Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XII mövzu XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda ictimai- iqtisadi vəziyyət və milli demokratik fikir. Plan



Yüklə 1,44 Mb.
səhifə8/15
tarix30.04.2018
ölçüsü1,44 Mb.
#49527
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

XII mövzu

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanda ictimai-

iqtisadi vəziyyət və milli demokratik fikir.
Plan
1. . Demokratik milli mətbuatın yaranması, “Əkinçi” qəzeti. İctimai fikrin görkəmli nümayəndələri.

2. XX əsrin əvvəllərində Azərbaycanda siyasi təşkilatların və partiyaların

yaranması. Milli –azadlıq hərəkatı.

Ədəbiyyat.

1. Azərbaycan tarixi.VII cilddə,V vild,Bakı,2008,səh.18-161.

2. Azərbaycan tarixi. İ.Əliyevin redaktorluğu ilə.Bakı,1993,səh.226-242.

3. Vəliyev T.T. İmperializm dövründə Azərbaycan sənayesi və prole tariatı. Bakı,

1978, səh. 11- 48.

4. Məmmədov İ, Məmmədov Ç. Siyasi tarix. Bakı. 2004, səh. 32-54.

5. Balayev A. Panislamizm, pantürkizm və Azərbaycan. “Azərbaycan”qəzeti,5-12

aprel,1991


Azərbaycanın ictimai, iqtisadi və siyasi həyatındakı dəyişikliklər Azərbaycan xalqının mədəniyyətində də öz əksini tapdı. Artıq XIX əsrin ikinci yarısından iri sənaye şəhəri olan Bakı həm də Azərbaycanın mədəniyyət mərkəzinə çevirilmişdi.

Kapitalist iqtisadiyyatının inkişafı nəticəsində ixtisaslı fəhlələrə, təhsilli mütə-xəssislərə ehtiyac artırdı. Baxmayaraq ki, çar hökuməti milli ucqarların mədə-ni və siyasi inkişafına mane olurdu, lakin obyektiv inkişaf davam etməkdə idi.

1867-ci ildə çar hökuməti Qafqazın, o cümlədən Azərbaycanın təhsil müəssələri haqqında Əsasnamə qəbul etdi. Lakin həmin Əsasnamədə yerli dillər sıxışdırılır və rus dilində təhsilə böyük əhəmiyyət verilirdi. Ancaq 1876-cı ildə Qori şəhərində açılmış Zaqafqaziya müəllimləri seminariyası, xüsusən də onun 1879-cu ildə açılmış Azərbaycan şöbəsinin məzunları (Fərhad Ağazadə, Üzeyir Hacıbəyov,Cəlil Məm-mədquluzadə və b.) kənd məktəblərinə gəldikdən sonra yerli uşaqların bu məktəblərdə oxuması mümkün olmuşdu.lakin bütün ibtidai məktəblərdə yəlim ancaq rus dilində aparılırdı, yerli dillərdə ümum-təhsil məktəblərinin açılmasına icazə verilmirdi.

1869-cu ildə Seyid Əzim Şirvani ilk dəfə olaraq Şamaxıda yeni tipli məktəb açmışdı. 80-ci illərdə Şuşada, Lənkəranda, Ordubadda, Naxçıvanda belə məktəblər açıldı. Bu məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk dəfə olaraq elmi biliklərin əsasları ana dilində öyrədilməyə başlandı.

Azərbaycan əhalisinin maariflənməsində rus-tatar məktəblərinin də müəyyən rolu olmuşdur. İlk belə məktəbi Bakıda gənc pedaqoqlar Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə açmışdılar.

Bu məktəblər üçün müəllimlərin hazırlanmasında Qori müəllimlər semina-riyasının böyük rolu olmuşdur.1899-cu ilədək bu Seminariyanı 89 nəfər azərbaycanlı bitirmişdi. Bunların çoxu sonralar Azərbaycan xalq maarif və mədəniyyətinin fəxri nümüyəndələri oldular. Rəşidbəy Əfəndiyev, M. Mahmudbəyov, S.M.Qniəmizadə, Firudin bəy Köçərli, Əlicabbar Orucəliyev və başqalarının maarif sahəsindəki xidmətləri əvəz olunmazdır.

Yeni məktəb xadimlərinin ən mühüm vəzifəsi ana dilində dərsliklərin yaradılması idi.Abdulla Şaiq “Uşaq çeşməyi”, “Gülzar”,M.Mahmudbəyov “İkinci il”, “Üçüncü il”,”Türk ədəbiyyatına ilk qədəm”, “Yeni türk əlifbası” adlı dərsliklər yazılmış-dılar.

Kişi təhsili ilə yanaşı, qadın orta təhsili də inkişaf edirdi.1874-cü ildə Bakıda ilk qadın gimnaziyası açıldı,1883-cü ildən bu məktəb Mariya məktəbi adını aldı. 1896-cı ildə Mərdananda məşhur messenat H.Z. Tağıyev tərəfindən bağbanlar hazırırlayan birinci xüsusi məktəb açıldı. Elə həmin ildə H.Z Tağıyev Bakıda qız məktəbinidə açmışdı.1896-cı ildə Bakıda Yermolayevə tərəfindən ilk musiqi məktəbi də açıldı.1897-ci ildə rəssamlıq məktəbi də açılmışdı.

Azərbaycanda savadın yayılması ilə kitabxana və qiraətxanalara ehtiyac hiss edilməyə başladı.Bu dövrdə ictimai və xüsusi kitabxanalar açıldı.İlk kütləvi kitabxana 1859-cu ildə Şamaxı və Şuşada açılmışdı.

Azərbayacanın ictimai, iqtisadi və mədəni inkişafı elmin inkişafına şərait yaradırdı.Təbiət elmlərinə maraq çox idi. Neft işinin öyrənilməsində Almaniyanın Stras-burq univerisitetinin məzunu Möhsüm Xanlarovun kimyaçı kimi xüsusi xidməti olmuşdur. Biologiya və kənd təsərrüfatı sahəsində də müəyyəın uğurlar əldə edilmişdi. Bu sahədə H.B Zərdabi, N.B.Vəzirovun böyük xidmətləri olmuşdur.H.B. Zərdabi “Gigi-ena”, “Torpaq, hava, su” və başqa əsərlər yararaq təkamül nəzriyyəsini müdafiə etmişdi. Azərbaycanlı həkimlər Vəkilov, Mehmandarov tibb eliminin inkişafına böyük köməklik etmişlər.

XIX əsrin ikinci yarsında Azərbaycanda tarix elmi sahəsində mühüm irəliləyişlər olmuşdu. Mirzə Camal oğlu,Əhməd Bəy Cavanşir,Mir Mehdi Xəzani Qarabağ xanlığının, Mirzə Əhməd Xudaverdi oğlu Lənkəran xanmlığının tarixinin öyrənilməsi sahəsində uğurlu işlər görmüşlər.Azərbaycan ədəbiyyatının inkişafında M.F. axundov,S.Ə. Şirvani, N.Nərimanov,F.B.Köçərli, H.B.Zərdabi kimi nümayəndələrinin böyük rolu olmuşdur.Fəlsəfi fikrin inkişafında M.F Axundovun xüsusi xidmətləri olmuşdur.Onun üç məktub və cavab adlı əsrində təbiət və cəmiyyət məsələlərinə dair mütərrəqi fəlsəfi fikirlər verilmişdir.

Azərbaycanda teatr sənəti də inkişaf etməkdə idi.Milli teatırın yaranması xalqın mənəvi həyatında böyük hadisə idi.1873-cu ilin martın 22-də Bakı realnı məktəbinin tələbələri M.F.Axundovun “Lənkəran xanının vəziri” pyesini səhnələşdirmişdilər. Aprelin 17-də “Hacı Qara” pyesi tamaşaya qoyuldu.

Musiqi sahəsində də böyük naliyyətlər əldə edildi.Hacı Hüsü, Cabbar Qaryağdı oğlu, Məsədi İsi, Sadıqran, Keçəçi Məhəmməd kimi musiqiçilər xalq arasında geniş şöhrətə malik idi.

1908-ci ildə yanvarın 12-də musiqi tarixində unudulmaz gün olmuşdur. Tağıyev teatırının binasında Ü.Hacıbəcyov “Leyli və Məcnun” operasını ilk dəfə tamaşaya qoy-muşdu.1913-cü ildə “Arşı mal alan”musiqili komediyası,1916-cı ildə M.Maqomayevin “Şah İsmayıl” operaları tamaşaya qoyulmuşdu.

Rəssamlıq sahəsində Ə.Əzimzadə, B.Kəngərli, memarlıq sahəsində Zivər bəy Ağayevin büyük xidmətləri olmuşdur.

-XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatında milli mətbuatın inkişafı ən mühüm hadisələrdən biri olmuşdur.Azərbaycan ictimaiyyətinin ayrı-ayrı nümayəndələri böyük çətinliklərlə üzləşərək milli mətbuatın bünövrəsini qoymuşdular. Azərbaycan mətbuatının banisi böyük ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi”qəzetinin buraxılması böyük hadisə idi. Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdır. H.B.Zərdabi qəzetin təkcə naşiri və redaktoru deyil, həm də onun korrektoru və mürəttibi idi. 1875-1877-ci illərdə Əkinçinin cəmi 56 nömrəsi çıxmışdı.

Əkinçi qəzeti mütərrəqi maarifçi,demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə və avamlığa qarşı çıxır,Azərbaycan gerçəkliyinin bir çox zəruri problemlərini qaldırırdı. Qəzet azadlığa çıxmağın yolunu elm və maarifdə görürdü.O,təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir,məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. Azərbaycanda qadın təhsilinin, qadınların ictimai həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan qəzeti “Əkinçi”olmuşdur.Qəzet ana dilinin saflığı uğrunda yorulmaz mübarizə aparırdı.

H.B.Zərdabi və onun qəzeti Cənubi Qafaqaz xalqları arasında çoxəsrlik əlaqələrin möhkəməlndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çixış edir, bu xalqların daha da yaxınlaşması uğrunda mübarizə aparirdı.

“Əkinçi”Azərbaycanda mütərəqqi ictimai fikrin inkişafında və bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafında böyük rol oynadı. O,qısa müddət ərzində ən qabaqcıl ziyalıları öz ətrafında birlşdirmiş, Azərbaycan xalqının həyatının bir çox sahələrinə müsbət təsir göstərmişdir.

