Altın Ordu xanlarının yarlıqlarında Edigey dastanı ilə səsləşmələr Bəxtiyar Tuncay Özet



Yüklə 227,54 Kb.
səhifə2/2
tarix08.03.2020
ölçüsü227,54 Kb.
1   2

Toğtamış söz-üm (“Toxtamış xanın sözüdür” və ya “Mənim – Toxtamışın sözümdür” kimi anlaşılmalıdır).

Yağaylo-ğa (Yaqayloya). İ. Berezin və D. Banzarovun transkripsiyasına əsasən, Polşa kralının adı yönlük halda, yönlük hal şəkilçisi -ğa // -qa ilə birlikdə işlənib. M. Kazım bəy isə şəkilçini yanlış olaraq, “ğan” // “xan” kimi oxuyub. Nəticədə sözügedən kəlməni ərəb hərfləri ilə “Yağaylo xan” kimi yazıb.

Uluğ (ulu).

Urun-ğa (“urun” // “oran” əski Türk dillərində “məkan”, “yer”, “məqam”, “mənsəb” anlamında işlənib. Burada kəlmənin -ğa // -qa yönlük hal şəkilçisi ilə birlikdə yazıldığını görürük. Əski türkcədə bu şəkilçi bəzən yerlik hal şəkilçisi kimi də çıxış edib. Bu üzdən də “urunğa” kəlməsini “makana” və ya “məkanda” kimi tərcümə etmək olar). İ. Berezin və D. Banzarovdan fərqli olaraq, Mirə Kazım bəy bu ifadəni “ordağa” (ordaya // yurda və ya ordada // yurdda) kimi oxumuşdur. Kəlmənin məhz “urunğa” kimi oxunmalı olduğunu bu sözə eyni forma və mənada Arqun Xanın yarlığında da rast gəlinməsi təsdiq edir.

Ultur-ğan (oturan, oturmuş, əyləşmiş). Bu kəlməni İ. Berezin və M. Kazım bəy eyni cür oxumuşlar.

Yrqay-in (cərgənin, sıranın, məqamın). Bu kəlmə Teymur Qutluğ Xanın tərxan yarlıqlarında “cirqayin” şəklindədir. Burada təəccüblü bir şey yoxdur. Türk dillərində y-c-j səsdəyişməsinə tez-tez rast gəlinir. Məsələn, bizim “yol” və “yolldaş” kimi tələffüz etdiyimiz və yazdığımız kəlmələri qırğız və qazax türkləri “col”, “coldaş”, “jol”, joldaş kimi tələffüz edib yazırlar.

Anqla-tu (“anla” // “anlamaq” kökündən yaranmış sözdür). Burada iki hərflə “nq” kimi yazdığımız səs əslində burunda deyilən sonor “n” səsidir. Həmin səs bugünkü ədəbi Azərbaycan türkcəsində olmasa da, bəzi dialektlərimizdə (Şəmkir, Tovuz, Qazax, Göyçə və s.), eləcə də bir çox Türk ləhcə və şivəsində işlənməkdədir. Qafqaz albanlarının türkcəsində də olub və ayrıca hərflə ifadə edilib. Klassik Azərbaycan şerində sıx-sıx rat gəlinən bu səs ərəb əlifbasındakı səğir nun hərfi ilə yazılır.

“Anqlatu” ifadəsinə Teymur Qutluq Xanın yarlığında “anqlata” formasında rast gəlinir. Bu kəlməni “anlatma”, “bildiriş”, “məlumat” kimi anlamaq lazımdır.



Qutlu Buğa (şəxs adıdır). Bu adın birinci hissəsinə “Qutluq” formasında da rast gəlinir. Onu məhz bu formada Teymur Qutluğun adında da görürük.

Əsən (şəxs adıdır). Bu ada alban məlik - bəyi (knyazı) Əsən Cəlalın (yanlış olaraq “Həsən Cəlal” kimi yazılır) adında da rast gəlməkdəyik.

Baş-lı (başlı). Menqli Girey Xanın Sigizmunda göndərdiyi yarlıqda bu kəlmə “başlıq” şəklində yazılıb və eyni anlamda işlədilib. Onu cümlədə işləndiyi yerə görə “başçısı olan”, “başında duran” kimi şərh etmək və özündən əvvəlki “Qutlu Buğa” və “Əsən” şəxs adları ilə birlikdə nəzərdən keçirmək (Qutlu Buğa, Əsən başlı), “Qutlu Buğanın və Əsənin başçılıq etdiyi” və ya “başında Qutlu Buğa və Əsənin durduğu” kimi oxumaq lazımdır.

