Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


İsveçrə XX əsrin 70-ci illərində



Yüklə 2,15 Mb.
səhifə25/32
tarix14.01.2017
ölçüsü2,15 Mb.
#297
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

İsveçrə XX əsrin 70-ci illərində

70-ci illərin əvvəl­lərində baş verən iqtisadi böhran İsveç­rəyə o qədər də təsir etmədi. Bu dövrədə ölkənin iqtisadiyyatı yüksək sürətlə inkişaf edirdi.

İsveçrədə istifadəyə verilmiş dörd atom elektrik stansiyası ölkədə istifadə edilən bütün elektrik enerjisinin ¼-ni verirdi. 1973-cü ildə Niderland-İtaliya qaz kəmərinin çəkilişi başa çatdı. Bu kəmərin İsveçrə ərazisindən keçməsi ölkənin təbii qazla təmin edilməsini daha da asanlaşdırdı.

1974-cü ildə ölkədə iqtisadi inkişafda ləngimə başlandı. Sənaye məhsulu istehsalının həcmi 1975-ci ildə 13% endi.

Xüsusilə saat və metal emalı sənayesinin məhsulları azaldı. Ticarət döv­riy­yəsi aşağı düşdü. Sənayedə işləyən fəhlələrin sayı 10% azaldı. 1975-ci ildə işsizlərin sayı 26 minə, qismən işsizlərin sayı isə 137 minə çatdı. 100 min xarici vətəndaş işini itirərək 1975-ci ildə İsveçrəni tərk etdi. Qiymətlər qalxdı, inflya­siya gücləndi. İsveçrə çox çətinliklə 1974-1975-ci illərdə iqtisadi böhrandan çıxa bildi. 70-ci illərin ikinci yarısında ölkədə iqtisadi inkişaf ləng gedirdi.

İqtisadi böhranla əlaqədar olaraq 1974-1975-ci illərdə hökumət bir sıra qanunvericilik aktları işləyib hazırladı və onlar parlament tərəfindən bəyənildi. Sosial təminat üçün ayrılmış dövlət xərcləri ixtisar edildi, vergilər artırıldı. Bu isə tətillərə gətirib çıxartdı. Həmkarlar ittifaqları hökumətin bu siyasətini kəs­kin tənqid etdi. 1974-cü ilin dekabrın 8-də ölkədə dolayı vergilərin artırılmasını nəzərdə tutan maliyyə islahatı ilə əlaqədar referendum keçirildi. Ölkə əhalisinin əksəriyyəti bu islahatın əleyhinə olduğunu bildirdi. 1976-cı ildə zəhmət­keş­lərin təzyiqi altında hökumət 12 aydan 18 aya qədər qis­mən işsiz qalanlar üçün müa­vinatın ödənmə müddətini uzatdı. 1978-ci ildə keçirilən referendumda əhali qocalığa və şikəstliyə görə təminatı yaxşılaşdırmaq haqqındakı tədbirləri bə­yəndiyini bildirdi.

70-ci illərdə İsveçrə əmək partiyasının və Kommunist partiyasının ölkə­də nüfuzu xeyli artdı. 1979-cu ildə İƏP-nin liderlərindən biri olan R.Daflon Cenevrə şəhərinin meri seçildi.

70-ci illərdə İsveçrənin xarici siyasətində o qədər də dəyişiklik nəzərə çarpmadı. Hökumət əsasən bitərəflik siyasətini müdafiə edirdi. Lakin Qərbi Avropa ölkələri ilə inteqrasiyaya da diqqət yetirilirdi. 1972-ci ilin iyulun 22-də İsveçrə AİB-lə sənaye mallarının sərbəst ticarəti haqqında saziş bağladı. 1972-ci ilin dekabrın 3-də keçirilən referendumda bu saziş bəyənildi. 1975-ci ildə İsveçrə də Helsinki müşavirəsində iştirak etdi və onun Yekun aktını imzaladı. 1977-ci ildə İsveçrə atom silahını yaymamaq haqqında müqaviləyə qoşuldu, Cənu­bi Afrikadakı aparteid rejimini pislədi.

1979-cu ildə İsveçrə bloklara qoşulmamaq hərəkatının Havanada keçi­rilən 6-cı konfransında müşahidəçi kimi iştirak etdi.

Bu dövrdə İsveçrə ilə sosialist ölkələri arasında da münasibətlər xeyli yaxşılaşdı.


