Qoca Zaman qapını açır. Esmeralda içəri girir. O, xeyli qocalmış, amma baxımlılığını itirməmişdir.
Qoca Zaman: Esmeralda… Hazırdır?
Esmeralda: Hə, dediyin maddələri gətirdim. Bunları neyləyəcəksən?
Qoca Zaman: Kosmik gəmi modeli hazırlayıram. Daha sürətli hərəkət edə bilən. Gənclik arzumdur. Unutmuşdum. Keçmişimə gedəndə xatırladım bu arzunu.
Esmeralda: Lap yaxşı. Mənim işim bitdi?
Qoca Zaman: Hə, bitdi. Sağ ol.
Esmeralda: Sağ ol.
Esmeralda çıxır. Qoca Zaman gülümsəyərək onun arxasıyca baxır.
Qoca Zaman: Bax belə. O, işsiz-gücsüz qalmışdı. Mehdi xahiş etdi ki, onu işə götürüm. Mən də öz laboratoriyamda işə götürdüm onu. Biz barışdıq. O, artıq xeyli düzəlib. Əslində, o, yaxşı qızdır. Lap əslində, dünyada hamı yaxşı insandır. Bilirsiz, heç kəs tamamilə pis və ya tamamilə yaxşı deyil. Pislik və yaxşılıq bütün insanların içində var. Onlardan hansından istifadə etmək bizim öz seçimimizdir.
Mehdi evlənib, artıq övladları universitetə hazırlaşır. Esmeralda isə heç vaxt ərə getmədi. Elə mən də evlənmədim. Hə… Mən… Mən heç özümdən danışmadım.
O hadisədən sonra uzun illər qoruyub saxladığım təmizliyimi, paklığımı itirdiyimi anladım. Mən bu günə qədər özümü yaxşı insan hesab edə bilmirəm. Həmişə Tanrıya minnətdar olmuşam ki, öz səhvlərimi anlaya bilir, pisliklərdən arınmağa çalışıram. Bütün taleyimin bir qara ləkəsi var – da pula aldanmağım idi.
Sonra mən işləməyə başladım. Bir elmi jurnala məqalələr yazır, əlavə olaraq elmi-tədqiqat institutunda laborant işlədim. Pulumu qənaətlə xərcləyib yığdım və öz laboratoriyamı qurdum. Yavaş-yavaş ixtiralarımı yayımlamağa başladım və daha çox qazandım. Qazandıqca anladım ki, zəhmətsiz qazanılan pulun sonu xoşbəxtlik deyilmiş. Mən zəhmətlə pul qazandıqca xoşbəxt oldum.
Belə… Bu da mənim qəribə taleyim… Gələcəkdəyik. Hamının bir gün gələcəyi gələcəkdə. O gələcəkdə ki, bir gün keçmişə çevriləcək. Dünya durmadan fırlanır, əzizlərim. Nə yaxşı ki, durmur. Əgər o, dursa, biz yəqin ki, enerjimizi itirərik.
Stula əyləşir. Su içir. Alnını ovxalayır və yorğun halda başını masaya qoyub yuxulayır. İşıq sönür.
Pərdə enir.
Son.
2017
Dostları ilə paylaş: |