İlçi-lər (elçilər).

İytuk irdi (ilətilidi, göndərildi).

Sən (sən). II şəxsin tək halında işlənən şəxs əvəzliyi.

Dağı (Azərbaycan klassik ədəbiyyatında “dəxi” kimi işlədilən kəlmə). Çağdaş Azərbaycan türkcəsindəki “da” // “də” ədatına uyğundur.

Keleçinq-ni (“Gəlmək” felindən yaranmış isimdir. İsmin təsirlik halında işlənib. “Gəlməli olanlarını” kimi anlamaq lazımdır.

Biz-gə (bizə). I şəxsin cəm halında olan şəxs əvəzliyinin yönlük halında işlənmiş şəklidir.

İytinq irdi (göndərdin, ilətdin).

Burunğu yıl (keçən il, əvvəlki il, ötən il). Mirzə Kazım bəy buradakı “burunğu” kəlməsini yanlış olaraq “əvvəlkindən öncəki”, ümumilikdə ifadəni isə “iki il öncə” kimi tərcümə edib. V. Radlovun tərcüməsində isə ümumiyyətlə “üç il öncə” yazılıb. Halbuki Mahmud Kaşğalının “Divan”ında həmin söz “keçən”, “ötən”, “əvvəlki” anlamlarında təqdim edilməkdədir. İ. Berezin də eyni cür düşünüb və haqlı olaraq, “burunğu yıl” söz birləşməsini “keçən il” kimi çevirib.

Begbulat (şəxs adı). Bizdəki Bəypolad adına uyğundur. Burada adı çəkilən Bekbulat Toxtamışa qarşı çıxış edən bəylərdən biri olub.

Xoca Medinq (şəxs adı). Buradakı “Xoca” kəlməsi ərəbcədən türkcəyə keçmiş titul bildirən sözdür.

Baş-lı bir neçə uqlanq-lar ( başçılıq etdiyi oğlanlar). İfadəni, əvvəlki şəxs adları ilə birlikdə ələ alsaq, “Bekbulat və Xoca Medinqin başçılıq etdiyi bir neçə oğlan” kimi anlamamız lazımdır. “uqlanq” (oğlan) kəlməsi xaqaniyyə türkcəsində “əyalət başçısı” mənasında işlənib və titul bildirib. Çingizoğulları dövrünə aid sənədlərdə bu sözə “uqlanq”, “oqlanq” formalarında rast gəlinməkdədir.

Bekqiş (şəxs adıdır).

Turduçağ Berdi (şəxs adıdır).

Davud (şəxs adıdır).

Baş-lı (başçılq etdiyi). Yəni Bekqiş, Turduçağ Berdi və Davudun başçılq etdiyi.

Bek-lər (bəylər).

Edügü (şəxs adıdır). Burada söhbət Toxtamış Xana asi olan, ona qarşı Əmir Teymurun tərəfinə keçən Edigəydən gedir. Bu şəxs noqay bəyi olub. Tatarlar, başqırdlar, noqaylar və s. arasında bu gün də çox məşhur olan “Edigəy” dastanı ona həsr edilmişdir.

At-lı (adlı).

Kişi-ni (kişini, adamı, şəxsi).

Temir-gə (Teymura). Burada söhbət Əmir Teymurdan gedir. Əski Türk mətnlərində “Teymur” adı məhz “Temir” kimi yazılır. Teymur Qutluğun adının birinci hissəsi də məhz Temirdir.

Aldır-dınq (aldırdın?). Mahmud Kaşğarlıda “al” (hiylə), “alda-“ (aldatmaq) kəlmələrinə də rast gəlməkdəyik. Amma mətndə kəlmə “yola saldılar” mənasında işlədilib. Kəlməni mətndəki kontekstinə uyğun olaraq, “dəstək almaq üçün göndərmək” kimi tərcümə etmək daha doğru olar.

Çiğar-ub (bağlayıb, düyünləyib, düyün vurub, əlaqə yardıb, bağ qurub).

