Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ



Yüklə 2,15 Mb.
səhifə20/32
tarix14.01.2017
ölçüsü2,15 Mb.
#297
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

MACARISTAN: Macarıstan Almaniyanın satilleti idi. 1944-cü ilin sonunda Macarıstan müstəqil milli cəbhəsi yaradıldı. 1944-cü ilin dekabrında Debretsendə Müvəqqəti Məclis Müvəqqəti Milli hökumət təşkil etdi. Tərkibinə kommunist, sosialist və milli-kəndli partiyasının nümayən­dələri daxil oldular. Bu hökumət Almaniyaya müharibə elan etdi. 1945-ci il mart ayının 17-də hökumət iri torpaq mülk­lərinin ləğv edilməsi və torpaqların kəndlilərə verilməsi haqqında dekret verdi. 600 min kəndli ailəsi torpaq aldı. 1945-ci ilin aprelində. Macarıstan faşistlərdən tam azad edildi. 1945-ci ilin noyabrında keçirilən parlament seçkilərində Xırda kəndli sahibkarlar partiyası 57%, kommunistlər 17% səs aldılar. Yeni hökumətə Xırda kəndli sahibkarları partiyasının nümayəndəsi E.Tildi başçılıq etməyə başladı.

1945-ci ilin dekabrında bütün kömür şaxtalarının milliləşdirilməsi haqqında dekret qəbul edildi. 1946-cı il fevralın 1-də Macarıstan respublika elan edildi. Onun prezidenti E.Tildi seçildi. ABŞ və İngiltərə Macarıstanla diplomatik münasibətlər yaratdı. Macarıstanda əsas diqqət iqtisadiyyatın normal hala düşməsinə verildi. 1946-cı il avqustun 1-də ölkədə maliyyə islahatı keçirildi. 1946-cı il sentyabrın 28-də keçirilən Macarıstan Kommunist Partiyasının III qurultayında üçillik plan bəyənildi. 1946-cı ilin dekabrınadək 14 iri müsəssisə milliləşdirildi.

Sağ mühafizəkar qüvvələr Macar İcması Təşkilatını yaratdılar. Onun başçısı F.Nad idi. 1947-ci il iyunun 3-də Xırda kəndli sahibkarları partiyasının sədri sol cərəyana rəhbərlik edən Dobi oldu. Hökumətə isə Dinyeş rəhbərlik etməyə başladı.

1947-ci il avqustun 31-də Dövlət Məclisinə seçkilər keçirildi. Hökumətin başçısı yenidən Dinyeş oldu. 1947-ci il noyabrın 21-də bankların milliləşdirilməsi haqqında qanun verildi. 1947-ci ildə Macarıstan Xalq Respublikası elan edildi. 1948-ci il iyunun 12-si ilə 14-ü arasında MKP və MSDP-nin birgə qrurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası adlandı. Sədri Şakaşiç, baş katib isə M.Rakoşi oldu. 1948-ci ildə Sakaşiç prezident seçildi. Y.Dobi isə hökumətin başçısı oldu. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respub­lika­sı­nın Konstitusiyası qəbul edildi.

1948-ci il fevralın 18-də Macarıstanla SSRİ arasında qarşılıqlı yardım və dostluq sazişi bağlandı. Macarıstan 1947-ci ildə Yuqoslaviya, 1948-ci ildə Rumıniya, Polşa, Bolqarıstan, 1949-cu ildə Çexoslovakiya ilə də müqavilələr bağladı.

1953-cü ilə qədər Macarıstanda Zəhmətkeşlər Partiya­sının lideri olan Rakoşinin şəxsiyyətinə pərəstiş hökm sürürdü. 1953-cü ildə Macarıstanda hökumətə başçılıq edən İmre Nad azad fikirlilik tərəfdarı olduğuna görə 1955-ci ildə vəzifəsindən azad edildi. Stalinin ölümündən sonra demokratiyanın SSRİ-də nisbətən genişlənməsi 1956-cı ilin oktyabrında Macarıstanda da sosializmə qarşı hərəkatın baş verməsinə səbəb oldu. İmre Nad 1956-cı il oktyabrın 23-də hökumətə qayıtdı. O, ölkədə çoxpartiyalılığa yol verildiyi, Macarıstan Zəhmətkeşlər partiyasının buraxılması, birpartiyalı sistemin ləğv edilməsi barədə qərar qəbul edildi. Lakin bu, SSRİ rəhbərliyi tərəfindən oktyabrın 30-da «əks-inqilabi qiyam» kimi qeyd olundu. Macarıstan Varşava müqaviləsindən çıxdığını bildirdi. Noyabrın 1-də İmre Nad tələb etdi ki, Sovet qoşunları Macarıstandan çıxarılsın. SSRİ bununla razılaşmadı. Noyabrın 4-də Macarıstana sovet tankları yeridildi və Macarıstanda azad fikirliliyə son qoyuldu. İmre Nad edam edildi. 1956-cı ildən 1988-ci ilə qədər Macarıstanda hakimiyyətə Y.Kadar başçılıq etdi. Onun şüarı belə idi: «Kim bizimlədirsə, biz onunlayıq!»

