Qoca Zaman sürətlə evdən çıxır. Dilbər təəccüb içində donub onun arxasıyca baxır.
Dilbər: Doğrudan a. Bu kişi bunları hardan bilir? Bəlkə o, falçıdır!? Hə. Mütləq ki, falçıdır. (divana uzanır, birdən nəsə yadına düşür) Ax! Bəs necə? Mən bayaq telefonla danışdım axı. Yəqin bu afirist kişi yatmayıbmış, özünü yuxululuğa vurub və mənim danışdıqlarımı eşidib. Ay mənim axmaq başım! Mən ki, belə səhvlər etməzdim. (əsnəyir) Bəs, görəsən, o niyə belə tələsik çıxdı? Gecəyarısı hara tələsirdi ki? Əşi, nəysə. Yaman yoruldum. Mənə lazım idi bu hay-həşir? Vahidin başına daş düşsün. Biraz gözümün yuxusunu alım. Allah bilir, sabah başımıza nə gələcək? Bu kişinin sözü düz çıxmasın, birdən iş açılar, bu yaşımda tutub basarlar məni türməyə. (əsnəyir, gözləri qıyılır) Nə olar olar da. Özü yıxılan ağlamaz. Yat, Dilbər. Yuxun şirin olsun.