ZAUR VEDİLİ
(Dramlar)
Bakı
Şirvannəşr
2008
Beynəlxalq Qızıl Priz laureatı (Madrid, 2004)
Şirvannəşr, 51(1187), 2008
Naşir Qəşəm İsabəyli
_____________________________
Redaktoru
Həmid Arzulu
yazıçı-dramaturq
Nəşriyyat redaktoru
Anar İsabəyli
BDU-nun dissertantı
Tərtibçi
Əmrah Əsədoğlu
Zaur Vedili
Məhəbbətin intiqamı.Dramlar.
Bakı – Şirvannəşr – 2008
səh
83.3 Az (2)
V---------------
054
© Z.Vedili, 2008
___________________________________
Ünvan: Bakı-Az 1021, Badamdar şos. 77
Tel: 492-92-27, 492-93-72, (050)316-23-40
ZAUR VEDİLİNİN DRAMLARI
Zaur Vedili öz istedadı, yaradıcılıq axtarışları ilə poeziya sevərlərin qəlbinə yol tapmış, Naxçvanda yaşayıb-yaradan şairlərimiz içərisində öz qələmi, öz dəsti-xətti, şeirinə, yeni-yeni formalar seçmək sahəsində orijinal üslub, yeni yollar axtaran bir şairdir. Qərbi Azərbaycanın Vedi rayonunda, daha dəqiq desək Xalisa kəndində doğulub boya-başa çatan Zaur Vedili tarixi düşmənlərimiz, zatında xəstə hüceyrələr olan və daim özünü yazıq, ağlar millət kimi dünyaya təqdim edən və heç şübhəsiz, axırda da ağlar günə qalacaq daim türkləri soyqırımına məruz qoyan ermənilərin 1988-1990-cı illərdə silahlı hədələri, təzyiqləri nəticəsində doğma yurd-yuvasını tərk edərək qədim Naxçıvana pənah gətirmiş bu istedad sahibi məhz burada, bu Əcəmi yurdu Nəqşicahanda ədəbiyyat aləmində tanınmışdır.
Məhz burada onun bir neçə kitabları nəşr olunmuşdur. Naxçıvan onu öz şair övladı kimi ağuşuna alsa da, Zaurun qəlbində doğulduğu diyarı, uşaqlıq çağlarını keçirdiyi sevimli kəndinə hədsiz məhəbbəti sönüb getməmiş, özü də yazdığı kimi, bu dərd, bu həsrət “duz basılmış yara” kimi onun qəlbini, cismini daim göynətmişdir. Cəfakeş şairin bütün kitablarında Vətən–Vedi–Xailsa dərdi sızıltılı, göynərtili, misralarla daim yada salınır, xatırlanır. O, “Vətən! – Vətən!” deməkdən yorulmur və aram-aram bu ayrılığın yanıqlı poeziyasını yaradır.
Bütün bunları ona görə yazıram, deyirəm ki, Zaur Vedilinin oxuyub rəy yazmaq üçün mənə təqdim etdiyi yeni pyeslərini də bu hiss, bu yanğı, hakim kəsilmişdir. Xüsusilə “Yurd itgisi” və “Sədaqət” pyesləri birbaşa bu mövzuya, tariximizin 1988-90-cı illərində Azərbaycanlıların Vedi rayonundan departasiya və Qarabağda gedən döyüşlərlə əlaqədardır. “Yurd itgisi” pyesi şeirlə başlanır və Zaur bu itgini “Cavan ömrü puç eyləyən”, “Dağa-daşa güc eyləyən ağır dərd” adlandırır. Şair bunu insana, insanlığa ən qəddar qəsd, bəla hesab edir.
Adı çəkilən pyesdə də Ənvər kişinin oğlu Nicatla Günayın məhəbbətindən söhbət açılır. Onların məhəbbəti də həmin dövrlərə düşür. Nicatı evlənməyə, toy etməyə vadar etsələr də o buna hələlik razı olmur. “Qarabağda oğullarımız şəhid olsun... mən də burda toy çaldırım?”– deyir. Günay da sevgilisini başa düşür. Onlar inanırlar ki, nə zamansa toyları olacaq, bir-birinə qovuşacaqlar. Nicat “Vətən gülərsə, xalqımız dinc-firəvan ömür sürərsə, onda haqqımız olar ki, biz də toy barəsində fikirləşək” – deyə Günaya müraciət edir. Vəziyyət getdikcə gərginləşir və departasiya qaçılmaz olur. Erməni faşistləri onları yurd-yuvalarından didərgin etmək üçün min bir hiyləyə, fitnəyə əl atırlar. Başqa ailələr kimi bu ailə də doğma yurdu tərk etməli olur. Onlar dədə-baba ocağından çıxanda Nicatın atası Ənvər kişi bir kisə Vətən torpağı da özüylə götürdü. Bu torpaq əsər boyu Vətən həsrətini onlara xatırladır. Əsər Nicatla Günayın Azərbaycanda vüsala qovuşması ilə bitir. Sonda müəllif bir el misalına da müraciət edir.
Bu misal ürəklərdə qara xal salan Vətən həsrəti ilə bağlıdır.
Bir kişi dəvəsini itirir. Təsadüfən bir dəvə kərvanında öz dəvəsini görür və tanıyır. Karvanbaşı deyir ki, o sənin dəvən deyil. Kişi təkid edir və söyləyir ki, onun ürəyində qara xal var. İnanmırsan kəs bax. Dəvəni kəsirlər və həqiqətən də dəvənin ürəyində qara xal görürlər.
Zaur bununla vətən dərdinin ürəklərdə əbədi qara ləkə, qara xal, sağalmaz yara olduğunu söyləmək istəyir. Bu el məsəli mövzu ilə yaxşı əlaqələndirilibdir.
“Sədaqət” pyesində də Qarabağ müharibəsindən bəhs edilir. Burada Yeganə və Ramizin bir-birinə sədaqətindən söhbət açılır. Ramiz müharibəyə gedir, döyüşlərin birində əsir düşür. Bundan istifadə edən Coşqun həkim Yeganəyə eşq elan edir. Lakin heç nə Yeganənin Ramizə olan məhəbbətini sındıra bilmir. Yeganə sevgilisindən yana cəbhəyə gedir və Ramizi tapır, ona qovuşur. Əsərdə satqın erməni Muşek obrazı da verilmişdir və bu obrazda müəllif ermənilərin mənfur xislətini çox gözəl açıb göstərir. Əsər nikbin bir sonluqla bitir.
Zaur mənzum dram yazmaq sahəsində də qələmini sınayıb. Onun “Qəmli gözlər” mənzum pyesi məncə ilk qələm təcrübəsidir. Bu əsərdə Bənövşə, yəni Xəyalın anası toyu olacaq gəlini Gülnarın hamilə olduğunu bilib, el içində biabır olmamaq üçün oğlunu və gəlinini məcbur edir ki, uşaq dünyaya gələn kimi onu gizlicə atsınlar. Bənövşə bunu təkidlə tələb edir və istəyinə də nail olur. Nəticədə, yenicə doğulan uşaq təsadüfən çox yaxşı adamların əlinə düşür və böyüyüb ərə gedir. Ata ilə ana öz qızlarının ailə qurub xoşbəxt olduğunu eşidib, onunla görüşə gəlirlər. Və əsər bu nikbin əhval-ruhiyyə ilə bitir. Hadisələri təfərrüfatı ilə yazmadan onu qeyd etmək istərdim ki, mənzum dram onsuz da ən çətin, ən mürəkkəb, yaradıcılıq sahəsi olan və yazıçıdan dramaturgiya sirlərinə, onun bəşəri, fəlsəfi qayəsinə dərindən yiyələnmək və hər əsərində bu qayəni vermək məharətinə, dünyagörüşünə malik bir istedad tələb edir.
İlk qələm təcrübəsi olan bu mənzum dramlardan əlbəttə ki, belə yüksək kamillik tələb etmək doğru olmazdı. Mən Zaurun bu təşəbbüsünü alqışlayıram. O, bu əsəri ilə yenə də daim yeniliyə, yeni yaradıcılıq formalarına can atan bir şair kimi özünü bir daha göstərir və daim axtarmaq istedadına, əzminə sadiq qalır.
“Məhəbbətin intiqamı”nda da maraqlı süjet vardır. Səxavət və Nərminənin məhəbbətinə xəyanətlə güllə atan Bəxtiyar kimi qatillərin iç üzünü açan müəllif nahaq qanın yerdə qalmayacağı qənaətinə gəlir. Nərminə Səxavəti öldürən Bəxtiyardan hər iki qəlbin intiqamını alır. Onu həmin tapança ilə sevgilisinin qətlə yetirildiyi yerdə də öldürür. Nərminənin bu hərəkəti bədii cəhətdən əsaslandırılmışdır.
Bütün pyeslərin məzmununu burada vermək olmaz. Mən son olaraq onu xüsusi qeyd etmək istəyirəm ki, dramaturgiya sahəsində qələmini sınayan Zaur Vediyinin bu cəhdini alqışlayır və gələcəkdə bu sahədə də daha da uğurlar qazanacağına ümid bəsləyir və səmimi qəlbdən gözəl şairimizə uğurlar diləyirəm.
Həmid Arzulu
f.e.n.dosent, yazıçı-dramaturq
Naxçıvan Müəllimlər İnstitutu
2 hissəli, 4 pərdəli, 6 şəkilli pyes
İŞTİRAKÇILAR
1. Ənvər – təqaüdçü, 65 yaşlı
2. Nazilə – Ənvərin arvadı, 60 yaşında
3. Nicat – Ənvərin oğlu, 25 yaşında
4. Azər – Ənvərin qonşusu, 50 yaşında
5. Günay – Azərin qızı, 25 yaşında
6. Krikor – Ənvərin qonşusu, 50 yaşında
YURD İTGİSİ
Cavan ömrü heç eyləyir,
Ümüdləri puç eyləyir.
Dağa, daşa güc eyləyir,
Ağır dərddi yurd itgisi.
Xəstə edir sağlam canı,
Tapa bilmir dərd dərmanı.
Ondan ağır bəla hanı?
Ağır dərddi yurd itgisi!
Gecə edir xoş səhəri,
Artır qəlbin hey qəhəri.
İtirmişəm bar-bəhəri,
Ağır dərddi yurd itgisi!
Qol-qanatsız quş kimiyəm,
Bahar vaxtı qış kimiyəm.
İnildəyən tar simiyəm,
Ağır dərddi yurd itgisi!
Kəndimdən ki, kənardayam,
Həm boranda, həm qardayam.
Tanrım, kömək et dardayam,
Ağır dərddi yurd itgisi!
İtgilərin ağırıdı,
Əvvəlidir, axırıdı.
Fələyin çal-çağırıdı,
Ağır dərddi yurd itgisi!
Həsrət qəddi elə əyir,
Sanki sənə güllə dəyir.
Tək Zaur yox, dünya deyir,
Ağır dərddi yurd itgisi!
I HİSSƏ
I pərdə, I şəkil
1988-ci ilin yayı. Səhərdən xeyli keçib. Ənvər yorğun halda gəlib həyətdəki tut ağacının kölgəsində oturub təsbeh çəkir. Ənvər arvadını çağırır.
ƏNVƏR: – Ay qız Nazilə.
NAZİLƏ (səsi eşidilir): – Gəldim ay kişi, gəldim.
ƏNVƏR: – Ha əlləşirsən, ha çalışırsan bu həyət-bacanın işi qurtarmır ki, qurtarmır. (Nazilə gəlir)
NAZİLƏ: – Öz-özünə nə danışırsan ay kişi?
ƏNVƏR: – Heç arvad, bu həyət-bacanı deyirəm. Özümü dərk edəndən ta bugünəcən ha çalışıram, ha vuruşuram di gəl bu iş qurtarmır ki, qurtarmır.
NAZİLƏ: – Bu iş-güc heç vaxt qurtaran deyil ay kişi. Ha çalış, ha vuruş elə yenə iş içindən iş çıxacaq.
