Qoca Zaman: Yox. Mümkün deyil. Baxın, mən sizi tanıyıram. Adınız Nadirdir. Elə deyil? Özünüz də cərrahsız. Deyəsən, elmlər namizədisiz. Tibb Universitetində dərs deyirsiz.
Həkim: Siz bunları hardan bilirsiz?
Qoca Zaman: Görürsüz, mən sizi tanıyıram. Baxın, sizinlə mütləq danışmalıyam. Çox vaxtınızı almayacağam. İki dəqiqə...
Həkim: Buyurun, bu otağa keçək.
Həkim və Qoca Zaman boş palatalardan birinə keçirlər. Qoca Zaman qapını açır, həkim daxil olur. Bu vaxt kişi cibindən əski parçası çıxarıb ona dərman sürtür və həkimin burnu üstə qoyur. Çox keçmir ki, həkim huşunu itirir və yerə yıxılır. Qoca Zaman onu palatadakı yataqlardan birinə uzadır. Xalatını və maskasını çıxarıb geyinir. Daha sonra cərrahiyə şöbəsinə doğru oğrun-oğrun addımlayır. Qapını açıb içəri girir.