AşT layihəsi hələ 2005-ci ildən fəaliyyət göstərən, İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzlərinin (alac) əsasında təşkil edilmişdir



Yüklə 0,79 Mb.
səhifə1/3
tarix25.10.2017
ölçüsü0,79 Mb.
#12594
  1   2   3

GİRİŞ
Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi (bundan sonra ŞA) tərəfindən 4 il müddətində həyata keçirilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi (AŞT) korrupsiya əleyhinə mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun gücləndirilməsini və Azərbaycan Respublikası hökuməti tərəfindən elan olunmuş anti-korrupsiya strategiyasının əsas hədəflərinin və hökumətin ciddi əhəmiyyət daşıyan sahələrdə, o cümlədən Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinin dəstəklənməsini nəzərdə tutur. AŞT layihəsinin əsas məqsədi vətəndaş cəmiyyətinin şəffaflığının, insitutsional imkanlarının artırılması, bununla da onların korrupsiyanın azaldılmasına təsirini daha səmərəli etməkdir.
AŞT layihəsi hələ 2005-ci ildən fəaliyyət göstərən, İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzlərinin (ALAC) əsasında təşkil edilmişdir. ALAC layihəsi ölkədə korrupsiyanın dinamikasını müəyyənləşdirmək, onun həll yollarını tapmaq və təhlilini aparmaq məqsədi daşıyan ictimai təşəbbüs olmuşdur. ALAC layihəsinin həyata keçirildiyi dövr ərzində çoxsaylı vətəndaş korrupsiya ilə bağlı ŞA-nın regional mərkəzlərinə müraciətlər etmişdir. Müraciətlər əsasında ŞA tərəfindən toplanmış statistik və təsvir xarakterli məlumatlar korrupsiya portfoliosu, korrupsiya sahəsində mövcud olan təhdidlər, tendensiyalar, eləcə də cəmiyyətdə korrupsiya barəsində formalaşmış fikirlər haqqında sistemli və aydın təsəvvürün formalaşdırılmasına kömək etmişdir. İctimai əsaslarda əldə olunmuş məlumatlar sayəsində ŞA yerli icmaların ehtiyaclarını daha yaxından öyrənmiş, ictimai vəkillik proqramları, o cümlədən institutional və sistem xarakterli korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan siyasət, strategiya və qaydalarda müsbət dəyişikliklərə gətirib-çıxaracaq təşəbbüslər üçün daha konkret hədəflər müəyyənləşdirmişdir.
Fəaliyyəti dövründə ALAC layihəsi vətəndaşlara ilkin texniki yardım göstərən təşəbbüsdən daha çox qanundakı boşluqların, institutsional qüsurların və fəaliyyət çatışmamazlıqlarının aradan qaldırılması vasitəsilə diqqəti korrupsiyanın köklərinə yönəldən əhəmiyyətli ictimai vəkillik mexanizminə çevrilmişdir. ALAC layihəsi çərçivəsində ŞA müxtəlif dövlət qurumları ilə 2012-ci ildə 10, 2013-cü ildə isə 4 dəyirmi masa keçirmişdir. Bu hesabat ŞA Azərbaycan tərəfindən vətəndaşların qeydiyyata alınması, kommunal xidmətlərin həyata keçirilməsi, sosial yardımların verilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə məşğul olan 4 dövlət qurumuna ünvanlanmış tövsiyələrin həyata keçirilməsinin qısa məzmunu əhatə edir. Hesabat Azərbaycan hökuməti tərəfindən mərkəzi icra orqanlarına rəsmi internet məlumat mənbələrində elektron xidmətləri göstərilməsinin təmin edilməsi barəsində verilən göstərişi nəzərə alaraq bu qurumların elektron xidmətlərinə xüsusi diqqət ayırır. 1,2
ŞA tərəfindən verilmiş tövsiyələr bir neçə ümumi istiqaməti əhatə edir:


  • Qanunvericiliyin təkmilləşdirilməsi;

  • İnstitusional çatışmamazlıqlara diqqətin artırılması;

  • Elektron xidmətlərin göstərilməsi;

  • Dövlət qurumlarının şəffaflığının və hesabatlılığının təmin olunması.