Macarıstanda 70-ci illərdə aqrar sənaye kompleksləri inkişaf etdi. Əhalinin təchiz olunmasının və xidmət sahəsinin yaxşılaşması, sənaye kooperasiyalarının inkişafı xırda ticarət məntəqələrinin, ictimai iaşə müəssisələrinin xüsusi şəxslərə verilməsinə səbəb oldu. Lakin Macarıstan iqtisadiyyatı 80-ci illərin ortalarında bütövlükdə çətin vəziyyətə düşdü. Xarici borclar vəziyyəti daha da çətinləşdirirdi. Ölkə rəhbərliyi 80-ci illərin sonunadək radikal dəyişikliklərə girişməyə cəsarət etmədi. 1988-ci ildə Y.Kadar vəzifəsindən uzaqlaşdırıldı. Onu Karoy Qros əvəz etdi. Lakin o da bu vəzifədə çox qala bilmədi. 1987-ci ilin sonunda meydana gəlmiş Macarıstan Demokratik Forumu 1990-cı ilin yazında parlament seçkilərində birinci yeri tutdu. O, hüquqi dövlət yaradılması, demokratik özünüidarə, zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi, bazar iqtisadiyyatına keçmək uğrunda çıxış edirdi. Jozef Antall xırda sahibkarlar partiyası və başqa partiyalarla birlikdə koalision hökumət yaratdı. MSP-nin deputatları parlamentdə müxalifətdə qaldılar. MSFP isə parlamentdə heç bir yer tuta bilmədi.

80-ci illərin ikinci yarısında dünyada və Avropada baş verən sosial-siyasi proseslər Macarıstandan da yan keçmədi. 1989-cu ildə 1956-cı il hadisələrinə haqq qazandırıldı. İmre Nad bəraət aldı. Oktyabrın 23-ünün macar xalqının milli bayramı kimi qeyd edilməsi qərara alındı. 1990-cu ildə prezident vəzifəsi təsis edildi. Macarıstanın ilk prezidenti Arpad Gents oldu. Yeni konstitusiya qəbul edildi. Konstitusiyaya əsasən o, Macar Respublikası adlandı. Macarıstan investisiya qoyuluşuna görə sosialist ölkələri arasında birinci yeri tutdu. Ona 18 milyard dollar investisiya qoyulmuşdu. Macarıstan ATƏT, Avropa Şurası, Aİ, 1999-cu ildən isə NATO-nun üzvüdür.



RUMINİYA: İkinci Dünya müharibəsində Rumıniya Almaniyanın satilleti idi və ölkədə Antonesko diktaturası hökm sürürdü. Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi. Birinci hökumətin başçısı kral Mixay oldu. Müharibə nəticəsində Rumıniyadan 170 min nəfər öldü, itkin düşdü və yaralandı. Faşist diktaturası devrildikdən sonra demokratik partiya və təşkilatların nüfuzu sürətlə artdı. 1947-ci il yanvarın 4-də xalq kütlələrinin təzyiqi altında kral hökuməti yenidən təşkil etdi. Hökumətin başçısı general P.Redesku təyin edildi. Lakin bu hökumət kütlələrə qarşı hücuma keçdi. 1945-ci il fevral ayının 24-də 500 min əhali nümayişə çıxaraq hökumətin istefasını tələb etdi. Nümayişçilərə atəş açıldı. Lakin hökumət də istefaya getməyə məcbur oldu. 1945-ci il mart ayının 6-da Rumıniyada Əkinçilər cəbhəsinin lideri Petra Qrozanın başçılığı altında Milli-demokratik cəbhə hökuməti təşkil edildi. Ölkədə sosial-iqtisadi və sosial dəyişikliklərin keçirilməsi prosesi gücləndi . Ən mühüm addım aqrar islahatın keçirilməsi idi. 918 min aztorpaqlı və torpaqsız kəndli torpaqla təmin edildi. Mülkədarlar sinfi ləğv edildi. 8 saatlıq iş günü tətbiq edildi, sosial sığorta sistemi yaradıldı, bərabər əməyə görə bərabər əmək haqqı verilməyə başladı. Müəssisələrdə fəhlə nəzarəti qoyuldu. SSRİ Rumıniyaya dəmir yollarını bərpa etməkdə kömək göstərdi. 1945-ci il avqustun 6-da SSRİ ilə Rumıniya arasında diplomatik münasibətlər yaradıldı. 1945-ci ilin dekabrında İngiltərə və ABŞ da Rumıniya ilə diplomatik münasibətlər yaratdı.

1945-ci ilin oktyabrında Kommunist Partiyasının baş katibi G.Georgiy-Dej seçildi.

