1951-ci ildə M. Artamonovun rəhbərliyi ilə qazılmış Saltov yaşayış məskəni və Sarkel qalası
Sırf xəzərlərə aid kurqanların müəyyənləşdirilməsində, digər kurqanlardan fərqləndirilməsində M. Artamonovun rolu çox böyükdür və onun haqqında məlumat verdiyi Saltov kurqanı qazılmış ilk xəzər kurqanlarından biri hesab edilir. Ümumilikdə isə Saltov mədəniyyəti, o cümlədən eyni dövrə aid yaşayış məskəni xəzərələrə (VIII-X əsrlər) aid edilir.
Aşağı Don hövzəsinin xəndəkli kurqanlarının tədqiqində və onların xəzərlərə aid olduğunun təsbit edilməsində A. Semyonovun xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Bu kurqanlar VII-IX əsrlərə aid edilir.
Xəzər kurqanlarını digər kurqanlardan fərqləndirən əsas cəhətlər bunlardır:
Sözügedən kurqanların qəbir kameralarının ətrafında kvadrat formasında xəndək qazılıb;
Bu kurqanlarda ölülər tək dəfn edilib;
Onların paralellərinə Orta Asiyada aşkar edilmiş türk kurqanlarında da rast gəlinib.
Beləliklə, orta əsrlərə aid xəndəkli kurqanlar xəzərlərə aid edilir və məhz həmin kurqanlardan əldə edilmiş gen nümunələri də xəzərlərin etnik göstəricisi hesab edilir. Onlara aid edilən mədəniyyət də “Saltov-Mayats mədəniyyəti” adlandırılır.
Üzərlərində genetik analizlər aparılmış xəzərlərə aid iki sümük nümunəsi iki fərqli xəndəkli kurqandandan tapılmış skeletlərdən götürülmüşdür. Bu məzar abidələrinin hər ikisi barədə yazı dərc edilmişdir və bu yazılarda dəfn edilənlərin antropoloji tipinə də toxunulmuşdur. Kurqanlardan biri Kuteynikov II, digəri Talovıy II məzarlığında yerləşir. Bu məzarlıqlar Rostov vilayətinin cənub-qərbində, Don çayının sol sahilində, Don və Manıç çayları arasındakı ərazidə aşkar ediliblər. Hər iki sümük nümunəsinin analizi dəfn edilənlərin R1a–Z93 haploqrupunun daşıyıcısı olduğunu üzə çıxarmışdır. Ümumilikdə isə aparılan tədqiqatlar nəticəsində xəzərlərin ümumi əcdaddan gələn iki nəsldən ibarət olduqlarını üzə çıxmışdır ki, sözügedən haploqrupu onlardan sadəcə biri daşımışdır. Bu haploqrup genetik sıralamada 1251 indeksi altında qeyd edilir. Digər nəsil isə 1986 indeksi ilə qeyd edilmiş R1a–Z280 haploqrupunun daşıyıcısı olub.
Dostları ilə paylaş: |