İsveçrə XX əsrin 80-90-cı illərində
80-ci illərin əvvəllərində İsveçrə yüksək inkişaf etmiş sənaye və intensiv kənd təsərrüfatına malik olan bir ölkə idi. O, əhalinin hər nəfərinə düşən milli gəlirə görə dünyada 2-ci, xarici valyuta ehtiyatına görə isə 4-cü yeri tuturdu. 1983-cü ildə İsveçrə banklarının ümumi aktivi 656 mlrd.İsveçrə frankı idi.

Bununla belə, 1981-1983-cü illərdə ölkədə hiss ediləcək dərəcədə iqti­sadi enmə müşahidə edildi. Sənaye istehsalı 5% aşağı düşdü. Sənaye məhsulu buraxılışı istehsalın bütün sahələrində azaldı. İşsizlərin sayı 1980-ci ildəki 6,3 mindən 1983-cü ildə 30,4 minə, 1984-cü ildə isə 36,6 minə çatdı ki, bu da işləyən əhalinin 1,2%-ni təşkil edirdi. Xarici ticarət ixtisar edildi, qiymətlər qalxdı, inflyasiya gücləndi. Ölkədə sosial vəziyyət gərginləşdi. Xüsusilə xarici fəhlələrin vəziyyəti daha çətin oldu. 1981-ci ildə keçirilən referendum xarici fəhlələrin hüquqlarını genişləndirmək haqqında təklifi bəyənmədi.

İsveçrə hökuməti iqtisadi vəziyyəti yaxşılaşdırmaq məqsədilə «büdcəni sağlamlaşdırmaq» adı altında qanun layihəsi işləyib hazırladı və bu qanun layihəsi 1980-ci ildə keçirilən referendumda bəyənildi. Təklif edilən tədbirlər ilk növbədə zəruri tələbat mallarıın qiymətlərinin yüksəldilməsi ilə əlaqədar idi. Bir sıra malların satınalma qiymətləri artdı, hərbi büdcə genişləndirildi ki, bu da inhisarların mənafeyinə cavab vernirdi. 1983-cü ildə hökumət İsveçrə ordusunun 15 il ərzində 420 «Leopard-2» tankına malik olması haqqında proqram işləyib hazırladı.

Kütlələrin təzyiqi altında hökumət zəhmətkeşlərin sosial tələblərini ye­rinə yetirməyə məcbur oldu. 1983-cü ildə üçhəftəlik haqqı ödənilən məzu­niyyət müəyyən edildi. 1984-cü ilin yanvarın 1-dən işsizliyə görə məcburi sığorta haqqında qanun qüvvəyə mindi. Həmin qanuna görə sığorta fonduna verilən məcburi üzvlük haqqı iki dəfə artırıldı.

80-ci illərdə də İsveçrənin xarici siyasətində nəzərə çarpacaq dəyişiklik baş vermədi. İsveçrənin Qərb ölkələri ilə münasibətlərinin inkişafı onun bitərəf və bloklara qoşulmayan ölkələrlə əməkdaşlığına, təhlükəsizlik və əməkdaşlıq üzrə ümumavropa prosesində iştirakına mane olmurdu. 1981-ci ildə İsveçrə adi silahların konkret növlərinin qadağan edilməsi və ya məhdudlaşdırılması haq­qında konvensiyanı imzaladı. İsveçrə tərksilah üzrə Ümumdünya konfransının keçirilməsi ideyasını müdafiə etdi. 80-ci illərdə İsveçrənin BMT-yə girməsi məsələsi geniş müzakirəyə səbəb oldu. 1986-cı ilin martın 16-da keçirilən referendumda əhalinin əksəriyyəti İsveçrənin BMT-yə girməsinə qarşı çıxdı.

Sovet-İsveçrə münasibətləri 80-ci illərdə xeyli inkişaf etdi. 1982-ci ildə hər iki dövlət arasında başlanan sazişə əsasən SSRİ İsveçrəyə təbii qaz verməyə baş­ladı. 1985-ci ilin noyabrında Cenevrədə yüksək səviyyədə ABŞ - SSRİ rəhbər­lərinin görüşü keçirildi.

90-cı illərdə İsveçrə iqtisadiyyatı yüksək sürətlə inkişaf etmişdi. İsveç­rə­nin iqtisadi nailiyyətlərinin əsasını böyük həcmli investisiyalar və xarici bazar­da yüksək keyfiyyətli İsveçrə mallarına olan tələbat təşkil edirdi. İsveçrədə bu dövrdə iqtisadiyyat bahalı, elmtutumlu məhsul buraxılması sahəsində daha da ixtisaslaşdı. Kənd təsərrüfatının intensivliyi yüksəldi. Adambaşına düşən milli gəlirin yüksək səviyyəsi yenə də saxlanıldı. İsveçrə kapitalın əsas ixracçısı kimi yenə də fəaliyyətini davam etdirirdi. Ölkə dövlət quruluşundakı özünəməxsus xüsusiyyətləri yenə də qoruyub saxlayırdı. 90-cı illərdə də İsveçrə «daimi» bitərəflik siyasətinə sadiq qaldı.