ƏNVƏR: Elə bir tərəfdən yaxşı ki, qurtarmır. O, sarıdan çox şükür.
NAZİLƏ (gülümsəyərək): – Ay kişi vallah mən sənin bu sözlərindən heç nə anlaya bilmirəm. Gah işin qurtarmasını istəyirsən, gah da qurtarmaması üçün Allaha şükür edirsən. Sənin bu sözlərin lap Molla Nəsrəddinlə arvadının pendir söhbətinə oxşayır.
ƏNVƏR: – Yox arvad, and olsun bizi yaradan, o bir Allaha həqiqi sözümdü. Əgər bircə gün əllərim işdən ayrılsa elə həmin gün bağrım çatlayar. Çox şükür Xaliqə ki, ömrümü günbəgün bada versəm də iş-güclə başımı qatıram.
NAZİLƏ: – Ay kişi, bəs sən heç demədin məni niyə çağırdın?
ƏNVƏR: – Maşallah gələndən məni jurnalist kimi sorğu-suala tutubsan. Bir aman verirsən ki, niyəsini deyim?
NAZİLƏ: – Di yaxşı. Zarafatı qurtar keç mətləbə.
ƏNVƏR: – Deyirlər kürd Əhməd dünyasını dəyişib. Bir stəkan çay gətir içim. Sonra namazımı qılıb başsağlığına gedim.
NAZİLƏ: – Hansı kürd Əhmədi deyirsən ay kişi?
ƏNVƏR: – Muxtar gilin qonşusu.
NAZİLƏ (məyus halda): – O, yazıq rəhmətliyin nə yaşı varıydı ki, ay kişi? yazıq!
ƏNVƏR: – Ölüm yaşa baxmır ki, ay arvad. Vaxtki, çatdı hamı o, yolun yolçusudur. (Cibindəki cib saatını çıxarıb baxır) Namazın vaxtına az qalıb. Di tələs görüm.
NAZİLƏ (gedə-gedə): – Doğurdan da ölüm yaşa baxmır! O, yazığın nə yaşı varıydı ki,? Allah rəhmət eləsin!
ƏNVƏR (öz-özünə): – Eh, dünya-dünya! Gör sənə kimlər gəlib, səndən kimlər gedib?! Qəlbimizdə bir-birindən gözəl arzular baş qaldırsa da, o arzuların heç bir-ikisinə çatmamış bir də görürsən ki, Əzrayıl qapını kəsdi! Bizim də ömrümüzün hay-hayı gedib, vay-vayı qalıb! Bu gün-sabah biz də o səfərə yola düşəcəyik! Ancaq yenə ürəyimizdəki arzular bitib tükənmək bilmir ki, bilmir! Bircə Nicatın da əlini başına yığsaydım, onu da bir gözəl ailə ev-eşik sahibi etsəydim rahatlanardım! Sonra ölsəm belə ürəyimdə arzum qalmazdı! Bu mənim valideyinlik borcumdu, valideyinlik! (Ənvər təsbeyini çəkə-çəkə susur. Nazilə sinidə çay dolu stəkanları gətirib Ənvərin böyrünə qoyur və onunla yan-yana oturur.)
NAZİLƏ: – Dəvəsi ölmüş ərəblər kimi yaman fikirli görsənirsən ay kişi. Nədir sənin bu halının səbəbi?
ƏNVƏR: – Bilirsən arvad? Deyirəm bu gün sabah biz də kürd Əhməd gedən yolun yolçusuna dönəcəyik!
NAZİLƏ: – Nə olsun ay kişi? Ölüm haqdı. Cəmi insanlar bu yolun yolçusudurlar. Ancaq bir az tezi-geci var. Buna görə üzülməyə dəyməz ki.
ƏNVƏR: – Ay arvad onu mən də bilirəm, üzülməyə dəyməz. Ancaq məni üzən tamam başqa şeydi ey, tamam başqa şey. Bilirsən? Deyirəm ömrümüzün çoxu keçib azı qalıb. Nicatın başını bələsəydik lap yaxşı olardı.
NAZİLƏ: – Onu düz deyirsən. Evləndirsək yaxşı olar. Ancaq asqırıb-öskürmür axı. Neçə dəfə mən də onunla bu barədə söhbət etmişəm.
ƏNVƏR: – Nə deyib bəs?
NAZİLƏ: – Heç nə. Elə deyir hələ evlənmək istəmirəm. And olsun böyük yaradana tərslikdə sənə oxşayıb. (Ənvər çayını içib qurtarır)
ƏNVƏR: – Daha vaxtdı gedim namazımı qılım. Sən də onu bir dilə tut görək nə olur. (Ənvər gedir. Nazilə stəkanı götürüb aparmaq istəyir ki, Nicat fikirli halda girir)
NİCAT: – Hər vaxtınız xeyir ana.
NAZİLƏ: – Hər vaxtın xeyir oğlum, hər vaxtın xeyir. Ay bala gözümə birtəhər görünürsən? Bir yerin ağrıyıb eləmnir ki?
NİCAT: – Yox ay ana. Narahat olma. Dərslərim çox olduğu üçün bir balaca yorğunam.
NAZİLƏ: – Ürəyimə gələnlər dağa-daşa ay oğlum. Allah eləməsin, qorxdum birdən nasazlayarsan! Artıq künortadı. Gəl gedək bir tikə çörək ye oğlum.
NİCAT: – Aclığım yoxdu.
NAZİLƏ: – Nə deyirəm ay oğul. Aclığın yoxdursa onda mən gedim namazımı qılım. Namazımı qurtarandan sonra səninlə şəxsi bir söhbətim var. Bir yerdə oturub vacib bir söhbəti edərik.
NİCAT: – Yenə nə məsələdi?
NAZİLƏ: – Söhbət vaxtı bilərsən. (Getmək istəyir. Bir-iki addım atıb dayanır) Hə doğrudan oğlum. Bayaq poçtalyon qəzet-jurnal gətirmişdi. Qoymuşam pəncərənin qabağına. Qoy onları da gətirim. (Nazilə gedir və əlində bir dəstə qəzet-jurnal tezcə qayıdır.) Al oğlum bunlardı.
NİCAT (qəzetləri alır): – Çox sağ ol ana. (Nazilə gedir) Eh, ataların göruna qurban olum belə yerdə deyiblər. “Keçi can harayında, qəssab piy axtarır”. Yaxşı bilirəm ki, onun şəxsi söhbəti o olacaqdı ki, – Ay bala, niyə evlənmək istəmirsən? Sənin yaşıdların oğul-uşaq sahibidirlər. Nə vaxtacan subay qalacaqsan? – Suallarını yağış kimi üstümə yağdıracaq. Anamı da qınamıram. Onun yaşıdları gəlin, nəvə sahibidirlər. Ancaq indiki bu pis vəziyyətdə bu qurumsaq ermənilərin qudurduqları bu çətin və ağır vaxtda mən necə evlənim?! Qarabağda oğullarımız şəhid olsun, torpağımızda nahaq qanlar axsın, mən də burda toy çaldırım?! Belə bir iş görsəm də bu nə Allaha xoş gedər, nə də bəndəyə! Mütləq düşünən başlarla həmfikir olub bir çıxış yolu tapmalıyam! Vedi, Göyçə, Dərələyəz, ümumiyyətlə Qərbi Azərbaycan kimi bu cənnətəbənzər torpaqlarımız vaxtı ilə işğal olunsa da, daha indi bu xına o xınadan olmamalıdı. (Stol götürüb əyləşir və əllərini çənəsinə dayayıb dərin fikrə qərq olur. Ayaq səsləri və həyət qapısının cırıltısı eşidilir. Günay gəlir. Nicat fikirdən ayrılır.)
GÜNAY: – Salam Nicat.
NACAT (ayağa durur):–Salam Günay. Xoş gəlibsən.
GÜNAY : – Xoş gününüz olsun.
NİCAT: – İki-üç gündü görünmürsən. Deyəsən evinizdə yoxuydun?
GÜNAY: – Hə, getmişdim xalam gilə. Gedəndə imkan olmadı sənə bildirim. Xəbərsiz getdiyim üçün yəqin çox nigaranıydın hə?
NACAT: – Hə Günay. Həm darıxmışam, həm də həddindən artıq nigaran olmuşam. Sözün düzünü desəm ürəyimdən qara qanlar axır! Ağlıma min cürə fikirlər gəlir. Eh Günay, Günay. Əgər bircə an da olsa mənim ürəyim sənin köksündə olsaydı, sən onda bilərdin ki, mənim ürəyimdən nələr keçir! Sən onda bilərdin ki, bu yumruq boyda olan ürəyim sənə necə bağlanıb! Və səni sonsuz bir məhəbbətlə necə sevir!
GÜNAY: – Nicat, əgər bizim ürəklərimiz qırılmaz məhəbbət telləri ilə bir-birinə (Yumruğunu göstərir) belə möhkəm bağlanıbsa, demək mənim ürəyim səndə, sənin ürəyin məndədi. Bu bağlanmış telləri ölümdən başqa heç nə ayıra bilməz!
NİCAT: – Düz deyirsən həyatım mənim, düz deyirsən.
GÜNAY: – Belə olduğu halda sənin ürəyindən nələr keçdiyini bilmək mənim üçün heç də çətin deyil. Ancaq onu da sənə bildirirəm və yəqin edim ki, Nicatın ürəyindən keçənlər, olduğu kimi Günayın da ürəyindən keçir.
NİCAT: – Günayım mənim. Onda səni sonsuz bir məhəbbətlə necə sevdiyim, hansı arzularla yaşadığım və necə sıxıntı keçirtdiyim demək sənə bəllidir. Bu axırıncı beş-altı görüşümüzdə sənin baxışlarından hiss edirəm ki, o baxışlar mənə – niyə elçiliyə və toya tələsmirsən – deyir. İstəyirdim bu sorğu barədə bu gün evdə söhbət açım. Ancaq məktəbdə eşitdiyim bugünkü xəbər mənim bu arzumu ürəyimdə qoydu! İndi qalmışam iki od arasında. Deyim, yoxsa deməyim?!
GÜNAY: – Yəqin ki, eşitdiyin xəbər bu şərəfsiz ermənilərin yenə baş qaldırması və “Qarabağ bizimdi” deməsi xəbəridi?
NİCAT: – Hə Günay, həmin xəbərdi. İndi mən bu vəziyyətdə necə hərəkət edim ki, etdiyim hərəkət həm Allaha, həm də bəndəyə xoş gəlsin?!
GÜNAY: – Nə demək istədiyin aydındı. Əlbəttə Nicat, hər şeydən əvvəl Vətəni, torpağı, xalqı düşünmək lazımdı! Şir kimi oğullarımızın nahaq yerə cənnət Qarabağda qanlarının axdığı bir vaxtda biz toy etsək, əlbəttə bu hərəkətimiz yersiz olar! İndi toy barəsində deyil, Vətənin, xalqın çəkdiyi bu bəladan qurtarmaq üçün fikirləşib bir çıxış yolu tapmalıyıq! Vətən gülərsə, xalqımız dinc, firəvan ömür sürərsə onda haqqımız olar ki, toy barəsində də fikirləşək!
NİCAT (fərəhli halda): – Sənin necə də bulaq suyu kimi təmiz və qəribə ürəyin varmış Günay! Sən həqiqətən də Tomris, Nigar, Həcər nəslinə layiq olan bir el qızısan! Sənin belə sözlərini eşidəndə, and olsun səni və məni yaradan qadir Allaha mənim sənə qarşı olan sonsuz məhəbbətim birə min qat artıb coşqun bir selə dönür!
GÜNAY: – Mən də həmçinin.
NİCAT: – Vallah səni sonsuz bir məhəbbətlə sevən (Əlini köksünə qoyur) bu ürəyimdən o qədər razıyam ki!
GÜNAY: – Məni sevdiyin üçünmü?
NİCAT: – Bəli Günay! Həm onun üçün, həm də məni başa düşdüyün üçün. Biz həqiqətən də xoşbəxtik Günay! Mən inanıram ki, bizim sevgimiz coşqun bir bulaq kimi qaynadıqca qaynayacaq! Bircə anlıq da olsun qurumaq nədir bilməyəcək!
GÜNAY: – Hə, Nicat düz deyirsən. Bizim sevgimiz əbədilikdi! (Hər ikisi sakitcə göz-gözə baxırlar) Başımız söhbətə elə qarışdı ki, nə üçün gəldiyimi də az qala unutmuşdum. Ənvər əmi evdədi?
NİCAT: – Namaz vaxtıdı. Yəqin ki, evdə olar. Niyə soruşursan?
GÜNAY: – Heç, dədəm dedi soruşum görüm Kürd Əhmədin yasına gedəcəksə, gedəndə məni də çağırsın.
NİCAT: – Yəqin ki, gedər. Get evdən soruş.
GÜNAY: – Yaxşı Nicat, hələlik. Bayaqkı söhbətimiz barəsində də heç narahat olma. Toydan əvvəl xalqımızın bu barədə çıxış yolunu fikirləşib tapmaq lazımdır. (Günay evə tərəf gedir. Nicat onun arxasınca baxır.)
NİCAT: – Eh Günay, Günay. (Dərindən köksünü ötürür) Nə isə! Görüm qəzetlər bu məsələ haqqında nə yazır. (Qəzetləri və jurnalları götürüb təzədən stolda əyləşir və qəzet-jurnalları oxumağa başlayır. Nazilə Günayı yola salıb Nicatın yanına gedir) Dədəm namaz qılır?
NAZİLƏ: – Yox oğlum, dədən də, mən də namazı bayaqdan qurtarmışıq.
NİCAT: – Bəs onda kişi hardadı?
NAZİLƏ: – Elə indicə bağcanın ayağıyla getdi. Azər gilə. Rəhmətlik kürd Əhmədin yasına gedəcəydilər. Elə indicə Günayı da dədəsi göndərmişdi Ənvərin dalınca.
NİCAT: – Bilirəm. (Qəzetləri kənara qoyur)
NAZİLƏ: – Hə oğlum, indi səninlə söhbət edə bilərəm. Olar?
NİCAT: – Olar ana.
NAZİLƏ: – Sağ ol mənim ağıllı oğlum. Deyirəm ay bala, sən gəl bu daşı ətəyindən tök. Razılıq ver qoy səni evləndirək. Dünya ölüm-itim dünyasıdı ay oğlum. Mənim də, dədənin də yaşımızın çoxu gedib, azı qalıb. Necə deyərlər bir ayağımız burdadı, o biri ayağımız gorda. Gəl sən razı olma mən və ya dədən bu dünyadan naintizar köçək! Axı daha sən də uşaq deyilsən ay oğul! Sənin yaşıdların indi artıq atadırlar, ey ata! Axı sən onların hansından əksiksən? Hə mənim ağıllı oğlum, indi de görüm evlənməyə razısan yoxsa yox? (Nicat susur və dərindən köksünü ötürür.) Köksün dağa-daşa ay bala. De görüm sənə nə olubdur ki, belə köksünü ötürürsən?
NİCAT: – Heç nə olmayıb ana. Elə-belə.
NAZİLƏ: – Ay oğul, bəlkə bir ürəyinə yatan və yaxud istədiyin yoxdu? Əgər yanılmıramsa onda icazə ver mən sənə bir qız deyim. Əgər mən sənin yerinə olsaydım bayaq bizdən gedən qonşumuzun qızı Günayı heç əlimdən buraxmazdım. Sözün düzünü desəm, o qız öz ağlıyla, kamalıyla çoxdan mənim ürəyimə yatıb. (Nicat gözlərini anasının gözlərinə zilləyir və təzədən başını aşağı salır.) Niyə dinmirsən ay oğul? Bayaqdan bəri elə mən danışıram sən də susursan. Bir danışıb dinsənə?
NİCAT: – Bilirsən ana? Qoy səninlə daha mən açıq danışım.
NAZİLƏ: – Danış gözümün işığı, danış.
NİCAT: – Bilirsən ana? Könlümdəki qız elə qonşumuz Günaydı.
NAZİLƏ (sevincək qollarını göyə qaldırır): – Sənə çox şükür İlahi. Deyəsən arzuma çatacam. (Qucaqlayıb Nicatı öpür) Hə oğlum, sən söhbətini davam elə.
NİCAT: – Neçə vaxtdı ki, biz bir-birimizə könül verib, könül almışıq.
NAZİLƏ: – Demək qız da səni sevir?! Ay oğul, bəs daha nə istəyirsən?! Şükür Allaha dədən də sənin toyun üçün hər nə lazımdırsa hamısının tədarükünü görüb! Sənin toyun üçün hələ qoşa-qoşa mal-heyvan da bəsləyib! Sən gəl razılıq ver elə günü bu gün gedək elçiliyə. Qızın başına yaylığımızı atıb, barmağına üzüyümüzü keçirdək. Elə bu ayın içindəcə toyumuzu çaldırıb gəlinimizi gətirək. Mən də, dədən də bəxtəvər dədə-analar kimi qol qaldırıb oğul toyunda durna kimi süzək. Hə oğul, de görüm son sözün nədir?
NİCAT: – Bilirsən ana? Mən də istəyirəm o günü görək. Ancaq mənim də, Günayın da bir fikri, bir problemi var. Həmin problem də təkcə mənlə Günayın deyil, bütün Azərbaycan xalqının problemidi! O problem öz həllini tapmayınca nə mən, nə də Günay toy barəsində bir söz deyə bilmərik ana!
NAZİLƏ: – O, necə problemdi ki, heç mənim ondan xəbərim yoxdu ay oğul?
NİCAT (dərindən nəfəsini dərir): – Bilirsən ana düzünü desəm onu deməyə də qorxuram. Bilirəm ki, sən də, dədəm də bu xəbəri eşitsəniz mütləq narahat olub haldan hala düşəcəksiniz! Çünki o bəla ilə siz əvvəllər də üzləşibsiniz!
NAZİLƏ (narahat halda): – Vallah heç nə başa düşə bilmirəm ay bala! Bir məni başa sal görüm o, nə bəladi?!
NİCAT: – Ermənilər yenə baş qaldırıbdılar! (Nazilənin rəngi qaçır və əllərini dizlərinə çırpır) İndi də deyirlər “Qarabağ bizimdi”!
NAZİLƏ: – Sən nə danışırsan ay oğul?! Deyirlər “Qarabağ bizimdi?!” yox, ola bilməz! Sən xəstələnib eləməyibsən ki, ay bala?! Bu dediklərin həqiqətdi yoxsa...?! (Ağlayır)
NİCAT: – Bəli həqiqətdi! Bu bəla ilə biz əvvəllər də dəfələrlə üzləşmişik! Bu bəlanın nə qədər ağır və nə qədər acı dadda olduğunu mən hiss edirəm! Yurdun, elin bu ağır günündə mən evlənmək həvəsinə düşsəm onda mütləq el-oba məni və sizi qınayar ana! Biz əgər elə etsək qınamağa haqları da var ana!
NAZİLƏ: – Sənin ağıllı qadanı alım ay bala. Mənim südüm də, dədənin çörəyi də halalın olsun! Günah bizim özümüzdədi! Ay oğul, niyə bu qurumsaq erməni köpəkuşağına sağ gözümüzün üstündə yer verdik ki, indi də bu harınlamış alçaqlar desinlər sol gözünüz də bizimdi? Bu şərəfsizlərin özləri kor olduqları halda, sol gözümüzün də üstə oturub bizi tamam kor etmək istəyirlər! Yox, daha bu xına əvvəlki xınadan olmamalıdı! Yaxşı ay bala, indi bir məni başa sal görüm biz neynəməliyik? Bəs bizim sonumuz necə olacaqdı?! Bu yazıq, zavallı xalqımız yenədəmi əvvəllərdə olduğu kimi öz isti ocaqlarını tərk edib pərən-pərən düşəcəkdi?! Yenədəmi ürəklərimiz Vətən, torpaq, el həsrətiylə yaşayıb və didərginlik ağrısı çəkəcəklər?!
Dostları ilə paylaş: |