Yi-miş-lər (bəhrələnmişlər, dəstək görmüşlər). Mahmud Kaşğarlıda “bar”, “meyvə”, “bəhrə” anlamında işlənən “yimiş” // “yımış” // “yemiş” kəlməsinə də rast gəlinir. Özündən öncəki “çığarub” kəlməsi ilə birlikdə “bağ qurub bəhrələndilər”, “əlaqə yaradıb dəstək aldılar” kimi anlaşılmalıdır. Burada söhbət Toxtamışa asi olan şəxslərin Əmir Teymurla əlaqə qurmalarından və onun dəstəyini əldə etmələrindən gedir. Hərfi mənada isə belə tərcümə etmək lazımdır: (Teymurla) əlaqələri öz bəhrəsini vermişdir.

Ul (o). III şəxsin təkini bildirən işarə əvəzliyidir. Klassik Azərbaycan ədəbiyyatında “ol” formasında işlənib.

Til (dil).

Bilə (ilə). Bağlayıcıdır. Bu bağlayıcı Qafqaz albanlarının türkcəsində də bu şəkildə işlənib.

Keldi irdi (gəldi, gəlmiş idi, gəldilər).

A-lar-nınq (onların). III şəxsin cəmini bildirən şəxs əvəzliyinin yiyəlik hal şəkilçisi ilə birlikdə yazılmış şəklidir. “O” əvəzliyi Azərbaycan klassik ədəbiyyatında, eləcə də alban türkcəsində də “a” şəklində işlədilib.

Ala (pis fikir, məkrli düşüncə, qara niyyət). Mahmud Kaşğarlı bu kəlmənin qeyd edilən mənalarda təqdim etməkdədir.

Küngül (könül). Bu kəlməyə əski Türk mətinlərində “könqül” formasında rast gəlinməkdədir. Mahmud Kaşğarlıda da məhz bu şəkildə qeydə alınıb.

Bilə (ilə).

Til (dil).

İnib (beləliklə, beləcə). Mahmud Kaşğarlıda bu kəlmə “inip” şəklində qeyd edilib.

İlğarı (sonra, irəli). Mahmud Kaşğarlı “Divan”ında bu kəlmə “ilğaru” kimi qeyd edilib.

Qığanida (şəhər kənarında, şəhərin qırağında).

Kelqanda (gələndə).

Anqilab (anqıraraq, bağıraraq, hayqıraraq).

İyğılıb (itiləyib, silahlarını itiləyib).

Sançışmağ-a (nizələşməyə, qılınclaşmağa, silaha sarılmağa). “Sancışmaq” felinin mənası M. Kaşğarlı “Divan”ında məhz belə izah olunur.

Turğanda (duranda). “Qalxamaq”, “qalxışmaq” və ya “utanıb durmaq”, “həya edib əl saxlamaq” kimi mənalara gəlir.

Ul (o). İşarə əvəzliyi.

Yaman (pis, düşmən, asi).

Kişi-lər (kişilər, adamlar, şəxslər).

Burunça (əvvəllər olduğu kimi). Bu kəlməyə uyğurlara aid əski hüquq sənədlərində də rast gəlinməkdədir.

Taber-qan (dəbərən, dəbərmiş, titrəyən, titrəmiş, yerindən oynayan, yerindən oynamış).

Denq (// tenq, dengə, dinclik, bərabərlik, nizam-imtizam, sabitlik).

İl (el, dövlət, xalq).

Tara-dab (ordunu pozdu, daradı, səpələdi, darmadağın etdi). Mahmud Kaşğalı bu sözün kökündə duran “taramaq” felini “ordunun pozğuna uğradılması” kimi izah etməkdədir.

Tenqri (Tanrı).

Biz-ni (bizi).

Yarlığab. Sözn kökü “yarlığamaq”dır. Bu fel bir necə mənaya sahibdir: 1. İzn vermək (M. Kaşğarlı); 2. Əmr etmək (Y. Balasaqunlu); 3. Rəhm etmək, acımaq, bağışlamaq (Y. Balasaqunlu); 4. Hörmətli bir şəxs haqqında nə isə demək, söyləmək (Y. Balasaqulu).

Burada “bağışlamaq”, “rəhm etmək”, mərhəmət göstərmək” anlamında işlənib. Yəni bu termini əvvəlki iki sözlə birlikdə oxusaq, “Tanrı bizi bağışladı, bizə rəhm etdi, mərhəmət göstərdi” kimi anlaşılmalıdır.



Duşman-luq (düşmənlik, düşmənçilik). “düşmən” // “duşman” kəlməsi türkcəyə farscadan keçib.

Qıl-ğan (qılan, qılmış, edən, etmiş, asi olmuş).

Bekbulat, Xoca Medinq, Bekqiş, Turduçağ Berdi, Davud baş-lı uğlan-lar beklərni... (Bekbulat, Xoca Medinq, Bekqiş Turduçağ və Berdi Davudun başında durduqları oğlanları, bəyləri...). Əvvəlki iki kəlmə, eləcə də sonra gələn “munğaladı” (əsir aldı) kəlməsi ilə birlikdə oxunduqda, belə anlaşılmalıdır: Düşmənçilik etmiş (asi olmuş) Bekbulat, Xoca Medinq, Bekqiş Turduçağ və Berdi Davudun başında duran oğlanları və bəyləri əsir aldı.

Munğala-dı (əsir aldı). Çağatay və uyğur türkcələri lüğətlərindən belə anlaşılır.

İmdi (indi). Bu kəlməyə “indi” anlamında həm Kaşğarlı “Divan”ında, həm də Alp Ər Tonqa haqqında söylənmiş ağıda rast gəlməkdəyik.

Bu (bu). İşarə əvəzliyi.

İrqa-nu (titrəyişi, iğtişaşı)

Anqlatu (anlatma, məlumatlandırma).

Əsən (şəxs adı).

Tulu Xoca (şəxs adı).

Başlı (başlı, başçısı olduğu).

İlçi-lər-ni (elçiləri).

İytuq (göndərdik).

İmdi (indi).

Dağı (dəxi, “də” // “da” ədatı).

Bul-sa (olsa).

Biz-gə (bizə).

Bağ-ar (bağlı olan, tabe olan).

İl-lər-ninq (ellərin, vilayətlərin, ölkələrin).

Çığışlarınq (vergilərini, xərəraclarını).

Çiğar-ub (çıxarıb, toplayıb).

Barğan (gələn).

İlçi-lər-gə (elçilərə).

Bir-gil (ver).

Xəzinə-gə (xəzinəyə). “Xəzinə” kəlməsi türkcəyə ərəb dilindən keçmişdir.

Tökür-sün-lər (töksünlər, köçürsünlər, keçirsinlər).

Basa (sonra, eləcə də). Bu kəlmənin əski Türk mətinlərində iki mənada işləndiyi məlumdur: 1. “Sonra”. Bu mənada həmin sözə Mahmud Kaşğarlı “Divan”ında və buddist məzmunlu “Altun yaruq” əsərində rast gəlinməkdədir; 2. “Eləcə də”, “həmçinin”. Kəlmə bu mənada XII-XIV əsrlərə aid uyğur hüquq sənədlərində və Turfan vadisindən tapılmış eyni məzmunlu sənərlərdə işlənmişdir.

Burunğu (əvvəlki)

Üsunca (qaydada, üsulla). “Üsulca” olmalıdır. “Üsunca” kəlməsinə başqa əski Türk mətnlərində rast gəlinmir. Kəlmənin kökü, fikrimizcə, türkcəyə ərəbcədən keçmiş “üsul” (qayda) sözüdür.

Bazargan (tacir). Bu kəlmə farscadan alınma termindir.

Urtağ-lar-ınq (ortaqların, şəriklərin)

Dağı (dəxi, də // da ədatı).

Yürüşsünlər (Yürüsünlər, səfərlər etsinlər).

Uluq Ulus-nınq (Ulu Ulusun). “Uluq Ulus” Çingizoğulları dövründə Turanın rəsmi adının qısaldılmış forması idi. Avropalıların antik çağlarda “Skifiya”, orta əsrlərdə “Grand Tartariya” (Böyük Tatar dövləti), fasrların isə “Turan” adlandırdıqları Böyük Türk ölkəsinin tam rəsmi adı “Uluq Ulus Mengü El” olub. Bu, şəxsən Çingiz Xanın rəsmən verdiyi ad idi.

Durusun-ğa (duruşuna, durumuna, vəziyyətinə, halına).

Dağı (dəxi, da // də ədatı).

Yaxşı-sı (yaxşısı, ən yaxşısı).

Ul bulqay (olsun).

Tib (dibçəkdə, dərkənarda).

Altun (altun, qızıl).

Nişanlıq (nişanlı).

Yarlıq Tutuq (Yarlıq-sərəncam). Buradakı “tutuq” ifadəsinə Mahmud Kaşğarlı divanında “tuturğu” (yerinə yetirilməsi icbsri olan buyuruq, əmr, sərəncam) formasında rast gəlməkdəyik. Bu isə o deməkdir ki, sözbirləşməsini “sərəncan”, “əmr”, “farman” kimi anlamaq lazımdır.

Tağağu yıl (toyuq ili)

Tarix-i (tarixi)

Yiti yüz doğsan beşdə (yeddi yaz döxsan beşimcə ildə).

Rəcəb ay-ı-nınq sekiz (Rəcəb ayının səkkizində).

Yanqida (yenidən).

Ordu (ordu).

Dan-da (Danda). Burada “Dan” yer adıdır.

İrurda (?)

Bitkilmiş (yazılmışdır).

Yarlığın məzmunu belədir:



Toxtamış. Sözüm.

Yaqayloya.

(Hökmdarlar) cərgəsində ən yüksək məqamda oturan (Toxtamış tərəfindən) anlatma (məlumatlandırma).

Başlarında Qutlu Buğa və Əsənin durduqları elçilərimizi göndərdim.

Sən də öz nümayəndələrini bizə göndərdin.

Keçən il, başlarında Bekbulat və Xoca Medinin durduqları oğlanlar (əyalət başçıları) və başlarında Bekqiş, Turduçağ Berdi və Davudun durduqları bəylər Edügü (Edigəy) adlı bir nəfəri, əlaqə yaradıb dəstək almaq üçün, (Əmir) Teymurun yanına göndərdilər.

Onlar bu əlaqədən bəhrələndilər (dəstək əldə etdilər). Sözü bir yerə qoyub gəldilər (hərəkətə keçdilər). (Bu) onların ürəklərindəki pis niyyət(dən doğan) söz birliyi (idi).

Beləcə, irəliləyərək şəhərin kənarına qədər gəlib, anqırdılar (bağırdılar), (qlınclarını) itilədilər, (bizimlə) qılınclaşmağa (üstümüzə silah qaldırmağa) qalxışanda bu yaman (qəlbiqara) insanların (hərəkətlərindən), öncələr də olduğu kimi, dincliyi pozulan (rahatsız olan) el (düşmən) ordunu darmadağın etdi.

Tanrı bizə rəhm etdi, (bizə qarşı) düşmənçilik edən Bekbulat, Xoca Medin, Bekqiş, Turduçağ Berdi və Davudun başçılıq etdikləri oğlan və bəylər əsir alındılar.

Indi bu olanları (iğtişaşı) anlatmaq (məqsədi ilə) Əsən və Tulu Xocanın başçılıq etdikləri elçilərimi göndərdim. Indi (gec) də olsa, bizə tabe olan ellərin vergilərini toplayaraq bu gələn elçilərə ver, xəzinəyə köçürsünlər. Qoy, tacir ortaqları səfərlər etsinlər. Ulu Ulusun vəziyyəti yaxşılaşsın.

Dibçəyində (dərkanarında) altun nişanı olan bu yarlıq-sərəncam toyuq ilində, (hicri) tarixi ilə 795-ci ilin Rəcəb ayının 8-də, ordu yenidən Danda olarkən yazılmışdır.

Yarlığın məzmunundan gördüyümüz kimi, burada Edigəydən də “Edügü” adı ilə bəhs edilməkdə, Edigəy dastanında anladılan olaylardan söz açılmaqdadır. Maraqlıdır ki, Edigəyin (Edegü) adına Teymur Qutluq Xanın yarlığında da rast gəlinməkdədir.

1395 - 1399-ci illər arasında Altun Ordu Ulusunun xanı olmuş Teymur Qutluq Xan Çingiz Xanın nəslindən olan Urus Xanın nəvəsi Teymur Məlikin oğlu olub. O, Əmir Teymurla Toxtamış arasında baş verən savaşdan sonra, 1395-ci ildə tümənbaşı Edigeyin dəstəyi ilə taxta çıxmış və 1399-cu ildə, hakimiyyətini bərpa etməyə çalışan Toxtamış Xan üzərində qələbə qazanaraq, onu Sibirə, daha dəqiq desək Tümenə qaçmağa məcbur etmişdi. Lakin bu qələbə ona hakimiyyətini möhkəmləndirməyə imkan vermədi. Elə həmin il Edigey tərəfindən devrildi. Taxta kiçik qardaşı Şadibəy hakim oldu.

Dövrümüzədək yetişən, Çingizoğullarına aid çoxsaylı sənədlərdən biri də Teymur Qutluğun Mühəmmədə verdiyi məşhur yarlıqdır. Bu sənəd uyğur əlifbası ilə, xaqaniyyə türkcəsində qələmə alınmışdır. Onun əsli XIX əsrin ortalarına qədər İstanbulda qorunmaqda idi. Sonra sənənd Avstriyanın İstanbuldakı səfirliyinin əməkdaşı olan A. fon Raab tərəfindən əldə edilərək tanınmış şərqşünas alim Hammerə çatdırılmış, o da yarlığın öncə litoqrafik surətini çıxarmış, sonra isə mətni ərəb əlifbasına çevirərək “Fundgruben des Orients” əsərinin VI cildində (Joseph Von Hammer-Purgstall, 1818, s. 359-362) nəşr etdirmişdir.

Yarlığın başlığında bu sözlər yer almaqdadır:

Teymur Qutluğ. Sözüm.

Öng kol, sol kolninq uğlanlariğa. Ön qol (sağ cinah) və sol qol (sol cinah) oğlanlarına (əyalət başçılarına).

Tümən Edegü başlığ, minq, yüz un begləringə... Tümənbaşı (on minlik ordunun başçısı) Edigeyə, minbaşı, yüzbaşı, onbaşı bəylərinə...

Beləliklə, Edigəy dastanınında nəql edilən hadisələrin gerçək tarixi olayları əks etdirdiyi, dastan personajlarının da gerçək tarixi şəxsiyyətlər olduğu sənədlərlə təsdiqlənir.




Qaynaqça

Xakimov R. F. İstoriçeskiye pesni v tatarskom folklore. Аvtoreferat diss. na soiskaniye uç. stepeni kan. fil. nauk. Kazan, 2012.

Belyayev İ. D. О monqolskix çinovnikax, upominayemıx v xanskix yarlıkax // Arxiv istoriko-yuridiçeskix svedeniy, otnosyaşixsaya do Rossii, kn. I. 1850. s. 97–110.

Berezin İ. N. Xanskiye yarlıki. 1. Yarlık Toxtamış xana к Yaqaylu. 2. Tarxannıye yarlıki Toxtamışa, Timur-Kutluka I Saadet-Qireya. 3. Vnytrenneye ustroystvo Zolotoy ordı.: / Berezin İ. N. – М.: Кniqa pо Тrebovaniyu, 1850, 2011. 162 s.

İpaytevskaya letopis. (Russkiye letopisi, t. 11). Ryazan: Aleksandriya, 2001.

Joseph Von Hammer-Purgstall. Fundgruben des Orients. VI band, Wien, 1818, s. 359-362.

Kalafat Y. “Edige Destanında Olağanüstü Tipler”, Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi, 2003, 13, s. 345-353.

Qriqoryev A. P. Monqolskaya diplomatika XIII–XV vv.: Çinqizidskiye jalovannıye qramotı. L., 1978.

Qriqoryev A. P., Qriqoryev V. P. Kollektsiya zolotoordınskix dokumentov XIV veka iz Venetsii: İstoçnikovedçeskoye issledovaniye. SPbQU, 2002.

Qriqoryev V. V. О dostovernosti yarlıkov, dannıx xanami Zolotoy Ordı russkomu duxovenstvu. М.: Universitetskaya tipoqrafiya, 1842. 133 s.



Qriqoryev V. V., Berezin İ. N. İssledovaniya o xanskix yarlıkax. - М., Кazan, SPбb. 1842-1852.

Moslovskiy letopisnıy svod kontsa XV v. (Russkiye letopisi, t. 8). Ryazan: Uzoreçye, 2000.

Muxammad ibn Xinduşax Naxçivani. Dastur al-katib fi ta'yin al-maratib (Rukovodstvo dlya pistsa pri opredelenii stepeney). Т. 1, ç. 1. — М.: Nauka, 1964.

Мухаммад ибн Хиндушах Нахчивани. Dastur al-katib fi ta'yin al-maratib (Rukovodstvo dlya pistsa pri opredelenii stepeney). Т. 1, ç. 2. — М.: Nauka, 1971.

Nasonov А. N. Monqolı I Rus. İstoriya tatarskoy politiki na Rusi. SPb.: Nauka, 2002.

Petrun F. Xanski yarlıki na ukrainski xemli (Dо pitannya pro tatarsku Ukrainu) // Sxidniy Svit. № 2. 1928. s. 170–187.

Poçkayev R. Yu. Yarlıki xanov Zolotoy Ordı kak istoçnik prava i kak istoçnik po istorii prava / R. Yu. Poçkayev // Коdeks info. 2004. № 1 - 2, s. 134 - 145.

Poçkayev R. Yu. Pravo Zolotoy Ordı / Мirqaleyev İ. М.. Кazan: Fen, 2009. 260 s.



Radlov V. V. Yarlıki Toxtamışa i Теmir-Кutluqa // ZVОRАО. 1888. Т.3.

Raşid ad-Din. Sbornik letopisey. Т. II. М.; L.: AN SSSR, 1960.

Raşid ad-Din. Sbornik letopisey. Т. III. М.; L.: AN SSSR, 1946.

Schmitz A. Edige Destanı (Çev: Can Bulut), İzmir: Edebiyat Fakültesi Yayınları. 2004.

Solovyov К. А. Evolyutsiya form leqitimnosti qosudarstvennoy vlasti v drevney i srednevekovoy Rusi. Мejdunarodnıy istoriçeskiy jurnal. 1999. № 1-2. http://history.machaon.ru/all/number_HYPERLINK "http://history.machaon.ru/all/number_01/diskussi/"01HYPERLINK "http://history.machaon.ru/all/number_01/diskussi/"/diskussi/1_print/index. html; http://history.machaon.ru/all/number_HYPERLINK "http://history.machaon.ru/all/number_02/diskussi/1_print/index.html"02HYPERLINK "http://history.machaon.ru/all/number_02/diskussi/1_print/index.html"/diskussi/HYPERLINK "http://history.machaon.ru/all/number_02/diskussi/1_print/index.html"1HYPERLINK "http://history.machaon.ru/all/number_02/diskussi/1_print/index.html"_print/index.html.

Srezovskiy İ. İ. Мaterialı dlya slovarya drevnerusskoqo yazıka. Тоm III. R – Ya i dopolneniya оt А dо Ya. М.: Znak, 2003. Т. 3. Stb. 1662. 1000 s.



Sultanov Т. İ. Pisma zolotoordınskix xanov // Tyurkoloqiçeskiy sbornik. 1975. М., 1978. s. 234-251.

Sulti R. Edigey Destanı. Ankara, Türksoy Yayınları, 1998.

Urmançeyev F. Tarixi cırlar // Kazan utları. 1969, № 3.

Usmanov M. A. Tatarskiye istoriçeskiye istoçniki XVII-XVIII vv. Kazan. İzd-vo Kazanskoqo universiteta, 1972.

Usmanov М. А. Тermin «yarlık» i voprosı klasifikatsii ofitsialnıx aktov xanstv Djuçiyeva Ulusa // Aktovoye istoçnikovedeniye. М., 1979. s . 243–244.

Vaşari İ. Jalovannıye qramotı Djuçiyeva Ulusa, dannıye italyanskim qorodam Kafa I Tana // İstoçnikovedeniye istorii Ulusa Djuçi (Zolotoy Ordı). Ot Kalki do Astraxani. 1223–1556. Кazan, 2001.

Vernadsiy Q. V. О sostave Velikoy Yası Çinqis-xana // Vernadskiy Q. V. İstoriya prava. SPb: Lan, 1999.

Vernadsiy Q. V. İstoriya Rossii. Monqolı I Rus. Tver: LEAN, М.: AQRAF, 2000.



Yarlık хаnа Zolotoy Оrdı Toxtamışa к polskomu korolyu Yaqaylo 1392-1393 qodov / İzdan К. Оbolenskin. - Кazan, 1850.

Yıldırım R. Y., Yıldız Ç. Edigey Destanında Hayvanların Fonksiyonları // "Avrasiya" Uluslararası Araştırmalar Dergisi. Cilt:1, Sayı:1, Temmuz 2012, Türkiye. s. 67-77.



Zakirova İ. Narodnoye Tvorçestvo Perioda Zolotoy Ordı: Mifoloqiçeskiye i İstoriçeskiye Osnovı. Kazan, İYaLİ in. Q. İbraqimova. 2011.

Zaytsev İ. V. Pismo хаnа Bolşoy Ordı Axmada turetskomu sultanu Mexmedu II Fatixu (881 q. xidjrı) // Vostoçnıy Arxiv. 1999. № 2-3. s. 4-15.

Yüklə 227,54 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə