Ev. Esmeralda və Murad masa ətrafında oturub pivə şüşələrini toqquşdurur və içirlər. Zaman isə pencəyini üstünə sərərək divanda yuxuya gedib.
Murad: Sən atanla danışdın?
Esmeralda: Mən onunla nə danışım e? Məcbur edir ki, Zamana ərə gedim. Mən də qarşı çıxa bilmirəm. Fikrindən dönməz o.
Murad: Burda iki dəqiqədən bir bizi qorxudursan ki, damarlarını kəsəcəksən. Əgər istəsən atanı da qorxuda bilərsən.
Esmeralda: O da qorxacaq axı. Aparıb məni ruhi disspanserə yatırar e. Sən onu tanımırsan. Başqa çarə yoxdur. Zamana ərə getməliyəm.
Murad: Sənin başın xarab olub. Doğrudan da ruhi disspanserə yatırılmalı adamsan. (qapı döyülür) Görəsən, kimdir!? Yenə hansı sürprizlə qarşılaşacağıq! (qalxıb qapıya yaxınlaşır) Əgər bu dəfə də dönərçi kişidirsə, onu əzişdirəcəyəm.
Qapı daha möhkəm döyülür. Zaman yuxudan dik atılır. Murad hirslə qapını açır. Dilbər əlində təkərli çanta sürərək və bir qolunda əl çantası ilə içəri girir.