Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyası. 23 yanvar 2007-ci il tarixdə Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının sədr müavini Azər Əmiraslanovla görüş olub. Adəti üzrə A. Əmiraslanova layihə barədə qısa məlumat verilib. Daha sonra o indiyə qədər görülmüş işlər və əldə olunmuş ilkin nəticələr barəsində məlumatlandırılıb. A. Əmiraslanov layihənin maraqlı və aktual olduğunu qeyd edərək, yekun nəticələr barədə onun da məlumatlandırılmasını xahiş edib.
Maliyyə Nazirliyi. 26 yanvar 2007-ci il tarixdə Maliyyə Nazirliyinin “Vergi siyasəti və gəlirlər” şöbəsinin müdir müavini Fikrət Şirinovla görüş keçirilib. Görüşdə layihə haqqında geniş məlumat verilərək diskussiyaya başlanılıb. Maliyyə Nazirliyinin nümayəndəsi bildirdi ki, nazirlik inflyasiyanın hesablanması və proqnozu ilə birbaşa məşğul olmur. Lakin büdcə proseslərini proqnozlaşdırmaq məqsədilə nazirlik inflyasiya kimi əsas makroiqtisadi göstəricilərin proqnozunu İqtisadi İnkişaf Nazirliyindən əldə edir. Nümayəndənin dediyinə görə Maliyyə Nazirliyi IQI-nin cari göstəricilərini Milli Bankdan əldə edir. Həmçinin Maliyyə Nazirliyinin bir sıra mütəxəssisləri BP-nin maliyyələşdirdiyi Oksford məktəbinin proqnoz modellərindən istifadə edərək büdcə proseslərini proqnozlaşdırırlar. Lakin nümayəndə, inflyasiyanın bu gün Azərbaycan üçün çox ciddi iqtisadi problemlərdən biri olmasını etiraf edərək söylədi ki, bu problemin həllinə yardımçı olmaq məqsədilə MN büdcə xərclərinin artırılması məsələsinə çox həssaslıqla yanaşır. O qeyd etdi ki, MN çalışır ki, bundan sonra büdcə xərclərinin tərkibində elə növ xərclər artırılsın ki, həmin xərclər ölkədə inflyasiya yaratmasın. Bu xərclərin əsas hissəsi kimi investisiya yönümlü xərclərin artırılması xüsusilə vurğulandı. Sonda nazirlik nümayəndəsi layihə haqqında maraqlı olduğunu bildirdi və qeyd etdi ki, MN məmnuniyyətlə layihənin nəticələrini əldə etmək istərdi.