I'll go out after I have finished my grammar exercises.
Bununla belə, ingilis dilində as bağlayıcılı zaman budaq cümlələrinin daha çox postpozitiv mövqedə işlədildiyi qrammatika mütəxəssisləri tərəfindən qeyd edilir [105; 165; 172].
I dropped my keys as I left my apartment.
He winked at me as he passed.
Azərbaycan dilində “ki bağlayıcısı budaq cümlənin daxilində yerləşən” digər tip zaman budaq cümləsi də fəaliyyət göstərir. Yuxarıda göstərdiyimiz tip zaman budaq cümləsi bu tipdən fərqli olaraq orada ki bağlayıcısının baş cümlə ilə budaq cümlə arasında yerləşməsi faktıdır. ”Budaq cümlənin daxilində ki bağlayıcısının yerləşməsi” zaman budaq cümləsinin məzmununda səbəb və nəticə çalarlarını əmələ gətirir. Aşağıdakı misallarda həmin mənaları görə bilərik:
Baxışına ki diqqət edirəm, hayıl-mayıl qalıram (Ə. Vəliyev); Başına dönüm, uşaq ki ağıllı oldu, onun gələcəyi yaxşı olar (Ə. Vəliyev); Yay ki gəldi, Bahar cütün üstə mürgüləyirdi (Mir Cəlal).
Azərbaycan dilində zaman budaq cümləsinin bağlayıcı vasitələrlə yaranan tipləri sırasında mürəkkəb quruluşda olan “elə ki, o zaman ki, o vaxt ki, o gün ki, onda ki” sözlərinin də rolunu qiymətləndirmək lazım gəlir. Qeyd edilən bağlayıcılar əksər halda budaq cümlənin əvvəlində (ortasında da gələ bilər) işlədilir. Budaq cümlə isə bağlayıcı və intonasiyanın iştirakı ilə baş cümlə ilə əlaqəyə girir. Bu tip aşağıdakı ardıcıllıqla izah oluna bilər:
1) elə ki bağlayıcısı ilə əmələ gələnlər:
Elə ki Koroğlu keçəl Həmzəni uzaqdan gördü, əlləri ilə yavuğa çağırdı (“Koroğlu” dastanından).
Elə ki Gürcüstan sərhədini keçib “Sınıq körpü”dən ipək yoluna çıxdın, ürəyin, könlün açılacaq (“Xalq qəzeti”, 12.07.2014).
2) o zaman ki bağlayıcısı ilə əmələ gələnlər:
O zaman ki şöhrətin aləmə yayılmışdı, onda adamı saymırdın (S. Vəliyev).
... amma o zaman ki, Ay işığında Şərəfbəxşi yaxından gördü, qocanın yüngülcə işıldayan göy gözlərinin dərinliyini duydu (Elçin).
3) o vaxt ki bağlayıcısı ilə əmələ gələnlər:
O vaxt ki bu yerlərdə dolaşırdın, məni yadına salmırdın (S. Vəliyev).
o vaxt ki Yer üzünü su basdı və o vaxt ki Nuhun gəmisi üzməyə başladı, bir nəfər suda çapalaya-çapalaya qışqırdı (Elçin).
4) o gün ki bağlayıcısı ilə əmələ gələnlər:
O gun ki dostuna xəyanət etmişdin, adamlıq simasını itirmişdin (S. Vəliyev)
... o gün ki, Fətulla bu balabanı yerə qoydu və klarneti əlinə götürdü, o gündən də bu balaban təkcə Fətulladan yox, bütün dünyadan küsdü (Elçin).
5) onda ki bağlayıcısı ilə əmələ gələnlər:
Onda ki saç ağardı, qocalığını boynuna al (S. Vəliyev)
Zaman budaq cümləsi prepozitiv mövqedə baş cümləyə -mı4 şəkilçisi ilə möhkəm şəkildə bağlanır.
Ilk dəfə olaraq zaman budaq cümləsinin bu tipi haqqında M.Şirəliyev məlumat vermiş, həmin tipi “zaman budaq cümləsinin sintetik tipi” adlandırmışdır [50, s. 73-76].
Bu tip -mı4 şəkilçisi və intonasiya vasitəsilə baş cümlə ilə əlaqələnir.
Qeyd edək ki, baş cümlədəki hərəkətin icra zamanını ifadə edən bu tip zaman budaq cümləsi Azərbaycan dilində nisbətən azlıq təşkil edir.
Uşaq ağladımı, evdəkilərin kefi istər-istəməz pozulardı (danışıq dilində).
Xəstəliyi tutdumu, heç kəsə məhəl qoymur (danışıq dilində).
Azərbaycan dilində zaman budaq cümləsinin bir tipi də “məna və intonasiya ilə bağlanan tipdir”. Bu tip zaman budaq cümlələrində əvvəlki tiplərdən fərqli olaraq bağlayıcı, bağlayıcı söz və ədat işlədilmir. Budaq cümlə baş cümlə ilə məna və intonasiyaya görə əlaqələnir. “Tabeli mürəkkəb cümlənin ümumi vəziyyətindən, tərkib hissələrinin bir-birinə münasibətindən aydın olur ki, onun birinci hissəsi sonrakı hissələrinin zamanını bildirir” [5, s. 257].
Məna və intonasiya ilə bağlanan zaman budaq cümləsinin xəbəri feilin şühudi keçmiş zamanı ilə öz ifadəsini tapır. Məsələn:
Dostları ilə paylaş: |