Ev. Qoca Zaman divanda yatıb və möhkəm xoruldayır. Gənc Zaman əsəbi halda var-gəl edir. Murad isə qəhqəhə çəkib gülür.
Zaman: Nəyə gülürsən, hə? Bax, nəyə gülürsən? Nə vermisən bu kişiyə? Yaşlı adamdır. Demirsən ki, ürəyi partlayar, ölər, qalar üstümüzdə!?
Murad: Harda görülüb ki, yuxu dərmanı adam öldürsün? Boş-boş danışıb başımızı xarab eləməsin deyə, yuxu dərmanı verdim də. Yaşlı adamdır. Yatmaq ona xeyirdir.
Zaman: Bəs burda gülməli nə var, hə? Getdilər Esmeralda ilə mənə üzük almağa. Bu ucuz fahişəni mənə nişanlayacaqlar.
Murad: Orası düzələndir e. Mən başqa şeyə gülürəm. Bayaqdan kişinin xoruldamağına əsəbiləşirsən. Sənin özündən xəbərin yoxdur. Yatanda elə bil simfonik orkestrdir. Deyirəm də. Bu kişi sənin qocalığındır.
Zaman: Elə o da onu deyir. Hamınız axmaqsınız. Bir onu bilirəm ki, mən sizin hamınızdan axmağam. Özüm özümü bütün növ zibillərə salmışam. Sanki mənim ağlım yoxdur!? Mən niyə Murada uyuram? Mən niyə Vahidə qarşı çıxa bilmirəm? Heç vaxtı ilə məni atan nənəmi tənbeh edə bilmədim ki, niyə mənimlə maraqlanmayıb. İndi yadına düşmüşəm? Bəlkə öyrənib ki, pulum var, ona görə gəlib!?