Stulda əyləşib barmağını masaya döyəcləyərək fikrə gedir. Saata baxır. İşıq sönür.
2017-ci il.
Vahidin evi. Vahid xoş əhvalla divanda oturub siqaret çəkir. Narın yer yığış edir. Masa üzərinə örtük salır, güldan və meyvəqapını yerləşdirir. Esmeralda masanın başında oturub dırnaqlarını silir. Narın hərdən ona tərs-tərs baxıb köks ötürür və daha sonra yenə yır-yığış edir. Dolçaya su dolururb masa üstə qoyur, stəkanları ətrafına düzür. Esmeralda dırnaqlarına sığal çəkir.
Narın: (təngə gəlmiş) Bəlkə durub bir işin ucundan tutasan?
Esmeralda: Eee, mama, mən nə iş görüm e? Sonra dırnaqlarım pis günə qalacaq, saçım yağlanacaq, özüm də tər iyi verəcəyəm.
Narın: Bəs neyləyəcəksən? Elə oturub dırnaqlarına sığal çəkəcəksən?
Esmeralda: Aseton vurmuşam da. Köhnə lakı sildim. Birazdan salona gedəcəyəm. Saçımı düzəltdirəcəyəm. (yerindən qalxıb Vahidə yaxınlaşır) Mama, bir dəqiqə... Papa, mənə biraz pul ver də.