1. Analoq rabitə sistemlərindən rəqəm rabitə sistemlərinə keçid
Ölkələr analoq şəbəkələrindən xidmətlərin inteqrasiyası rabitə şəbəkələrinə (XİRŞ) keçidi, yəni müxtəlif sürətli, müxtəlif ötürmə üsullu və kommutasiyalı analoq və rəqəm fraqmentlərinin birliyini müxtəlif yolla həll edirlər.
Məsələn Fransa rabitə şəbəkələrinin böyük hissəsinin rəqəm metoduna keçidi üzərində iş aparır və bunun üçün böyük xərc çəkir. Böyük Britaniya isə budaqlayıcı analoq şəbəkələrinin saxlanılması ilə yanaşı xüsusiləşdirilimiş rəqəm şəbəkələrinin yaradılması yolu ilə gedir.
Şəbəkələrin təkmilləşdirilməsi kifayət qədər mürəkkəb olduğundan və hesablama texnologiyasından istifadə edildiyindən sistem iqtisadi cəhətdən baha başa gəlir. Rəqəmsal rabitə sistemlərinin bir kompleksində aşağıdakı funksiyaları birləşdirmək imkanı var:
-kanalyaratma, sürətçıxarma və məxfiləşdirmə;
-kommutasiya və siqnalların regenerasiyası, maneəyə-davamlılığın və ötürmə keyfiyyətinin kifayət qədər artırılması və s.
Misin və digər əlvan metalların qiymətlərinin daima artması və radiocihazların qiymətlərinin aşağı düşməsi rabitənin yaradılmasında radioverici sistemlərin (RVS) rolunu artırır. Belə ki, televiziya şəbəkələrinin əksər hissəsi və bütün telefon şəbəkələrinin yarıdan çoxu radioverici sistemlər (RVS) vasitəsi ilə həyata keçirilir. Beynəlxalq rabitə mübadiləsinin 2/3 hissəsi həmçinin radioverici sistemlərin (RVS) vasitəsi ilə həyata keçirilir. Bu radioverici sistemləri (RVS) ilə yalnız lifli optik rabitə sistemləri (LORS) rəqabət apara bilir. Belə ki, lifli optik rabitə sistemlərinin (LORS) buraxma zolağı çox böyük informasiya selini ötürməyə imkan verir (eksperimentlərin nəticəsinə görə bu sistemdə maksimal məlumat ötürmə sürətini 7 Hbit/s-ə və onun üzərinə çatdırmaq mümkündür. Lifli optik rabitə sistemlərinin (LORS) üstünlüklərinə bunları aid etmək olar:
-yüksək qənaətlilik;
-çox böyük buraxma qabiliyyəti;
-gizliliyi;
-davamlılığı.
Qeyd etdiyimiz kimi müxtəlif ölkələr rəqəm rabitəsinə özünə məxsus yolla keçirlər. Lakin ümumi metodlar mövcuddur ki, bunlardan ikisi əsasdır:
I – əvəzetmə metodu;
II – əlavə xərcçəkmə metodu.
Əvəzetmə metodunda rəqəm veriliş sistemləri və kommutasiyası mövcud sistemlərin tutumunu artırmaq və köhnəlmiş avadanlıqların əvəz edilməsi üçün istifadə edilir. Bu halda analoq sistemləri ya onların texniki istismar müddəti tam sona çatmamış rəqəm sistemləri ilə əvəz edilir, ya da ki, dəyişdirilir və impuls kod modulyasiyası (İKM) aparatının köməyi ilə rəqəmə çevirilir.
Bu metodun üstünlükləri bunlardır:
analoq avadanlığının tam istifadə edilməsi imkanının olması;
avadanlığın dəyişdirilməsinin məhdud miqyasda, mərhələrlə aparılması və böyük xərc tələb etməməsidir.
Çatışmayan cəhətləri isə bunlardır:
şəhərlərarası rabitə bir neçə analoq və rəqəm sahələrindən keçməklə böyük xərc aparır (kodlama aparatı, dekodlama zamanı sıxlaşmalı kanalı tezlik sıxlaşmalı kanalına çevirir);
siqnal/maneə nisbəti pisləşir;
şəbəkəni rabitə növlərinin inteqrasiyasına çevirmək mümkün olmur və buna görə də əlavə xidmətlər qurmaq mümkün olmur.
Əlavə xərcçəkmə metodunda mövcud analoq şəbəkəsi ilə yanaşı verilmiş, sahəni əhatə edən, tam həcmdə rəqəm şəbəkəsi yaradılır. Bu şəbəkələrdə analoq-rəqəm keçidi imkanı rabitə qovşaqlarının minimal sayı üçün nəzərdə tutulur.
Üstünlüyü:
rabitə növlərinin inteqrasiyasının münkünlüyü;
analoq və rəqəm şəbəkələrinin minimal həcmdə biri-birinə qoşulması (bağlanması) çoxlu texniki çətinliklər törətmir və s.
Çatışmayan cəhətləri:
- eyni zamanda rəqəm şəbəkəsinin qoşulması böyük kapital xərcləri tələb edir;
- məlumatın yolu iki şəbəkədən keçməklə artır;
- eyni zamanda iki şəbəkənin olması böyük iqtisadi xərc tələb edir.
Bütün bunlara baxmayaraq mütəxəssislər hesab edirlər ki, bu metod texniki və iqtisadi cəhətdən əlverişlidir.
Dostları ilə paylaş: |