İstifadə edilmiş ədəbiyyat.
1. Azərbaycan tarixi 7 cilddə. Birinci cild Bakı “Elm”. nəşriyyatı 2007
2. Z. M. Bünyadov və Y.B.Yusifov “Azərbaycan tarixi” Bakı 1994, 2005
3. Mahmud İsmayıl “Azərbaycan tarixi” Bakı 1992
4. İsmayıl Məmmədov, Azərbaycan tarixi. Bakı 2005.
5.S.Allahverdiyev, Ə.Haqverdiyev, M.Behbudov “Azərbaycan tarixi” Bakı 2007
6. İ.Əliyev “Azərbaycan tarixi” Bakı, Elm nəşriyyatı 1993
7. Süleyman Əliyarlı “Azərbaycan tarixi” Bakı 2009
Mövzu: Azərbaycan III-VII əsrlərdə.
Plan:
1. Azərbaycanda feodal istehsal üsulunun meydana çıxması.
2. Əhalinin sinfi və sosial tərkibi.
3. Torpaq sahibliyi və torpaqdan istifadə.
4. Sinfi mübarizə və sosial hərəkatlar.
1. Cənubi Qafqazda feodal münasibətlərinin çox erkən yarandığı ölkələrdən biri də Albaniyadır. Əlbəttə, feodal istehsal üsulunun başlanğıc addımlarını izləmək çox çətindir, belə ki, bu problem əvvəlki dövrün ictimai strukturunun daha mübahisəli məsələləri ilə sıx bağlıdır.
Albaniya təbii şəraitinin rəngarəngliyi, ayrı-ayrı bölgələrinin özünəməxsusluğu ilə fərqlənirdi; bu isə təbii ki, ölkənin ayrı-ayrı hissələrinin ictimai inkişafının qeyribərabərliyində özünü göstərirdi. İctimai inkişafın daha mütərəqqi formalarının meydana çıxması üçün ilkin şərtləri olan vilayətlərlə yanaşı, burada elə bölgələr də vardı ki, onlarda təbii şərait maldarlığın geridə qalmış formalarının üstünlüyü üçün geniş meydan açırdı. Buna görə də ölkənin ictimai quruluşu aparıcı olan, iqtisadi cəhətdən daha inkişaf etmiş vilayətlərində erkən feodal münasibətlərinin inkişafını və özünəməxsus xüsusiyyətlərini izləmək mümkündür.
Mənbələrin tədqiqi belə nəticəyə gətirib çıxarır ki, burada mövcud olan ukladlar içərisində üstün və hökmran olmaq meylinə malik olanı feodal ukladı idi. Albaniyada quldarlıq ukladı, şübhəsiz ki, mövcud idi, lakin o, formasiyaya çevrilə bilmədi. Başlıca siniflər - feodal cəmiyyətinin azatlar və şinakanlar təbəqələri əsasən formalaşdı. ġinakanlar maddi nemətlərin əsas istehsalçıları olan azad icmaçı kəndlilər idi. Feodal asılı kəndlilərin formalaşması, başlıca olaraq, kənd icmasının təkamülü, onun üzvlərinin tədrici əsarəti, onların quldarlıq ukladının məlum rolu şəraitində əvvəl mövcud olan başqa müxtəlif qeyri-azad adamlarla yaxınlaşması yolları ilə baş verirdi.
Əvvəlki bir çox əsrlər ərzində icmalar tədricən dövlətin (dövlət vergiləri və rüsumları, bir sıra mükəlləfiyyətlər yolu ilə) və dövlət vasitəsi ilə əyanların hakimiyyəti altına düşürdü. Alban hökmdarları və İran şahlarının kəndləri və vilayətləri öz vassalları olan azatlara və nahararlara geniş surətdə paylama siyasətləri buna əlverişli şərait yaradırdı. Bu proses IV-VII əsrlər ərzində davam etmişdi. Moisey Kalankatlı bir çox kənd və vilayətlərin hakim sinfin nümayəndələrinə bağışlanması haqqında məlumat verir. Feodalizmin erkən mərhələsində kəndlilərin istismar edilməsinin əsas forması dövlətin xeyrinə yığılan vergi və mükəlləfiyyətlər, feodal münasibətlərinin möhkəmlənməsi dövründə isə feodalların xeyrinə yığılan çoxsaylı natural vergilər, eləcə də yardarlıq idi. Natural verginin iqtisadi məqsədəuyğunluğu təbii-iqtisadi mühitdən asılı olan əkinçilik istehsalının şəraiti ilə müəyyənləşirdi.
Feodaldan asılı kəndli təbəqəsinin - sinfinin formalaşması feodal sinfinin, azatlar təbəqəsinin əmələ gəlmə prosesi ilə sıx bağlı idi. Feodallar sinfinin ilkin kökləri də əvvəlki cəmiyyətin içərisində idi. İlk növbədə, əvvəlki azad icmaçılar arasından əyanların yeni qrupunun çıxması və onun köhnə əyanların bir hissəsi ilə birləşərək vahid feodal sinfinə çevrilməsi prosesi gedirdi.
Bununla yanaşı, vilayətlərin hökmdar tərəfindən təyin edilmiş hakimləri - nahararlar tədricən öz vəzifələrini irsi vəzifəyə çevirdilər, onu atadan oğula vermək hüququ əldə etdilər. Nəticədə onlar vilayətin inzibati başçısından həmin yerin torpaqlarına sahiblik hüququnu əldə etmiş feodala çevrildilər.
IV-V əsrlərdə dövlət torpaq fondu tədricən azalır. Onun xeyli hissəsi feodal xanədanlarına - patronimiyalara məxsus olur. Feodalizmin dərinləşməsi prosesində hakim təbəqə - sinif olan azatlar bir neçə kateqoriyaya bölünürdü; bunların ən alisi vilayət və nahiyə sahibləri idilər. Alban cəmiyyətindəki sosial təbəqələrin sonrakı qütbləşməsi IV-VII əsrlərdə Albaniyada bir çox feodal siyasi-inzibati vahidlərin - nahararlıqların yaranmasına gətirib çıxardı.
Feodal münasibətləri möhkəmləndikcə nahararlıqlardakı bütün hakimiyyət patronimiyaların - feodal xanədanları başçılarının əllərində cəmlənirdi. VI əsrdən etibarən nahararlığın başçılarını ifadə edən terminlər içərisində işxan (içxan) termini üstünlük təşkil etməyə başladı. Bu başçıların hakimiyyətləri daha çox siyasi-inzibati səpki kəsb etdikcə, qəbilə üsuli-idarəsi ilə bağlı olan terminlər (nahapet, azqapet) feodal hakiminin mövqeyini daha dolğun bildirən işxan termini ilə sıxışdırılır. İşxan titulu "hökmran", "sahib", "ağa" mənasını ifadə edir. Erkən feodalizm dövründə dövlət mülkiyyəti formasının üstün olması dövlətin mərkəzləşməsinə, hökmdar hakimiyyətinin həm dünyəvi, həm də dini həyat sahələrində imtiyazlarının genişlənməsinə doğru aparırdı.
Alban hökmdarı ölkənin qanunvericisi və ali hakimi idi; dünyəvi və dini hakimiyyətin qanunverici və məşvərətçi orqanı, ölkənin bütün silahlı qüvvələrinin baş komandanı idi. Kilsə məclislərini də o çağırırdı. İyerarxiya sisteminin təşəkkülü, süzerenlik və vassallıq münasibətlərinin formalaşması meyli açıq görünürdü. Qonşu İran, Ermənistan və Gürcüstanda olduğu kimi, Albaniyada da "Qaxnamak"da ("Dərəcələr fərmanı"nda) əks olunmuş feodal iyerarxiyası mövcud idi. Hər bir feodal-azat patronimiyası dərəcələrin bu xüsusi cədvəlinə öz qüdrət və mövqeyinə müvafiq ardıcıllıqla qeyd edilirdi. İlk on patronimiya, nəsil böyük, qalanları isə kiçik nəsillər sayılırdı.
Hər bir patronimiyanın başçısı hökmdar süfrəsi arxasında da bu ardıcıllıqla oturdulurdu. Patronimiyanın "mənsəb və şan-şöhrəti" onun iqtisadi qüdrəti, siyasi 30 vəziyyəti və təqdim etdiyi qoşunun sayı ilə müəyyənləşirdi. "Dərəcə fərmanı" azatlar iyerarxiyasının sıra düzümünü təyin edir, ölkənin ictimai-siyasi həyatında hər bir azat patronimiyasının yerini və mövqeyini müəyyənləşdirirdi. Albaniya və İran hökmdarlarının vassalları olan alban azatları hərbi qüvvə verməli, öz sosial mənsəblərinə müvafiq olaraq sarayda xidmət etməli, müharibələr zamanı müxtəlif dövlət - inzibati funksiyalarını yerinə yetirməli idilər. Ruhanilərlə birlikdə onlar da can vergisindən azad edilirdilər. Albaniya və İran hökmdarlarına hərbi xidmətləri müqabilində azatlar torpaq payları alırdılar.
III-VII əsrlərdə Albaniyanın ictimai istehsalında feodal münasibətləri hakim idi. Feodal torpaq sahibliyi torpaq üzərində dövlət və xüsusi mülkiyyət formalarının qarşıdurması şəraitində təşəkkül tapmışdı. Dövlət mülkiyyəti dövlət domeni (bu halda da renta və vergi üst-üstə düşürdü) və feodalların xidməti xüsusi mülkiyyətində olan torpaqlar üzərində mülkiyyətlə məhdudlaşırdı. Feodalizmin erkən dövründə (təqribən III-VI əsrlərdə) torpaq üzərində dövlət (hökmdarın şəxsində) mülkiyyət forması üstünlük təşkil edirdi.
Feodal formasiyasını feodal cəmiyyətinin siyasi strukturu da xarakterizə edir; bu strukturun əsas əlamətləri - mülkiyyət hüququnun hədsiz parçalanması, siyasi hakimiyyətin xırdalanması, dövlətə məxsus hüquqların şəxsi mənafe baxımından istifadə edilməsi idi. Araşdırmalar feodal formasiyasının bütün bu atributlarının Albaniyada da aĢkar olduğunu sübut edir.
2. Şimali Azərbaycanın - Albaniyanın bütün əhalisi feodal cəmiyyətinin sosial əsasını təĢkil edən iki antaqonist sinfə (zümrəyə), feodallar (azatlar) və kəndlilər (şinakanlar) sinfinə (zümrəsinə) bölünürdü.
Albaniyanın kübar əyanlarına qarşı qoyulan bütün imtiyazsız, istismar olunan kütləsi eynimənalı iki terminlə ifadə edilirdi: şinakan ("Avesta"dakı "kənd sakini", "kəndli") və ramik (farsca "kütlə", "sürü", "qrup").
Real olaraq şinakanlar erkən feodal cəmiyyətinin kəndli sinfi -zümrəsini, ramiklər isə qara camaatın ümumi adını bildirirdi.
Aquen məclisinin alban qanunlarında dindarlar iki kateqoriyaya bölünürlər: əyanlara - azatlara və şinakanlara. Burada şinakanlar bütün vergi verənləri nəzərdə tuturdu. Beləliklə, qanundan məlum olur ki, ġimali Azərbaycanın - Albaniyanın əsas vergi verən zümrəsi kəndlilər idi. Kəndin əmlaka görə təbəqələşməsi prosesi dərinləşirdi. Albaniyada üç kateqoriya kəndli vardı: varlılar, kasıblar, torpaqsızlar. Torpaqsız kəndlilər yardar - icarədarlara çevrilir və ya feodalın yanında muzdur olurdular. Ölkənin əsas istehsalçıları azad kəndlilər, icmaçılar və feodaldan asılı kəndlilər idilər.
İcma başçısı - kəndxuda icma üzvləri tərəfindən dini ayinlərin yerinə yetirilməsi üçün kilsə qarşısında məsuliyyət daşıyırdı. Ehtimal ki, o, həm də kəndlilər tərəfindən dövlət mükəlləfiyyətlərinin yerinə yetirilməsi üçün də məsul idi. Görünür ki, icmaçılar üzərinə vergilərin qoyulması və bu vergilərin yığılması, torpaqdan istifadə məsələlərinin nizamlanması, suvarma suyunun bölüşdürülməsi işləri bilavasitə onun vəzifəsi idi.
Albaniyada feodaldan asılı kəndlilərin formalaş masında başlıca rolu kəndli icmasının təkamülü, onun üzvlərinin tədricən əsarət altına düşməsi və onların azad olmayan başqa adamlarla yaxınlaşması oynamışdır. Albaniyada qul əməyi tətbiq olunurdu. Belə ki, Favstos Buzandın məlumatına görə, alban hökmdarı Urnayr öz qoşununa müraciətlə belə demişdi: " Yadınızda saxlayın ki, biz romalı döyüşçüləri əsir aldıqda, əksəriyyətini sağ qoymalı, əl-qollarını bağlayıb Albaniyaya gətirməli, onları dulusçu, daşyonan, şəhərlərimizi, saraylarımızı və s. tikən kimi işlətməliyik".
Moisey Kalankatlının "Alban tarixi"ndə də V əsrdə və sonrakı dövrlərdə Albaniyada olan qullar haqqında məlumat verilir; bu, "Mömin" Vaçaqanın sehrbaz və cadugərləri qula çevirməsi haqqındadır. IV-V əsrlərdə Albaniyada qul ehtiyatının əsas mənbəyi müharibələr, habelə ağır cinayətlər (din əleyhinə əməllər) idi.
Erkən feodalizm dövründə Albaniyada primitiv formada olsa da, yalnız uklad kimi qalan quldarlıq ölkənin iqtisadiyyatında aparıcı rol oynamırdı. Qul əməyindən dövlət tikintilərində və ev təsərrüfatında istifadə olunurdu.
Feodal sinfinin - zümrəsinin formalaşması prosesi feodaldan asılı kəndli sinfinin - zümrəsinin yaranması ilə sıx əlaqədə idi. Antik dövrün son və orta əsrlərin ilk yüzillərində əvvəllər azad olan icmaçılar içərisindən yeni qrup əyanların ayrılması və onların tədricən köhnə əyanların bir hissəsi ilə vahid feodal sinfində -zümrəsində birləş məsi prosesi gedirdi.
V-VI əsrlərdə Albaniyada feodal sinfinin - zümrəsinin forma laşması başa çatdı: mənbələrdə bu sinif - zümrə çoxsaylı müxtəlif terminlərlə, baĢlıca olaraq kəndlilərə - şinakanlara müqabil olan "azat", "naharar" terminləri ilə ifadə edilirdi. "Azat" (farsca "nəcib", hərfən: "qəbilə daxilində doğulmuş") termini mənaca çox genişdir: 1) azatlar bütün hakim feodallar sinfini bildirərək, onların sosial vəziyyətini göstərir; 2) azat feodal nəslinin - patronimiyasının hər hansı üzvünü - həm patronimiya başçısını, həm də onun oğullarını ifadə edir.
Mənasının genişliyinə görə, "azat"dan sonra ikinci yerdə "naharar" termini idi (parfiya dilində "əzəl sahib olan", "ilkin sahib"). Azat termini kimi bu termin də feodal patronimiyasının bütün üzvlərini, eləcə də bütövlükdə feodal zümrəsini bildirirdi.
Feodal naharar xanədanları (patronimiyaları) torpağa, suya malik olur, ölkəni qoşun, hərbi qüvvə ilə təchiz edirdilər. Nahararlar vergilərdən azad idilər. Onların başlıca vəzifəsi hökmdara hərbi xidmət idi. Kəndli icmaları - kəndlər əvvəlcə naharar xanədanlarının himayəsi, sonra idarəsi, daha sonra isə hakimiyyəti altına keçir, onların əhalisi isə hüquqi baxımdan keçmişdəki asılı adamlar kateqoriyasına yaxınlaşırdı. Naharar xanədanları bütöv vilayətlərə və ya nahiyələrə hökmranlıq edirdilər. Lakin IV əsrdən etibarən naharar xanədanlarının kiçik üzvləri - sepuxlar (orta fars dilində "nəslin oğlu") ayrılırlar, yəni torpaq üzərində patronimiya - ailə mülkiyyətinin və mayorat hüququnun yerinə əsil feodal mülkiyyəti və sepux hüququ gəlir.
Azatlar - nahararlar böyüklərə və kiçiklərə ayrılırdılar. Bu bölgünün əsasında naharar nəslinin - patronimiyasının iqtisadi, siyasi vəziyyəti, patronimiyanın malik olduğu hərbi qüvvə dururdu.
Böyük və ya kiçik naharar dərəcəsini, tədqiqatçıların indiyədək güman etdikləri kimi, ayrıca bir naharar deyil, bütün naharar patronimiyası alırdı. Hər bir feodal-naharar patronimiyası ölkənin ictimai-siyasi həyatında müəyyən yer və mövqe (dərəcə) tuturdu. Xüsusi dərəcə fərmanları (dərəcə cədvəlləri) hər bir naharar xanədanının (patronimiyasının) yerini müəyyənləşdirirdi. İri feodal - nahararlarla hökmdar arasında, eləcə də böyük və kiçik feodallar arasında qarşılıqlı münasibət vassal xidməti ilə həyata keçirilirdi.
Feodallar sinfində - zümrəsində onlarla birgə sosial vəziyyətinə görə azatlara bərabər tutulan ruhani feodalların geniş təbəqəsi formalaşırdı.
Xristianlığın yayıldığı və bərqərar olduğu ilk əsrlərdə alban ruhaniləri iqtisadi və siyasi cəhətdən zəif idilər. Alban katolikosluğunun hakimiyyəti nominal idi. Kilsə məsələlərinin həllində alban ruhaniləri aparıcı rol oynamırdılar. Aquen qanunları kilsənin, ruhanilərin müstəqilliyinin qərarlaşması prosesini, onların tədricən güclənməsini əks etdirir. Ruhanilər hələlik kübar əyanlar qarşısında öz hüquqlarını müdafiə edir, onların özbaşınalığını məhdudlaşdırmağa və hüquqca onlarla bərabərləşməyə çalışırdılar.
Albaniyanın kübar əyanları kimi, ruhanilər də imtiyazlardan, vergi azadlığından istifadə edirdilər.
3. III-IV əsrlərdə Albaniyada aşağıdakı torpaq sahibliyi kateqoriyaları mövcud idi: 1) torpaq üzərində dövlət mülkiyyəti (və ya torpaq üzərində ali mülkiyyət); 2) atadan qalma (aqnatik) torpaq mülkiyyəti (nəsildən -nəslə keçən himayəçiliklə əldə edilən torpaq mülkiyyəti); 3) hökmdar domeni; 4) xüsusi feodal torpaq mülkiyyəti; 5) kilsə torpaq mülkiyyəti; 6) kəndli və icma torpaq mülkiyyəti.
III-VII əsrlərdə feodal münasibətlərinin inkişafı, feodallar sinfi və torpaq üzərində xüsusi feodal mülkiyyətinin formalaş ması ilə əlaqədar əsas torpaq fondunun dövlətdən tədricən kübar nəsillərin əlinə keçməsi baş verir. Torpaq fondunun yenidən bölünməsi isə, öz növbəsində, bu fondu və kəndlilər üzərində ağalığı ələ keçirə bilmiş iri feodalların getdikcə artan separatizminə qarşı dövlət hakimiyyətinin arams ız mübarizəsinə gətirib çıxarır.
Cənubi Qafqazın digər ölkələrində və İranda olduğu kimi, Albaniyada da torpaq üzərində dövlət mülkiyyəti ilə yanaşı, hökmdarın bilavasitə özünün, çox güman, vahid dövlət mülkiyyətinin dağılması prosesində yaranan torpaq mülkləri (hökmdar domeni) də var idi. Belə torpaqlar dövlətin müxtəlif vilayətlərində mövcud idi. Bu, Moisey Kalankatlının alban hökmdarı II Vaçenin "öz şəxsi payı", digər alban hökmdarı III Vaçaqanın öz qızının adına mülk (dastakert) bina etməsi haqqında məlumatları ilə təsdiq olunur; bununla yanaşı, alban hökmdarlarının qış iqamətgahı kimi Xalxal şəhəri, "Albaniyanın böyük knyazları mihranilərin" taxttac vilayəti kimi Girdiman haqqında məlumatlar da hökmdar domeninin olduğunu sübut edir. Bu mülklər hökmdar nəslinin üzvləri arasında xırdalanaraq, daha kiçik mülklərə bölünür və beləliklə, hökmdarın atadan, qalma torpaq mülkiyyəti sonradan inkişaf edərək, xüsusi torpaq mülkünə çevrilirdi.
Hökmdar domenindən başqa mövqeyi III-V əsrlərdə hələ də güclü olan və adlı-sanlı nəsillərə məxsus aqnatik torpaq mülkiyyəti də mövcud idi. Lakin mayorat hüququna (torpağın atadan böyük oğula keçməsi) əsaslanan bu torpaq mülkiyyəti IV-VI əsrlərdə dağılmağa başlayır və onun yerinə torpaq üzərində xüsusi feodal mülkiyyəti hüququ gəlir. Xüsusi feodal torpaq mülkiyyəti öz növbəsində iki formada mövcud idi: 1) icma torpaq sahibliyinin ("allod"un) dağılması və torpaqların dövlət tərəfindən hakim sinfin nümayəndələrinə irsi mülk hüququnda paylanılması nəticəsində meydana çıxan şərtsiz və ya irsi torpaq sahibliyi (dastakert); 2) torpaqların dövlət tərəfindən hakim sinif nümayəndələrinə vassal xidməti müqabilində müvəqqəti paylanması nəticəsində meydana çıxan şərti torpaq sahibliyi (xostak). ġərti torpaq sahibliyinin irsi torpaq sahibliyinə - dastakertlərə çevrilməsi meyli var idi. Dastakertlərin sahibləri - hökmdar, feodallaşmaqda olan əyanlar və təzə meydana çıxan iri feodallar (irsi mülk sahibləri), xostakların sahibləri isə hərbi xidmətdə olan xırda zadəganlar (azatlar) və ruhanilər idi.
Erkən feodalizm dövründə şərtsiz torpaq sahibliyi (dastakert) üstünlük təşkil etsə də, sonrakı dövrdə birincilik şərti torpaq sahibliyi formasına keçir. Kilsə torpaq mülkiyyəti dünyəvi feodal mülkiyyətindən fərqlənmirdi. Torpaq üzərində tam mülkiyyət hüququ kilsəyə məxsus idi. Kilsə - monastır torpaq sahibliyi xristianlığa qədərki keçmiş məbəd torpaqlarından, habelə dövlətin (hökmdarın) və xüsusi şəxslərin bəxşiş verdikləri torpaqlardan meydana çıxmışdı. Kilsə qulluqçuları dini xidmət müqabilində torpaq payı -xostak ilə təmin olunurdular; lakin cahillik və bacarıqsızlıq nümayiş etdirmiş və ya qəbahət işlətmiş kilsə xadimləri torpaq payından məhrum edilə bilərdilər. İcma və xüsusi kəndli mülkiyyətləri də mövcud idi. Bu kateqoriyalar arasında xüsusi feodal torpaq sahibliyi inkişaf etmə və hakim forma kimi bərqərar olma meylinə malik idi. Ölkənin qeyri-bərabər inkişafını nəzərə alaraq onu da qeyd etmə- liyik ki, bu nəticələr Albaniyanın ictimai quruluşu aparıcı olan daha inkişaf etmiş vilayətlərinə aiddir.
Tarixşünaslıqda uzun müddət alban dastakertlərinin əsas istehsalçıları qullar olan iri mülklər olduğu fikri hakim idi. Lakin araşdırmalar bu nöqteyi-nəzərin heç bir zəminə əsaslanmadığını nümayiş etdirdi. Sübut edildi ki, Albaniya dastakertlərinin əsas istehsalçıları torpaqsız, lakin şəxsən azad kəndlilər, yardar - icarəçilər olmuşdur. Yardar xırda kəndli təsərrüfatını idarə edir, məhsulun müəyyən hissəsini feodala, dövlətə və ya onların hər ikisinə verməklə, icarə etdiyi torpağı əsrlər boyu becərirdi.
Torpaq sahibliyinin icarə forması ilə yanaşı, Albaniyada icma torpaq mülkiyyətinin də mövqeyi güclü idi. Burada icma pay torpağına malik azad kəndlilər hələ uzun müddət mövcud olmuşlar. Ġcmaçı kəndlilər hökmdar xəzinəsinə vergilər verir və ayrı-ayrı mükəlləfiyyətləri yerinə yetirirdilər.
4. Feodal münasibətlərinin inkişafı, əhalinin yerli hakim dairələri, eləcə də Sasani Ġranı, o cümlədən dünyəvi və ruhani feodallar və kilsə tərəfindən feodal istismarının geniĢlənməsi vergi əsarətinin artmasına səbəb oldu; bütün bunlar həm Albaniya, həm Atropatena əhalisinin müqavimətini doğurdu.
III əsrdə Sasani dövlətində Maninin başçılıq etdiyi hərəkat geniş miqyas aldı. Maniçilərin dövlətə və əsarətə qarşı yönəldilmiş təlimi yüksək əxlaqi ideyaları təbliğ edirdi. Lakin bu təlim tərəfdarlarının dövlətə və rəsmi dinə qarşı müqaviməti passiv idi.
III əsrin sonunda Mani ardıcıllarının sol, radikal cərəyanı meydana çıxdı. VI əsr Bizans yazıçısı Malalanın məlumatına görə, bu cərəyanın liderlərindən biri olan Bundos imperator Diokletianın hakimiyyəti dövründə (III əsrin sonu) Romada 48 təbliğat aparırdı; o öyrədirdi ki, xeyir və şər başlanğıcların döyüşü artıq xeyir allahının qələbəsi ilə başa çatsa da, bu, tam olmayan qələbədir. Bu nikbin iddia yer üzərində qalan şərin məhv edilməsi uğrunda insanın fəal mübarizəyə qoşulmasını tələb edirdi. Məhz buna görə də bu təlim geniş xalq hərəkatının bayrağına çevrildi. Maniçilik kilsəsi möhkəm və tənzim olunmuş təşkilata, müxtəlif ölkələrdə təbliğat aparan çoxlu missionerə malik idi.
Sasani şahı I Bəhramın (273-276) hakimiyyəti dövründə maniçilərin təqibi başlandı. Mani təlimi bir çox dini cərəyanlara, o cümlədən Məzdəkilər hərəkatına (V-VI əsrlər), pavlikianlığa (VII-IX əsr-lər), daha sonralar meydana çıxmış xristian bidətçi hərəkatlarına -X əsrdə Bolqarıstanda yaranmış, Kiçik Asiya və Balkanlarda yayılmış boqumilçiliyə, XII-XIII əsrlər Fransanın cənubunda, Lankedokda meydana çıxmış albiqoyluğa böyük təsir göstərmişdir. Bütün bu hərəkatlar ümumi istiqamətləri ilə - kilsə ayinlərinin sadələşdirilməsi, istismara və feodal torpaq sahibliyinə qarşı mübarizəyə gətirib çıxaran bərabərliyin təbliği ilə seçilirdi.
V əsrdə Sasani İranında baş verən Məzdəkilər hərəkatı ġimali Azərbaycana - Albaniyaya da təsir etməyə bilməzdi. Kilsə feodal əyanlarının nümayəndəsi olan Moisey Kalankatlı öz tarixində sinfi mübarizə, sosial hərəkatlar barədə heç bir məlumat verməsə də, bu dövrdə Albaniyada da ictimai-siyasi vəziyyət, şübhəsiz, sabit ola bilməzdi. Alban müəllifinin ayrı-ayrı səthi və ötəri məlumatlarını təhlil edən K.V.Trever də haqlı olaraq məhz belə nəticəyə gəlmişdi. Məsələn, Aquen məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baş verdi; onda hökmdar məclis - böyük məhkəmə qurmaq istədi". Aydındır ki, söhbət siniflərarası və sinifdaxili narazılıqlardan gedir. Lakin qanunların mətnlərində ancaq sinifdaxili - dünyəvi əyanlarla ruhanilər arasındakı münaqişələr əks olunmuşdur.
V-VI əsrlərin hadisələrini təsvir edən Bizans (Feofan, Malala, Aqafiy, Prokopiy), Suriya (İyeşu, Stilit) və erməni (Yeqişe, Lazar Parblı, Sebeos) tarixçiləri də Cənubi Qafqaz ölkələrinin - Albaniya, Gürcüstan və Ermənistanın ictimai həyatındakı sosial hərəkatlar barəsində məlumat vermirlər. Moisey Kalankatlının mətnlərinin tədqiqi Aquen məclisinin mətnindəki "azatlar və qara camaat (ramiklər) arasında münaqişələr" məlumatı altında nə başa düşüldüyünü, Albaniyada hansı sosial hərəkatın baş verə biləcəyini aydınlaĢdırmağa və həmin hadisələrin mənzərəsini yaratmağa imkan verir.
Məlum olduğu kimi, qədim dövrdə və orta əsrlərdə hər hansı sosial hərəkat rəsmi din və onunla ziddiyyətdə olan bidətçi təlimlər arasındakı fikirayrılığı pərdəsi altında baş verirdi. Belə güman üçün əsas vardır ki, IV-V əsrlərdə Albaniyada xristianlığa və zərdüştiliyə müxalif olan bidətçi dini təlimlər - nestorçuluq və maniçilik təbliğ edilmişdir. Bu təlimlərin Albaniyadakı yayıcıları Nestorun tərəfdarı suriyalı İbasın (457-ci ildə vəfat edib) ardıcılları və maniçilik təliminin sol cərəyanının liderlərindən olan Bundosun (V əsr) ardıcılları olmuşdular. Moisey Kalankatlı məlumat verir ki, alban katolikosu Ter-Abbas 551-ci ildə "ciddi istintaq apardı... və rəzil müəllimlərdən - ikiüzlü Fomanı, zəburçu İliyanı, Bnotu, İbası və bu kimi başqalarını Albaniyadan qovdu. Onları ayrı-ayrı yerlərə sürgün edib əmin-amanlığı bərpa etdilər". K.V.Trever haqlı olaraq adları çəkilən İbas və Bnotu suriyalı İbas və ya onun ardıcılları, eləcə də maniçi Bundos və ya onun tərəfdarları ilə eyniləşdirir. O hesab edir ki, Məzdək hərəkatının əks-sədası Albaniyada özünü VI əsrin II yarısında baş vermiş bu bidətçi təbliğlərdə göstərmişdir. Son tədqiqatlara görə, Aquen məclisinin "azatlar və qara camaat arasında münaqişələr"ində maniçilik və nestorçuluq ideyalarını IV-V əsrlərdə bilavasitə Nestorun ardıcılları - tərəfdarlarından (suriyalı İbasdan) və maniçi Bundosun özünün ardıcıllarından qəbul etmiş sosial hərəkatı və ya V əsrin sonunda Albaniyada baş vermiş sinfi mübarizəni görmək olar; bu mübarizə V əsrin ikinci yarısında başlayan və kökü maniçiliyə gedib çıxan Məzdək hərəkatı ilə bağlı idi, yəni Məzdəkin rəhbərlik etdiyi hərəkatla Albaniyadakı hərəkat, demək olar, eyni zamanda baş vermişdi, sinxron idi. Elə Albaniyadakı bu sinfi mübarizə Aquen məclisinin çağırılmasının başlıca səbəblərindən biri olmuşdur. Moisey Kalankatlının VI əsrdə TerAbbas tərəfindən bidətçilərin qovulması barədə verdiyi məlumat isə, görünür, bu sosial hərəkatla mübarizənin davam etməsindən bəhs edir. Beləliklə, güman etmək olar ki, Məzdək hərəkatı təkcə İran və Cənubi Azərbaycan xalqlarını - kəndli və sənətkarlarını deyil, həm də ġimali Azərbaycan - Albaniya əhalisini də ayağa qaldırmışdı. Məzdəkilər hərəkatı Sasani dövlətinin daxili həyatının bütün zəif cəhətlərini aşkara çıxardı və dövlətin əsaslarını sarsıtdı; nəticədə I Xosrov Ənuşirəvanın inzibati və vergi islahatları meydana çıxdı.
Onu da qeyd etməliyik ki, ġimali Azərbaycanda baş verən sinfi münaqişələri öz əsərində aşkar təsvir etməyən Moisey Kalankatlı, xristianlıqla qədim bütpərəst etiqadları arasında baş verən toqquşmalardan danışarkən istər-istəməz, dolayısı ilə siniflərarası nifaqı açıqlamış olur. Müəllifin Cavanşirin ölümündən sonra baş verən hadisələr haqqındakı məlumatı xüsusilə maraqlıdır; bu məlumata görə, o vaxt "ölkəmizdə az iğtişaşlar olmadı: silahlanmış qara camaat dəstə-dəstə yığışırdı". Görünür, məhz bu məlumat o dövrdə Albaniyada baş verən hansısa bir üsyana dəlalət edir. Bu məlumat, eləcə də, VII yüzildə geniş yayılmış bidətçi antifeodal pavlikianlar hərəkatına da aid ola bilərdi. Pavlikianlar iri torpaq sahiblərinə, dini ayinlərə və kilsə iyerarxiyasına qarşı çıxırdılar. Dünyanın əsasında xeyir və şər başlanğıclarının durduğunu qəbul edən pavlikianlar xeyir başlanğıcının göylərdə deyil, yer üzündə olduğuna inanır, hamının mülki və hüquqi bərabərliyini təsdiq edirdilər. Məzdəkilərdən fərqli olaraq, onlar xeyrin təntənəsinə əmin idilər, icmalar yaradaraq, nə feodallara, nə də kilsəyə tabe olurdular.
Pavlikianlar haqqında ən qədim məlumatı 706-707-ci illərdə Bərdədə çağırılmış Alban kilsə məclisinin bu təriqətin nümayəndələrini bidətçilər kimi mühakimə edən qərarında görmək olur. Uzun on illər davam edən bu hərəkat Girdimanda və Balasakanda daha geniş yayılmış, sonrakı ərəb ağalığı dövrün də isə ərəb üsuli-idarəsinə qarşı yönəldilmişdi.
Dostları ilə paylaş: |