Mehdi: Siz mənimlə gələrsiz. Mən sizə qızılların pulunu verərəm.
Vahid: Sən dəli olmusan? Öz pulun deyil e. Mənim pulumdur. O pulları mən vermişəm sənə.
Mehdi: Hə, sən mənə vermisən. Atalıq borcunu yerinə yetirmisən. Mən də onları başqasına verirəm. Bir böyrəyin müqabilində o nə puldur ki!? Bundan sonra mənə bir qəpik də vermə. Mən işləyib qazanaram.
Vahid: Pah! İşləyib qazanacaqmış. Mən olmasam bir addım da ata bilməzsən.
Mehdi: Var, var. Mən sizə təşəkkür edirəm. Üzr istəyirəm. Haqqınızı halal edin.
Zaman: Halal xoşunuz!
Zaman rahatlamış halda dərindən nəfəs alır. Murad yanan pullara acgözlüklə baxır. Vahid və Esmeralda qucaqlaşaraq, ağlayaraq çıxırlar. Onların arxasıyca Narın və Mehdi, sonra da Dilbər çıxır.
Qoca Zaman: Hə, uşaqlar. Bu fəlakəti atlatdıq! Amma əsas fəlakət hələ qabaqdadır. 2050-ci ildə…! (ağlamsınır) Mən öz arzumu yerinə yetirə bilmədim. Bu mümkün olmadı. Keçmişi dəyişmək olmur. Uşaqlar, keçmiş dəyişməzdir. O sabit fizika qanunları kimidir. Ax! Ax! Mən buna nə qədər əmək sərf etmişdim!