Qeyd edək ki, 2014-cü ildə yaradılmış İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiyaya 80-ə yaxın dövlət daxildir”.
“1news.az” xəbər saytının 5 sentyabr 2016-cı il tarixində “Fərat Qalxanı” Rusiya, Türkiyə və ABŞ-ı birləşdirəcəkmi?” adı altında dərc etdirdiyi bir müsahibədə aşağıdakı məlumat yer almaqdadır:
“İŞİD-lə mübarizəyə koalisiya demək olar ki, iki qrupa bölünüb. Birinci qrupa ABŞ başda olmaqla 80 Avropa dövləti, ikinci qrupa isə Rusiya, Suriya və İran daxildir. Baxmayaraq ki, bu əməliiyatın başlıca strategiyası İŞİD-lə mübarizə səslənsə də, koalisiya üzvləri arasında qarşılıqlı anlaşma çox aşağı, effektsiz səviyyədədir” (https://1news.az/az/news/f-rat-qalxan-rusiya-t-rkiy-v-ab---birl-dir-c-kmi).
Sonradan adı “İslam dövləti” olaraq dəyişdirilən İraq və Şam İslam dövlətinin qurucularından biri, artıq qeyd edildiyi kimi, Ən-Nüsrə Cəbhəsi ( جبهة النصرة لأهل الشام) idi. Əl-Qaidənin Suriya və Livan ərazisindəki qolu kimi 23 yanvar 2012-ci il tarixində təsis edilən bu təşkilat, eynən İŞİD kimi BMT və bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınmaqdadır. Bu səbəbdən də sözügedən qurum 2014-cü ildə ABŞ və müttəfiqlərinin “İŞİD-ə qarşı savaş” çərçivəsində endirdiyi aviazərbələrin hədəfi olmuşdur. Bir neçə dəfə adını dəyişdirmiş, 2015-ci ildən etibarən “Ceyş əl-Fəth”in tərkibinə daxil olmuş, 2016-cı ilin iyulunda adı Cəbhət Fəth əş-Şam (جبهة فتح الشام // Şamın Fəthi Cəbhəsi) kimi dəyişdirilmişdir.
Qruplaşmanın tərkibində Suriyalılardan başqa, bir çox ölkədən, o cümlədən Səudiyyə Ərəbistanı, İraq, Pakistan, Livan, Rusiya, Fransa, Böyük Britaniya və s. ölkələrdən gəlmiş döyüşçülər də savaşmaqdadır. Təşkilat 2013-cü ildə, Suriyanı Bəşər Əsəd rejimindən azad etdikdən sonra əsas hədəfinin İsrail olduğunu bütün dünyaya bəyan etmişdir.
Suriyada gedən vətəndaş müharibəsi zamanı sayları ən sürətlə artan və ən barışmaz təşkilat kimi tanınmağa başlayan Ən-Nüsra Cəbhəsi Suriyada 2011-2013-cü illərə qədər Suriya əskərlərinə və hərbi obyektlərinə qarşı düzənlənmiş 70 hücumdan 57-sinin məsuliyyətini öz üzərinə götürmüşdür. Onu ən çox əsirlərlə, xüsusən də işğalçı İran əskərləri və İran tərəfində savaşan muzdlu döyüşçülərlə çox pis davrandığına və onlara işkəncələr verdiyinə görə tənqid edirlər.
Hələb uğrunda savaşda müxalif Azad Suriya Ordusu ilə birlikdə fəaliyyət göstərdiyi bilinən bu təşkilat 2013-cü ildə Ayman əz-Zəvahiri tərəfindən Əl-Qaidənin Suriyadakı yeganə təmsilçisi elan edildi və bu da Azad Suriya Ordusunun öz yolunu Ən-Nüsra Cəbhəsindən ayırmasına gətirib çıxartdı.
Hazırda Ən-Nüsra Cəbhəsi (Cəbhət Fəth əş-Şam) bir çox radikal İslamçı təşkilatlarla birlikdə Həyat Təhrir-i əş-Şam koalisiyasına daxildir. Bu koalisiya 2017-ci ilin fevralında yaradılıb və Əl-Qaidəylə bütün əlaqələri kəsdiyini bəyan edib. Bu gün Suriyanın İdlib əyalətinin böyük bir hissəsi sözügedən qurumun nəzarəti altındadır.
Quruma aşağıdakı qruplaşmalar daxildir:
Cəbhət Fəth əş-Şam
Cəbhət Ənsar əl-Din
Liva əl-Haqq
Ceyş əl-Sünnə
Kafavil Şühada
Liva Abbas
Mərkəzi dağın azad insanları
Saraya əl-Əqsa
Kətibə Əsvad əl-Hərb
Rəhmanın aslanları briqadası
Camaat Fursan əl-Sünnə
Camaati Alban
Liva Təmkin
Kətibə Əhməd Əfsan
Kətibə Taliban
Liva şəhid Mühəmməd əl- Asfaruh
Əssəd əl-Xiləfə
Liva Əbu İslam
Liva əl-Xəttab
Liva Hüzəyfa ibn əl-Yaman
Kətibə Fursan əl-Şam
Kətibə Riya əl-Cənnət
Qurumun başında Əbu Mehəmməd əl-Colani durur. Onun 1981-ci ildə Əl-Küneytrədə doğulduğu, əsil adının Əhməd Hüseyn əş Şaraa olduğu, Dəməşq Unuversitetində təhsil aldığı, ABŞ və müttəfiqlərinin İraqı işğal etdiyi sırada təhsilini yarımçıq ataraq, İraq müsəlmanlarının işğalçılara qarşı mübarizəsinə dəstək vermək və onlarla birlikdə savaşmaq üçün İraqa yola düşdüyü, orada İraq və Şam İslam dövlətinin qurulmasında yaxından iştirak etdiyi, Ən-Nüsra Cəbhəsinin, daha sonra Cəbhət Fəth əş-Şam təşkilatının lideri olduğu, ABŞ-ın onun başına 10 milyon dollar mükafat təyin etdiyi məlumdur.
Dostları ilə paylaş: |