Zaman: (uzandığı yerdən qalxır) Bəli. Buyurun. Mənəm.
Dilbər: (çantaları yerə atır) Nənən boyuna qurban! Zaman! Sən necə də böyümüsən!?
Zaman: (çaşıb qalır) Başa düşmədim. Nənə?
Dilbər:(Zamana yaxınlaşıb onu qucaqlayır) Hə. Nənə deyən dilinə qurban. (köks ötürür) Bala, fələyin üzü dönsün. Gör başımıza nələr gətirdi ki, sən öz doğma nənəni tanımırsan.
Zaman: Bir dəqiqə! Bir dəqiqə! Siz necə mənim nənəm olursunuz? Axı...
Dilbər: Mən sənin anan İradənin anasıyam. İradəni axırıncı dəfə toyunda görmüşdüm. Sonra biz Rusiyaya köçdük. Bir də öyrəndim ki, qızım da, kürəkənim də qəzada həyatlarını itiriblər. Azərbaycana gəldik. Dəfn mərasimi bitəndən sonra mən səni özümlə aparmaq istədim. Amma ata tərəfin icazə vermədi. Dedilər ki, səni özləri saxlayacaqlar. Mən çox-çox sonralar öyrəndim ki, səni uşaq evinə veriblər.