Əkinçinin nəşri dayandıqdan iki il sonra Tiflisdə Azərbaycan dilində “Ziya” qəzeti nəşr edidi. Onun birinci nömrəsi 1879-cu il yanvarın 16-da çapdan çıxdı.Qəzet 1880-ci ilə qədər çıxmış,cəmi 76 nömrəsi buraxılmışdı.1880-ci il dekabrın 6-dan etibarən qəzet “Ziyayi-Qafqaziyyə adı altında çıxmağa başladı.Qəzetin yaradıcısı Seyid Ünsizadə idi.Qəzetin səhifələrində ictimai-siyasi problemlərə geniş yer verilirdi.Cəmi 104 nömrəsi çıxmış və 1884 –cu ilə qədər nəşr olunmuşdur.

1880-ci ildə onun qardaşı Cəlal Ünsizadənin “Kəşkül” adlı qəzeti nəşr oıunmağa başlandı. Kəşkül öz ideya isqamətinə görə “Əkinçi”yə daha çox yaxın idi. Qəzet, siyasət, ticarət, sənaye, mədəniyyət məsələlərinə toxunurdu. Eyni zamanda qəzet Şərq despotizmini, geriliyi, fanatizmi tənqid atəçinə tutur, maarifçilik və mədəniyyət ideyalarını müdafiə edirdi.

Rusiyanın mərkəzi şəhərlərində,Qori müəllimlər seminariyasında təhsil almış gənclər “Kəşkül”qəzetinin mütərəqqi ideya və təşəbbüslərini müdafiə edərək onun ətrafında toplaşırdılar. “Kəşkülün”başladığı hərəkatda Azərbaycan ziyalılarından S.Ə.Şirvani,F.Köçərli,M.Şahtaxtlı,A.Qayıbov və başqaları yaxından iştirak edirdilər. Qəzet 1991-ci ilədək nəşr olundu.

O dörün ən mühüm hadisələrindən biri də Tiflisdə satrik “Molla Nəsrəddin “ jurnalının 1906-cı il aprelin 1-də nəşrə başlaması oldu. Jurnal Azərbaycanda, Rusiyanın türkdilli xalqları arasında , həmçinin yaxın Şərqdə satrik mətbuatın əsasını qoydu, həmçinin milli – dümokratik fkrin inkişafında mühüm rol oynadı.

Molla Nəsrəddin “ jurnalının (1906-1931) əsasını Cəlil Məmmədquluzadə qoymuşdur. Jurnalın səhifələrində M.Ə.Sabirin Ə.B.Haqverdiyevin, Ə.Qəmküsarın, M.Ə.Möcüzün , Y.V.Çəmənzəminlinin yazıları çap olunurdu.

“Molla Nəsrəddinin”ardınca onun təsiri altında “Arı”, “Bəhlul”, “Tutu”, “Zənbur”, “Məzəli”, “Babayi-Əmir”(1907-1917-ci illərdə)satrik jurnalları nəşrə başladı. İnqilabi demokratik publisistikanın görkəmli nümayəndələrindən biri də U.Hacıbəyov idi.

XIX əsrin sonları-XX əsrin əvələrində Azərbaycanın qabaqcıl ictimai və sosioloji fikri yeni ideya məzmunu ilə dahada zənginləşdi. Azərbaycanın sosial-iqtisadi inkişafı, ictimai həyatda islam dəyərlərinin rolunun genişlənməsi milli-demokratik fikrin inkişafında böyük rol oynadı.

Azərbaycan ictimai fkrin formalaşıb inkişaf etməsində Azərbaycan ziyalılarından H.B.Zərdabi M.Şaxtaxlı, Səmədağa Mehmandarov, N.Nərimanov, C.Məmmədquluzadə, S.Ə.Şirvani və sairlərinin görkəmli rolları olmuşdur.

Milli- demokratik və ictimai fikrin yaranmasında Əli bəyHüseynzadə,
Əhməd bəy Ağayev və Əhməd Ağaoğlu kimi dahi şəxsiyyətlərin xidmətləri ölçüyə gəlməzdir.

Əli bəy Hüseynzadə 1864-cü ildə anadan olmuş, görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı kimi fəaliyyət göstərmişdir. Təhsilini Peterburq və İstanbulda almışdır. Peterburqda təhsil alarkən tələbə siyasi dərnəklərində işti-rak edən Əli bəy İstanbulda da siyasi fəaliyyətini davam etdirmişdir.O, Sultan Əbdülhəmid rejiminə qarşı “İttihad və tərəqqi ” partiyasının əsasını qoymuş-dur.1903-cü ildə Bakıya gələn Əli bəy jurnalistka ilə məşğul olmuş, ictimai –siyasi fəaliyyətini genişləndirmişdir. Onun fəaliyyətində əsas yeri Turançılıq ideyası tuturdu. Əli bəy türk xalqlarının milli birliyi, müstəqil dövlətçilik fikrini ilk dəfə irəli sürmüş, onun elmi –nəzəri əsaslarını işləyib hazırlamışdır. Əli bəy yazdığı “Türklər kimdir və kimdən ibarətdir, “Türk dilinin vəzifeyi- mədəniyyəsi”, “Yazımız, “dilimiz” adlı məqalələrində öz məqsəd və məramını geniş şəhr etmişdir.

Əli bəy yaradılmasını nəzərdə tutduğu milli cəmiyyətin quruculuğunda müasir insan amilinə böyük əhəmiyyət verərək yazırdı: “Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai” tərbiyə edib yetişdirmək lazımdır.

Əli bəy Hüseyinzadənin XX əsrin əvvələrində irəli sürdüyü “Türkləşmək, islamlaşmaq, müasirləşmək ” şəklində siyasi şüara çevrilən fikri Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributuna çevrilmişdi.Əli bəy 1940-cı ildə İstanbulda vəfat etmişdir.

İctimai fikrin görkəmli nümayəndələrindən biri olan Əhməd bəy Ağayev (1869-1939) Azərbaycanda türkçülük hərəkatının ideoloqlarındandır.O, Fransanın Sarbona universitetini bitirmiş, Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmişdir. Əhməd bəy Ağayev müsəlman xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edir, bunun səbəblərini göstərir, müsəlman xalqlarına böhtan atan əcnəbi, müəlliflərə tutarlı cavablar verirdi.

Əhməd bəy 1905-ci ildə “Həyat”, “İrşad” kimi Azərbaycanda milliyətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan qəzetlərin həm redaktoru, həm də nəşiri olmuşdur.

1909-cu ildə Türkiyəyə gedən Əhməd bəy “ Gənc Türklər” hərəkatı ilə yaxın-laşmış və “İttihad və Tərəqqi” partiyasına daxil olaraq elmi- publisistik yazıları ilə mətbuatda çıxışlar etmişdir.O,1918-ci ildə bolşevik-daşnak hökumətinə qarşı mübarizəyə gəlmiş Nuru Paşanın Qafqaz İslam Ordusunun tərkibində siyasi müşavir kimi Azərbaycana gəlmiş və Gəncədə yaradılan yeni hökumətin işinə yaxından köməklik etmişdir. Əhməd bəy Azərbaycan parlamentinə üzv seçilmiş, Paris sülh konfransında iştirak etmək üşün oraya gedəndə türkiyədə həbs edilərək Malta adsına sürgün edilmişdir.

1921-ci ildə sürgündən gələn Əhməd bəy İstambula gələrək yenidən milli hərəkata qoşulmuş və qurtuluş savaşının fəal iştirakçılarından biri olmuşdur. O, xalqın millətçilik və türkçülük şüurunun oyanmasında çox mühüm rol oynamışdır.

İctimai fikrin görkəmli nümayəndələrindən biri də Əlimərdan bəy Topçubaşov olmuşdur. (1863-1934). O, Rusiyanın müsəlman –türk xalqlarının milli –azadlıq hərəkatının liderlərindən biri olmuşdur. “Kaspi” qəzetinə rəhbərlik etmişdir. Əlimardan bəy 1905- ci ildə Nijni-Novqorod keçirilən Ümumrusiya müsəlmanlarının 1- ci qurultayında göstərirdi. “Biz Türk övladları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Qərbədən Şərqə qədər bizim atalarımızın mülküdür. Atalarımız o qədər qəhrəman millət olduqları halda , bu gün Qafqaz dağlarında , Krım bağlarında, Kazan çöllərində və Orta Asiya ovalıqlarında atalarımızın mülki olan öz torpaqlarımızda öz ehtiyaclarımızı bildirməyə imkanımız qalmamışdır”.1906-cı ildə onun tərəfindən “ Umumrusiya müsəlmanları ittifaqı” partiyasının proqram və nizamnaməsi yazılmışdır.

Onun təşəbbüsü ilə I Dövlət Dumasında müsəlman fruksiyası yaradılmışdır. Azəri türklərinin müstəqilliyi uğrunda daim mübarizə aparan Ə.Topçubaşov AXC parlamentinin ilk sədri olmuşdur. Paris sülh konfransı nümayəndələrinin rəhbəri olaraq Azərbaycanın de-fakto tanınmasına nail olmuşdu. Əlimərdan bəy sonralar Parisdə yaşayarkən də Azərbaycanla əlaqəni kəsməmiş, hətta 1921-ci ildə Parisdə Qafqaz Konfedrasiyası yaradılması məsələsini müzakirə etmişdir. 1934-cü ildə M.Ə.Rəsulzadə ilə birlikdə Konfederasiyanın bəyannaməsini imzalamışdır.

XX əsrin əvvələrində baş verən dünya iqtisadi bühranı (1900-1903) həm Rusiyanı, həm də onun müstəmləkələrini əhatə edir. Bütün imperiyanı sarsıdan tətillər dalğası Azərbaycanı da bürüdü, cəmiyyətin bütün təbəqələrində narazılıq-lar artdı və cəmiyyət siyasiləşməyə başladı.