Belçika

Belçika İkinci dünya müharibəsindən sonrakı ilk illərdə

İkinci dünya müharibəsində Belçikanın hərbi xərcləri 35 milyard frank oldu. Ölkə milli sərvətinin 8 %-ni itirdi. Konqodan bu illər ərzində o, 10 milyard frank gəlir götürür, onun uranı, kobaltı, misi, almazını satmaqla çoxlu gəlir əldə edirdi. Ölkəyə 1945-ci ilin fevralından sosialist Ban-Akerin başçılıq etdiyi koalisiya hökuməti başçılıq edirdi. İrticaçı qüvvələr, ilk növbədə katolik partiyası bu zaman İsveçrədə olan kral III Leopoldu ölkəyə qaytarmağa çalışsalar da, demokratik qüvvələr buna mane oldular.

1945-ci ilin iyulunda Belçika parlamenti kral Leapoldun Vətənə qayıtmasını qadağan edən qanun qəbul etdi. 1946-cı ilin fevralında keçirilən seçkilərdə yenidən sosialist partiyası əksəriyyət səs aldı. Hökumətin tərkibinə 4 nəfər kommunist də daxil edildi.

1947-ci ildə Belçikada sənaye məhsulu istehsalı səviyyəsi müharibədən əvvəlki səviyyəyə çatdı. İqtisadiy­yatın bərpası və onun Avropa ölkələrinə ixracının gətirdiyi gəlirlər Belçika inhisarlarını daha da varlandırdı.

1945-ci ildə Belçika ümumi əmək konfederasiyası təşkil edildi. 1945-1949-cu illərdə Belçika zəhmətkeşləri mühüm sosial nailiyyətlərə nail oldular. Faşistlərlə əlaqə kəsildi. Şaxtaçıların maaşı artırıldı. Həmkarlar ittifaqının hüquqları genişləndirildi. Qadınlar 1949-cu ildə kişilərlə bərabər hüquq əldə etdilər. Sosial xərclər artırıldı. Mühafizəkar qüvvələr 1947-ci ildə demokratiyaya qarşı mübarizəyə başladı. Sosial-xristian, liberal, Azadlıq və Mütərəqqi partiyanın liderləri bu sahədə öndə gedirdilər. Belçika sosialist partiyası da buna qoşuldu. Buna görə də, BSR-nin təşkil etdiyi hökumətdə kommunistlər iştirak etmədilər.

Bu hökumət 1948-ci ilin iyulunda Marşall planına qoşuldu. Belçika 1948- ci ilin martında Qərb İttifaqına, 1949-cu ilin aprelində isə NATO-ya daxil oldu.

Sürətlə silahlanma və hərbi xərclər artırıldı. Kommunistlərin hökumətdən qovulması III Leapoldun ölkəyə qayıtmasına imkanı yaratdı. 1949-cu ilin 6 iyununda keçirilən parlament seçkiləri Sosial-Xristian və Liberal partiyaya qələbə qazandırdı. Koalisiyon hökumətə Sosial-xristian partiyasının lideri Eyskens başçılıq etdi. 1950-ci ilin martın 12-də hökumətin keçirdiyi referenduma əsasən əhalinin 57,8 %-i kralın ölkəyə qayıtmasına səs verdi. Bu hadisədən sonra parlament III Leapoldun ölkəyə qayıtması haqqında qərar verildi.

III Leapold 1950-ci ilin iyununun 22-də ölkəyə qayıtdı.

III Leapold oğlu Baduenə taxtı güzəştə getdi. O, isə taxta 1951-ci ilin iyulunda çıxdı.
Belçika XX əsrin 50-60-cı illərində
Belçika “soyuq” müharibə dövründə Qərblə və ABŞ-la sıx bağlı idi. O, həmçinin Benilüks ölkələrinin kömrük-iqtisadi ittifaqında iştirak edirdi. Belçika Avropa Kömür və Polad Birliyinə və “Ümumi bazara” daxil oldu. Ölkənin siyasi həyatında 3 hakim partiya- Sosialist, Sosial-xristian və Liberal partiya hökmran idi. Koalisiyalı hökumət bu üç partiyadan təşkil edilirdi. 1954-cü ilin seçkilərində Sosial-xristian partiyası daha çox səs qazandı, hökumətə yenə də Van–Aker başçılıq etdi. 1958-ci il seçkilərindən sonra Sosial-xristian və Liberal partiyasının nümayəndələrindən ibarət hökumət təşkil edildi. Baş nazir Sosial-xristian partiyasından Eyskens oldu .

1958-ci ilin sonunda Belçika iqtisadiyyatını böhran bürüdü. Böhran ən çox ənənəvi sahələrə-kömür, toxuculuq və metallurgiyaya toxundu. Dövlət borcları 250 min frankdan 1960-cı ildə 370 milyard franka çatdı. Bu valyuta-maliyyə sistemini pisləşdirdi. «Flamandriya məsələsi» kəskinləşirdi.

Hərbi xərclər 1949-cu ildə 7,65 milyard frankdan 1960-cı ildə 21,4 milyard franka çatdı.

Konqoda “Yunion M. dyu O- Katanqa.” tresti hökmranlıq edirdi. Bu trest mis istehsalına görə kapitalizm dünyasında üçüncü yeri tuturdu. Bu inhisara dünya kobalt sənayesi istehsalının 60 %-i, dünya keramika istehsalının 80 % daxil idi. Belçikanın Konqoya kapital qoyuluşu 1960-cı ildə 150 milyard franka çatdı.

50-ci illərin sonundakı böhran Belçikada dövlət-inhisarçı kapitalın inkişafını sürətləndirdi. Yeni sahələrə kapital qoyuluşu artdı. 1959-cu ildə qəbil edilmiş qanun xüsusi korporasiyalara gəlir vergisini azaltdı.

1959-cu ildə Belçikaya xarici kapital axını 2,5 milyard təşkil edirdi. 1959-cu ilin fevralında 8 kömür şaxtasının bağlanması haqqında hökumət qərar qəbul etdi. Bu etiraza səbəb oldu.

1960-cı ilin noyabrında Eykens hökumətinin irəli sürdüyü “Iqtisadi inkişaf, sosial proqres və maliyyənin sağlamlaşdırılması” haqqında qanun layihəsində ölkədə vergilərin artırılması məsələsi böyük etiraza səbəb oldu.

Borinaj, Leyj, Şarlerua şəhərlərində mitinqlər keçirildi.

Eykens hökuməti istefaya getməyə və yeni parlament seçkiləri keçirməyə məcbur oldu.

1961-ci ilin mayında Sosial –xristian və Belçika sosialist partiyası ilə birlikdə yeni Lefevra-Spaaka hökuməti təşkil edildi. Bu hökumət fəhlələr əleyinə yönəldilmiş dörd qanun layihəsi qəbul etdi.

60-cı illərdə Belcikada istehsalın mərkəzləşməsi gücləndi. Topdansatış milli məhsul ildə 4,8 % artdı. Kapital qoyuluşu və ixrac xüsusilə artdı. Kimya, metal,maşınqayırma sənayesi inkişaf edirdi.

Xarici inhisarçı kapital, xüsusilə ABŞ inhisarı ölkənin kimya sənayesini 50%-nə, neft emalının 70 %-nə, elektronikanın 100 %-nə ağalıq edirdi.

60-cı illərdə Belçika qeyri-sabit inkişaf edirdi. Hərbi xərclər dövlət büdcəsində kəsrə səbəb oldu. 1965-ci ildə dövlət borcu 485 milyard frank təşkil etdi. Vergilər 1960-cı illə müqayisədə 1966-cı ildə 33 % artdı

Xalqın əksəriyyətinin hökumətdən narazılığı 1966-cı ilin martında Sosial–xristian, Ədalət və Mütərəqqi partiyaların hökumətə gəlməsinə səbəb oldu. B.Buykans hökumətin başçısı oldu.

O, maliyyəni sağlamlaşdırmaq proqramını irəli sürdü. Bu əmək haqqının dondurulması, sosial xərclərin azaldılması hesabına olmalı idi. Bununla bərabər hökumət qanun qəbul etdi ki, sosial sığorta yaxşılaşdırılsın, minimum əmək haqqına təminat verilsin.

Bu hökumət az fəaliyyət göstərdi. 1968-ci ilin noyabrın 31-də seçkilərində Sosial-Xristian partiyası cəmi 370 min səs aldı. 132 gün hökumət böhranı hökm sürdü. 1968-ci ilin iyunun 17-də yenidən Eykensin başçılığı ilə Sosial-xristian və BSP-nin yeni hökuməti təşkil edildi.

Belçika. NATO, ABŞ və Qərbin bütün tədbirlərində iştirak edirdi. O, Misirə qarşı təcavüzü bəyəndi. 1960-cı ildə Konqo öz müstəqilliyini elan etsə də, 1963-cü ilə qədər o, Konqoya müdaxiləni davam etdirdi.

60-cı illərin ikinci yarısında Belçika öz xarici siyasətini müsbətə döğru dəyişdi. 1966-cı ildə o, NATO-nun sürətlə silahlanmasına qarşı çıxdı. Sosialist ölkələri ilə yaxınlaşma başladı. 1970-ci ilin sonunda ticarət haqqında Belçika-Sovet sazişi imzalandı.

Siyasi həyatda ən böyük problem Valloniyanın inkişafı ilə əlaqədar milli məsələ idi. Həmçinin bu dövrdə Flandriyada sürətli sənayeləşmə getdi, Valloniyada iqtisadiyyat tənəzzül etdi. Hələ 1929-cu ildə flamandlar öz dillərinin ikinci rəsmi dil olmasına nail olmuşdular. 1961-ci ildə flamandlar ölkə əhalisinin 51 %-ni, vallonlar 33 % -ni təşkil edirdilər. Milli münaqişə hər iki siyasi partiyanın da iki qanada bölünməsinə səbəb oldu.

1970-ci ilin sonunda Eykens hökuməti Konstitu­siyaya yenidən baxaraq fransız, flamand, alman mədəni cəmiyyətlərinin olması və buna uyğun üç dilin olmasını, Brüsseldə isə iki dilin olmasını qanuniləşdirdi. Üç regional hakimiyyət orqanları - Flandriya, Valloniya və Brüssel üzrə orqanlar təşkil edildi.


Belçika XX əsrin 70-ci illərində
Belçikanın Qərbi Avropa dövlətləri ilə inteqrasiyası ona gətirib çıxartdı ki, onun asılılığı artdı, milli suverenlikdən qismən məhrum oldu, xarici kapitalın onun iqtisadiyyatına nüfuzu gücləndi. Artıq 1975-ci ildə xarici investisiyanın ümumi həcminin yarısından çoxu ABŞ-ın əlində cəmlənmişdi. Qərbi Avropa kapitalının da mövqeyi gücləndi. Xarici kapital sənayenin bütöv sahələrinə nəzarət edirdi. (neft emalı, elektronika, avtomobil və s.)

1974-cü ildə demək olar ki, əhalinin 20 %-i xaricilərin müəssisələrində çalışırdılar. 70-ci ilərdə Belçika iqtisadiyyatında inflyasiya, valyuta və energetika böhranı kimi xoşagəlməz hallar yarandı.

Zəhmətkeşlərin vəziyyəti pisləşdi. Milli məsələ üzrə fikir ixtilafları hökumətin istefasına səbəb oldu. 1971-ci ilin dekabr ayının 7-də Belçikada təcili parlament seçkiləri keçirildi. Yeni koalision hökumətə yenidən Eykens başçılıq etdi. Siyasi sabitliyin olmaması ona gətirib çıxartdı ki, 1972-ci ilin noyabrın 22-də Eykens-Koolsa hökuməti istefaya getdi.

1973-cü ilin yanvarında Lebyurtunun ( BSP) hökuməti də istefaya getdi. 1974-cü ilin martında Belçikada təcili parlament seçkiləri keçirildi, Sosial-Xristian partiya­sının Flamand qanadının nümayəndələri başda olmaqla Tinğemansın başçılığı ilə hökumət təşkil olundu. O, vəd etdi ki, ölkənin problemlərini həll etməyə çalışacaqdır.

1975-ci ildə Belçıkada güclü iqtisadi böhran baş verdi. Sənaye istehsalı 1974-cü illə müqayisədə 10 % aşağı düşdü. Böhran uzun sürdü. Hətta 1980-cı ildə də bir sıra sahələr 1973-cü il səviyyəsinə qalxa bilməmişdi.

İqtisadi çətinlikləri aradan qaldırmaq üçün Belçikada təsərrüfatın hərbiləşdirilməsi gücləndi. 1978-ci ilə yaxın hərbi xərclər böyük bir rəqəmə, 78 milyard franka çatdı.

Zəhmətkeşlərin iqtisadi vəziyyətinin ağırlaşması ilə əlaqədar olaraq Belçikada sosial vəziyyət kəskinləşdi. 1975-1976-cı illərdə ölkəni tətil hərəkatı bürüdü. 1977-ci ildə tətillərdə 1 milyon adam iştirak etdi.

Sosialist partiyasında sola doğru dönüş yarandı. Onun proqramında banklar və energetika bölməsi üzərində dövlət nəzarətinin qoyulması, ictimai nəqliyyatı inkişaf etdirmək və s. nəzərdə tutulmuşdu.

Belə bir şəraitdə Tinğemans hökuməti zəhmətkeşlərin maraqlarına cavab verən bir sıra sosial-iqtisadi tədbirlər həyata keçirdilər.

1976-cı ildə “İqtisadiyyatı sağlamlaşdırmaq tədbirləri haqqında” qanun qəbul edildi. 1977-ci ilin martın 9-da parlament buraxıldı, aprelin 17-də növbədənkənar parlament seçkiləri keçirildi. SXP 36 % səs aldı, sosialistlər isə 27 % səs aldılar. Tingemans SXP, BSP, Xalq İttifaqı və Demokratik cəbhənin iştirakı ilə koalision hökumət təşkil etdi. Hökumət vəd etdi ki, iqtisadi vəziyyət yaxşılaş­dırılacaq, inzibati-mədəni muxtariyyət həyata keçiriləcək. Lakin bu barədə hazırlanan hökumət layihəsi siyasi partiyalar arasında kəskin fikir ayrılığına səbəb oldu. 1978-ci ilin noyabrındakı siyasi böhran Tingemans hökumətinin istefaya getməsi ilə nəticələndi.

Dekabrın 17-də ölkədə yenidən növbədənkənar parlament seçkiləri keçirildi. Bu seçkilər siyasi qüvvələrin yerləşməsində əsaslı dəyişiklik yaratdı.

1979-cu ilin aprelin 3-də V.Martens koalision hökumət təşkil etdi. Bu hökumət “İqtisadiyyatın sağlamlaş­dırılması” siyasətini zəhmətkeşlərin hesabına həyata keçirməyə başladı. Dövlət islahatları keçirmək cəhdi hökumət böhranı ilə qarşılandı.

70-ci illərdə Belçika da ATƏM-in təşkilində iştirak etdi. O, Vyetnamda və Yaxın Şərqdə müharibənin dayandırılması tərəfdarı oldu.

Belçikanın hakim dairələri yenə də Avropa İqtisadi Birliyi çərçivəsində inteqrasiyanın tərəfdarı idilər. 1975-ci ilin dekabrında AİB-ə daxil olan dövlətlərin tapşırığı ilə Tinğemans «Avropa Şurasının təşkili haqqında» məruzə hazırladı.

NATO-da Belçika öz təhlükəsizliyinin təminatçısı kimi iştirak edirdi. 1978-ci ildə NATO-ya daxil olan ölkələrlə birlikdə Belçika da Zairin daxili işlərinə qarışmaqda iştirak etdi. 1979-cu ildə Belçika NATO-nun yenidən silahlanması xəttini bəyəndi.

Belcikanın bu illərdə SSRİ ilə, digər sosialist ölkələri ilə də əlaqələri genişləndi. 1971-ci ildə Monqolustan və Çinlə, 1972-ci ildə ADR, 1973-cü ildə Vyetnamla diplomatik münasibətlər yaratdı. 1974-cü ildə isə Moskvaya Belçika kralı Baduen səfər etdi SSRİ ilə Belçika-Lüksemburq ittifaqı arasında əməkdaşlığa dair saziş imzalandı.


Belçika XX əsrin 80-90-cı illərində
80-cı illərin əvvəlindəki iqtisadi böhran Belçikanı çox bərk sarsıtdı. 1980-1983-cü illərdə sənaye məhsulu 9 % aşağı endi. İstehsalın düşməsi sənayenin bütün sahələrini əhatə etdi. Böhran ən çox özünü əlvan və qara metallurgiya, neft, kimya, avtomobilqayırma, dəri-ayaqqabı, toxuculuq, maşınqayırma sənayesində göstərdi. Belçika frankının dəyəri aşağı düşdü.

1983-cü ildə 510 min adam işsiz idi. Minlərlə firma iflasa uğradı. Kənd təsərrüfatı məhsulları da azaldı.

Daxili siyasi vəziyyət də kəskinləşdi. 1983-cü ildə üç dəfə böhranlı vəziyyət yarandı. Əmək haqqı donduruldu, pensiyalar azaldıldı, işsizlərə verilən yardımlar ixtisar edildi. Hökumət qara metallurgiya sənayesini yenidən təşkil etmək üçün əlavə maliyyə vəsaiti ayırdı.

1983-cü ildə dövlət quruluşu islahatının birinci mərhələsi keçirildi.

Valloniya və Flandriyada icraedici hakimiyyət orqanları təşkil edildi. Nəticədə ölkədə mürəkkəb və nəhəng sistem-qanunverici və icraedici hakimiyyət orqanları sistemi yaradıldı.

1981-ci ilin martın sonunda iqtisadi çətinliklərdən yaxa qurtara bilməyən Martens hökuməti istefa verdi. Yeni hökumətə Xristian Xalq Partiyasının lideri M.Eyskens başçılıq etdi. Bir neçə aydan sonra o da istefaya getməli oldu. 1981-ci ilin noyabrın 8-də Belçikada növbədənkənar parlament seçkilri keçirtdi. Seçkilər təkcə nümayəndələr palatasına, senata deyil, Flandriya, Valloniya və Brüsseldəki regional qanunvericilik orqanlarına da keçirildi.

V.Martens 1981-ci ilin dekabrın 17-də yaradılan koalision hökumətə başçılıq etdi. Yeni hökumət də “İqtisadiyyatın sağlamlaşdırılması” metodlarını dəyişdirmədi. Lakin böhranın dərinləşməsi parlamenti 1982-ci ilin yanvarında hökumətə fövqəladə səlahiyyətlər verməyə məcbur etdi. Onlar xüsusi bölməyə maliyyə yardımını genişləndirmək və əhalinin alıcılq qabiliyyətini aşağı salmaq məqsədi ilə bir sıra kompleks tədbirlər həyata keçirdilər.

1982-ci ilin fevralın 21-də Belçika frankının devalyasiyası keçirildi ki, bu da sadə adamların büdcəsinə zərbə vurdu. Bu tədbirlər nəticəsində Belçika mallarının dünya bazarında rəqabət qabiliyyəti yüksəldi və ölkənin maliyyə vəziyyəti yaxşılaşdı. 1985-ci ilin noyabrında keçirilən parlament seçkiləri əvvəlki sağ mərkəz koalisiyalı hökumətin V.Martens başda olmaqla hakimiyyətdə qalmasına səbəb oldu.

Böhran şəraitində zəhmətkeşlərin tətil mübarizəsi gücləndi. 80-cı illərdə antimüharibə hərəkatının geniş miqyas alması xarakterik hal idi. Amerika raketlərinin Belçikada yerləşdirilməsi kəskin etiraz mitinqlərinə səbəb oldu. 1985-ci ilin oktyabrın 20-də 100 minlərlə antimüharibə manifesti keçirildi.

Bütün bunlarla bərabər Belçika hökuməti daim NATO-ya və AİB- ə sədaqətini nümayiş etdirirdi. 1985-ci ilin martında o, NATO-nun təzyiqi ilə ölkədə ABŞ qanadlı raketlərinin yerləşməsinə razılıq verdi.

1989-cu ildə ölkədə dövlət quruluşunun islahatı keçirildi. Ölkənin federativ quruluşundakı xüsusiyyətlər nəzərə alındı. 1993-cü ildə Belçikanın yeni kralı II Albert oldu. 1994-cü ildə ölkə konstitutsiyasında dəyişikliklər edildi. 1995-ci ildə keçirilən parlament seçkilərində Sosial-xristian partiyası qələbə qazandı. Onun lideri E.L.Dean koalisiyalı hökumət təşkil etdi. 90-cı illərin ikinci yarısında ölkənin iqtisadi inkişafı sürətləndi. Belçikanın istehsal etdiyi məhsullar özünün yüksək texniki səviyyəsi ilə fərqlənirdi. 90-cı illərdə də Belçika NATO-da fəaliyyətini davam etdirməklə yanaşı ATƏT, Aİ, BMT və digər beynəlxaq təşkilatların fəaliyyətində də yaxından iştirak edirdi. Müasir dövrdə Belçikanın xarici siyasətində Avropa ölkələri ilə inteqrasiya mühüm yer tutur.

PORTUQALİYA
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə ölkənin iqtisadi və siyasi vəziyyəti. Müharibə qurtardıqdan sonra da Portuqaliya faşist ölkəsi olaraq qalırdı. Onun başında Salazar dururdu. Öz bitərəfliyini saxlamaqla bərabər ölkə müharibə edən ölkələrə strateji xammal satmaq yolu ilə öz valyuta ehtiyatarını xeyli artırdı. İnhisarçı kapitalın mövqeyi gücləndi. «Fabrik ittifaqı kompaniyası»nın əlində sənayenin, bank və müstəmləkə kompaniyalarının əsas hissəsi toplanmışdı. «SAKOR» kompaniyası da böyük inhişasar birliyi idi. Qaz və elektrik kompaniyasına «Yunayden bank» maliyyə qrupu rəhbərlik edirdi. Bunların hamısı xarici kapitalla əlaqədar idi.

Avropa ölkələri içərisində Portuqaliya yenə də geri qalırdı. Onun inkişaf etmiş metallurgiya və maşınqayırma sənayesi yox idi. Xırda və yarımkustar sənaye üstünlük təşkil edirdi. Kənd təsərrüfatında iri mülkədarlar hökmranlıq edirdi. Müharibədən sonra xarici kapitalın ölkəyə müdaxiləsi gücləndi. Xüsusilə, ABŞ-ın müdaxiləsi artdı. Bütün bunlar isə sənaye istehsalını ləngidirdi.

Zəhmətkeşlərin maddi vəziyyəti də ağır idi. XX əsrin 50-ci illərinin ortalarında əhalinin hər nəfərinə düşən gəlir 200 dollardan çox artmamışdı. İnflyasiya güclü idi, əhalidən alınan vergilər artırılmışdı.

Kəndlilərin 2/3-sinin torpağı yox idi. Ölkədə 950 min kənd təsərrüfatı fəhləsi, 700 min xırda kəndli var idi. 96% kəndli təsərrüfatları çox az torpağa sahib idilər. Yoxsulluq və işsizlik əhalinin bir hissəsinin ölkəni tərk etməsinə səbəb olurdu.

Müharibədən sonra xammal və material göndərə bilmədiyinə görə Portuqaliyanın iqtisadi vəziyyəti pisləşdi. 1950-ci ildə şaxta və mədənlərin 78%-i fəaliyyətini dayandırdı. Milli ərzaq məhsulları 11% ixtisar edildi. 1938-ci illə müqayisədə 1949-cu ildə Portuqaliyanın pul vahidi olan eskudonun dəyəri xeyli aşağı düşdü. Dünyada gedən demokratik hərəkatlar Portuqaliyaya da təsir etdi. Faşist rejiminin böhranı dərinləşdi. Salazar diktaturasına qarşı fəhlə sinfi mübarizəyə başladı. Həmçinin bütün demokratik və müxalifətdə olan qüvvələr də fəallaşdılar.

Hökumət antifaşist qüvvələri parçalamaq üçün manevr etdi. 1945-ci ilin sentyabrında Salazar hökuməti elan etdi ki, o «məhdud demokratiya»ya, rejimini «liberallaşdırılması»na keçir. Noyabr ayında parlament seçkiləri keçirmək qərara alındı. Senzuranı ləğv etmək, amnistiya keçirmək, müxalifətə seçkilərdə iştirak etməyə icazə vermək qərara alındı. Lakin seçki kampaniyasının qısa müddətdə keçirilməsi buna imkan vermədi. Müharibə dövründə təşkil edilmiş Milli antifaşist birliyi hərəkatının yerinə leqal Demokratik birlik hərəkatı yaradıldı. O, 100 min imza topladı ki, partiyalar leqallaşsın. Lakin hökumət verdiyi vədi yerinə yetirmədi. Onda demokratik blok baykot taktikasını irəli sürdü ki, bu da Milli məclisə Salazarın «Milli ititfaq» partiyası tərəfdarlarını seçilməsinə səbəb oldu. Salazarın «liberallaşma» siyasəti antifaşist qüvvələrin çıxışlarını dayandırmadı. 1946-cı ildə kütləvi nümayişlər keçirildi. Ordunu həyəcan bürüdü 1948-1949-cu illərdə hökumət PKP-yə qarşı «Xaç yürüş»ünə keçmək haqqında tədbir gördü. 40-cı illərin sonunda burjuaziyanın bir hissəsi demokratik hərəkatı tərk etdi.

1949-cu ilin fevralında Portuqaliyada prezidenti seçkiləri keçirildi. Müxalifət general Nortana da Mantunun prezidentliyə namizədliyini irəli sürdü. Prezident rejimin tərəfdarı marşal Karmon oldu. Seçkilərdən sonra Demokratik birlik hərəkatının fəaliyyəti dayandı. Tezliklə məhdud dairədə Milli-demokratik hərəkat təşkil edildi. Kommunistlər gizli fəaliyyətə keçdilər.

Xarici siyasət sahəsində Salazar rejimi Qərb dövlətlərinə doğru yönəlmişdi. Rejim İngiltərə Portuqaliya dostluğunu möhkəmləndirərək İngiltərənin iqitsadiyyatda mövqeyi saxlansa da, tezliklə Portuqaliyanın xarici siyasətində ABŞ-ın rolu artdı. O, atlantizm siyasətinə cəlb edildi.

1948-ci ilin fevralında ABŞ Portuqaliyanın ərazisində aviabaza yaratmağa razılıq aldı. 1948-ci ilin sentyabrında o, «Marşal planı»na qoşuldu. 1949-cu ildə NATO-nun üzvü oldu. İngiltərənin mövqeyi ikinci yerə keçdi.


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin