Murad: (qəhqəhə çəkir) Bəsdir görək! Sən dahi fizik yox, dahi şizik olacaqsan! (qəhqəhə çəkir) Biz sadəcə diplom üçün oxumuşuq. Axırda kafe ya da restoran işlətsək bu bizim üçün böyük uğur olar. Hələ mən qarson, kuryer, kasser işləməkdən danışmıram. Bir dostum kimya mühəndisliyini bitirib. O qədər biliklidir ki, Mendeleyev dirilib gəlsə, ondan kimyaya dair çox şey öyrənər. Amma bulvarda mühafizəçi işləyir. Mən də bir yaxşı iş tapmışam. Sabah gedəcəyəm, görüm nə olur.
Zaman: Nə işdir elə?
Murad: Bu gün səhər internetdə gördüm ki, böyrək çatışmazlığından əziyyət çəkən bir xəstə üçün böyrək axtarırlar. Gedib yoxlatdıracağam, əgər uyğun gəlsə böyrəyimi verəcəyəm.
Zaman: Bu işdir? Yoxsa xeyirxahlıq?
Murad: Nə xeyirxahlıq? İndiki dövrdə qardaş qardaşına bir parça çörək vermir. Mən tanımadığım adama havayı böyrək verəcəyəm? Yox bir! Məncə, yaxşı pul verəcəklər. Onsuz da böyrəyim iki dənədir. O biri ilə birtəhər keçinərəm. Birini də pula çevirib biznes quraram.