Zeyn əl-Abidin ibn Əli İnqilab ərəfəsində ölkədə bütün hakimiyyət və iqtisadi sərvət, əksər müsəlman ölkələrində olduğu kimi, dövlət başçısı Zeyn əl-Abidin ibn Əli və arvadının mənsub olduqları klanların və onlara yaxın olan ailələrin əlində cəmlənmişdi. Bu da digər klan və ailələrin, eləcə də inkişaf etməkdə olan, fəqət özlərinə yeni iş sahələrini genşləndirə bilməyən sahibkarların narazılığına səbəb olmaqda idi. Bir sözlə, ölkədə İnqilabi şərait yaranmışdı. Millət bir qığılcıma bənd idi.
İnqilabın siyasi səbəbləri bir adamın və tək bir partiyanın 23 ilə yaxın bir müddətdə hakimiyyətdə olmasından daha çox, müxalifətin daim təzyiq və təqiblərə məruz qalması, söz azadlığının məhdudlaşdırılması idi. Bundan başqa, Tunis keçmiş Fransa müstəmləkəsi idi və ənənəvi Qərbpərəst siyasət yeridirdi. Əhalisinin 98 faizinin ərəb və müsəlmanlardan ibarət olmasına baxmayaraq, dini dəyərlər daim alçaldılır və süni surətdə aradan aparılmağa çalışılırdı.
İnqilabın başlamasına səbəb 2010-cu ilin 27 dekabrında kiçik meyvə-tərəvəz satıcısı olan Mühəmməd Buazizinin Sidi-Buzid vilayətində polislər tərəfindən incidilməsinə etiraz əlaməti olaraq, özünə nümayəşkarcasına od vurması oldu.
Hadisələrin xronikası:
24 dekabr. İntiharın baş verdiyi Mənzil Buzayen şəhərciyində xalq korrupsiya, işsizlik və məmur özbaşınalığına etiraz etmək məqsədilə ayağa qalxdı. Qəzəbli kütlə hakim partiyanın qərərgahına və milli qvardiyanın mənzil-qərargahına hücuma keçdi, yerli vağzalı ələ keçirdi. Polisin şiddət göstərməsinə gənclər Molotov kokteylləri ilə cavab verməyə başladı, üç polis maşını və şəhərciyə hərbiçiləri daşıyan bir qatarın lokomotivi atəşə verildi. Polislər kütlənin əlindən yerli məsciddə gizlənməyə məcbur oldular. Açılan atəş nəticəsində bir etirazçı həyatını itirdi.
27 dekabr. Tunis Həmkarlar İttifaqı paytaxtda manifestasiya təşkil etdi və etirazçılar Mənzil Buzayendəki etirazçılarla həmrəy olduqlarını bəyan etdilər. Aksiyaya təqribən 1000 nəfər qatılmışdı və dinc xarakter daşıyırdı. Buna baxmayaraq, polisin müdaxiləsi nəticəsində dağıdıldı. İştirakçılar vəhşicəsinə döyüldü.