Maddə 13. Küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsi, saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi Avtomobil yolları küçələrdən meydanlardan və ya dəmiryol keçidlərindən keçirsə, avtomobil yollarının tikilməsi,
saxlanılması və istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, habelə avtomobil yollarında
hərəkətin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə dair bu Qanunun 9—12-ci maddələrində
nəzərdə tutulmuş müddəalar eyni dərəcədə həmin küçələrin, meydanların və ya dəmiryol keçidlərinin tikilməsinə,
saxlanılmasına və istifadə olunmasına, habelə küçələrdə, meydanlarda və ya dəmiryol keçidlərində hərəkətin
müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə də şamil olunur.
Maddə 14. Nəqliyyat vasitələrinin yol hərəkətində iştirak etməyə buraxılması Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi
normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan,
qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki
məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan
sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası "İcbari sığortalar
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş nəqliyyat vasitələri
Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar.
Maddə 15. Yol hərəkətinin nizama salınması Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün yol hərəkətinin vahid qaydaları müəyyənləşdirilir. Yol hərəkəti
Qaydaları bu Qanunla təsbit olunur və Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər
üçün məcburidir. Azərbaycan Respublikasında yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-
hüquqi aktlar (xüsusi yüklərin daşınması, nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin istismarı, qapalı ərazilərdə
hərəkət etməsi və s.) yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalı və onlara uyğun olmalıdır.