Sonra mən yerin tərkindən qalxan başqa bir vəhşi heyvan gördüm. Onun quzu buynuzuna bənzər iki buynuzu var idi, lakin o, əjdaha kimi danışmağa başladı.
O, birinci vəhşi heyvanın önündə onun bütün səlahiyyətindən istifadə edir, yeri və sakinlərini ölümcül yarası sağalmış birinci vəhşi heyvana səcdə qılmağa məcbur edir. O, böyük əlamətlər göstərir, bəşərin gözü qarşısında hətta göydən alov yağdırırdı. Ona vəhşi heyvanın qarşısında göstərmək üçün əlamətlər verilmişdi. O, bu əlamətlərlə yer üzünün sakinlərini aldadır və onlara deyirdi ki, qılınc yarası alıb sonradan sağalmış vəhşi heyvanın surətini düzəltsinlər. Ona bu vəhşi heyvanın surətinə nəfəs vermək izni verildi ki, vəhşi heyvanın surəti həm danışsın, həm də ona səcdə etmək istəməyənləri öldürtdürsün. O, bütün insanları - kiçikləri və böyükləri, varlıları və kasıbları, azadları və qulları sağ əllərinə və ya alınlarına nişan qoydurmağa məcbur edir. Belə ki, üzərində bu vəhşi heyvanın nişanı, yəni vəhşi heyvanın adı və ya adının rəqəmi olmayan adam alqı-satqı edə bilməsin. Burada hikmət gərəkdir. Qoy dərrakəli adam vəhşi heyvanın rəqəmini hesablasın, çünki bu rəqəm insan rəqəmidir. Onun rəqəmi altı yüz altmış altıdır.