Arabaların dörd küncündə dörd dayaq var idi. Dayaqlar arabalarla bir tökmə idi.
Arabanın yuxarısında yarım qulac hündürlüyündə çənbər yerləşirdi. Arabanın yuxarısındakı dayaqcıqlar və yan lövhələr arabanın özü ilə bir tökmə idi.
O, dayaqcıqların və yan lövhələrin üzərində yer çatan qədər kərrub, şir, xurma ağacı və dövrələmə çələng təsvirləri oydu.
O, on arabanı bu cür düzəltdi. Onların hamısı eyni cür tökmə idi, hamısının ölçüsü və quruluşu eyni idi.
O, on ədəd mis teşt düzəltdi. Teştin hər biri 40 bat su tuturdu. Hər teşt 4 qulac idi. On arabanın hər biri üçün bir teşt düzəltmişdi.O, arabalardan beşini evin sağ tərəfinə, beşini sol tərəfinə qoydu. Çəni isə evin sağ tərəfində, cənub-şərq tərəfdə qoydu.
Hiram həmçinin teştlər, kürəklər və ləyənlər düzəltdi. Beləcə, o, Yehovanın evi ilə bağlı Süleyman padşahın tapşırdığı bütün işləri görüb qurtardı. O, bunları düzəltdi:
2 sütun, sütunların üstündə 2 kasavarı başlıq, sütunların üstündəki iki kasavarı başlığı örtmək üçün 2 tor,sütunların üstündəki iki kasavarı başlığı örtən torlar üçün, hər tora iki sıra olmaqla, 400 nar, 10 araba və arabaların üstü üçün 10 teşt, çən və çənin altı üçün 12 buğa, kül qabları, kürəklər, ləyənlər və başqa əşyalar. Hiram Yehovanın evi üçün bütün əşyaları Süleyman padşahın əmri ilə pardaqlanmış misdən düzəltdi.