Çənin qalınlığı dörd barmaq idi, ağzı kasa ağzı kimi düzəldilmişdi və zanbaqvari idi. Çənə 2000 bat su tökürdülər.
Sonra o, on ədəd mis araba düzəltdi. Arabaların hər biri 4 qulac uzunluğunda, 4 qulac enində, 3 qulac hündürlüyündə idi.
Arabalar belə düzəldilmişdi: onların yan lövhələri var idi. Lövhələr çərçivələrin içində idi.
Çərçivənin içindəki yan lövhələrin üzərində şir, buğa, kərrub təsvirləri var idi. Çərçivənin də üzərində eyni təsvirlər var idi. Şirlərdən və buğalardan yuxarıda və aşağıda qabarıq çələnglər var idi.
Hər arabanın dörd mis çarxı və mis oxları var idi. Onun dörd künc dayağı bunları saxlayırdı. Bu künc dayaqlar teştin altında idi, hər biri üzərindəki çələnglərlə birgə tökülmüşdü.
Teştin ağzı çanağın içində idi və o, aşağıdan yuxarıya bir qulac idi. Arabanın ağzı dairəvi idi və boğazı bir qulac yarım idi. Arabanın ağzında oyma təsvirlər var idi. Yan lövhələri dairəvi yox, dördbucaq idi.
Dörd çarx yan lövhələrin altında idi. Çarxların dayaqları arabaya bitişik idi. Hər çarxın hündürlüyü bir qulac yarım idi.
Çarxlar adi araba çarxları kimi idi, dayaqları, sağanaqları, oxları və topları tökmə idi.