Zaman Maşını
(İki hissəli komediya)
Keçmişlə gələcəyin elmi-bədii sintezi
Əşxas:
Gənc Zaman – 24 yaşında və 57 yaşında. Fizik.
Murad – 24 yaşında. Zamanın dostu.
Mehdi – 25 yaşında. Böyrək xəstəsi.
Esmeralda – 28 yaşında. Mehdinin bacısı
Vahid – 60 yaşında. Esmeralda və Mehdinin atası
Narın – 60 yaşında. Esmeralda və Mehdinin anası
Dilbər – 70 yaşlı qadın
Nadir – həkim
Tibb bacısı
1-ci hissə
2050-ci il.
Fizika laboratoriyası. Müxtəlif növ texniki avadanlıqlar; üzərində elektrik naqilləri, güzgülər, şüşə qablar olan masa; masanın yanında liftə oxşayan bir cihaz var. Qoca Zaman ağ xalat geyinmiş, gözünə eynək taxmış və masanın başında oturub iki naqili bir-birinə birləşdirir. Cihazdan siqnal səsi gəlir. Qoca Zaman naqilləri ayırır və cihaza yaxınlaşıb üzərində işləməyə başlayır.
Qoca Zaman: Əgər bir gün biri sizin qapınızı döysə və desə ki, mən sizin nəvənizin nəvəsinin nəvəsiyəm, onu öz qapınızan qovmayın. Bağrınıza basın və nəslinizin gələcəyini gördüyünüz üçün özünüzü xoşbəxt sayın. Çünki bu, həqiqətdir. Bir gün belə biri sizin qapınızı döyə bilər. Bunu mən demirəm, elm deyir.
Biz 2050-ci ildəyik. Səyahət firmalarında zamana səyahətin qiyməti cəmi min dollardır. Müxtəlif növ zaman maşınları var. Bu da mənim zaman maşınımdır. İki ay bundan əvvəl bunu öz kiçik laboratoriyamda düzəltmişəm. Artıq hər şey hazırdır və bu gün mən zamana səyahət edəcəyəm. Əgər bu uğurlu alınsa öz zaman maşınımı satışa çıxaracağam. İnsanlar səyahət firmalarına hər dəfə min dollar ödəməyə məcbur olmayacaqlar. Kim istəsə bu cihazı alar və istədiyi vaxt öz keçmişinə gedə bilər.
Bu keçmişdəki liftlərə oxşayır, elə deyil? Düyməni basırsız, qapı açılır. İçəri keçirsiz. Getmək istədiyiniz tarixi monitorda qeyd edirsiz və start düyməsini basırsız. Yüksək sürətlə bir neçə saniyə içində öz keçmişinizə gedə bilirsiz. Yəqin ki, 50 il bundan əvvəl bunu kimə desəydin, səni psixatriya xəstəxanasına aparardılar.
Gəlin sizə daha sadə üsulla izah edim. (təxminən bir metr uzunluğunda bir parça götürür) Tutaq ki, mənim yüz yaşım var və bu parçanın uzunluğu da yüz santimetrdir. Yəni hər santimetr bir il deməkdir. Mən burda zamanı bükürəm. Yəni bu parçanın bir ucunu getmək istədiyim tarixə yapışdırıram və mənim bütün atomlarım həmin tarixə proyeksiyalanır. Çox sadədir, elə deyil? (parçanın bir ucunu hər hansı bir tarixin üzərinə qoyub gülümsəyir) İndi isə başlayaq zamanda səyahətə.
Mən 1993-ci ildə doğulmuşam. Yəni indi mənim 57 yaşım var. Bu gün öz icad etdiyim cihaz vasitəsi ilə 2017-ci ilə gedəcəyəm. Orada etdiyim səhvləri düzəltməyə, edə bilmədiyim doğruları etməyə çalışacağam. 2017-ci ildə görüşərik.
Qoca Zaman liftə bənzəyən cihazını qapısını açır, içəri keçir. Cihazın içindəki düymələri sıxır. Qapı bağlanır, işıq sönür.
2017-ci il.
Fizika laboratoriyasına oxşayan kasıbyana bir otaq. İçində müxtəlif cihazlar var. Zaman cihazlar üzərində müxtəlif təcrübələr aparmaqla məşğuldur. Murad əlində iki fincan çayla gəlir.