1946-cı il iyulun 11-də Rumıniyada seçki qanunu qəbul edildi. Qadınlara və hərbi qulluqçulara seçki hüququ verildi. Faşistlər və satqınlar seçki hüququndan məhrum edildilər. 1946-cı il noyabr ayının 19-da keçirilən parlament seçkilərində demokratik partiyaların bloku 414 yerdən 348-ni tutdu. 1946-cı il dekabın 20-də parlament Milli Bankın milliləşməsi haqqında qanun qəbul etdi. Pul islahatı keçirildi. 1947-ci ilin iyulunda Milli-saranist partiyasının fəaliyyəti qadağan edildi. Milli liberal partiyası isə özü-özünü buraxdı. Caranistlər parlamentdən və hökumətin tərkibindən çıxarıldılar. Yeni təşkil edilmiş hökumətin tərkibinə kommunistlər, sosial-demokratlar və əkinçilər cəbhəsinin nümayəndələri daxil oldular. Demokratik hərəkatın yüksəlişi şəraitində kral Mixay taxtdan əl çəkməyə məcbur oldu.

1947-ci ildə Rumıniya Xalq Respublikası elan edildi və onun ilk rəhbəri Georgiy Dej oldu. SSRİ-nin fəal köməyi nəticəsində Rumıniyada kommunistlər hakimiyyətə gəldilər və ölkədə 1948-ci ildən 1989-cu ilədək birpartiyalı sistem hökm sürdü.

50-ci illərdə ölkədə sosial-iqtisadi islahatlar keçirildi. Sənaye, nəqliyyat və banklar milliləşdirildi. Aqrar islahat keçirildi. Rumıniya 1949-cu ildə Qarşılıqlı İqtisadi Yardım Şurasına, 1955-ci ildə isə Varşava müqaviləsi təşkilatına və BMT-yə üzv oldu. Müharibədən qabaq Macarıstana verilmiş Transilvaniya yenidən Rumıniyaya qaytarıldı. 1965-ci ildən 1989-cu ilə qədər Rumıniyada Nikolaye Çauşeskunun diktaturası hökm sürdü. Bəzi rümın tarixçiləri bu dövrü «qızıl dövr» kimi xarakterizə edirlər. 70-80-ci illərdə Avropadakı sosialist ölkələri içərisində Rumıniya yeganə ölkə idi ki, 20 milyard dollara qədər xarici borclarını ödəmişdi. Rumıniyada sənayenin ən çox inkişaf etdiyi sahə neft sənayesi idi.

1985-ci ildə SSRİ-də baş verən dəyişikliklər Rumıniyadan da yan keçmədi. Belə ki, Çauşeskunun diktatura­sına qarşı xalq hərəkatı gücləndi. 1989-cu il dekabrın 5-də Tran­sil­vaniyadakı Timişoar şəhərində güclü nümayişlər baş verdi. Bu nümayişlər bütün ölkəni bürüdü və 1989-cu il de­kabrın 21-də N.Çauşesku və onun arvadı Yelena Çauşeskunun gül­lə­lənməsi ilə nəticələndi. 1965-ci ildən mövcud olan Rumıniya Sosialist Respublikasına və 1974-cü ildə təsis edilmiş prezidentlik vəzifəsinə son qoyuldu.

1990-cı ildə Milli Qurtuluş Cəbhəsinin lideri İ.İliyesku prezident seçildi. Ölkədə Milli Qurtuluş Cəbhəsinin rəhbərliyi altında yeni cəmiyyətin yaradılması başlandı. Bazar iqtisadiyyatına keçildi. Köhnə dövlət qurumları ləğv edildi. Kommunist Partiyası buraxıldı. Dövlətin adı dəyişdirildi, Rumıniya Respublikası adlandırıldı. Siyasi plüralizmə keçildi. Xalq təsərrüfatının yenidən qurulması başlandı 1990-cı ildə Müvəqqəti Milli Birlik Şurası yaradıldı. Bununla belə, ölkədə iqtisadi və siyasi böhran artdı, sosial gərginlik yarandı. Rumın-macar millətlərarası ixtilaflar gücləndi. Siyasi qüvvələrin yenidən qruplaşması və siyasi partiyaların formalaşması prosesi başladı.

1992-ci ildə keçirilən yeni prezident seçkilərində Milli Qurtuluş Cəbhəsinin rəhbərlərindən olan İ.İliyesku yenidən Rumıniyanın prezidenti seçildi. 1992-ci il prezident seçkilərindən sonra ölkədə iqtisadi böhranı və siyasi çətinlikləri aradan qaldırmaq üçün ciddi-cəhdlər göstərildi və bu problemləri qismən də olsa, həll etmək mümkün oldu. 1995-ci ildə ölkənin yeni Konstitusiyası qəbul edildi. 1996-cı ildə keiçrilən prezident seçkilərində Demokratik Konvensiya hərəkatının lideri Emil Konstantinesku qələbə çaldı. 2000-ci ildə yenidən İ.İlyesku prezident seçildi. Rumıniyada bazar iqtisadiyyatına keçilməsi üçün islahatlar aparıldı. Dövlət müəssisələri səhmdar şirkətlərinə çevrildi.