XX əsrin əvvələrində Azərbaycanda ilk siyasi təşkilatlar yaranmağa başladı. Bu təşkilatların əksəriyyəti sosialist yönümlü idilər. Azərbaycan tarixinin XX əsrin əvvəlləri dövrü siyasi partiya və təşkilatların meydana gəlməsi ilə də səciyyələnir. Bu da Azərbaycan cəmiyyətində də siyasi fəallaşmanın yüksəlməsi ilə əlaqədar idi. Azərbaycanda ilk siyasi təşkilat hələ XIX əsrin 90-cı illərində meydana gəlmiş ilk sosial-demokrat dərnəklərin birləşdirilməsi əsasında 1901-ci ildə yaradılan RSDFP-nin Bakı Komitəsi olmuşdu. O, Azərbaycanın milli adət-ənənələrindən xəbəri olmayan, kənardan gəlmiş və əsasən rus dilli adamlar tərəfindən yaradılmışdı. Həmin təşkilatda da başlıca olaraq rus dilli fəhlələr birləşmişdi. Ona görə də onun təsiri Bakıdan kənara çox yayıla bilməmişdi.


Azərbaycanda ilk milli partiya M.Ə.Rəsulzadənin hələ 17 yaşında ikən yaratdığı «Müsəlman gənclik təşkilatı» olmuşdu. Bir az sonra o, «Müsəlman demokratik «Müsavat» Cəmiyyəti» adı ilə gizli fəaliyyət göstərmişdi. Bu təşkilatın bir qolu da Güney Azərbaycanda yaradılmışdı. 1904-cü ilin oktyabrında bir qrup müsəlman sosialistləri: M.Mövsümov, M.Ə.Rəsulzadə, M.H.Hacınski və b. tərəfindən həmin cəmiyyətin əsasında müsəlman sosial-demokrat təşkilatı — «Hümmət» yaradılmışdı. O. «E1 bir olsa, dağı oynadar yerindən» devizi ilə eyni adlı qəzet nəşr etdirmişdi. Sonralar bu təşkilata N.Nərimanov, M.Əzizbəyov, S.M.Əfendiyev de daxil olmuşdu.
«Hümmət»in yerlərdə şöbələri də yaradılmışdı, O cümlədən Tiflisdə də menşevik istiqamətli «Hümmət» təşkilatı yaradılmışdı. Əvvəllər təşkilata A.Yüzbaşov, Ə.Bayramov, Ə.H.Qarayev, M.Mirheydərzadə və b. daxil idi. Sonralar ona İ.Əbilov, Ə.Şeyxülislamov, S.Ağamalı oğlu da daxil olmuşdu. Onun əsas lideri S.Ağamalı oğlu olmuşdu.
1905-ci ilin noyabrında eser partiyasının hələ 1903-cü ildə yaradılmış Bakı təşkilatı «İttifaq» adı ilə müstəqil partiyaya çevrilmişdi,
1904-cü ildə Bakıda Şendrikov qardaşları tərəfindən «Balaxanı və Bibiheybət fəhlələri İttifaqı» adlanan menşevik təşkilatı yaradılmışdı. Sonralar o, «Bakı fəhlələri ittifaqı» adını almışdı.
1905-ci ilin fevralında Gəncədə «Sosial-federalistlərin türk inqilabı komitəsi» yaradılmışdı. O, Azərbaycana muxtariyyət verilməsi, federativ Rusiya yaradılması ideyasını irəli sürmüşdü.
1905-ci ilin yayında Gəncədə Şəfı bəy Rüstəmbəyovun başçılığı ilə «Qeyrət» adlı qrup yaradılmışdı. O, sonradan «Qeyrət» partiyasına çevrilmişdi. Onun yaradılmasında Ələkbər bəy Rəfıbəyli və Adil bəy Xasməmmədli fəal iştirak etmişdilər. Bu partiya 1908-ci ilədək fəaliyyət göstərmişdi. 1917-ci il fevral inqilabından sonra «Qeyrət» partiyası «Türk ədəmi-mərkəziyyət partiyası» adı ilə yenidən fəaliyyətə başlamışdı. Onun yaradıcısı Nəsib bəy Yusifbəyli olmuşdu.
Çarın 1905-ci il oktyabrın 17-də Manifest verməsi ölkənin ictimai-siyasi həyatında canlanma yaratdı. Azərbaycanda da siyasiləşmə yüksəldi. Siyasi partiyaların yaradılması prosesi genişləndi.
1905-ci il dekabrın əvvəllərində Konstitusion demokratlar partiyasının Bakı şöbəsi yaradıldı. Onun yaradılmasında I.Hacınski, İ.Hacıyev, Ə.M.Topçubaşov, K.Səfərəliyev mühüm rol oynamışdılar. O, 1906-cı ilin yanvarında «Müsəlman Konstitusiyası partiyası»na çevrilmişdi.
1905-ci ilin payızında «Müsəlman əyanları, ziyalıları və yuxarı təbəqələrin ittifaqı və müdafiə cəmiyyəti» meydana çıxdı,
1905-ci ilin noyabrında tələbə-gənclərin inqilabi-demokratik «Üxüvvət» («Qardaşlıq») təşkilatı yaradılmışdı. 1905-ci ildə Bakıda və Təbrizdə «Mücahid» partiyası yaradılmışdı.
1906-cı ilin avqust-sentyabr aylarında Bakı və Yelizavetpol quberniyalarında «Difai» partiyası meydana çıxdı, Partiyanın başlıca məqsədi Azərbaycan xalqını erməni terrorundan müdafiə etmək idi. «Difai» partiyasının Bakıda, Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Qarsda, Naxçıvanda, Vladiqafqazda və b. yerlərdə şöbələri fəaliyyət göstərirdi. Partiyanın Bakı şöbəsinə Ə. Ağayev başçılıq edirdi,
Partiyanın ən iri şöbəsi «Qarabağ birlik məclisi» idi. Onun fəaliyyəti bütün Qarabağı əhatə edirdi. Məclisin baş komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi.
1906-cı ildə Dağıstandan olan fəhlələr arasında iş aparmaq üçün başda Q.M.Ağasiyev və M.Aydınbəyov olmaqla sosial-demokrat «Faruq» qrupu yaradılmışdı.