AŞT layihəsinin həyata keçirilməsi də, öncəki ALAC təşəbbüsü kimi, Amerika Xalqının ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə göstərdiyi dəstək nəticəsində mümkün olmuşdur. Hesabatda yazılanlara görə Şəffaflıq Azərbaycan məsuliyyət daşıyır və səsləndirilən fikirlər USAİD və ya Amerika Birləşmiş Ştatları Hökumətinin mövqelərini əks etdirməyə bilər.


Hesabat ŞA AŞT layihə heyəti tərəfindən müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla hazırlanmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Giriş
ŞA-nın məqsədi əhalinin aztəminatlı təbəqələrinə ünvanlı sosial yardımın (ÜSY) verilməsi və idarə edilməsi üçün səmərəli sistemin yaradılmasına hökuməti təşviq etmək və bu istiqamətdə ona dəstək verməkdir.
ALAC çərçivəsində tövsiyələrin tətbiqi
ŞA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Əmək Nazirliyi) ilə ilk birgə dəyirmi masası 21 iyun, 2011-ci ildə keçirilmişdir. İkinci dəyirmi masanın keçirildiyi 11 mart, 2013-cü il tarixinədək olan müddətdə ŞA-nın aşağıdakı tövsiyələri Əmək Nazirliyi və ŞA-nın birgə səyləri nəticəsində həyata keçirilmişdir.
Hüquqi çərçivə
ŞA tərəfindən əsasən ÜSY-ın hüquqi çərçivəsini tənzimləyən təkliflər paketi Əmək Nazirliyinə təqdim olunmuşdur.3 Nazirlik tərəfindən bildirilmişdir ki, təkliflər paketi, o cümlədən ŞA-nın tövsiyələri Milli Məclis və Nazirlər Kabinetinə göndərilmişdir. 4,5 Lakin bu barədə əlavə informasiya verilməmişdir. Məlumdur ki, paketin tərkibinə digər komponentlərdən başqa həm də hazırda aylıq təqaüdlərə alternativ kimi istifadə olunan birdəfəlik sosial müavinətlərin tənzimlənilməsinin təkmilləşdirilməsi üçün hüquqi çərçivənin yaradılmasını nəzərdə tutan bir neçə hüquqi aktın layihələri də daxil edilmişdir.
İnstitusional çatışmazlıqlar
ÜSY proqramında bürokratik əngəlləri azaltmaq və korrupsiyanı aradan qaldırmaq üçün bir sıra institusional tənzimləmələr həyata keçirilmişdir. Dövlət işçiləri ilə vətəndaşlar arasında birbaşa ünsiyyəti minimuma endirmək, ÜSY-ın ödənişi zamanı baş verən ləngimələri azaltmaq və korrupsiya ilə bağlı boşluqları aradan qaldırmaq üçün ŞA tövsiyə etmişdir ki, yardım alan şəxslər üçün banklar tərəfindən hazırlanan kredit kartları istifadəçilərə birbaşa banklar tərəfindən təqdim edilsin. Tövsiyəmiz nazirlik tərəfindən qəbul olunmuşdur. Buna baxmayaraq, ALAC müraciətçiləri bildirirlər ki, bəzi məmurlar heç bir hüquqi səbəb göstərmədən kartların “inspeksiyaya” təqdim edilməsini istəyirlər. Tövsiyəmiz məhz bu cür fəaliyyətlərin qarşısının alınması məqsədi daşıyımışdır.
Qeyd edilməlidir ki, bəzi ALAC müraciətçilərinin Əmək Nazirliyinə ünvanlanmış şikayətləri qurum tərəfindən müvafiq qaydada həll olunmuşdur. Məmurlar inzibati qanun pozuntularına görə cəzalandırılmış, bəziləri isə istintaqa cəlb olunmuşlar.
Nümunələr:


  • 2011-ci ildə mərkəzlər tərəfindən aparılmış araşdırmalar nəticəsində 17 məmur işdən çıxarılmış, 59 nəfər töhmət almış və 38 nəfərə işlərində yol verdikləri nöqsanlara görə xəbərdarlıq edilmişdir.

  • 2012-ci ildə mərkəzlərin araşdırmalarından sonra 5 məmur işdən çıxarılmış, 32 nəfərə töhmət verilmiş, 27 nəfərə işlərində yol verdikləri nöqsanlara görə xəbərdarlıq edilmiş və 3 nəfərin bir il müddətində aldıqları əmək haqlarından 20 faiz tutulmuşdur.

Nazirlik ÜSY-ın yeni modelini hazırlamışdır. Yeni model mövcud aylıq kiçik təqaüdlərin əvəzinə aztəminatlı ailələrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün birdəfəlik müavinətlərin verilməsini nəzərdə tutur. Layihə 3 pilot rayonda Bakı şəhər Nizami rayonu, İsmayıllı və Göyçay rayonlarında həyata keçirilir. ŞA tərəfindən verilmiş tövsiyədə təklif olunurdu ki, bu model bütün ölkə ərazisində tətbiq olunsun. 2012-ci ilin sonunadək model 13 rayonda tətbiq olunmuş və 281 ailəni əhatə etmişdir. Uğurla həyata keçirilən bu layihə nəticəsində benefisiarların 96%-i öz gəlirlərini artıraraq yoxsulluq həddinin üzərinə çıxmışdır.


ŞA həm də ÜSY-ın təyin olunması qaydalarını sürətləndirmək üçün müraciətçilər tərəfindən təqdim olunan sənədlərin sayının azaldılmasını tövsiyə etmişdir. Nazirlik tərəfindən tələb edilən sənədlərin sayı 2012-ci ildə 17-dən 9-a endirilmişdir. Eyni zamanda, müraciətçilər haqqında toplanan məlumat cədvəli də kiçildilmişdir.
Qaynar xətt
ŞA Əmək Nazirliyinin qaynar xəttinin səmərəliliyini artırmaq üçün aşağıdakıları təklif etmişdir:



  • qaynar xətt operatorları üçün xüsusi təlimlərin keçirilməsi;

  • qaynar xəttin səmərəliliyinin monitorinqi və qiymətləndirilməsini aparan xüsusi qurumun yaradılması;

  • qaynar xətt vasitəsilə qəbul olunan şikayətlərin hesabatlarının hazırlanması və nəşr edilməsi.

Nazirin sərəncamı ilə qaynar xəttə edilmiş zənglər barəsində statistik məlumatlar günlük, aylıq və illik qaydada xüsusi qrup tərəfindən təhlil olunur. 6


Elektron səhifə
Nazirliyin hələ 2011-ci ildə elektron səhifəsi olsa da, o yalnız qurumun strukturu haqqında əsas məlumatları özündə əks etdirirdi. İnternet səhifəsinin sonradan əhəmiyyətli şəkildə təkmilləşdirilmiş versiyası məlumatlandırıcı və interaktivdir. Mövcud səhifə Əmək Nazirliyi tərəfindən göstərilən xidmətlər və ÜSY-a müraciət üçün şərtlər haqqında ətraflı məlumat verir. Məsələn, Nazirliyin 2012-ci ildə apardığı fəaliyyətlərin əsas məqamları müntəzəm şəkildə hazırlanmış və qurumun rəsmi internet səhifəsində yerləşdirilmişdir (www.mlspp.gov.az).
Elektron xidmətlər7
Rüşvət tələb olunması hallarını əhəmiyyətli surətdə məhdudlaşdıran elektron xidmətlərin həyata keçirilməsinin təkmilləşdirilməsi üçün Nazirlik istifadəçilərə yeni elektron imkanlar istifadəyə vermişdir. Bu elektron imkanlar Nazirliyin yeni portalında (www.mlspp.gov.az) ünvanlı sosial təminat üçün müraciətlərin qəbulu və sənədləşmə məqsədilə yaradılmışdır. Alt başlıqlarda qanunlar, qeydiyyat formaları, sənədlər və TSA haqqında digər vacib məlumatlar daxil edilmişdir. 2012-ci ildə nazirlik tərəfindən təqdim olunan elektron xidmətlər tam avtomatlaşdırılmamış, sadəcə elektron müraciət formasında olmuşdur. Bundan başqa, Dövlət Sosial Təminat Xidmətinin rəsmi internet resursları da yaradılmışdır.
Əgər 2011-ci ildə Nazirlik tələb olunan 18 elektron xidmətdən yalnız 4-nü həyata keçirirdisə, 8 2012-ci ildə dövlət qurumlarının elektron xidmətlərinin monitorinqi 56 orqanın elektron səhifələri sırasında Əmək Nazirliyinin veb-səhifəsini 7-ci yerə yüksəltmişdir. 9
Benefisiarların xüsusi vəziyyətini nəzərə alaraq (beləki, ÜSY alan insanlar əhalinin ən yoxsul və az təhsilli hissəsidir) müraciətlər həm də poçt vasitəsilə qəbul olunur.
Dövlət institutlarının şəffaflığı və hesabatlılığı
Əmək Nazirliyi ŞA-nın tövsiyəsindən sonra vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə İctimai Şura (İŞ) təsis edən ilk dövlət qurumlarından biri olmuşdur. Nazirliyin 5 əməkdaşı ilə birlikdə Azərbaycanın 5 əsas QHT və institutlarıdan olan Şəffaflıq Azərbaycan, Konstitusiya Araşdırmalar Fondu, QHT-lərin Milli Forumu, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və Ombudsman Aparatı bu şuranın üzvləridirlər. Şuranın yarandığı gündən bəri 8 iclası keçirilmişdir. Bu iclaslardan biri yeni təmir olunmuş Şaqan 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində baş tutmuşdur.
İctimai Şuranın iclaslarında əsas diqqət aşağıdakı məsələlərə yönəlmişdir:


  • Əlillərin sosial müdafiəsinin gücləndirilməsi və onların inkluziv həyat şərtləri ilə təmin olunması;

  • “Əlillərin sosial hüquqlarının müdafiəsi haqqında” 2012-2015-ci illər üzrə Dövlət Proqramına dair ictimai dinləmənin keçirilməsi və vətəndaş cəmiyyəti üzvləri tərəfindən təkliflər əsasında dəyişikliklərin edilməsi;

  • Nazirliyin “Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı” və “Açıq Hökumət Tərəfdaşlığı üzrə Milli Fəaliyyət Planı” tərəfindən elan olunan məqsədlərlə bağlı Nazirliyin Fəaliyyət Planının vətəndaş cəmiyyətilə müzakirə olunması;

  • Sosial Yardım Proqramının monitorinqinin nəticələri;

  • Yeni qanunvericiliyin tətbiqinin sürətləndirilməsi üçün həyata keçirilməli olan tədbirlərin müzakirə edilməsi. 10

İŞ tərəfindən nazirliyin mandatına uyğun olan sahələrə müvafiq olaraq aşağıdakı məsələlərin həlli ilə məşğul olan 4 işçi qrupu yaradılmışdır: əlillərin sosial müdafiəsi, sosial yardım proqramları, sosial müdafiə xidmətləri və əmək hüquqları. Müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT-lər müvafiq qruplara daxil edilmişdir. Nazirliyin kifayət qədər məlumatlandırıcı elektron səhifəsi mövcuddur. Həmçinin, nazirlik daxilində fəaliyyət göstərən agentliklərin elektron səhifələri və səmərəli qaynar xətləri də vardır. Nazirlik qurum daxilində şəffaflığın təmin olunması və korrupsiya hallarının azaldılması üçün addımlar atmaqdadır. Buna baxmayaraq, ALAC müraciətçilərinin şikayətləri onu göstərir ki, kiçik korrupsiya halları hələ də qalmaqdadır.


ŞA təklif etmişdir ki, Nazirliyin əməkdaşlarına innovasiyalarla bağlı təlim keçilsin. Bu məqsədlə Nazirliyin Əmək və Sosial Məsələlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzi tərəfindən informasiyaya əlçatanlıq və informasiyanın çatdırılması mövzusunda təlim proqramları həyata keçirilmişdir. Təlimlərdə, həmçinin İŞ və QHT nümayəndələri də iştirak etmişdir. Bundan başqa, dövlət işçilərinin korrupsiya barəsində məlumatlılığının artırılması üçün, nazirliyin sosial təminat sahəsində çalışan əməkdaşlarına davranış qaydaları haqqında təlimlər keçilmişdir.
ŞA tövsiyə etmişdir ki, Nazirlik və QHT-lərin iştirakı ilə televiziya və radio proqramları hazırlansın. Vətəndaşların yüksək vəzifəli məmurlara əlçatanlığının təmin edilməsi üçün (xüsusilə, regionlarda) ŞA insanlarla yerlərdə görüşlərin keçirilməsini təklif etmişdir. Nazirliyin rəsmisi tərəfindən rayonlarda 950 vətəndaş qəbul olunmuş və bu nəticədə şikayətlərin 22% azalmasına gətirib çıxarmışdır. Bundan əlavə, Nazirliyin 35 regional mərkəzi vətəndaşlara elektron xidmətlərdən istifadə etmək və video konfranslar keçirmək üçün imkanlar təklif edir. Bu imkanlar ucqar rayonlardan Bakıya gələn vətəndaşların sayını əhəmiyyətli dərəcədə azaltmış və nazirliyə işçilərinin peşəkar fəaliyyətinə nəzarəti təkmilləşdirmək imkanı vermişdir.
Həmçinin, məmurlar tərəfindən vətəndaşların qəbulu qaydaları yaxşılaşdırılmışdır. Beləki, vətəndaşlar üçün monitorinq sənədi hazırlanmış və müvafiq idarələrə vaxtı-vaxtında həyata keçirilməsinə nəzarət edilməsi üçün göndərilmişdir. Rəhbərlik tərəfindən vətəndaşların qəbul günlərinin cədvəli rəsmi internet portalına və nazirliyin binasının girişinə yerləşdirilmişdir. Nazirliyin struktur şöbələrində quraşdırılmış kameralar vasitəsilə vətəndaşların distant qəbulu həyata keçirilmişdir. 2012-ci ildə rəhbərlik tərəfindən şəxsi qaydada 579 vətəndaş qəbul olunmuş və şikayətləri dinlənilmişdir.
2012-ci ildə 153-dən çox press reliz və hesabatlar hazırlanmış və yerli mətbuatda yayılmış, nazirliyin yüksək vəzifəli məmurları tərəfindən 100 izahat xarakterli çıxış çap və elektron mediada, o cümlədən müxtəlif rayonlarda keçirilmiş mətbuat konfransları və ictimaiyyətlə görüşlərdə işıqlandırılmışdır. Nazirliyin fəaliyyətləri və korrupsiya qarşı mübarizə haqqında buklet və flayerlər QHT-lərin əməkdaşlığı ilə hazırlanmış və paylanılmış və Azərbaycan Dövlət Televiziyası, Xəzər TV, Lider TV və digət televiziya kanalları və çap mediyada işıqlandırılmışdır.
AŞT layihəsi çərçivəsində tövsiyələrin həyata keçirilməsi
Bu hesabatın hazırlandığı vaxt, 11 mart, 2013-cü il tarixli dəyirmi masada təklif olunmuş aşağıdakı tövsiyələr Əmək Nazirliyi və ŞA-nin birgə səyləri nəticəsində həyata keçirilmişdir.
Hüquqi çərçivə

İxtisaslaşmış QHT-lər və vətəndaş cəmiyyəti ilə geniş əməkdaşlığın nəticəsində, nazirliyin səyləri əlil uşaqlar və sosial risklə üzləşən azyaşlıların ehtiyaclarının vətəndaş cəmiyyəti tərəfindən daha yaxşı qarşılanması üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi ilə nəticələnmişdir.11 Eyni zamanda, Nazirlik dövlət tərəfindən bələdiyyələrə, fərdlərə və hüquqi şəxslərə, o cümlədən hökumət tərəfindən təsdiq olunmuş QHT-lərə sosial sifarişlərin verilməsi haqqında Qaydaların layihəsini hazırlamışdır.12


Nazirlik həmçinin bir neçə qrant verilməsi yolu ilə vətəndaş cəmiyyətini hüquqi bazanın təkmilləşdirilməsində iştirak etməyə dəvət etmişdir.
İnstitusional çatışmazlıqlar (Institutional vulnerabilities)

Dəyişiklik olmamışdır.


Qaynar Xətt

Bu müddət ərzində qaynar xətt fəaliyyətini davam etdirmişdir. 2013-cü ilin 9 ayında ümumilikdə 8300 nəfər Nazirliyə müraciət etmişdir. Müraciətçilərdən 6807-si qaynar xətt vasitəsilə əlaqə saxlamışdır. 2013-cü ilin 8 ayı ərzində aparılmış təhqiqatlar nəticəsində 11 nəfər işdən çıxarılmış, 93 nəfər töhmət almış, 38 nəfərə işində göstərdikləri qüsurlara görə xəbərdarlıq edilmiş və 1 il ərzində əmək haqlarının 20%-i tutulmuş, 3 nəfərin vəzifəsi kiçildilmiş və müvafiq yerli icra hakimiyyəti orqanlarına 7 nəfər haqqında tədbirlərin görülməsi ilə bağlı məktub ünvanlanmışdır.


Elektron səhifə (Vebsayt)

Nazirlik daxili qurumların internet səhifələri yaradılmışdır: Dövlət Məşğulluq Xidməti www.ses.gov.az, Dövlət Sosial Təminat Xidməti www.dstx.mlspp.gov.az, Dövlət Əmək Müfəttişliyi Xidməti http://slis.mlspp.gov.az/. Adıçəkilən elektron səhifələrdə qurumların fəaliyyətləri ilə bağlı məlumatlar müntəzəm şəkildə yerləşdirilir. 13


Elektron xidmətlər


  1. ÜSY üçün müraciət

Bu elektron xidmətin aşağıdakı üstünlükləri vardır: Xidmətin əlçatanlığı; müraciətin elektron formatda yazılması; skaynerdən keçirilərək müraciətə əlavə olunması tələb olunan 10 sənədin siyahısının göstərilməsi.
Çatışmamazlıqları isə aşağıdakılardır: Müraciətçilərin razılıq səviyyəsini ölçən mexanizm mövcud deyil; elektron nüsxələri digər dövlət qurumlarından əldə oluna biləcək sənədlərin (məsələn, nikah, doğum, boşanma haqqında şəhadətnamə, ailə tərkibi haqqında arayış) skaynerdən keçirilmiş forması müraciətçilərdən tələb olunur; istifadəçi müraciətə cavab verən məmurla birbaşa ünsiyyət qura bilmir. Baxmayaraq ki, bu xidmət mövcud qanunvericiliklə ÜSY üçün nəzərdə tutulmuş yeganə xidmətdir,14o vahid e-hökumət portalına qoşulmamışdır.15


Dövlət institutlarının şəffaflığı və hüsabatlılığı

Nazirlik xidmətləri ilə bağlı şikayətlərin təhlilini həyata keçirmir. Lakin, ŞA-nın tövsiyələrinə uyğun olaraq, Nazirlik ÜSY alan vətəndaşların siyahısını öz vebsaytında yerləşdirmişdir ki, bu da institusional şəffaflıq və hesabatlılıq istiqamətində mühüm addımdır.16
Nəticə
2011-ci ildə Nazirin qərarı ilə Əmək Nazirliyinin nəzdində İctimai Şuranın və 4 işçi qrupun təsis edilməsindən bəri nazirlik ümumən innovativ ideyalara açıq olmuş və vətəndaş cəmiyyətilə əməkdaşlığa maraq göstərmişdir. 17 ÜSY-ın təyin edilməsinə vətəndaş cəmiyyəti nəzarət mexanizmləri digər qurumlar tərəfindən də tətbiq olunmuşdur.
İctimai xidmətlərin vətəndaş cəmiyyətinə ötürülməsi praktikasının digər dövlət qurumları tərəfindən müvafiq sosial sahələrdə tətbiq olunması zəruridir.
Nazirliyin kifayət qədər məlumatlandırıcı elektron səhifəsi, o cümlədən nazirlikdaxili qurumların xüsusi internet səhifələri mövcuddur. ALAC müraciətçilərinin şikayətlərindən göründüyü qədər kiçik korrupsiya halları geniş yayılsa da, nazirlik öz əməkdaşları arasında şəffaflığı təmin etmək və korrupsiya hallarını azaltmaq üçün tədbirlər görür.
Hüquqi baza kifayət qədər tənzimlənir və təkmilləşdiriləcəkdir.
ÜSY üçün internet xidmət elektron müraciətdən ibarətdir və özü-özlüyündə elektron xidmət hesab oluna bilməz. Elektron müraciət vahid e-hökumət portalına qoşulacaq.
Hökumətin “birinci nəsil” sosial yardım formatından (və ya ÜSY) yoxsulluğun köklərini və sosial ödənişlərdən asılılığı aradan qaldıran səmərəli alət kimi “ikinci nəsil” (yeni sahibkarlıq fəaliyyətinə birdəfəlik dəstək) yanaşmasına keçməsi niyyətini ŞA dəstəkləyir.18
Mənbələr:
Azərbaycan qanunvericiliyi (bax: istinadlar),

ŞA Bakı, Gəncə və Quba ALAC mərkəzlərinin təcrübəsi,

Nazirliyin elektron səhifəsi,

Nazirlikdən 13.03.2012 – N-07/6-2-328; 27.09.2013, No 02/127 tarixli məktublar,

Nazirlik ilə 23.10.2013 tarixində email yazışması,

Dünya Bankı Qrupu – Azərbaycan Tərəfdaşlıq Proqramına Baxış, Sosial Müdafiə İnkişaf Layihəsi, aprel 2013, www.worldbank.org



Ədliyyə Nazirliyi
Giriş

ŞA-nın əsas məqsədi səmərəli notarial xidmətlərin göstərilməsini təşkil edə bilmək üçün höküməti həvəsləndirmək və yardım göstərməkdir. Burada xüsusi diqqət özəl notariuslar tərəfindən göstərilən xidmətlərə yönəlib.


ALAC layihəsi xətti ilə verilən tövsiyələrin icra vəziyyəti
Ədliyyə Nazirliyi ilə bu istiqamətdə ilk tədbir 26 Aprel 2012-ci il tarixində keçirilib. 11 Mart 2013-cü il tarixində keçirilən ikinci dəyirmi masaya qədər Ədliyyə Nazirliyi tərəfindən aşağıdakı tövsiyələr icra olunmuşdur.
Hüquqi çərçivə

Tövsiyələrin Notariat Haqqında qanuna əlavələrin edilməsi ilə bağlı olmasına baxmayaraq, ŞA-nın bu istiqamətdə atılan addımlar barəsində məlumatı yoxdur. Bununla belə verilən əsas tövsiyələrdən biri olan notariat xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər görülüb. Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə (zərurət olduqda Mülki Məcəllənin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.19,20 Bundan başqa nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsinə dair etibarnaməni təsdiq edərkən, notarius sənədin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil edir və daha sonra bu məlumat Daxili İşlər Nazirliyinin məlumat bazasına daxil edilir.21 Bu təcrübə heç bir çətinlik olmadan geniş istifadə olunur.22.
İnstitusional çatışmazlıqlar

ŞA tərəfindən edilən tövsiyələrdən digəri notarial əmliyyatların notariuslarla yanaşı ASAN mərkəzləri tərəfindən göstərilməsinin təmin edilməsi ilə bağlı idi. Hökumətin qərarına əsasən23, 2012-ci ilin sonlarından etibarən notariatlar ASAN mərkəzlərində fəaliyyətə başlayıb. ŞA tərəfindən təsadüfi qaydada ASAN mərkəzlərdə aparılan monitorinq24 göstərir ki, əhali tərəfindən bu xidmətə böyük tələb var və bir çox hallarda bu xidmətdən istifadə edə bilmək üçün uzun növbələr yaranır. ASAN mərkəzlər xidmətlər müqabilində əlavə xidmət haqqı tətbiq etsə də, insanlar bu xidmətdən istifadəyə daha çox maraq göstərirlər. Tərifə layiq məqamlardan biri odur ki, ASAN mərkəzlər tərəfindən göstərilən xidmətlərdən istifadə edən sağlamlıq imkanları məhdud şəxslər əlavə xidmət haqqı ödəməkdən azaddırlar.25