Rumıniya xarici siyasətində daha çox Qərbə meyl edir. Avropa Şurasının, Avropa İttifaqının, ATƏT-in üzvüdür. Rumıniya Qara Dəniz ölkəsi kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının da fəal üzvlərindəndir. Rumıniya Moldaviya ilə iqtisadi inteqrasiya və «ümumi mədəni və mənəvi məkan»ın yaradılmasına xüsusi diqqət yetirir.

BOLQARISTAN: İkinci Dünya müharibəsi başlanana qədər Bolqarıstanın dövlət quruluşu monarxiya idi. Ölkənin çarı Boris idi. Bolqarıstan, Almaniyanın satilleti olsa da, SSRİ-yə qarşı müharibədə iştirak etmədi. SSRİ isə 1944-cü il sentyabrın 5-də Bolqarıstana müharibə elan etdi. Sentyabrın 9-da Bolqarıstanın paytaxtı Sofiyada Kommunist İnterna­sionalının rəhbərlərindən biri olan, Reyxstaqın yandırıl­massı­nda günahlandırılan Georgi Dmitrovun başçılığı altında üsyan baş verdi. Bolqarıstan Avropadakı sosialist ölkələri arasında bi­rinci sosializm quruculuğuna başlayan ölkə oldu. Ölkədə 1944-cü ildən 1989-cu ilədək kommunistlərin təkbaşına hakimiyyəti hökm sürdü. 1945-ci ilin martında kənddə kooperativlər təşkil etmək haqqında qanun verildi. Bu kooperasiyalar kəndli təsər­rüfat­larını birləşdirirdi.

1945-ci ilin mart ayında Vətən cəbhəsinin I konqresində kənd təsərrüfatının bərpası məsələsi ön plana çəkildi. ABŞ və İngiltərənin köməyi ilə mühafizəkar dairələr Vətən Cəbhəsini parçaladılar. 1945-ci il iyunun 6-da verilmiş qanuna görə 19 yaşına çatmış bütün qadınlara, hərbi qulluqçulara seçki hüququ verildi. İyunun 26-da hökumət özəl sənaye və ticarət üzərində nəzarət haqqında qanun qəbul etdi. 1945-ci il avqustun 17-də müxalifət əhvali-ruhiyyəli nazirlər istefaya çıxdılar. ABŞ və İngiltərə isə Bolqarıstanla sülh sazişi bağlamaqdan imtina etdiklərini elan etdilər.

1945-ci il noyabrın 18-də keçirilən seçkilərdə xalqın 88%-i Vətən cəbhəsinə səs verdi. Xalq məclisinin sədri V.Kolarov seçildi. Xalq məclisi antikapitalist xarakter daşıyan qanunlar qəbul etdi.

1947-ci il ərzində 126 min kəndli torpaq aldı. Bolqa­rıstanın dövlət quruluşunun necə olması haqqında 1946-cı il sentyabrın 8-də referendum keçirildi. Əhalinin 92,7%-i respub­likaya səs verdi. 1946-cı il senytyabrın 15-də Bolqarıstan Xalq Respublikası elan edildi. 1946-cı il oktyabrın 27-də Böyük Xalq Məclisinə keçirilən seçkilərdə kommunistlər 60 % səs aldılar. Yeni hökumətə Dmitrov başçılıq etdi. Kolarov xarici işlər naziri oldu. ABŞ və İngiltərə Bolqarıstanı tanıdılar.

1947-ci ilin fevralında ölkədə pul islahatı keçirildi. 1947-ci il aprelin 1-də Böyük Xalq Məclisi 1947-1949-cu illəri əhatə edən üçillik plan qəbul etdi. Böyük Xalq Məclisi 1947-ci il avqustun 26-da Petkovun başçılıq etdiyi Əkinçilər İttifaqını qadağan, onun deputat yerlərini isə ləğv etdi. 1947-ci il dekabrın 4-də Bolqarıstanın yeni Konstitusiyası qəbul edildi. 1948-ci ilin fevralında Vətən cəbhəsinin II konqresi oldu. 1948-ci ilin iyununda Vətən cəbhəsinin bir milyona yaxın üzvü var idi. Vətən cəbhəsi Demokratik partiya ilə birləşib, 1948-ci il avqustun 11-də Bolqarıstan Kommunist Partiyası (BKP) adlandı. 1949-cu ilin əvvəlində «Zveno» və Radikal partiya da özünü buraxdı.

1948-ci ildə Bolqarıstanda xalq təsərrüfatının bərpasına başlanıldı. Böyük Xalq Məclisi 1949-1953-cü illər üçün beşillik plan qəbul etdi.

1949-cu il iyulun 2-də G.Dmitrov öldü. Hökumətin başçısı V.Kolarov oldu. 1950-ci ilin əvvəllərində Kolarov da öldü. Hökumətin başçısı Çervenko oldu. O, həmçinin BKP-nin baş katibi oldu. 1953-cü ilə qədər o, bu vəzifədə qaldı. 1954-cü ildə Teodor Jivkov BKP-MK-nın baş katibi seçildi. 1962-ci ildən isə o, ölkənin baş naziri də təyin edildi.