Azərbaycanda həmkarlar ittifaqlarının formalaşması da bu dövrə təsadüf edir. 1906-cı ilin noyabrında Azərbaycanda həmkarlar ittifaqları təşəkkül tapmışdı. XX əsrin əvvəllərində Azərbaycanda «Müsəlman», «Nəşr maarif», «Nicat», «Səadət» və b. xeyriyyə cəmiyyətləri fəaliyyət göstərməyə başlamışdı. Onların yaradılmasında böyük xeyriyyəçi Z.A.Tağıyevin müstəsna xidmətləri olmuşdu.
Bu dövrdə Azərbaycanda erməni «Daşnaksütyun», «Qnçaq» partiyaları da fəaliyyət göstərmişdi.
«Müsavat» partiyasının yaradılması bu dövr Azərbaycan tarixinin çox mühüm hadisəsi idi. O, 1911-ci ildə Bakıda keçmiş hümmətçilərdən Məmməd Əli Rəsulzadə, Tağı Nağıyev, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Qulamrza Şərifzadə tərəfindən yaradılmışdı. 1913-cü ildə mühacirətdən qayıdan Məmməd Əmin Rəsulzadə «Müsavat»a daxil olmuş və onun əvəzsiz liderinə çevrilmişdi.
1917-ci ilin yazında Nəsib bəy Yusifbəyli tərəfindən Gəncədə yaradılmış «Türk ədəmi-mərkəziyyət» partiyası həmin ilin iyununda «Müsavat» partiyası ilə birləşmişdi.
1917-ci ilin martında bolşevik «Hümmət» təşkilatı öz fəaliyyətini bərpa etdi. Onun başında N.Nərimanov dururdu.
1917-ci ilın sentyabrında «Rusiyada müsəlmançılıq» partiyası yaradıldı. O, Gəncədəki «İttihadi islam» partiyası ilə birləşərək «Rusiyada müsəlmançılıq-ittihad» birliyini təşkil etmişdi,
Nəhayət, 1920-ci ilin fevralında bolşevik «Hümmət», «Ədalət» və RSDFP-nin Bakı Komitəsi zəminində Azərbaycan Kommunist partiyası təşkil edildi. Bununla da Azərbaycanda da təkpartiyalılığın əsası qoyuldu.
Azərbaycanda gedən siyasi fəallaşmanın təzahürlərindən biri də çarın yanında məsləhətçi orqan olan Dövlət Dumasına seçkilərdə iştirak etmək idi. Bu seçkilərdə (1906-cı ilin mayında) birinci Dövlət Dumasına Azərbaycandan Məmmədtağı Əliyev, Ə.Haqverdiyev, İ.Ə.Ziyadxanov, Ə.Muradxanov və Ə.M.Topçubaşov deputat seçilmişdilər. Onlar Dumada yaradılmış Müsəlman fraksiyasına daxil idilər.
Azərbaycanlı deputatlar Dumanın işində fəal iştirak edirdilər. Dumada İ.Ziyadxanovun və Ə.M.Topçubaşovun çıxışları daha kəskin idi. İ.Ziyadxanov İrəvan və Yelizavetpol quberniyalarında millətlərarası toqquşmalardan, inzibati orqanların özbaşınalığından bəhs etmiş, hökumətin köçürmə siyasətinə qarşı çıxmışdı. O, Duma tribunasından demişdi: «Biz bir əsr bundan əvvəl işğal edilmişik, Bizə heç bir hüquq və haqq verilməmişdir. Kölə halına salınmışıq. Milli varlığımıza təcavüz edilmişdir. Bir sıra ali məktəblərə qəbul olunmağımıza qadağa qoyulmuşdur. Dövlət idarələrində türk məmurlarına rast gəlmək mümkün deyildir. Torpaq azlığından əziyyət çəkirik. Lakin buraya Rusiyadan axın-axın kəndlilər köçürülür. Bilavasitə dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün planlaşdırdığınız yaşayış məntəqələrini qurursunuz. Bu hökumətin gizli surətdə hazırlayıb həyata keçirdiyi „parçala və hökm sür“ idarə tərzidir. İki ildən bəri qan içində üzən Vətənimdə cəsədlərin üstündən keçirik. Artıq səbrimiz tükənib».
Rus deputatlar çıxışı «rədd olun gedin Türkiyəyə» qışqırığı ilə qarşılaşmışdılar.
Sərt çıxışlarına görə Ə.M.Topçubaşov və İ.Ziyadxanov Dövlət Dumasının tərkibinə seçilmək hüququndan məhrum edilmişdilər.
Azərbaycandan II Dövlət Dumasına F.İ.Xoyski, X.Xasməmmədov, İ.Z.Tağıyev, M.M.Şahtaxtinski, M.H.Mahmudov, Z.E.Zeynalov deputat seçilmişdilər.
Bakı, Yelizavetpol və İrəvan quberniyalarının müsəlman əhalisindən III Dövlət Dumasına Xəlil bəy Xasməmmədov deputat seçilmişdi. O, da Dumada öz kəskin çıxışları ilə fərqlənirdi. X.Xasməmmədov öz çıxışlarında dəfələrlə hökumətin milli ayrı-seçkilik siyasəti, vətəndaş azadlıqları və siyasi hüquqlar verilməsi, köçürmə siyasəti, təhsil və məhkəmənin ana dilində aparılması və s. vacib məsələlərə toxunmuşdu.
Azərbaycandan IV Dövlət Dumasına M.Y.Cəfərov deputat seçilmişdi. O zaman onun cəmi 27 yaşı var idi. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi.
M.Y.Cəfərov Dumadakı çıxışlarından birində çar Rusiyasının milli əyalətlərdəki ruslaşdırma siyasətini ifşa edərək demişdi: «Biz xalq maarifinə, ilk baxışda siyasətə heç bir yer olmadığı bu müqəddəs işə hökumətin qərəzli münasibətini acı təəssüflə qeyd edirik. Indiyədək hökumət müsəlmanların maariflendirilməsi adı altında onların ruslaşdırılmasına yönələn tədbirləri həyata keçirməyə çalışmışdır».

1901-ci ildə ilk təşkilat olan RSDFP –nın Bakı komitəsi yaradıldı. Onun təş-kilatçıları Yenukidze, Ketsxoveli və Eyzenbet idilər.

1901- ci ildə Bakıda “İskra” çı qrup da təşəkkül tapdı. Həmin qrup gizli yolla xaricdən “İskra” qəzetini Azərbaycana gətirərək fəhlələr arasında yayırdı. 1901-ci ilin yayında gizli olaraq “Nina” mətbəəsi yaradldı və qəzet həmin mətbəədə çap olunaraq geniş yayılırdı.

1904-cü ilin oktyabrında M.Ə.Rəsulzadə, M.A.Mirqasımov, M.Hacıyev, A.Kazımzadənin birgə səyləri nəticəsində Bakıda müsəlman aləmində ilk sosi-al—demokratik “Hümmət” təşkilatı fəaliyyətə başladı.Həmin təşkilatın eyni adda qəzeti də nəşr olunurdu. 1905-ci idən N.Nərimanov həmin təşkilata daxil olur və sonralar onun rəhbərinə çevrilir.“Hümmət” təşkilatının 1917-ci ilə qədər fəaliyyətini iki aspektdə -bir tərəfdən bir çox siyasi məsələlərdə Bakı komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə milli ləyaqət və hüquqların müdafiəçisi kimi nəzərdən keçirmək olar.1904-cü ilin dekabrında fəhlələrlə kapitalistlər arasında “müştərək müqavilənin “ bağlanmasında “Hümmət” təşkilatının böyük rolu olmuşdur. 1905-ci ildə “Hümmət” qəzeti senzura tərəfindən bağlanısa da, 1907-ci ildə təşkilat “Təkamül”qəzetinin buraxılmasına nail olur.

Azərbaycan sosial –demokratları və hümmətçiləri ilə İran milli-azadlıq hərə-katı mücahidləri arasında sıx əlaqə var idi. Onların çoxu dəfəlıərlə İranda olmuş və 1906-1911-ci illərin İran inqilabi hadisələrində iştirak etmişdir.

Hümmətçilərin Tflis təşkilatı daha aktiv fəaliyyət göstərirdi. Onun proq-ramında insanların sinfi və milli mənsubiyyətindən asılı olmayaraq demokratik azadlıqlar və hüquqları bəyan edilirdi.”Ədalət, bərabərlik, azadlıq” sözləri təşkilatın devizinə çevrilmişdi. Sonralar Azərbaycan Parlamentinin üzvlətri olmuş M.Əbilov, M.Şeyxülislamov,S.Ağamalıoğlu Tiflis “Hümmət”inə daxil idilər.

1903-cü ilin yayında Bakıda sosialist inqilabçıları–eserlər partiyası meydana çıxdı. Eserlər digər şəhərlərdə də fəhlə və gənclər arasında öz təsirlərini yaymağa çalışırdılar. Məsələn Şuşada realni təhsil məktəbində eser dərnəyi yaradılmışdı. Gəncədə də belə bir təşkilatın yaradılmasına cəhd göstərilmişdi. Azərbaycanlı eserlər üçün milli məsələ ön planda dururdu. Onlar geridə qalmış kütlələri maarifləndirməyi və xalqın azadlığını özlərinin əsas vəzifəsi elan etmişdilər.

1905-ci il 17 oktyabr Çar Manifestindən sonra yaranan siyasi və ictimai vəziyyət cəmiyyətin bütün təbəqələrini hərəkətə gətirdi, siyasi partiya və təşkilatların yaranmasına təkan verdi.1905-ci il də Azərbaycanın siyasi səhnəsində ilk olaraq sırf milli partiyalar meydana çıxdı. Fevralda Gəncədə “Sosial-fedaralistlərin türk inqilabi komitəsi” yarandı. Bu təşkilatın buraxdığı vərəqələr-də Qafqaz xalqlarının birliyi, müstəməlkəçiliyə qarşı mübarizə, Azərbaycanın muxtariyyəti ideyaları öz əksini tapmışdı.

1905-ci ildə Gəncə və Şuşada “Qeyrət”adlı təşkilat (qrup) da fəaliyyətə başlamış-dı.Bura Gəncənin tanınmış hüquqşünasları Ə.Rəfibəyli,A.Xasməmmədov, H.Yusifbəyli daxil idilər. Bu qrupun əsas məqsədi Qafqazın Rusiya ilə fedarativ münasibətlərinin qurulması və bu federasiya çərçivəsində müsəlman əhalisinə muxtariyyat vermək idi.Bu qrup 1908-ci ilə qədər fəaliyyət göstərdi.

1906-cı ildə Bakı və Gəncədə “Difai”partiyası meydana çıxdı.Onun banisi Ə.Ağayev idi.Bir çox şəhərlərdə onun yerli şöbələri yaradılmışdı.

Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində 1911-ci ildə Bakıda meydana çıxan Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyası mühüm rol oynadı.Bu təşkilata milli mənafe uğrunda müəyyən mübarizə təcrübəsi olan bir sıra ictimai xadimlər başçılıq edirdilər. Partiyanın baniləri Tağı Nağı oğlu, M.Əli Rəsulzadə və Abbas Kazımzıdə olmuşlar.

Bu partiya 1917-ci ildə yaranmış “Türk Ədəmi Mərkəziyyət Partiyası ilə birləşərək (N.Yusifbəyli) “Türk federalist Müsavat Partiyası” adını almışdır. Partiyanın rəhbəri və ilhamvericisi M.Ə. Rəsulzadə idi.(1913-cü ildən).Bu partiyanın təbliğat orqanı olan “Açıq söz”qəzeti nəşri olunurdu.

1912-ci ildə “Müsavat” partiyasının manifesti və proqramı nəşr edildi. Proqramda qarşıya həyati məsələlər qoyulmuşdu. Bütün müsəlman xalqları üçün bərabərlik əldə olunması,müsəlmanların dövlət müstəqilliyinin qorun-ması, müstəqilliyini yaradan və onu qorumaq uğrunda mübarizə aparan mü-səlman dövlətlərinə maddi və mənəvi yardım göstərilməsi.Partiya həm müsəlmanlar,həm də demokratik amallara əsaslanan bütün partiyalarla əməkdaşlığa üstünlük verirdi.Tezliklə partiya ziyalıları,xırda burjua,kəndli, fəhlə və qulluqçuların nüma-yəndələrini öz sıralarına cəlb etdi və tezliklə Qafqazın ən güclü partiyalarından birinə çevrildi.

XX əsrin əvvəllərində sosial ziddiyyətlərin kəskinləşməsi nəticəsində fəhlə və kəndlilərin həm siyasi, həm də ideolji cəhətdən fəallaşması üçün obyektiv şərait yaratdı.1905-ci ilin yazında Rusiya imperiyasında,onun ucqrlarında,o cümlədən Azərbaycanda milli azadlıq mübarizəsi yüksəlməyə başladı. İlk dəfə 1905-ci ildə Azərbaycanda Petisiya (imzatoplama)kampaniyası genişləndi.

Azərbaycan xalqının siyasi özünüdərkin formalaşmasında publisistika böyük rol oynayırdı. Məqalə müəlləfləri mövcud siyasi hadisələri həm işıqlandırır, həm də bu hadisələrin mahiyyətlərini açıb göstərirdilər.

Azərbaycanda burjua millətinin təşəkkülü, milli mədəni müəssisələrin meydana çıxması, doğma dillərdə qəzet və jurnalların nəşri xalqın milli şüurunun artmasına və siyasi fəaliyyətinin güclənməsinə, mlli azadlıq hərəkatının genişlənməsinə səbəb olurdu. Milli azadlıq hərəkatları çox vaxt əsarət altına alınmış fəhlə və kəndli hərəkatları ilə birləşirdi.

Azərbaycan burjuaziyası müxtəlif məhdudiyyətlərin aradan qaldırılması, ana dilində təhsilin həyata keçirilməsi, zemstvo sistemi yaradılması və sair islahatların keçirilməsini tələb edirdilər.Hətta iri torpaq sahibləri də öz sinfi hüquqları və silki üstünlüklərini müdafiəyə qalxırdılar. Azərbaycan burjuaziyasının milli azadlıq ideyaları “Yeni Füyuzat”, “Şəlalə”jurnallarında,”iqbal”, “Yeni həyat”, “Günəş” və başqa qəzetlərdə geniş təbliğ olunurdu.

Azərbaycanın demokratik ziyalıları da milli zülmə qarçı çıxış edirdilər.Bu istiqamətdə C.Məmmədquluzadə, M.S.Ordubadi, N.B.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, M.Ə.Rəsulzadə və başqaları mühüm rol oynayırdılar.

Aparılan mübarizə, tökülən qanlar nəhayət 1918-ci ildə öz bəhrəsini verdi və Azərbaycan xalqı öz milli müstəqilliyini əldə etdi.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin