Mövzu: Azərbaycan XIII-XIV əsrin birinci yarısında.
Plan:
1. Monqol yürüşləri və onlara qarşı mübarizə.
2. Monqolların Azərbaycanda torpaq və vergi siyasəti.
3. Qazan xanın islahatları.
1. Monqol yürüşləri və onlara qarşı mübarizə. XIII yüzilliyin 20-ci illərində Vətənimiz Azərbaycan yeni bir xarici hücum təhlükəsi ilə üz-üzə qaldı. Monqolların ilk yürüşü Eldənizlərin idarə etdiyi Azərbaycan dövlətinin zəiflədiyi dövrə düşdüyündən ölkəmizə böyük dağıntılar, xalqımıza isə böyük fəlakət gətirdi. Tarixi qaynaqlara və o dövrün tarixçisi İbn əl -Əsirə görə türklərə yaxınlığı ilə seçilən, hətta qıpçaqlarla eyni cinsdən olan monqolları 1206-cı ildə Çingiz xan tatar ulusları ilə birlikdə bir dövlət halında birləşdirmişdi. Çingiz xanı döyüş bacarığı və idarəetmə anlayışına görə məşhur Hun - türk hökmdarı Mete xaqana bənzədirdilər. Türk köklü uyğurlar da onun dövlətində yer almışdılar. Təsadüfi deyil ki, Çingiz xan dövlətin bütün maliyyə və divan işlərini uyğurlara tapşırmışdı. Uyğur türk dili uzun bir müddət Böyük Monqol dövlətinin divan - dövlət dili olmuşdu.