50-ci illərdə Dmitrovqradda Kolarov adına elektromaşn qayırma zavodu tikildi. 1952-ci il mayın 12-də pul islahatı keçirildi. Ölkədə savadsızlıq ləğv edildi. 1953-1957-ci illəri əhatə edən yeni beşillik plan qəbul edildi.

50-ci illərdə Bolqarıstanın beynəlxalq əlaqələri genişləndi. 1960-cı ildə SSRİ Bolqarıstana 650 mlrd. rubl kredit verdi. Yuqoslaviya, Yunanıstan və Türkiyə ilə əlaqələr genişləndi. ABŞ 1950-ci ildə Bolqarıstanla əlaqələri kəsdi. Ancaq 1959-cu ildə yenidən bərpa etdi. 1959-cu ildə ölkədə inzibati təsərrüfat bölgüsü aparıldı.

1961-1965-ci illərdə Bolqarıstanda 4-cü beşillik plan qəbul edildi. Kreminov metallurgiya, Buynas neft-kimya kombinatı, Rusda mis-elektrik mərkəzi, «Vostok» komür-energetik kombinatı bu dövrdə inşa edildi. Beşillik dövründə sənaye 74%, kənd təsərrüfatı isə iki dəfə artdı. 1966-1970-ci illəri əhatə edən beşinci beşillik plan qəbul edildi. 1970-ci ildə ölkədə 170 aqrar-sənaye kompleksi fəaliyyət göstərirdi. Bolqarıstan ən çox aqrar sahənin inkişaf etdiyi ölkə idi. Burada turizm də inkişaf etmişdi.

Bolqarıstan əvvəlki kimi Balkanlarda sabitliyin artmasına xüsusi fikir verir, Rumıniya, Yuqoslaviya, Yunanıstanla əlaqələri inkişaf etdirirdi. 1984-cü ildə Bolqarıstan xarici ölkələrə 84 növ sənaye məhsulu göndərir, 43 mlrd.kv. saat elektrik enerjisi, 39 mln. ton kömür, 2,8 mln. ton polad, 3,2 mln.ton prokat istehsal edirdi.

1962-cı ildən 1989-ci ilə qədər Bolqarıstanda hakimiyyətdə Teodor Jivkov oldu. 80-ci illərin xüsusilə ikinci yarısında ölkənin iqtisadi vəziyyəti pisləşdi, siyasi gərginlik artdı. 1989-cu ilin dekabrında rejimə qarşı müxalifət koalisiyası – «Demokrat Qüvələr İttifaqı» yarandı. İqtisadi və siyasi sistemin əsaslı surətdə yenidən qurulması başladı. Siyasi islahatlara 1989-cu ilin noyabrında T. Jivkovun vəzifəsindən götürülməsi, P.Mladenovun prezident seçilməsi ilə başlanıldı.

1990-cı ildə Bolqarıstanda çoxpartiyalılığa və bazar iqtisadiyyatına keçid baş verdi. 1990-cı ildə ölkənin yeni Konstitusiyası qəbul edildi. Bolqarıstanın 1990-cı ildə prezidenti Jelyu Jelev oldu. 1991-ci ildə keçirilən parlament seçkiləri nəticəsində hakimiyyət dinc yolla sosialistlərdən Demokratik Qüvvələr İttifaqına keçdi. Köhnə sistemin dağı­dılmasına başlanıldı. Demokratik prinsiplər möhkəmlən­dirildi. Qərbi Avropa və Şimali Atlantika bloku ölkələri ilə əmək­daş­lıq genişləndi. Bolqarıstan Avropa sosialist ölkələri içərisində birinci Avropa Şurasına üzv oldu.

1994-cü il parlament seçkilərində sosialistlər qələbə çaldılar. Lakin onların sosial yönümlü bazar iqtisadiyyatını tətbiq etmə cəhdləri uğur qazanmadı. 1997-ci ilin sonunda baş verən siyasi böhran növbədənkənar parlament seçkiləri keçirilməsinə səbəb oldu. Seçkilərdə Birləşmiş Demokratik Qüvvələr ittifaqı qələbə çaldılar və İ.Kostovun başçılığı altında hökumət təşkil edildi. İqtisadi böhrandan çıxmaq üçün proqram tərtib olundu və onun həyata keçirilməsi prosesində ilk dövrdə bir sıra nailiyyətlər əldə edildi. 1996-ci ildə Bolqarıstanda keçirilən prezident seçkilərində Pyotr Stoyanov qalib gəldi. 2001-ci ilin iyununda keçirilmiş parlament seçkilərində vaxtı ilə hakimiyyətdən devrilmiş çar Borisin tərəfdarları qələbə çaldılar. Boris Bolqarıstan hökumətinin başçısı oldu. Bolqarıstan ATƏT, Aİ-nin BMT-nin və bir çox beynəlxalq təşkilatların, o cümlədən, Qara Dəniz dövləti olduğu üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür. 2004-cü ildən isə o NATO-nun üzvüdür



YUQOSLAVİYA: Bəzən ədəbiyyatda Balkan imperiyası adlanan Yuqoslaviya Serbiya (onun tərkibinə muxtar ölkə olan Voyevodina və muxtar vilayət olan Mexe­tiya-Kosova daxildir), Çernoqoriya, Bosniya və Hersoqo­vina, Sloveniya, Xorvatiya, Makedoniyanın federativ əsasda birləşməsi nəticəsində yaranmışdır. Yuqoslaviyanın ən inkişaf etmiş respublikaları Sloveniya və Xorvatiya hesab edilir.

İosif Broz Titonun başçılıq etdiyi Yuqoslaviya Xalq Ordusu tərəfindən sovet qoşunlarının köməyi ilə 1944-cü ilin oktyabrında ölkə azad edildi. Müvəqqəti Xalq Skupşinası təşkil edildi və ölkədə sosial-iqtisadi və siyasi tədbirlər həyata keçirildi.

1945-ci ildə SSRİ ilə Yuqoslaviya arasında dostluq müqaviləsi bağlandı. Lakin az keçməmiş Yuqoslaviya ilə SSRİ arasında münasibətlər xeyli kəskinləşdi. Bunun səbəbi Balkanlarda İosif Broz Titonun şəxsi nüfuzunun son dərəcə güclənməsi idi. Tito istəyirdi ki, Bolqarıstan və Albaniyanın da daxil olduğu böyük bir Balkan ittifaqı ya­ratsın. Hətta o bu məqsədlə Albaniyaya Yunanıstanın guya təcavüzünü dəf etmək üçün qoşun da yeritdi. Bolqarıstanla isə birgə ittifaq haqqında müqavilə layihəsini hazırladı. Bu Stalini bərk narahat etdi və Titodan tələb etdi ki, belə hərə­kətindən əl çəksin. Hətta 1947-ci ildə yaradılmış sosia­list ölkələrinin Məlumat bürosu Yuqoslaviyada təftiş­çiliyi pislə­di. Onun «sovet modelini» qəbul etməməsini kəskin tən­qid edərək Yuqoslaviya rəhbərliyini «casuslar və qatillər bandası» ad­lan­dırdı. Buna cavab olaraq Yuqoslaviya Məlumat bürosun­dan çıxdı. 1949-cu ildə o, Qarşılıqlı Iqtisadi Yardım Şurasına da daxil olmadı.

1945-ci il avqustun 23-də ölkədə aqrar islahat keçirildi. MTS-lər təşkil edildi. 1960 min ha torpaq müsadirə edildi. 1946-cı il iyunun 18-də kooperativlər haqqında qanun qəbul edildi. Müharibədən sonra ölkənin vəziyyəti ağır idi. 1946-cı ildə İttifaq Plan Komissiyası yaradıldı. 1946-cı il dekabrın 5-də bütün xüsusi müəssisələr milliləşdirildi.

1945-ci ilin payızında Yuqoslaviyada yerli özünüidarə orqanlarına, Müəssislər məclisinə, İttifaq və milliyyətlər palatasına seçkilər keçirildi. Əhalinin 88%-i bu seçkilərdə iştirak etdi. 7,4 milyon əhalidən 6,5 milyonu Xalq Cəbhəsinə səs verdi. 1945-ci il noyabrın 29-da Yuqoslaviya Federativ Xalq Respublikası elan edildi. 1946-cı il yanvarın 31-də Skupşina Yuqoslaviyanın Konstitusiyasını qəbul etdi. Xalq Skupşinası dörd ildən bir seçilirdi. 1946-cı ilin yazında və yayında müxalifətçi qüvvələr fəallaşmaq istədilərsə də, məğlubiyyətə uğradılar. Ancaq bundan sonra demokrat, Serbiya xalq kəndli partiyası və digər müxalifətçi qruplar cəbhə daxilndə öz fəaliyyətlərini dayandırdılar. 1946-cı ildə əksinqilabi gizli təşkilatlar ləğv edildi. 1948-ci ilin 21-27 iyulunda keçirilən YKP-nin V qurultayı partiyanın yeni proqramını və nizamnaməsini qəbul etdi.

1947-ci ildə Yuqoslaviyanın iqtisadiyyatı müharibədən əvvəlki səviyyəyə çatdı. Aqrar siyasətin həyata keçirilməsində dəyişiklik edildi. Könüllülük prinsipi tətbiq olunmağa başladı. Torpaqların azad satışı başlandı.

1952-ci ilin noyabrında YKP-nin VI qurultayı çağrıldı. Partiyanın adı dəyişdirilərək YKİ (Yuqoslaviya Kommunistlər İttifaqı) adlandırılmağa başlandı. İ.Broz Tito baş katib seçildi. 1953-cü ildə qəbul edilmiş Konstitusiya qanunu ilə ictimai özünüidarə ləğv edilmiş oldu. İttifaq xalq Skupşinası iki palatadan – İttifaq Skupşinası və istehsalçıların palatasından ibarət oldu. Respublika prezidenti vəzifəsi təsis edildi. İ.Broz Tito prezident seçildi və hökumətin başçısı təyin edildi. Konstitusiyaya uyğun olaraq Nazirliklə birlikdə dövlət katibiliyi də təsis edildi. Bu dövrdə Xalq Cəbhəsi yenidən təsis edildi. O, Yuqoslaviya Zəhmətkeş xalqının sosialist ittifaqı adlanmağa başlandı. Yenidənqurulma dövründə antisosialist qüvvələr fəallaşdılar. 1955-ci ilin yaz-payızında və 1956-cı ildə YKİ texnokratları və yerliçilik meyllərini kəskin tənqid etdi.

50-ci illərin ortalarında Yuqoslaviyada sənaye məhsulu 3,1 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı isə 40% artdı. Elektrotexnika, kimya, metallurgiya sahələri sürətlə inkişaf etməyə başladı. 1957-61-ci illərdə yeni beşillik plan qəbul edildi. Müharibənin əvvəllrinə nisbətən 1961-ci ildə sənaye məhsulu 7,5 dəfə, milli gəlir 55% artdı.

1963-cü il iyun aynıda ölkənin yeni Konstitusiyası qəbul edildi. Yuqoslaviya Federativ sosialist respublikası adlandırıldı. 1963-cü ilin iyununda yenidən Tito prezident seçildi.

1960-cı illərin sonu və 70-ci illərin əvvəlində iqtisadi vəziyyət ağırlaşdı. 1950-1960-cı illərdə Yuqoslaviyanın xarici siyasətində dərin dəyişikliklər baş verdi. O, 1951-ci ildə ABŞ ilə hərbi yardım haqqında saziş bağladı. 1953-1954-cü illərdə Yuqoslaviya Türkiyə və Yunanıstanla Balkan ittifaqı yaratmaq haqqında saziş bağladı. 1954-cü ilin oktyabrında İtaliya ilə Triyest haqqında məsələni həll etdi. Kiçik bir hissə İtaliyaya, qalan hissə isə Yuqoslaviyanın idarəsinə verildi. 1953-cü ildə SSRİ Yuqoslaviya ilə münasibətini yaxşılaşdırmağa cəhd göstərdi. Ticarət sazişi imzalandı. 1955-ci ildə Belqradda Sovet hökumətinin nümayəndəsi oldu. 1956-cı ildə isə Tito başda olmaqla nümayəndə heyəti SSRİ-yə gəldi. Yuqoslaviya müşahidəçi kimi QİYŞ-da iştirak etməyə başladı. Misir və Hindistanla münasibətlər yaxşılaşdı. 1961-ci ilin sentyabrında Belqradda bloklara qoşulmayan dövlətlərin I konqresi keçirildi. Yuqoslaviya da onun üzvü oldu.

1971-ci ildə ölkədə iqtisadi vəziyyət çətinləşdi. Bir milyon adam xaricə iş dalınca getməyə məcbur oldu. İnflyasiya artdı. Xorvatiyada 1971-ci ildə separatist həyəcan başlandı. Xorvatiya, Bosniya və Hersoqovinada millətçi ünsürlər partiya və dövlət aparatında rəhbər vəzifələrdən çıxarıldılar.

1974-cü ilin fevralında Yeni Konstitusiya qəbul edildi. İki palata – İttifaq Skupşinası və respublika ölkələrinin Skup­şinası təsis edildi. 1974-cü ilin mayında İ.Broz Tito qeyri-məh­dud müddətə prezident seçildi.

1976-cı ilin iyulunda 1976-80-ci illəri əhatə edən beşillik plan təsdiq edildi. 1976-cı ilin noyabrın 26-da əmək haqqında qanun verildi. 1978-ci ilin 20-23 iyununda keçirilən YKİ-nin XI qurultayında sosialist özünüidarəsinə keçmək məsələsi müzakirə edildi.

70-ci illərdə SSRİ ilə münasibətlər xeyli yaxşılaşdı. İ.Broz Tito 1972, 1973, 1977, 1979-cu illərdə SSRİ-yə gəldi. 1981-ci ildə Yuqoslaviya ilə Sovet İttifaqı ara­sın­da iqtisadi və elmi-texniki əməkdaşlığa dair saziş bağ­landı. 1983-cü ildə Yuqoslaviyada Sovet ticarə­tinin həcmi 7 mlrd. dollar oldu. Lakin Əfqanıstan və Polşa məsələsinə münasibətdə Yuqoslaviya SSRİ-ni müdafiə etmədi.

1978-ci ildə Çinlə müqavilə bağlandı, 1977-1979-cu illərdə Belqradda 20 ölkənin, o cümlədən ABŞ və Kanadanın iştirakı ilə görüşlər keçirildi.

1980-ci ilin mayın 4-də İ.B. Tito öldü. Onun ölümündən sonra Yuqoslaviya Rəyasət heyəti və YKİ-nin Reyasət heyətinin sədrləri növbə ilə ölkəni və respublikaları idarə etməyə başladılar.

1980-ci illərin əvvəllərində Yuqoslaviyada iqtisadi vəziyyət kəskinləşdi. Xarici borclar artaraq 39,2 mlrd. dollara çatdı. Xalqın həyat səviyyəsi aşağı düşdü. Buna səbəb dünya bazarında rəqabətin artması, xarici ölkələrdən Yuqoslaviya iqtisadiyyatının asılılığı idi. 1980-ci ildə ixracı stimullaşdırmaq üçün müəyyən tədbirlər görüldü. Dinarın kursu bərpa edildi. 1983-cü ilin iyulunda Skupşina təcili görülməli tədbirləri təsdiq etdi. 1983-cü ildə Yuqoslaviya 12 kapitalist dövlətindən və 600 kommersiya bankından 4 mlrd. dollar kredit aldı. 1981-ci ilin martında Skunşina 1981-1985-ci illəri əhatə edən beşillik plan qəbul etdi.

1981-ci ildə Kosova Muxtar vilayətinin paytaxtı Priştinedə və digər şəhərlərdə albanlardan olan vətəndaşlar içərisində həyəcan başlandı. Orada fövqəladə vəziyyət elan edildi.

80-cı illərdə Avropanın sosialist ölkələrində baş verən hadisələr Yuqoslaviya Federativ respublikasına da təsir gös­tərdi və onun dezinteqrasiyasına (parçalanma) gətirib çıxart­dı. Bu proses hələ 70-ci illərin əvvəllərində Xorvatiyada başlamışdı. Belə ki, Xorvatiyada provaslav serblərlə katolik xorvatlar arasında milli zəmində münaqişə davam edirdi. Burada yaşayan müsəlmanlar da bu münaqişədən əziyyət çəkirdi. Artıq 80-cı illərin sonunda çoxdan yığılıb qalmış milli problemlər bir daha özünü göstərdi. Yeni iqlim 1991-ci ilin iyulunda Xorvatiya və Sloveniyanın öz müstəqilliklərini elan etməsinə imkan verdi. 1991-ci ilin noyabrında Make­doniya ittifaqdan çıxdığını bildirdi və öz müstəqilliyini elan etdi. 1992-ci ilin yanvarında isə Bosniya və Hersoqovina öz müstəqilliyini elan etdi. Ittifaqın tərkibində ancaq kom­munis­tlərin hakimiyyətdə olduğu Serbiya və Çernoqoriya qaldı. Bunlar ikisi birləşib 1992-ci ilin aprelində vahid dövlət yaratdılar və bu dövlət Yuqoslaviya adlandı. 1992-ci il martın 4-də Yuqoslaviya Bosniya və Hersoqovinaya qarşı təcavüzə başladı. Bunun üçün bəhanə oradakı serblərin müdafiə edilməsi oldu. Müsəlmanlarla xorvatlar birlikdə çıxış etdilər. «Müsəlman soyqırımı» beynəlxalq aləmdə çox böyük əks-səda doğurdu. BMT işə qoşuldu. ABŞ-ın fəal iştirakı ilə bu münaqişəyə son qoyuldu və 1995-ci ilin dekabrın 17-də ABŞ-ın Deyton şəhərində bu iki dövlət arasında sülh müqaviləsi bağlandı.

Serb millətçiləri və onların başında duran Slaboda Miloşeviç öz millətçilik ideologiyasından əl çəkmədi. Belə ki, 1998-ci ilin sonunda Serbiya müxtariyyət tələb edən Kosova albanlarına divan tutmaq üçün oraya qoşun yeritdi. Bu hadisə dünya ictimaiyyətini bərk narahat etdi. İş o yerə çatdı ki, NATO öz qoşunlarını yeritdi və Kosovada yerləşdirdi. 2008-ci ilin fevralın 17-də ABŞ və Aİ tərəfindən dəstəklənən Kosovo öz müstəqilliyini elan etdi. Rusiya və Serbiya bunun əleyhinə oldu.

Ümumyuqoslaviya bazarının dağılması, iqtisadi sanksiyaların tətbiqi və ölkə ərazisinin şiddətli bombalanması nəticəsində ölkədə hökm sürən iqtisadi böhran daha kəskin xarakter aldı. Siyasi qarşudurma da genişləndi. S.Miloşeviç isə Kosova albanlarının soyqırımının əsas təşkilatçısı kimi Haaqa məhkəməsinə verildi. 2002-ci ildə keçirilən prezident seçkilərində Yuqoslaviyada müxalifətin lideri Koştunsa prezident seçildi. Lakin Yuqoslaviya yenə də Avropanın və dünyanın “barıt çəlləyi” kimi qalmaqdadır. 2004-cü ildən Serbiya və Çernoqoriya müstəqil dövlət kimi fəaliyyət göstərirlər.


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin