kolxozçu icazəsiz mənsub olduğu kolxozun hüdudlarından kənara gedə bilməzdi və ya istədiyi təsərrüfata keçmək hüququ da yox idi, kolxozlar sanki əmək düşərgələrini xatırladırdı.
Dostları ilə paylaş: |