Murad: Bəsdir də. Ay Zaman, bu köhnə aparatları qurdalamaqla alim olmayacaqsan. Elə bilirsən ki, fizika oxuyanların hamısı Eynşteyn olur? Yox, dostum! Yanılmısan!
Zaman: Murad, səni deyə bilmərəm, amma mən dahi fizik olacağam.
Murad: (qəhqəhə çəkir) Bəsdir görək! Sən dahi fizik yox, dahi şizik olacaqsan! (qəhqəhə çəkir) Biz sadəcə diplom üçün oxumuşuq. Axırda kafe ya da restoran işlətsək bu bizim üçün böyük uğur olar. Hələ mən qarson, kuryer, kasser işləməkdən danışmıram. Bir dostum kimya mühəndisliyini bitirib. O qədər biliklidir ki, Mendeleyev dirilib gəlsə, ondan kimyaya dair çox şey öyrənər. Amma bulvarda mühafizəçi işləyir. Mən də bir yaxşı iş tapmışam. Sabah gedəcəyəm, görüm nə olur.
Zaman: Nə işdir elə?
Murad: Bu gün səhər internetdə gördüm ki, böyrək çatışmazlığından əziyyət çəkən bir xəstə üçün böyrək axtarırlar. Gedib yoxlatdıracağam, əgər uyğun gəlsə böyrəyimi verəcəyəm.
Zaman: Bu işdir? Yoxsa xeyirxahlıq?
Murad: Nə xeyirxahlıq? İndiki dövrdə qardaş qardaşına bir parça çörək vermir. Mən tanımadığım adama havayı böyrək verəcəyəm? Yox bir! Məncə, yaxşı pul verəcəklər. Onsuz da böyrəyim iki dənədir. O biri ilə birtəhər keçinərəm. Birini də pula çevirib biznes quraram.
Zaman: (gülür) Dərslərdən qaçmağın axırı budur da. Ay axmaq, hər adamda iki böyrək olur da.
Murad: Orasını bilmirəm. İstəyirsən sən də gəl sabah mənimlə. Birdən mənimki uyğun olmaz, səndə uyğun olar. Heç olmasa birimiz qurtularıq bu səfalətdən.
Zaman: Mən orqan mafiyasıyam?
Murad: Süddən çıxmış ağ qaşıq! Günahsız mələk! Gicbəsər! Bir fikirləş də. Əgər böyrəyin uyğun gəlsə yaxşı pul alarsan. Onun puluna da biznes qurarsan. Demirsən ki, alim olmaq istəyirsən? A kişi, pul olandan sonra alim olmağa nə var ki? Elmlər doktorunun qiyməti on-onbeş mindir.
Zaman: Mənə lazım deyil elə alimlik.
Murad: Yaxşı. Elə alim olmazsan, zəhmətinlə qazanarsan. Ürəyin istəyən laboratoriya, hər cür avadanlıq, ən son cihazlar... Daha nə istəyirsən? Bütün gün ye-iç və cihazlarla qurdalan da! Arada qardaşına da əl tutarsan. Çox demirəm, bir-iki bakal pivənin pulu bəsdir.
Zaman: Əyyaş! (düşünür) Amma ağlıma batdı. Yəni ürəyim istəyən laboratoriyanı qurmağa yetəcək qədər pul verərlər?
Murad: A kişi, hələ artıq da qalar. Böyrəkdir e. Telefon, notbuk zad deyil. Aşağısı əlli min manat.
Zaman: Doğrudan? Bu pulla mən kosmik gəmi icad edərəm ki!
Murad: Ay sağ ol! Hə, Murad, nə deyirsən? Sabah gedək?
Zaman: Gedək də. Ən azından xeyirxahlıq olar. Doğrudan e. Bir həyat xilas etmək qədər gözəl nə ola bilər? Pul olmasa da olar.
Murad: Off! Çayını iç. Sən bu ağılla heç kağızdan gəmi də düzəldə bilməzsən, o ki qaldı kosmik gəmi düzəldəsən. (Qapı döyülür) Kimdir, görəsən?
Zaman: (qapıya tərəf addımlayır) Dönər sifariş vermişdim, yəqin odur.
Zaman qapını açır. Qoca Zaman əlində iki paketlə içəri girir.
Qoca Zaman: Dönər sifariş vermişdiniz?
Zaman: (çaşqın) Vermişdik... Amma siz kuryersiz?
Qoca Zaman: Bəli.
