Zabrat qəsəbəsi — Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir, sahəsi 20 km²-dir.
Toponim: Zabrat toponiminin mənasının araşdırılmasında iştirak edən AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata əsasən bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir.
Zabrat toponiminin digər elmi izahını verən mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmuşdur. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar. Əvvəllər kəndin adı Sabirat-yəni sabirlərin yaşadığı yer adlanmışdı. Sonrakı əsrlərdə ad tədricən dəyişməyə başlamışdı. Yəni əvvəlcə S hərfi Z ilə əvəz olunaraq Zabirat kimi tələffüz edilməyə başlanış, sonralar isə Zabrat formasına düşmüşdür. Zabrat kəndi VII əsrlərdə yaranmışdır. Onlar Xəzər dənizinin şimal sahillərində yaşayan tayfalar idi. Sabirlər haqqında ilk dəfə yunan alimi Ptolomey (II əsr) məlumat vermişdir. Sabirlərin Sibirdə, İrtış çayı yaxınlığında yaşamaları ehtimal olunur. Mənbələrdə hunlardan sayılan bu tayfanın VI əsrdən Dərbənd keçidindən keçərək Qafqaz Albaniyası ərazisində məskunlaşması qeyd olunur. Müxtəlif tarixi hadisələrlə əlaqədar olaraq tayfalar bir yerdən başqa yerə köçmüşlər. Sabir tayfasının bir hissəsi Xəzər dənizi sahillərində məskunlaşaraq Zabrat yaşayış məntəqəsinin əsasını qoymuşdur.
Mikro toponim:
XIX əsrin sonu-XX əsrin əvvəllərində məşhur azərbaycanlı neftxuda Murtuza Müxtarova məxsus neft mədəni və zavod ərazisində yaranmış fəhlə qəsəbəsi.
1936-cı ildə burada eyni adlı dəmir yol stansiyası açılmışdır. XX əsrin 50-60-cı illərində Zabrat kəndi ərazisində yaradılmış sovxoz-yaşayış məskəni, üzüm-meyvə bağları, qara-çınqıl taxıl sahələri, çöl bağları və s. mövcuddur.
Ləhiş bağları - Dəniz kənarında Nardaranla Kürdəxanı arasında çox böyük bağlıq ərazi. Təxminən 900 hektara qədər ərazini əhatə Ləhiş bağlarının 2/3 hissəsi Zabrat əhalisinə, qalan hissəsi isə Maştağa, Balaxanı, Hökməli camaatına məxsusdur. Ləhiş bağlarının özünəməxsus iqlimi, flora və faunası, şəfaverici xüsusiyyətə malik qumu vardır. Bu bağlarda yetişən əncir və üzümün müxtəlif növləri Azərbaycanda məşhurdur.