VIII FƏSİL
“Bir zolaq, bir yol” layihəsi
“Bir zolaq, bir yol” (带一路) və ya OBOR (One Belt One Road) adları ilə məşhur olan qlobal layihə Çinin dövlət başçısı Şi Çinpinqin 2013-cü ilin sonunda Orta Asiya və Cənubi Asiya ölkələrinə gerçəkləşdirdiyi bir sıra ziyarətlərdən sonra bəyan etdiyi və İtaliyanın işbirliyi ilə 2049-cu ildə bitirməyi planladığı, bəzən Çin-Roma (Latın) mədəniyyət birliyi kimi də şərh edilən modern bir layihədir. Bu layihə əski “İpək yolu”nun bərpasını nəzərdə tutur. Layihə ilə bağlı təhlükəsizlik sazişi “Blackwater” Akademiyasının qurucusu Erik Princenin sahibi olduğu “Frontier Services Group” adlı güvənlik şirkəti ilə imzalanmışdır. Elə bu fakt da bizə sözügedən layihənin arxasında hansı güclərin durduğunu anlamağa kömək edir.
İlk öncə ondan başlayaq ki, Erik Prince prezident Corc Herbert Uoker Buşun hakimiyyətdə olduğu dövrdə, daha dəqiq desək, 1990-cı ildə Ağ evdə stajor olmuş, 1992-ci ildə SAT komandosu olmaq məqsədilə Hərbi Dəniz Akademiyasına daxil olmuş, oranı bitirdikdən sonra Yuqoslaviyada hərbi əməliyyatlarda iştirak etmişdir. Respublikaçılar Partiyasının əsas sponsorlarından biridir. Onun 1997-ci ildə qurduğu “Blackwater” Akademiyası 2009-cu ilin fevralından 2010-cu ilin yanvarına qədər “Xe Services LLC” adı ilə fəaliyyət göstərib. Hazırda sadəcə “Akademiya” adlanır. Qərargahı Şimali Karolina ştatının Karritak dairəsində yerləşir.
Daha çox özəl hərbi şirkət kimi fəaliyyət göstərən bu qurum 2003-cü ildə, Səddam Hüseynin devrilməsindən dərhal sonra İraqda peyda olmuş və yeni kukla İraq hökumətinə bağlı hərbi və polis güclərinin təlimini təşkil etmişdir. Bu, oğul Buşun hakimiyyəti dövrünə təsadüf edir.
Adı Bağdadda dinc nümayişlərin gülləbaran edilməsinə qarışdıqdan sonra adını “Blackwater Worldwide” kimi dəyişən şirkət 2009-cu ildə adını növbəti dəfə dəyişdirdi və “Xe Services LLC” adlanmağa başladı.
Əfqanıstanda da işğalçı ABŞ tərəfindən qurulan kukla hökumət üçün hərbi və polis qüvvələri hazırlamaqla məşğul olan bu qurum Suriyada neft yataqlarının mühafizəsi və kürd terrorçularına təlim verilməsi və onların hərbi texnika, silah və sursatla təmin edilməsi ilə məşğuldur.
Beləliklə, “Bir zolaq, bir yol” layihəsinin arxasında duran güclərin hansı dairələrlə bağlı olduğu məlum olur. Bu, aysberqin görünməyən hissəsidir. Aysberqin görünən hissəsi isə Çin hökumətinin fəaliyyəti ilə birbaşa bağlıdır.
Şi Çinpinq ilk olarak, 7 sentyabr 2013-cü ildə Qazaxıstanın Nazarbayev Universitetində söylədiyi nitqində qədim ipək yolu ölkələri arasında “İpək yolu iqtisadi zolağı” qurulmasından bəhs etmiş, eyni ilin 3 oktyabrında İndoneziya parlamentində etdiyi çıxışında isə ASEAN ölkələriylə iş birliyini güçləndirmək və XXI əsr Dəniz İpək Yolunu birlikdə inşa etmək üçün hazır olduqlarını bildirmişdir.
2017-ci ilin avqustunda layihə çərçivəsində əməkdaşlıq sazişi imzalayan ölkə və beynəlxalq qurumların sayı 69-a çatmışdı və bu say sonrakı illərdə də artmaqda davam edib. Dünya ÜDM-nin 42, əhalisinin 64, quru sahəsinin 40 və enerji qaynaqlarının 75 faizinin cəmləşdiyi geniş bir ərazini əhatə edən layihənin əsas hədəfi nəqliyyat və enerji şəbəkələri, eləcə də telekommunikasiya yoluyla beynəlxalq inteqrasiyaya nail olmaqdır. Onun Çin Xalq Respublikasının 100-cü ildönümünə, yəni 2049-cu ilə qədər tamamlanmasına çalışılmaqdadır.
Dostları ilə paylaş: |