Əməkdaşlar üçün təlim proqramları təşkil etmək məqsədilə, Ədliyyə Nazirliyi notariusların oxşar uğurlu struktura malik ölkələrə səfərlərini təşkil etmiş və onların təcrübələrini öyrənməyə şərait yaratmışdır. 2012-ci ilin noyabrında Gürcüstanın Ədliyyə evinə səfər təşkil edilmişdir. Bununla yanaşı nümayəndələr 2012-ci ilin iyununda Qazaxıstanda, dekabr ayında isə Ukraynada keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər.
Digər tövsiyələrdən biri, notariuslar tərəfindən göstərilən xidmətlər, tariflər barədə məlumat verən eyni zamanda xidmətlərə görə ödəniş qəbul edən elektron kioskların yerləşdirilməsi ilə bağlı idi. Bu kimi kiosklar yerləşdirilsə də, ilk vaxtlar bunlardan nə əməkdaşlar, nə də müştərilər istifadə edə bilmirdilər.26 Amma hazırda kiosklar istifadə olunur, müştərilərin bu kiosklar vasitəsilə ödənişləri edə bilməsi və məlumat almalarını asanlaşdırmaq məqsədi ilə notariat kontorları ya özləri işçi ayırır, ya da müvafiq banklarla razılıq əldə edərək onlar tərəfindən bir işçinin bu işə ayrılmasını təmin edir.27 Notariat Kontorlarının texniki infrastrukturu gücləndirilib. Mərkəzlər bütün lazımı texnika ilə təchiz edilib və Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində yaradılan ümumi informasiya sisteminə qoşulublar.

ŞA belə hesab edirdi ki, xüsusi notariat kontorları, dövlət kontorları ilə (dövlət tərəfindən maliyyələşən) müqayisədə əlverişsiz mövqeyə malikdirlər. Təklif edilir di ki, özəl notariusların maliyyə sabitliyini təmin edə bilmək üçün tariflər artırılsın. Qanunvericiliyə edilən müvafiq dəyişiklərdən sonra dövlət rüsumları artırılıb.28

Xüsusi notariusların sayının artırılması rəqabətlilik mühitinin yaradılması və dövlət notariuslarının daha səmərəli fəaliyyət göstərməsi üçün effektiv stimullardan biri hesab olunurdu. 2013-cü ilin iyun ayının sonuna olan məlumatlara görə ümumi notariat kontorlarının üçdə biri xüsusi əsaslarda fəaliyyət göstərir ki, bu da edilən tövsiyənin qəbul edildiyini göstərir29.
Qaynar Xətt

Nazirliyin qaynar xəttinin effektivliyinin arıtılması üçün ŞA tərəfindən bir neçə təklif verilib. Qaynar xəttin effektivliyinin artırılması üçün Nazirlik tərəfindən bir sıra addımlar atılsa da30 bunlar barədə ictimai məlumatlılıq aşağı olub. Aşağıda qeyd olunan bir sıra tövsiyələrin - qaynar xətlərə edilən zəngləri cavablandıran əməkdaşların təlimlərə cəlb edilməsi; qaynar xəttin fəaliyyətinə nəzarət və səmərəliliyini qiymətləndirmək məqsədilə ayrıca bölmənin yaradılması; qaynar xətlərə edilən müraciətlər və şikayətlərin təhlilini özündə əks etdirən hesabatların dərci, qəbul edilib-edilmədiyi ilə bağlı yekun fikir bildirmək mümkün deyil.


Veb səhifə

ŞA tərəfindən veb səhifənin inkişaf etdirilməsi ilə bağlı verilən tövsiyələr uğurla icra olunub və yeni bölmələr əlavə olunub.


Elektron xidmətlər

Notariatlarda görüş vaxtının müəyyən edilməsi üçün elektron müraciətin qəbulu, Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində Elektron Notarius xidmətininin formalaşdırması məqsədilə ilə həyata keçirilən ilk xidmətdir31.


Dövlət qurumlarının şəffaflığı və hesabatlılığı

ŞA bu qurumalarda şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə, nazirlik və qeyri hökumət təşkilatlarının iştirakı ilə televiziya və radio verilişlərinin hazırlanması təklifini irəli sürüb. Bu tövsiyənin qəbul olunub-olunmaması ilə bağlı məlumat mövcud deyil.


Eyni zamanda işə qəbul prosesi sadələşdirilib və seçim prosesini onlayn qaydada izləmək mümkündür32.
Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin