2 FƏSİL Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə edilməsi Maddə 7. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri və əsas istiqamətləri I. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin başlıca prinsipləri aşağıdakılardır:
1) yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi
nəticələrindən üstünlüyü;
2) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən
insanların məsuliyyətindən üstünlüyü;
3) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafelərinə əməl
olunması;
4) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətə məqsədyönlü və kompleks yanaşma.
II. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir:
1) yol hərəkətinin təşkilində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi;
2) yol hərəkəti təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərinin və məsuliyyətlərinin müəyyən edilməsi;
3) yol hərəkəti təhlükəsizliyinə dair qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada işlənib hazırlanması və onların təsdiq
edilməsi;
4) avtomobil yollarında yol hərəkəti üçün sərfəli və rahat şəraitin yaradılması;
5) avtomobil, şəhər yerüstü elektrik nəqliyyatının və yol təsərrüfatı fəaliyyətinin nizama salınması;
6) nəqliyyat vasitələrinin yol hərəkətinə buraxılması;
7) yol hərəkətinin nizama salınması;
8) nəqliyyat vasitələri sürücülərinin hazırlanmasının və ixtisasının artırılmasının təşkili;
9) yollarda təhlükəsiz davranma qaydalarının vətəndaşlara öyrədilməsi;
10) yol hərəkəti təhlükəsizliyinin tibbi təminatı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi;
11) ətraf mühitin mühafizəsi;
12) yol hərəkəti təhlükəsizliyi tədbirlərinin maddi və maliyyə təminatı;
13) yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların nəticələrinin ağırlığını azaltmaq məqsədilə
Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
14) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin və
müvafiq qaydaların, standartların, texniki normaların və digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə
dövlət nəzarətinin həyata keçirilməsi.