Ərəb Baharı
Hərəkatın yaranmasını zəruri edən bir başqa önəmli səbəb təbii sərvətləri imperialist ölkələr və onların əlaltıları rolunda çıxış edən yerli kral, şeyx və diktatorlar tərəfindən sömürülən ərəb ölkələrində yaşayan xalqların işsizlik, kasıblıq, gəlirlərin qeyri-ədalətli bölünməsi, korrupsiya, rüşvət, məmur özbaşınalığı problemləri ilə üz-üzə qalması, buna etiraz etmək və fikrini azad şəkildə ifadə emək hüququndan məhrum edilməsi, eləcə də azad seçkilərin keçirilməməsidir. Bir sözlə, Qərb imperializminin üçüncü dünya ölkələrində tətbiq etdiyi ənənəvi modeldir.
Etirazlar ilk olaraq 18 dekabr 2010-cu il tarixində Tunisdə başladı. Daha sonra Misir, Yəmən, Əlcəzair və İordaniyaya sıçradı. İlk ayaqlanmalar Tunis və Misirdə uğurla nəticələndi, 23 ildən bəri hakimiyyətdə olan Zeyn əl-Abidin bin Əli və 30 il hakimiyyət sürən Hüsnü Mübarək xalqın təzyiqinə tab gətirməyərək, istefa verməyə məcbur oldular. Bundan sonra hərəkat “domino effekti” ilə Orta Şərq və Şimali Afrika ölkələrinə, ardınca da ərəb olmayan İran, Albaniya və hətta müsəlman olmayan Ermənistana yayıldı.
2010-2011-ci illəri əhatə edən və tarixə adı “Yasəmən inqilabı” kimi düşən inqilabın baş verdiyi Tunis, sənayesi zəif inkişaf etmiş aqrar bir ölkə idi. Bununla belə, onun iqtisadi göstəriciləri Quzey Afrikanın digər qonşu ölkələri ilə müqayisədə çox da pis deyildi. Orta sinif inkişaf etmişdi, bunun da sayəsində əhalinin kasıblıq həddindən aşağı səviyədə yaşayan hissəsinin sayı önəmli dərəcədə azalmışdı. İşsizliyin səviyyəsinin endirilməsində də bəzi uğurlar müşahidə edilirdi. 2004-cü ildən 2009-cu ilə qədər olan müddət ərzində ölkənin adam başına düşən gəliri 3, 5 min dinardan (2,7 min $) 5 min dinara (3,9 min $) qədər yüksəlmişdi. Ümumi Daxili Məhsulun (ÜDM) 20 faizi sosial ehtiyaclara yönləndirilməkdəydi. Əgər kasıblıq həddi 1984-cü ildə adam başıma 2 dinar idisə və əhalinin 20 faizi onun altında yaşayırdısa, artıq 2005-ci ildə bu göstərici 6 faizə, 2010-cu ildə isə 3,8 faizə enmişdi. Əhalinin 80 faizi ev, 21 faizi avtomobil sahibi idi. Kəndlərin 80 faizi elektrikləşdirilmiş, 70 faizi içməli su ilə təmin edilmişdi. Orta sinif əhalinin 60 faizini təşkil edir və ümumi istehlakın 83 faizi məhz bu sinifə aid idi. Varlı təbəqə ilə kasıb təbəqə arasında fəqr çox da böyük deyildi və təqribən 1-in 2-yə nisbətində idi.
Bütün bu göstəricilərə baxmayaraq, işsizlik problemini həll etmək mümkün olmurdu. 2010-cu ildə işsizlər ölkə əhalisinin 13-14 faizini təşkil edirdi. Onların da yarıdan çoxu gənclər və ali məktəb məzunları idilər. İnqilabın əsas hərəkətverici qüvvəsi də məhz onlar, yəni 19-25 yaş arasında olan gənclər oldular.
Dostları ilə paylaş: |