Sonra baxdım və budur: bir ağ bulud. Buludun üstündə, sanki, insan oğlu oturmuşdu. Onun başında qızıl tac və əlində iti oraq var idi. Məbəddən daha bir mələk çıxdı. O, buludun üzərində oturana ucadan dedi: “Orağını işə sal və biç. Artıq biçin vaxtıdır və yerin məhsulu tam yetişib”. Buludun üzərində oturan orağını yerə tuşladı və yer üzü biçildi. Sonra göydəki məbəddən ayrı bir mələk çıxdı. Onun da əlində iti oraq vardı.
Daha sonra qurbangahdan başqa bir mələk çıxdı. Onun od üzərində hökmü var idi. O, iti orağı olana ucadan dedi: “Əlindəki iti orağı işə sal və yer üzündə bitən meynənin salxımlarını yığ, çünki üzüm dəyib”.
Onda mələk orağını yerə tuşladı və yerdə bitən meynəni kəsib Allahın qəzəbinin böyük üzümsıxanına atdı.
Üzüm şəhərdən kənarda tapdalandı. Üzümsıxandan axan qan təxminən 1600 stadi məsafəyə yayılıb atların yüyəninə qədər qalxdı.
Müqəddəs məkandan gur bir səs yeddi mələyə dedi: “Gedin, Allahın qəzəbi ilə dolu yeddi camı yerin üzərinə boşaldın”.
Birinci mələk gedib camını yerin üzərinə boşaltdı. Üzərlərində vəhşi heyvanın nişanı olanların və onun surətinə sitayiş edənlərin bədənlərində bədxassəli, ağrıyan yaralar əmələ gəldi.
İkinci mələk camını dənizə boşaltdı. Dəniz qana çevrildi. Su ölü qanı kimi oldu və dənizdə yaşayan bütün canlılar tələf oldu.