Maddə 8. Yol hərəkətinin təşkili zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi I. Yol hərəkəti təhlükəsizliyi Azərbaycan Respublikasında qüvvədə olan standartlarda və yol hərəkətinin təşkili ilə
bağlı layihə və sxemlərdə nəzərdə tutulan texniki vasitələrdən, konstruksiyalardan kompleks şəkildə istifadə olunması
əsasında təşkil edilməlidir.
II. Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin azaldılması hesabına yolların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə
və ya digər məqsədlərlə yol hərəkətinin təşkilində dəyişikliklərin edilməsi qadağandır.
III. Yol hərəkətinin təhlükəsizliyi üçün real qorxu mövcud olan təcili hallarda nəqliyyat vasitələrinin və piyadaların
hərəkətinin təşkilində dəyişikliklər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin icrası yol hərəkətinin bütün
iştirakçıları üçün məcburidir.
Maddə 9. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi I. Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri
sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə
nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə
alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
II. Avtomobil yollarının təmiri, tikintisi, yenidən qurulması, tədqiqi və sınağı üzrə layihə və podrat işlərinin icrası
müsabiqəsi əsasında seçilən hüquqi və fiziki şəxslər tərəfindən yol təsərrüfatı orqanları ilə bağlanan podrat
müqavilələri əsasında həyata keçirilir.
III. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair birtipli və ya fərdi layihələrdə yol hərəkəti
təhlükəsizliyinin, ətraf mühitin mühafizəsinin, habelə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların spesifik
ehtiyaclarının təmin edilməsi ilə bağlı olan bütün tədbirlər kompleksi nəzərdə tutulmalıdır.
IV. Avtomobil yollarının tikintisinə, yenidən qurulmasına və təmirinə dair layihələr yol hərəkətinin təhlükəsizliyi
qaydalarının, normativlərinin və standartlarının tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanlarında ekspertizadan keçirilməli və onlarla razılaşdırılmalıdır. Ekspertiza keçirilməsi
zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmalıdır.
V. Şəhərlərarası avtomobil yollarının sanitariya-mühafizə zonasında yolların tikilməsinə, yol kompleksi tikililərinin
ucaldılmasına, səsudan qurğuların və çirkləndirici maddə tutucularının qurulmasına, mühəndis kommunikasiyalarının,
bionəqliyyat yollarının çəkilməsinə, yaşıllıq zolağı salınmasına, xidmət obyektlərinin açılmasına və hərəkət
təhlükəsizliyi tələbləri nəzərə alınmaqla, müəyyənləşdirilmiş qaydada hazırlanan və razılaşdırılan layihələrə uyğun
olaraq icazə verilir. Payız-qış mövsümündə yolun sanitariya-mühafizə zonasında müvəqqəti qarsaxlayan qurğunun
qurulmasına icazə verilir.
VI. Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyi təyinatlı məsrəflərin
azaldılması qadağandır.
VII. Müvafiq razılaşdırma olmadan, layihəçi layihələşdirməyə dair müəyyən edilmiş tələblərdən və ya tapşırıq
şərtlərindən kənara çıxdıqda, bu uyğunsuzluğu öz hesabına aradan qaldırır. Layihənin ayrı-ayrı hissələrinin həyata
keçirilməsini qeyri-mümkün edən şərait yarandıqda, işlərin icraçısı yol hərəkətinin təhlükəsizliyinə dair əlavə
tədbirlərin hazırlanması məqsədilə layihəçiyə və sifarişçiyə məlumat verməlidir.
VIII. Tikilmiş, yenidən qurulmuş və ya təmir olunmuş avtomobil yollarının yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsinə dair inşaat normalarının, qaydalarının, standartlarının və digər normativ sənədlərin tələblərinə uyğunluğu
avtomobil yollarının qəbul edilmə aktı ilə təsdiq olunur. Avtomobil yollarının qəbul edilmə aktı yalnız nəzarət
qaydasında keçirilmiş müayinənin, yoxlamanın və sınağın nəticələri əsasında xüsusi komissiya tərəfindən verilir. Bu
komissiyanın avtomobil yollarının və müvafiq yol qurğularının mülkiyyətçilərinin təqdimatı əsasında təşkili qaydası və
tərkibi, habelə avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi qaydası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IX. Avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələr Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanının icazəsi ilə quraşdırılır.
X. Avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki
şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.