Murad: Dayı, bu yaşda kuryer olar? Soruşmaq ayıb olmasın, ayaqların ağrımır?
Qoca Zaman: Yox, əksinə, yerimək məni daha da gümrahlaşdırır.
Zaman: Əhsən! Belə enerjili qocalara həsəd aparıram. Mənim 24 yaşım var, amma yüz metr yeriyəndə təngnəfəs oluram.
Qoca Zaman: Çox oturmaqdandır. Bütün gün oturaq halda təcrübələr aparmaqdan əzələləriniz quruyub.
Zaman: Siz mənim təcrübə apardığımı hardan bilirsiz?
Qoca Zaman: (duruxur) Heç... Cihazları gördüm, təxmin etdim. O da ki, düz çıxdı.
Murad: Dönərlər soyudu...
Zaman: Borcumuz nə qədərdir?
Qoca Zaman: Üç manat.
Zaman: (cibindən pul çıxarıb Qoca Zamana uzadır) Buyurun.
Qoca Zaman: Bağışlayın, bir stəkan su verə bilərsiz? Yaman susamışam.
Zaman: Hə, əlbəttə. (mətbəxə gedir)
Qoca Zaman cihazlara diqqətlə baxır. Bəzilərini qurdalayır.
Murad: Dayı, neyləyirsən?
Qoca Zaman: Heç. Maraqlı gəldi, əcəb işdir!
Murad: Onlara toxunma. Evi partladarsan.
Qoca Zaman: Yox, narahat olma. Fizikadan yaxşı başım çıxır.
Murad: Olmaya sən də dahi kuryerlərdənsən?
Zaman: (su gətirir) Buyurun.
Murad: Zaman, bax, dayı deyir ki, fizikadan yaxşı anlayır.
Zaman: Doğrudan? Ali təhsiliniz var?
Qoca Zaman: Əlbəttə. Fizika və elektroenergetikanı bitirmişəm.
Zaman: Eyni ixtisas! Neçənci illərdə oxumusuz?
Qoca Zaman: 2011-2015. (su içir)
Zaman: Nə? Bağışlayın, sizin neçə yaşınız var?
Qoca Zaman: 57.
Zaman: Bəs necə olur ki, 2015-də universitet bitirirsiz? İndi 2017-ci ildir e. Əlli beş yaşında universitet bitirərlər?
Qoca Zaman: 2015? Kim dedi ki, mən 2015-də bitirmişəm?
Zaman: Siz özünüz dediniz. Murad, bəlkə mən səhv eşitdim?!
Murad: Mən də elə eşitdim.
Qoca Zaman: Yox, 80-ci illərdə dedim. Suya görə çox sağ olun.
Zaman: Nuş!
Qoca Zaman: Hə... Belə... (masanın yanında stulda əyləşir)
Murad: (qəhqəhə çəkib gülür) Dayıcan, dönər istəmirsən?
Qoca Zaman: Düzü, acmışam. Heç pis olmazdı.
Murad: Xaxaxaayy! Özüm ölüm, kişi məzədir başdan ayağa! Gəl, birlikdə yeyək.
Murad dönəri yarıdan bölüb Qoca Zamana uzadır. Zaman təəccüblə Qoca Zamana baxır.
Zaman: Amma mənim iş masamdan dursanız, məmnun olaram. Bağışlayın, burda oturmağa heç kəsə icazə vermirəm.
Qoca Zaman: Hə, anlayıram. Üzürlü sayın. (qalxıb divanda oturur) Dostlar, sabah bir planınız varmı?
Murad: Var. Nə idi ki?
Qoca Zaman: Bilmək olar nə plandır?
Murad: Soruşmaq ayıb olmasın, neyləyəcəksiz?
Qoca Zaman: Deyəcəkdim əgər işiniz vacib deyilsə, sizi bir çay süfrəsinə qonaq edərdim.
Zaman: (hirslənir) Çox sağ olun. Bizim çox vacib işimiz var.
Murad: Zaman düz deyir. Vacib işdir. Yoxsa gələrdik. Amma başqa vaxt gələ bilərik. Sən nömrəmizi götür, əlaqə saxla.
Qoca Zaman: Yox, təklifim sadəcə sabah üçün keçərlidir.
Zaman: Minnətdarıq. Amma alınmayacaq.
Murad: (Zamana dodaqaltı pıçıldayır) Kişi bizlə məzələnir.
Zaman: Hirslənirəm, özüm ölüm.
Qoca Zaman: Qonaqdan gizli pıçıldamaq ədəbsizlikdir.
Murad: Bağışla da. Bilməmişik. Bir qələtdir elədik.
Zaman: İş yerində sizə yemək vermirlər?
Qoca Zaman: Yox, çox xəsis müdirimiz var.
Murad: Görürsən, Zaman? Belə müdirlərin əlaltısı olmamaq üçün deyirəm də. Allahdan istəmişəm, böyrək uyğun gələ, canımız qurtula bu zülümdən.
Qoca Zaman: Böyrək? Nə böyrək?
Zaman: (təşvişə düşür) Heç... Dostumun böyrəkləri ağrıyır, onu deyir.
Murad: Yox e. Burda gizlətməli nə var ki? Dayıcan, bir adama təcili böyrək lazımdır. Biz də sabah gedirik görək uyğun gəlsə böyrəyimizi verək. Babat pul verəcəklər. Varlanacağıq e! Ondan sonra sənə söz verirəm, dönər də məndən, çay da məndən, istəsən pivə də.
Qoca Zaman: Siz nə danışırsız? Bu fırıldaqdır. Qətiyyən olmaz! Belə elanları qəsdən yayımlayırlar. Kim böyrəyini satmaq istəsə orqan al-verindən tutub basırlar içəri.
Murad: Uşaq deyilik ki! Dəqiq olmasa fırladarıq. Deyərik ki, satmırdıq, xeyirxahlıq etmək istəyirdik. Sübutsuz zadsız nə edə bilərlər?
Qoca Zaman: Hə? Düzdür. Amma yenə də təhlükəlidir. Bilirsiz, bir böyrəklə yaşamaq çox çətin olar. Onda bütün yük düşür bir böyrəyə. İnsanın ömrü qısalır.
Zaman: Orası düzdür. Onsuz da mən bu işə müsbət baxmıram. Dostum təkid edir.
Qoca Zaman: Elə həmişə onun zibilinə düşmüsən də.
Murad: Nə dedin? (qalxıb kişiyə yaxınlaşır) Sən nə dedin?
Qoca Zaman: Heç... Vallah mən elə demək istəmədim.
Zaman: Özüm ölüm, dayı, deyəsən, falçıdır. Hardan bildiniz ki, mən həmişə onun zibilinə düşürəm!?
Murad: Sən öləsən, yaşına-başına baxmaram, sənə birin ilişdirərəm uçarsan Yasamal qəbiristanlığına.
Zaman: Murad, nə edirsən? Baban yaşda adamdır.
Qoca Zaman: Zaman düz deyir. Babanız yaşındayam. Mənimlə belə danışmaq tərbiyəsizlikdir.
Murad: Buna bax e. Gəlib oturub evimizdə, suyumuzu içir, çörəyimizi yeyir, bizə zibillik deyir, hələ yekə-yekə danışır.
Qoca Zaman: Məni düz anlamadınız.
Murad: Dur çıx burdan!
Zaman: Murad, qonaqdır, ayıbdır.
Murad: Zaman, qarışma. Ay dayı, çıx evdən. Tez ol. Nə qədər ki, əlim ayağım sənə dəyməyib...
Qoca Zaman: Murad...
Murad: Nə Murad e? (kişinin yaxasından tutub qapıya tərəf dartır) Çıx burdan! Axmaq adam! (qapını açıb kişini çölə itələyir, qapını bağlayır) Həyasız! Sən onun sırtıqlığını görürsən? Necə dönəri burnumdan gətirdi e?!
Zaman: Çox böyük ədəbsizlik etdin...
Murad: Nə ədəbsizlik? Ətimi tökmə, sən Allah! Adam mənə zibillik deyir. Nə etməli idim?
Zaman: Amma düz deyir də. Həmişə sənin zibilinə düşürəm. Kim bilir bu dəfə başıma nə gələcək.
Murad: Elə sənin qocalığına oxşayır. Sənin kimi güya mədəni danışır da. Hər şeyə də sarsaq münasibət... Əttökənlər. Sizdən adam olmayıb olmayacaq. Gicbəsər dahilər. Düz deyirlər e, bu dahilərin hamısı axmaq olur.
Zaman: Murad, həddini aşma. Sənlə möhkəm dalaşaram.
Murad: Xaxaxay! Dalaşarsan! Gələ! (orta barmaq göstərir) Dalaş görək! Axırıncı dəfə bir zarafatyana yumruğumdan bir həftə qabırğaların ağrımışdı. Bir şilləlik də canın yoxdur. Dalaşıb nə edərsən?
Zaman: Murad, səbrimi daşırma. İkimizin canı, yatan yerdə min kilovatt toka verərəm səni, közərərsən.
Murad: Xox! Qorxdum! Mən gedirəm pivə içməyə. Kaftar mənim əsəbimi necə korladı e.
Zaman: Zəhər olsun! Rədd ol!
Murad hirslə evdən çıxır. Zaman dodaqaltı deyinə-deyinə iş görür. Qapı döyülür. Zaman qapını açır və Qoca Zaman içəri girir.
Zaman: Siz getməmisiz?
Qoca Zaman: Yox, evin yanında gözləyirdim ki, o, evdən çıxsın. Bax, sən ağıllı oğlansan. Onun fırıladağına uyma. Əgər istəyirsənsə böyrəyini yaxşılıq üçün verə bilərsən. Amma bunu pul üçün etsən, çox pis nəticələri olacaq.
Zaman: Dayı, mən sizi anlamıram. İnsanların işlərinə qarışmağa nə haqqınız var?
Qoca Zaman: Bax, mən dünyagörmüş adamam. Nəsihət faydasız olmaz. Sözümə qulaq as. Gəl əl çək bu işdən.
Zaman: (usanmış) Sizinlə söhbətə səbrim çatmır. Üzürlü sayın, daha vacib işlərim var. Sizdən isə xahiş edirəm ki, məni narahat etməyəsiz.
Qoca Zaman: Bu fikirdən daşınmasan bir addım da atmaram. Bu evin qapısında yatıb qalaram. Axı niyə anlamırsan? Sən özünə çox böyük pislik edirsən? Başına nələrin gələcəyindən xəbərin yoxdur.
Zaman: Dayı, mən falçılara inanmıram. Tək inancım fizikadır. Siz falçılıq etmək istəyirsizsə, bunun üçün kifayət qədər evdar xanımlar var...
Qoca Zaman: Yox, yox, yox. Mən falçı deyiləm. Axı sənə necə izah edim? Bax, mən sənin gələcəyinəm. Gələcəkdən gəlmişəm.
Zaman: Doğrudan? (gülür) Lap yaxşı. İndi isə gedə bilərsiz.
Qoca Zaman: İnanmırsan, hə? Bax, adın Zamandır. 1993-cü ildə doğulmusan. Atan Aslan, anan İradə... Sənin üç yaşın olanda onlar yol qəzasında vəfat ediblər. Sən də qohumların tərəfindən internata verilmisən, on dörd yaşın olanda bir yaşlı qadın səni övladlığa götürüb, sonra da, o, vəfat edib. Həmin il sən universitetə qəbul olunub şəhərə köçmüsən, fizika və elektroenergetika bölməsini bitirmisən. İndi də hərbi xidmətdən təzəcə gəlmisən. İş axtarırsan... Ən böyük arzun fizika laboratoriyanı qurmaqdır.
Zaman: (təəccüblə) Bu yəqin ki, hansısa dostumun axmaq zarafatıdır! Bunları kimdən öyrənmisiz?
Qoca Zaman: Heç kəsdən. Mən elə sənəm. Sən mənsən. Offf... Axı necə izah edim? Gələcəkdə sən zaman maşını kəşf edəcəksən.
Zaman: (gülür) Buna inanmağım gəlir. Gözəl səslənir. Əlbəttə.
Qoca Zaman: İnan. Xahiş edirəm, inan. Muradın böyrəyi uyğun gəlməyəcək. Sənin böyrəyin uyğun gələcək və sən pula aldanacaqsan. Çox böyük səhvlər edəcəksən.
Zaman: Bəsdirin.Mən bu cəfəngiyyatları dinləməyə məcbur deyiləm.
Qoca Zaman: Sənə əlli min dollar pul verəcəklər. (qolundakı saat zəng çalır) Ay da... Vaxtım bitir. Geri dönməliyəm. Amma yenə gələcəyəm. (sürətlə qaçıb evdən çıxır)
Zaman: (təəccüblə onun arxasıyca baxır) Görəsən, bu hansı dostumun zarafatıdır? Mən bu gicbəsərlərdən bezmişəm. Əgər böyrəyim uyğun gəlsə əlli min dollar pis pul deyil. Əlli min? Deyəsən, qeyri-ixtiyari bu qocanın cəfəngiyyatına inandım. Bəlkə otuz min, ya da yetmiş min olacaq? Nə isə... Mənim daha vacib işlərim var. Amma öz aramızdır, zaman maşını pis ideya deyil. (gülümsəyir) Gəl bunu Murada izah elə. Adamı el-aləm içində ələ salar.
Cihazlar üzərində işləməyə başlayır. İşıq sönür.
2050-ci il.
Fizika laboratoriyası. Qoca Zaman liftə bənzəyən cihazın içindən çıxır.
Qoca Zaman: Bax belə. Nə qədər etdimsə onu fikrindən daşındıra bilmədim. Çünki onun arzuları vardı və arzularını reallaşdırmaq üçün ona pul lazım idi. Bu pulu əldə etmək fürsət düşmüşdü. Tamah ona güc gəlmişdi. Nə etsəm də onu fikirdən daşındıra bilməyəcəkdim. Yəqin fikirləşirsiz ki, mən niyə onu fikrindən daşındırmaq istəyirəm? Axı o elə də pis bir iş görmür. Həm bir insanın həyatını xilas edir, həm də pul alıb öz arzusunu reallaşdırır. Arzusu da pis arzu deyil. O elmlə məşğul olmaq, öz dahiyanə ideyalarını gerçəkləşdirmək istəyir. Haqlısız. Amma həqiqət başqa cürdür.
Sabah yenə keçmişə gedəcəyəm. Onu fikrindən daşındırmağa çalışacağam. Əslində, bütün bunlar sadəcə vaxt itkisidir. Mən bunun əvəzinə daha vacib işlərlə məşğul ola bilərəm. Yeni maşınlar icad edə bilərəm. Ya da gənclik arzumu reallaşdıra – kosmik gəmi hazırlaya bilərəm. Amma mən keçmişi dəyişdirə bilməyin daha vacib məsələ olduğunu düşünürəm. İnsanlar öz keçmişlərini dəyişdirə bilməlidirlər. Səhvlərini düzəltməli, günahlarını yumalıdırlar. Belə... Keçmişdə görüşərik!
Masa üzərindəki cihazlarla işləməyə başlayır. İşıq sönür.
2017-ci il.
Xəstəxana. Zaman xərəkdə uzanıb və xərəyi tibb bacısı cərrahiyə şöbəsinə tərəf sürür. Vahid, Narın və Esmeralda xərəyə yaxınlaşır.
Vahid: Allah yardımçımız olsun, oğul!
Narın: Allah səndən razı olsun! Sağ-salamat ikiniz də qurtulun, qurban demişəm.
Zaman: Narahat olmayın, hər şey yaxşı olacaq. (gülümsəyir)
Murad: (tələsik gəlir) Bir dəqiqə! Bir dəqiqə! (Vahidin qulağına pıçıldayır) Pul ödənmədən əməliyyat olmaz.
Vahid: Nə qaçaqaçdır, ay oğul? Əməliyyat bitsin, ödəyərik.
Murad: A kişi, bu köynək-şalvar deyil e, gəlib səndən geri alaq. Pulu ödəməsən neyləyəcəyik? İp də gedər, it də gedər. (sənədləri uzadır) Al bunu imzala.
Zaman: Murad, nə hay-həşir salmısan? Ürəyim sıxıldı bu xərəkdə. İcazə ver, bitsin getsin bu iş.
Murad: Yox e. Mən səni küçədən tapmışam? Ya sən böyrəyini küçədən tapmısan? Pul ödəmədən olmaz.
Vahid: (imzalayır) İmzaladım. (cibindən kağız çıxarıb imzalayır) Bu də qəbz. Başqa nə lazımdır?
Murad: (gülür) Uzun ömür, can sağlığı! Hə, Zaman. Gedə bilərsən. Allah köməyin olsun.
Zaman: Çox sağ ol. Mən çıxana qədər evdən muğayat ol.
Tibb bacısı Zamanı cərrahiyə şöbəsinə aparır.
Murad: (Esmeraldaya baxır) Deyirəm, bəlkə bir çay içək!? Bu əməliyyat uzun çəkər. Burda qalıb gözləməyəcəyik ki... Çaylar məndən. Nə deyirsiz?
Vahid: Düzü, pis olmaz. Hə, xanımlar, nə deyirsiz?
Narın: Mən də dərman atmalıyam. Həyəcandan təzyiqim qalxıb.
Murad: Onda gedək...
Murad, Vahid, Narın və Esmeralda gedirlər. Həkim cərrahiyə otağına doğru addımlayır. Bu vaxt Qoca Zaman onun ardıyca gəlir.
Qoca Zaman: Dayanın! Doktor, dayanın.
Həkim: Nə baş verir?
Qoca Zaman: Doktor, çox xahiş edirəm, iki dəqiqə mənimlə boş otaqlardan birinə keçə bilərik? Sizə çox vacib bir söz deməliyəm.
Həkim: Vaxtım azdır. Burda deyin.
Qoca Zaman: Yox. Mümkün deyil. Baxın, mən sizi tanıyıram. Adınız Nadirdir. Elə deyil? Özünüz də cərrahsız. Deyəsən, elmlər namizədisiz. Tibb Universitetində dərs deyirsiz.
Həkim: Siz bunları hardan bilirsiz?
Qoca Zaman: Görürsüz, mən sizi tanıyıram. Baxın, sizinlə mütləq danışmalıyam. Çox vaxtınızı almayacağam. İki dəqiqə...
Həkim: Buyurun, bu otağa keçək.
Həkim və Qoca Zaman boş palatalardan birinə keçirlər. Qoca Zaman qapını açır, həkim daxil olur. Bu vaxt kişi cibindən əski parçası çıxarıb ona dərman sürtür və həkimin burnu üstə qoyur. Çox keçmir ki, həkim huşunu itirir və yerə yıxılır. Qoca Zaman onu palatadakı yataqlardan birinə uzadır. Xalatını və maskasını çıxarıb geyinir. Daha sonra cərrahiyə şöbəsinə doğru oğrun-oğrun addımlayır. Qapını açıb içəri girir.
Qoca Zaman: (tibb bacısına) Xəstə hazırdır?
Tibb bacısı: Sistem qoşuram. Birazdan hazır olacaq. Bəs Nadir həkim hanı?
Qoca Zaman: Bu əməliyyatı mən aparacağam. Bu əməliyyat üçün xüsusi dəvət olunmuşam. Nadir həkim, yəqin ki, kabinetindədir.
Tibb bacısı: Baş həkimin xəbəri var?
Qoca Zaman: Əlbəttə. Məni baş həkim dəvət edib. Siz bizi xəstə ilə yalnız buraxa bilərsiz?
Tibb bacısı: Əlbəttə. (çıxır)
Qoca Zaman: Zaman...
Zaman: (təəccüblə) Bəli...
Qoca Zaman: Məni tanıdın?
Zaman: Yox.
Qoca Zaman: (maskanı üzünən çıxarır) Diqqətlə bax.
Zaman: Dönərçi. Siz burda nə gəzirsiz?
Qoca Zaman: Gəlmişəm ki, səni fikrindən daşındırım. Bax, səhv edirsən. Çox böyük səhv edirsən.
Zaman: Siz ağlınızı itirmisiz? Axı siz həkim deyilsiz. Bura necə girmisiz?
Qoca Zaman: Əgər səsini yüksəltsən bu iynəni qanına yeridərəm. İki saniyə içində dərin yuxuya gedərsən. Sonra da bütün orqanlarını çıxarıb ehtiyacı olanlara paylayaram.
Zaman: Siz xəstəsiz. Siz ruhi xəstəsiz. (bağırır) Kömək edin!
Qoca Zaman: Bağırma. Sus! (təlaşla) Sus dedim sənə.
Zaman: Kömək edin!
Qoca Zaman: Axmaq adam. Özünə nə boyda pislik etdiyinin fərqində deyilsən. Ayılanda çox gec olacaq. Əlli yaşın olanda sənin çıxarılan böyrəyinin yerinə dəmir-dümür yerləşdirəcəklər. Təsəsvvür edirsən?
Zaman: Kömək edin! Tibb bacısı! Murad! Murad!
Qoca Zaman: Sən Allah, Muradı çağırma. Mən gedərəm.
Tibb bacısı: (içəri girir) Nə olub?
Zaman: Bu adam həkim deyil. Kuryerdir. Dönər daşıyır. Bura necə girib bilmirəm. Məni öldürməklə hədələdi.
Dostları ilə paylaş: |