Narın: Hardadır o adam?
Murad: Tualetdədir.
Vahid: Qaçacaq.
Murad tualetin qapısını açıb içəri keçir.
Vahid: Axı bu adam kimdir? Nə istəyir?
Murad: (rəngi qızarmış, gözləri bərəlmiş halda tualetdən çıxır) O getdi.
Narın: Hara getdi? (tualetə girir)
Vahid: Ola bilməz. (tualetə girir)
Murad: O qaçdı. Mənə su verin. Bu dəhşətdir.
Vahid: Ay oğul, nə oldu? Sən nə gördün?
Murad: İçəridə liftə oxşayan bir şey var idi. O, liftin içinə girmişdi. Mənə göz vurdu. Sonra mən onu tutmaq istəyəndə qapı bağlandı. Sonra da... (susur)
Vahid: Hə, sonra nə? Nə oldu?
Murad: Deyəsən, mən yaxşı deyiləm. (qışqırır) O, liftlə birlikdə yox oldu. Bilmirəm bu necə baş verdi. Amma tüstü kimi yox oldu. Dəhşətdir.
Vahid: Oğlan ağlını itirib.
Narın: Allah şəfa versin. Oğlum, sən yaxşı deyilsən.
Murad yerə yıxılır. Narın, Vahid və Esmeralda onu ayıltmağa çalışır. İşıq sönür.
2050-ci il.
Fizika laboratoriyası. Qoca Zaman liftə bənzəyən cihazdan çıxır. Hirsli və iti addımlarla var-gəl edir.
Qoca Zaman: Görürsüz də. Onu heç cür fikrindən daşındıra bilmədim. Beləcə, böyrək əldən getdi! 2045-ci ildə qalan bir böyrəyim gücə düşmüşdü. Buna görə ikinci dəfə əməliyyat keçirdim və o böyrəyin yerinə süni böyrək yerləşdirdilər. Nə isə. Buna görə elə də peşman deyiləm. Çünki bir insanın həyatını xilas etmişdim və bunun verdiyi qürur hissi mənə ömürlük bəsdir.
İndi dövran dəyişib. Hər şey başqa cürdür. Artıq sağalmaz xəstəlik yoxdur. Təsəvvür edin, adi gözlə görünə bilməyəcək qədər kiçik aparatları sizin qanınıza yerləşdirirlər. Bu aparatlar bədəninizdə dövr edir. Ciyərləriniz, böyrəkləriniz, mədə-bağırsağınız, ürəyiniz, hətta beyninizə qədər hər tərəfi gəzir və bütün növ mikrobları, infeksiyaları, virusları təmizləyir. Sonra da xüsusi şüalar vasitəsi ilə onları sizin orqanizmanızdan çıxarırlar. Bax belə. Bu inqilab baş verəndə 2045-ci il idi. İnsan artıq ölümsüzlüyün sirrini tapdığını düşünürdü. Amma di gəl ki, ondan sonra insan ölmədimi? Əlbəttə, öldü. Birini maşın vurdu, biri intihar etdi, birinin ürəyi partladı, biri təbii fəlakətdə öldü, biri dənizdə boğuldu və s. Yəni ki, insan nə qədər istəsə də taleyin hökmündən qaça bilməz. İnsan heç vaxt ölümsüz olmayacaq.
Mənim fəlakətim isə böyrəyimi verməyimlə deyil, pulu almağımla başladı. Mən əməliyyatdan çıxdım. Bank hesabı açdırdım və əlli min dolları bank hesabıma yatırdım. Onun on min dollarını illik faizlə dövriyyəyə buraxdım. 15 min dollarına bir avtomobil aldım. Sonra... Offf... Sonrası isə lap dəhşətdir. Mən yenə gedəcəyəm. Gedəcəyəm ki, o səhvlərdən Zamanı xilas edim. Əlbəttə, bunu bacarsam...
Dostları ilə paylaş: |