Avropa və amerika öLKƏLƏRİNİN Ən yeni tariXİ


Y.V.Andropov (1982 – 1984-cü illər) və K.U.Çernen­konun (1984-1985-ci illər) Sov.İKP-MK-nin Baş katibi olduğu dövrdə SSRİ-nin daxili və xarici siyasəti



Yüklə 2,15 Mb.
səhifə6/32
tarix14.01.2017
ölçüsü2,15 Mb.
#297
1   2   3   4   5   6   7   8   9   ...   32

Y.V.Andropov (1982 – 1984-cü illər) və K.U.Çernen­konun (1984-1985-ci illər) Sov.İKP-MK-nin Baş katibi olduğu dövrdə SSRİ-nin daxili və xarici siyasəti. 1982-ci ilin noyabrında Brejnev öldükdən sonra Baş katib vəzifəsinə onun yaxın silahdaşlarından biri, onun dövründə, Dövlət Təhlükəsizlik Komitəsinin sədri olan, Stalinin dövrünün abı-havasını özündə saxlayan Andropov Yuri Vladimiroviç gəldi.

1982-ci ilin noyabrında keçirilən Sov.İKP MK-nın Plenumunda yaranmış vəziyyətdən çıxış yolu tapmağa çalışıl­dı. Həmin plenumda Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçildi. O həm də SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsinə təyin edildi. Andropov ölkədə həllini gözləyən çoxlu problemlər oldu­ğu­nu etiraf etdi və göstərdi ki, təkcə şüarlarla irəliləmək ol­maz. Nəzəri planda etiraf edilirdi ki, Sovet cəmiyyəti ziddiyyətlərdən xali deyildir. Həmin plenumda Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Andropovun dövründə o vaxta qədər möhkəm gizlədilmiş bəzi faktların - elmi-texniki tərəq­qinin bir sıra mühüm istiqamətləri üzrə SSRİ-nin ABŞ-dan geri qalması, ictimai intizam səviyyəsinin aşağı düşməsi faktlarının üzərindən pərdə bir qədər götürüldü. Y.V.Andro­pov yüksək hakimiyyət eşelonunda müntəzəm surətdə qayda yaratmağa çalışan bir siyasətçi kimi ictimai rəy formalaşdırdı. Daxili işlər naziri Şelekov, Sov. İKP MK katibi Medunov vəzifəsindən götürüldü. Daha iyrənc korrupsiya faktlarının təhqiqi üçün SSRİ Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli işçilərindən istintaq qrupları yaradıldı. Andropov belə hesab edirdi ki, istehsalatda qayda-qanun, intizam yaratmağa qə­tiyyətlə girişmək lazımdır. O, deyirdi ki, ancaq yaxşı işləyənlər yaxşı yaşamalıdırlar. Andropov həmçinin göstərirdi ki, intizam olmadan uğur qazanmaq da olmaz.

Y.V.Andropovun başladığı siyasət ziddiyyətli olsa da, o, ətrafındakılardan daha yüksək mədəni səviyyəsi, şəxsi təvazökarlığı ilə frəqlənirdi. Lakin onun şəraiti dəyişmək üçün ən sadə, yaxın ehtiyatlar axtarmaq təşəbbüsü, bir sıra qüvvələrin sınanması eksperiment idi. Görünür, Y.V.Andropov rəhbərlərin yeni nəslinin bütün sahələrdə yeni münasibətlər tapmalı olduğunu başa düşürdü. Xarici siyasətdə inzibati-amirlik metodları yenə də hökm sürməkdə idi.

Andropovun hakimiyyəti uzun sürmədi. Xəstə olduğuna görə 1984-cü ilin fevralında o vəfat etdi. Onu Brejnevin dostu, qoca və xəstə Konstantin Ustinoviç Çernenko əvəz etdi, Çernenko özü müəllim olduğuna görə onun dövründə yeganə görülən müsbət iş müəllimlərin maaşının artırılması oldu.

1984-cü ilin fevralından 1985-ci ilin martına qədər lap qısa dövr durğunluq zamanlarının ən pis ənənələrinin bərpası ilə xarakterizə olunurdu. Mühafizəkar qüvvələr iqtisadi həyatın canlandırılması sahəsində nəzərdə tutulmuş tədbirləri pozurdular.

1984-cü ilin sonunda partiyanın elmi-texniki siyasət məsələlərinə dair çağırılmalı olan Plenumu təxirə salındı. Amma meliorasiya məsələlərinə həsr olunmuş Plenum keçirildi. Burada hədər yerə çox böyük miqdarda vəsaiti udan hidromeliorasiya işlərinin davam etdirilməsinə əslində xeyir-dua verildi.

Kütləvi informasiya vasitələrində SSRİ-də sosializmin görünməmiş müvəffəqiyyətləri, ölkədə kommunizmin hiss olunan rüşeymləri haqqında gürultulu nitqlər səsləndirilirdi. 1985-ci ilin martında K.U.Çernenko da vəfat etdi. Onu Mixail Serqeyeviç Qorbaçov əvəz etdi.

SSRİ M.S.Qorbaçovun Sov.İKP MK-nin Baş katibi olduğu dövründə (1985-1991-ci illər). M.S.Qorbaçovun Baş katib olması ilə SSRİ-də və Avropanın sosialist ölkələrində böyük sosial dəyişikliklərin əsası qoyuldu. Baş katib olduqdan bir ay keçməmiş M.S.Qorbaçov 1985-ci ilin aprelində Sov. İKP MK-nın xüsusi plenumunun çağrılmasına nail oldu. Bu plenumda SSRi-nin sosial-siyasi və iqtisadi inkişafını surətləndirmək strategiyası irəli sürüldü. Bundan məqsəd, onun fikrincə, sosializmə yeni həyat vermək, cəmiyyətin yeni keyfiyyət halına nail olmaq idi.

1986-cı ildə olan partiyanın XXVII qurultayında Qorbaçov bu məsələləri daha ətraflı açdı, o göstərdi ki, sovet adamlarında işgüzarlıq və sahibkarlıq hissi itdiyinə görə, bu hissin yenidən tərbiyəsinə nail olmaq üçün yeni iqtisadi siyasətə keçmək lazımdır. Bu XX əsrin 20-ci illərinin əvvəllərində Sovet Rusiyasında həyata keçirilmiş yeni iqtisadi siyasətdən keyfiyyətcə fərqlənməli və daha yüksək əsasda olmalı idi. Qurultayda həmçinin partiya Nizamnaməsində bəzi dəyişikliklər edildi və ölkənin 1986-1990-cı illəri əhatə edən 12-ci beşillik və 2000-ci ilə qədər sosial-iqtisadi inkişafı planı da müzakirə edildi. Qurultayda xarici siyasət məsələləri çox güclü səsləndi. M.S.Qorbaçovun adından 2000-ci ildə nüvəsiz dünya qurulması barədə sovet sülh proqrammı elan edildi.

1986-cı ildə Sov. İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən ölkədə geniş yayılmış sərxoşluq və alkoqolizmə, zəhmətsiz gəlirlərə qarşı mübarizə haqqında qərarlar qəbul edildi.

1987-ci ildə Qorbaçov «Yenidənqurma» xəttini irəli sürdü. «Yenidənqurma» iqtisadi, siyasi sistemin formalaşması, mədə­niyyət, ideologiya və beynəlxalq münasibətlər sahəsini əhatə etməli idi.

İqtisadi sahədə yenidənqurma o demək idi ki, 20-ci illərin əvvəllərində tətbiq edilmiş yeni iqtisadi siyasətə qa­yıdılır, lakin buna daha yüksək səviyyədə keçirilirdi. Ko­ope­rasi­yaların təşkilinə, sərbəst ticarətə, qarışıq iqtisadiyyata keçməyə icazə verildi.

1987-ci ilin iyununda iqtisadi metodlarla idarə etməyə üstünlük verən iqtisadi islahatlar proqramı qəbul olundu. «Təsərrüfat hesablı sosializm» quruculuğuna keçildi. Lakin təsərrüfat hesabının yeni iqtisadi metodları ilə yaxşı hazırlanmış inzibati-amirlik metodlarını aradan qaldırmaq mümkün olmadı. Aydın olurdu ki, cəmiyyətin siyasi strukturlarını yeniləşdirmək üzrə dərindən iş aparmadan təsərrüfatçılığın yeni iqtisadi metodları nəticə verməyəcəkdir.

Siyasi sistemin təkmilləşməsi məsələsində isə sovetlərin roluna yenidən xüsusi diqqət yetirilməyə başladı. «Kadr inqilabı» həyata keçirildi. 1985-1990-cı illərdə rəhbər partiya işçilərinin 85%-i dəyişdirildi. «Sosialist hüquqi dövləti»nin yaradılması, hakimiyyətin bölüşdürülməsi, real və çevik «sovet parlamentarizmi»nin yaradılması ideyası irəli sürüldü. 80-ci illərin sonunda iki dəfə xalq deputatları sovetinin qurultayı keçirildi. SSRİ-də partiyanın diktaturasından əl çəkilməsi prosesi başladı. Prezident vəzifəsi təsis edildi. 1990-cı ildə xalq deputatları sovetinin II qurultayında Qorbaçov SSRİ-nin prezidenti seçildi. O SSRİ-nin ilk və sonuncu prezidenti oldu.

SSRİ-də ideologiya və mədəniyyət sahəsində də böyük dəyişikliklər oldu. Əqidə azadlığına, fikir müxtəlifliyinə imkan yaradıldı. 1987-ci ildə cəmiyyətin mənəvi, mədəni və siyasi həyatını yenidən qurmağı nəzərdə tutan «Aşkarlıq» xətti irəli sürüldü. İctimai mübahisələr kəskinləşdi, diskussiyalar başlandı, qəzet-jurnallarda, radio və televiziyada müxtəlif baxışlar toqquşdu. Əvvəlcə Sov. İKP-nin XXVII qurultayında (fevral, 1986) irəli sürülən «Aşkarlıq» ideyası partiyanın XIX konfransının (iyun-iyul, 1988) «Aşkarlıq haqqında» qətnaməsi ilə rəsmiləşdirildi. 1987-ci ilin yanvarında o, «daha çox demokratiya, daha çox sosializm» devizi altında geniş vüsət aldı.

«Aşkarlıq» cəmiyyətdə müxtəlif fikirlilik üçün səmərəli şərait yaratdı. «Aşkarlıq» müxtəlif ideya, sosial, siyasi, milli, dini cərəyanların kəskin münaqişəsinə səbəb oldu. Stalini, onun yaratdığı sistemi müdafiə edənlər də oldu. «Aşkarlıq» insanlara qərb dünyasını da açdı. O, cəmiyyəti dəyişdirməyin güclü vasitəsi oldu.

1987-ci ildə yaradılmış komissiya tərəfindən Stalin kütləvi siyasi təqiblərinin qeyri-qanuni olduğunun sübuta yetirilməsi və yüz minlərlə adama bəraət verilməsinə nail olunması «aşkarlıq» konsepsiyasının bəhrələri idi.

30-40-cı illərdə və 50-ci illərin əvvəllərindəki dövrdə olmuş kütləvi təqiblərlə əlaqədar materialların əlavə öyrənilməsi üzrə Sov. İKP MK Siyasi Bürosunun qərarı ilə yaradılmış Komissiya 1988-ci ilin fevralında belə nəticəyə gəldi ki, N.İ.Buxarin, A.İ.Rıkov və «sağ trotskiçi blok» adlanan blok üzrə və başqaları barədə «işlər» saxta­laşdırılmışdır. Moskva proseslərinin iştirakçıları Q.Y.Zinov­yev, L.B.Kamenev və bir çox başqalarına bəraət verildi. Bircə Trotski bəraət almadı.

Yenidənqurma hər şeydən əvvəl insan psixologiyasında yeni keyfiyyət dəyişikliklərinin yaranmasına gətirib çıxartdı. Lakin ölkədə baş verən hadisələri sovet adamlarının heç də hamısı dərhal başa düşmür və qəbul etmirdi. Ölkədə baş verən bədbəxt hadisələr də çətinlikləri artırırdı. Bu ilk növbədə 1986-cı ilin aprelində Çernobıl AES-dəki fəlakət, Uraldakı neft kəmərindəki qəza idi.

Demokratik proseslər müttəfiq respublikalarda xalq cəbhələrinin, zəhmətkeşlərin digər kütləvi birliklərinin yaran­masına səbəb oldu. Təəssüf ki, bir sıra respublikalarda qanlı toqquşmalar törədən ünsürlər demokratik hərəkatın yüksə­lişindən istifadə etdilər. Azərbaycanda və Özbəkistanda in­sanlar qaçqın vəziyyətinə düşdü. Bir çox aylar ərzində Sovet adam­larının və dünya ictimaiyyətinin diqqəti Dağlıq Qara­bağda və onun ətrafında əmələ gələn və Ermənistanın Azərba­y­can­dan ərazi iddialarına əsaslanan problemlərə cəlb edildi. 1989-cu ilin yanvarında Moskva Dağlıq Qarabağda A.Volın­skinin rəhbərliyi altında Xüsusi İdarə komitəsi yaratdı. Dağlıq Qarabağın idarəsi Azərbaycandan alınaraq Moskvaya verildi. Bu vəziyyət daha da gərginləşdirdiyinə görə 1989-cu ilin noyabrında Moskva onu ləğv etməyə məcbur oldu. Bu problem indiyə qədər həll edilməmiş qalmaqdadır. Moskvanın Ermənistanı müdafiə etməsi nəticəsində «Qondarma» Dağlıq Qarabağ respublikası yarandı. Ermənistan onu özünə birləşdirmək haqqında qərar qəbul etdi. Yeddi rayonumuz işğal edildi. Bu torpaqlarımızın 20%-i demək idi. 18 min şəhid verdik. Bir milyondan çox azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşdü. Yenidənqurma nəticəsində 80-cı illərin II yarısında SSRİ-də milli münasibətlər müşkül şəklə düşdü.

1986-cı ildə Alma-ata, 1989-cu ildə Tbilisi, Vülnüs, 1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr bunun parlaq nümunəsi idi.

Qorbaçovun yaratdığı «aşkarlıq» SSRİ-nin dağılması üçün şərait yaratdı. 1990-cı ildə ilk dəfə Pribaltika respublikaları SSRİ-dən ayrıldıqlarını bildirdilər, həmin ilin martında isə onun tərkibindən çıxdılar.

1991-ci ilin martında SSRİ-nin tərkibində qalmaq və qalmamaq barədə keçirilən referendumda digər sovet respu­blikaları SSRİ-nin tərkibində qalmağa tərəfdar olduqlarını bil­dir­dilər. Lakin 1991-ci ilin auqust qiyamı bütün bunlara xətt çəkdi. Qorbaçov Krımda istirahət edərkən Moskvada vitse-prezident Yanayev, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kryuçkov, SSRİ Nazirlər Sovetinin sədri Pavlov, Daxili İşlər naziri Puqo, SSRİ Müdafiə naziri Yazovun iştirakı ilə 1991-ci il avqustun 19-21-də Fövqəladə Dövlət Komissiyası yaradıldı. Bu komissiya SSRİ ərazisində dərhal 6 ay müddətində fövqəladə vəziyyət elan etdi və bildirildi ki, 1985-ci ildən əvvəlki dövlət strukturlarının hamısı fəvliyyət göstərir. Lakin o zaman Rusiyanın prezidenti seçilən B.N.Yeltsin və Rusiya Federasiyası Ali Sovetinin sədri R.Xaspulatov Moskva zəhmətkeşlərini ayağa qaldırdı. Qiyam demokratik qüvvələrin qələbəsi ilə başa çatdı. Qorbaçov yenidən Moskvaya qayıtdı. Qiyamın təşkilatçıları həbs edildi. Ölkədə Sov. İKP-nin fəaliyyəti dayandırıldı. Bu hadisədən bir qədər sonra 1991-ci ilin dekabrın 8-də Belarusiyadakı Viskuli mehmanxanasında Ukrayna, Belarusiya və Rusiyanın (S.Şuşinski, L.Kuçma, B.N.Yeltsin) prezidentləri görüşərək 1922-ci il SSRİ-nin təşkili haqqındakı müqavilənin qüvvədən düşdüyünü bildirdilər və Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranması haqqında yeni müqavilə bağladılar. Beləliklə, MDB təşkil edilmiş oldu.

1993-cü ilin sonuna qədər Pribaltika respublikaları və Gürcüstan istisna olmaqla, keçmiş SSRİ-nin tərkibində olmuş, o dağıldıqdan sonra müstəqililk qazanmış 11 respublika MDB-nin üzvü oldu.

1991-ci ilin dekabrın 27-si SSRİ-nin mövcudluğunun son günü oldu. O, dağıldı və bu nəhəng, Levifan dövlət tarixdən silindi.



M.S.Qorbaçovun Sov.İKP MK-ın Baş katibi olduğu dövrdə SSRİ-nin xarici siyasəti. Qorbaçov Sov.İKP MK-nın Baş Katibi olduqdan sonra xarici siyasətdə də dəyişikliklər baş verdi. Belə ki, SSRİ xarici aləm üçün, xarici aləm isə SSRİ üçün dərk edilmiş oldu. Hərbi-iqtisadi istehsal və silahlanma sahəsində ABŞ-la yarışda tab gətirməyi bacarmayan SSRİ Qərb ilə Şərq arasında gərginliyi yumşaltmaq xəttini götürdü.

Qorbaçov öz xarici siyasətini « yeni siyasi təfəkkür tərzi» adlandırdı və bu siyasətin mahiyyəti ondan ibarət idi ki, dünyada böyük və ya kiçik dövlət yoxdur. Ən kiçik dövlət də bəşəriyyətə böyük faydalar verə bilər. Ona görə də, inzibati amirlik metodlarından əl çəkmək, ən kiçik dövlətin də mənafeyi ilə hesablaşmaq lazımdır. Çünki dünya elədir ki, vahid status-kvonu saxlamaq mümkün deyildir. Dünya daim dəyişilir. Dünya dövlətləri bir-biri ilə ancaq qarşılıqlı əlaqədə inkişaf edə bilər. Dünya dövlətlərdən birinin inkişafı digərinin inkişafını şərtləndirir. Ona görə də ayrı-ayrı dövlətlərin müdafiəsini deyil, bütün dünyanın müdafiəsini təşkil etmək lazımdır. Qorbaçov hakimiyyətə gəldikdən dərhal sonra 1985-ci ildə Cenevrədə, 1986-cı ilin oktyabrında isə Rekyavikdə ABŞ prezidenti Reyqanla görüşdü.

1987-ci ilin dekabrın 8-də Vaşinqtonda SSRİ ilə ABŞ arasında tarixdə ilk dəfə olaraq qısa mənzilli raketlərin məhv edilməsi haqqında saziş imzalandı.

1989-cu ilin fevralında Sovet qoşunları Əfqanıstandan çıxarıldı. Əfqanıstanda SSRİ-nin apardığı müharibə hər il ona 5 milyard rubla başa gəldi. Bu müharibə zamanı SSRİ-dən 15 min adam öldü, 35 min adam şikəst oldu, 300 nəfər isə itkin düşdü. Sovet-əfqan müharibələri dövründə Əfqanıstan özünün 1 milyon vətəndaşını itirdi.

SSRİ və ABŞ dövlət başçılarının (M.Qorbaçov və C.Buş) 1989-cu il dekabrın 2-3-də Malta görüşlərindən sonra beynəlxalq münasibətlərdəki gərginlik tamamilə zəiflədi.

1990-cı il (31 may-3 iyun) Vaşinqton zirvə görüşündə Almaniyanın birləşməsi məsələsi müzakirə olundu. Görüşdən sonra ABŞ SSRİ-nin təhlükəsizliyinə müdaxilə etməyəcəyi barədə bəyanat verdi. Sovet rəhbərliyi isə öz növbəsində Cənubi Afrikadakı, habelə, İran körfəzində, Cənub-Şərqi Asiya və Mərkəzi Amerikadakı regional münaqişələrə yumşaq münasibət bəsləyəcəyi öhdəliyini götürdü. SSRİ və ABŞ dövlət başçılarının Vaşinqton (1990) və Moskva (1991) görüşləri «Soyuq müharibə»yə son qoyulmasında çox mühüm addımlar oldu. Görüşən tərəflər ilk dəfə strateji hücum silahlarının ixtisar olunması, kimyəvi silahların çox hissəsinin məhv edilməsi və onların istehsalından imtina olunması barədə müqavilələr imzaladılar. 1990-cı ildə Parisdə keçirilən Avropa ölkələrinin müşavirəsində imzalanan «Ümumavropa evi yaratmaq haqqında» Xartiyaya (bunu bəzən «Paris Xartiyası» da adlandırırlar) SSRİ də qoşuldu. 1991-ci ildə SSRİ-nin razılığı ilə Varşava müqaviləsi təşkilatı və Qarşılıqlı iqtisadi yardım şurası buraxıldı.



SSRİ-nin dağılması səbəbləri. Dünyanın nəhəng dövləti hesab edilən SSRİ-nin dağılmasının səbəbləri aşağıda­kılar idi:

- SSRİ-də obyektiv inkişaf qanunlarının kifayət qədər nəzərə alınmaması, maddi maraq prinsipinə düzgün əməl edil­mə­məsi;

– insanların psixologiyasına uyğun gələn xü­susi mül­kiyyətçilik prinsipinə etinasız yanaşılması, bunun isə insan­larda sahibkarlıq və işgüzarlıq hisslərinin itirilməsinə gətirib çıxarması;

– iqtisadiyyatın ekstensiv inkişaf etdiril­məsinin im­kan­larının tükənməsi və iqtisadiyyatda baş verən dəyişik­liklərə vaxtında düzgün siyasi qiymət verilməməsi;

 – ETİ-nin nailiy­yətlərinin istehsala vaxtında tətbiq edilməməsi, elmin istehsalatdan ayrı düşməsi;

– SSRİ-nin dünya nümunələrinə uyğun məhsul isteh­salında geriliyi (Məsələn, SSRİ dünya sənaye məhsulunun XX əsrin II yarısında 20%-ni istehsal etsə də, bu məhsulun cəmi 14%-i dünya standartlarına uyğun gəlirdi);

- büdcənin xeyli hissəsinin hərbi pariteti saxlamaq naminə ayrılması, bunun da əhalinin yaşayış səviyyəsinin aşağı düşməsinə və sosial xərclərinin azalmasına gətirib çı­xar­ması;

- milli məsələyə düzgün qiymət verilməməsi, milli özünəxaslığa biganəliyin yaranması, hakimiyyətin yuxarı eşalonlarda əsasən rusların yerləşdirilməsi, bunun nəticəsində isə milli respublikalarda uzun müddət yığılıb qalan milli incikliklərin üzə çıxması;

– ideologiya sahəsində bayağılığın baş alıb getməsi, nəzəriyyənin praktikadan ayrı düşməsi;

- İnsan ləyaqətinin, insan şəxsiyyətinin qorunmasında kobud səhvlərə yol verilməsi, insan amilinin kifayət qədər nəzərə alınmaması;

- SSRİ-nin Əfqanıstana qoşun yeritməsi və Şərqi Avropada orta mənzilli raketləri yerləşdirməsinin dünyada demokratik dövlət kimi onu nüfuzdan salması;

- SSRİ-də istər daxili, istərsə də xarici siyasətin inzibati-amirlik metodlarının hökm sürməsi, totalitar rejimin ən yüksək nöqtəyə çatması, kommunist partiyasının diktatorluğu, demokratiyanın məhdud­laşdırılması;

- fikir, əqidə azadlığına, çox partiyalılığa icazə verilməməsi.

Bu həlledici amillərlə bərabər SSRİ-nin dağılması həm də ABŞ başda olmaqla dünya kapitalizm sisteminin hələ İkinci dünya müharibəsindən sonra dərhal başladığı «soyuq müharibə»nin onların xeyrinə qələbəsinin nəticəsi idi. Çünki dünya kapitalizm sistemi uzun müddət SSRİ-ni dağıtmaq üçün xüsusi planlar tərtib etmiş və bu sahədə isə əsas diqqəti SSRİ-nin milli cəhətdən parçalamağa vermişdilər. Burjua ideologiyasının daha ətraflı işlənib hazırlanması, daha yaşlı və təcrübəli olması və yayılma vasitələrinin genişliyi də mühüm təsiredici amillərdən idi. «Bi-bi-si» (1932), «Amerikanın səsi (1942)» «Azadlıq» (1952), «Azad Avropa» radio stansiyaları SSRİ-nin xalqlarının dilində sutkada 120 saat-dan çox verilişlər təşkil edirdi.

SSRİ-nin dağılmasının təsiredici səbəblərindən biri də SSRİ rəhbərliyində hakimiyyətə gəlmiş Qorbaçovun beynəlxalq və daxili amilləri nəzərə almadan yeritdiyi strategiya və onu həyata keçirmək üçün istifadə etdiyi taktikanın yalnışlığı idi. SSRİ dağıldıqdan sonra onun tərkibində olan respublikalar Böyük Vətən müharibəsi dövründən də ağır və çətin sınaqlara bir müddət məruz qalmalı oldu. SSRİ-yə daxil olan milli respublikaların əhalisi çətin və acınacaqlı keçid dövrünü yaşamış olsalar da, müstəqililyin nə demək olduğunu da hiss etdilər.

Rusiya Federasiyası (RF) XX əsrin 90-cı illərində. Hələ SSRİ dağılmamışdan əvvəl 1991-ci ilin iyun ayında Rusiyada prezident seçkiləri keçirildi. Boris Nikolayeviç Yeltsin Rusiyanın ilk prezidenti seçildi. 1991-ci ilin sentyabrında Yeltsinin yaxın silahdaşlarından olan Qaydar Rusiyada iqtisadiyyatı inkişaf etdirmək üçün monetar model irəli sürdü. Bunun isə mahiyyəti ondan ibarət idi ki, inflyasiyanın qarşısı alınsın. Ölkədə olan pul kütləsi ilə əmtəə kütləsi bir-birinə uyğunlaşdırılsın. İqtisadiyyatın monetar modeli aşağıdakı 3 istiqamətdə getməli idi:


  1. Qiymətlərin liberallaşdırılması.

  2. Daxili və xarici ticarətdə sərbəstlik.

  3. Özəlləşdirmə.

İşin çətinliyi onda idi ki, bu dövrdə belə iqtisadi siyasət həyata keçirmək üçün Rusiyada kifayət qədər obyektiv və subyektiv amillər yox idi. Bu model Almaniya, İspaniya, Çilidə tətbiq edilmişdi. Almaniya ABŞ, İngiltərə və Fransanın işğalçı qoşunlarının həmin ərazidə yerləşdirilməsinə, İspaniya Franko diktaturasına, Çili sərt Pinoçert rejiminə arxalanaraq tətbiq edilmişdi. Lakin Rusiyada bu model ortaya atılarkən demokratiyadan daha çox anarxiyaya bənzər bir şərait var idi. Bu siyasətin yeridilməsi inflyasiyanın güclənməsinə gətirib çıxartdı.

1991-ci ilin dekabrında SSRİ-nin süqutundan sonra Rusiya özünü SSRİ-nin və onun qızıl ehtiyatlarının yeganə varisi elan etdi. Nüvə silahları ərazisində yerləşən Qazaxıstan, Ukrayna, Belarusiya razılıq verdilər ki, bu silahların hamısı Rusiyanın əlində cəmlənsin. Qara dəniz məsələsi müzakirə edilərkən Rusiya tələb edirdi ki, Qara dəniz donanmasına birbaşa rəhbərlik etmək üçün Sevastopol Rusiyanın əlində qalsın. Lakin Ukrayna bununla razılaşmadı. Bu məsələ indiyə qədər öz həllini tapmamışdır. Rusiyanın başçılığı altında 1991-ci il dekabrın 8-də Müstəqil Dövlətlər Birliyi yaradıldıqdan sonra Pribaltika ölkələri bu quruma daxil olmaqdan tamamilə imtina etdilər. Onlar Qərbyönümlü siyasət yeritməyə başladılar və tələb etdilər ki, Rusiya öz qoşunlarını onların ərazisindən çıxartsın. Qoşunların çıxarılma prosesi 1994-cü ildə başa çatdı.

90-cı illərin əvvəllərində Rusiyanın yaxından iştirakı və köməyi ilə əhalisinin əksəriyyətini ruslar təşkil edən Moldovadakı Dnestrboyu ərazilər öz müstəqilliklərini elan etdilər. Gürcüstanda Abxaziya və Cənubi Osetiya da bu yolla getdi.

SSRİ dağıldıqdan sonra bütün respublikalarda kommunist rejimi ləğv edilsə də, yalnız Türkmənistan və Özbəkistanda bu rejimlər özlərini saxlaya bildilər.

1992-ci il mayın 15-də Rusiya və Xəzər sahilində olan keçmiş SSRİ respublikaları arasında Xəzər donanmasının bölüşdürülməsi ilə əlaqədar qərar qəbul edildi. Xəzər donanmasının 25%-i Azərbaycana verildi.

1992-ci ilin yayında Rusiyada özəlləşdirmə haqqında qərar qəbul edildi. 1992-ci ilin oktyabrın birində özəlləşdirmə çekləri paylanmağa başlandı. Tezliklə Rusiyada 40 min müəssisə özəlləşdirildi, bankların sayı 2000-ə, birjaların sayı isə 300-ə çatdı. Lakin özəlləşdirmə prosesi Rusiyanın inkişafına mənfi təsir göstərdi.

1990-cı illə müqayisədə, 1992-ci ildə istehsal sənayedə 16,2, kənd təsərrüfatında 4% azaldı. 1993-cü ilə qədər milli gəlir 57, sənaye məhsulu istehsalı 63, kapital qoyuluşu isə 43% aşağı düşdü. İnflyasiya 20-25% artdı. 1993-cü ildə qiymətlər 100 dəfədən çox artdı. Ölkədə işsizlərin sayı 8 milyonu ötüb keçdi.

1992-ci ilin martın 31-də Rusiya ilə onun subyektləri arasında ittifaq müqaviləsi bağlandı. Həmin müqaviləyə əsasən Rusiyanın tərkibinə 21 muxtar respublika, 6 ölkə, 49 vilayət, 11 muxtar vilayət daxil edildi. Çeçenistan, Başqırdıstan, Tatarıstan və Yakutiya bu müqaviləni bağlamaqdan imtina etdilər. Ancaq tezliklə müəyyən şərtlərlə Başqırdıstan və Yakutiya bu müqaviləni bağladı.

1994-cü ildə Tatarıstan da müəyyən güzəştlərlə müqaviləni imzalamağa razılıq verdi. Çeçenistan isə indiyə qədər bu müqaviləni imzalamamışdır.

1991-ci ilə qədər Çeçen-İnquş adlanan muxtar vilayət 1991-ci ilin sonlarında 2 yerə ayrıldı. Çeçenistan özü müstəqil fəaliyyət göstərməyə başladı. 1992-ci ildə Çeçenistan özünü müstəqil dövlət elan edərək Cövhər Dudayevi ilk prezidenti seçdi. Cövhər Dudayev ölkədə 15 minə qədər nizami ordu yaratdı. Hadisələrin belə cərəyan etdiyini görən Rusiya prezidenti Yeltsin 1994-cü ilin noyabrında «Çeçenistanda konstitusiyanın pozulmasının qarşısını almaq haqqında» fərman imzaladı. Oraya rus qoşunları yeridildi. Birinci rus-çeçen müharibəsi başlandı.

1996-cı ildə Cövhər Dudayev öldürüldü. Onun ölümündən sonra Çeçenistanın prezidenti Aslan Məshədov oldu. Cövhər Dudayevdən fərqli olaraq kompromisə meyl gösttərən Aslan Məshədov Rusiya ilə danışıqlar aparmağa razı oldu.

1996-cı ilin sonunda I rus-çeçen müharibəsi başa çatdı və Xasavyurd sazişi bağlandı. Həmin sazişə əsasən rus qoşunları Çeçenistandan geri çəkildilər. Lakin Çeçenistanın yenidən mübarizəni davam etdirməsi 1999-cu ildə II rus-çeçen müharibəsinin başlanmasına səbəb oldu. Bu müharibə indiyə qədər davam edir. 2005-ci ilin martın əvvəllərində Aslan Məshədov qətlə yetirildi.

1993-cü ildə Rusiyada siyasi vəziyyət xeyli kəskinləşdi. Belə ki, Xalq Deputatları Qurultayı və Ali Sovetlə prezident arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsi kəskin ixtilaflara səbəb oldu. Bütün hakimiyyəti öz əlində cəmləyən Ali Sovet və Xalq Deputatları Qurultayı prezidentlə hesab­laşmırdılar. Qaydar baş nazir vəzifəsindən azad edildi. Parlamentdə tərəfdarları az olan Yeltsin hələlik onlarla hesablaşmağa razı oldu. Çernomırdinin baş nazir təyin edilməsinə razılıq verdi. Lakin Yeltsin 1993-cü ilin iyul ayında elan etdi ki, qarşıdan gələn avqust ayı ciddi artilleriya hazırlığı, sentyabr və oktyabr ayları isə ciddi döyüş aylarıdır.

1993-cü ilin sentyabrın 21-də Yeltsin gözlənilmədən televiziya ilə çıxış etdi və bildirdi ki, həm Ali Sovet, həm də Xalq Deputatları Qurultayı buraxılır və onların səlahiyyətləri bitmiş hesab edilir. Bu Ali Sovetdə çaxnaşmaya səbəb oldu. Onlar Yeltsinin vəzifədən çıxarıldığını, bu vəzifəyə Rutskoyun seçildiyini bildirldilər. Lakin Yeltsin Silahlı Qüvvələrə arxalanaraq 1993-cü ilin oktyabrın 3-4-də Ali Sovetin binasını mühasirəyə aldı. 140 adam bu prosesdə ölsə də, bina tutuldu. Xaspulatov başda olmaqla müxalifət qüvvələri həbs edildi.

Beləliklə, Rusiya Federasiyasında Yeltsin şəriksiz hakimyyətə nail oldu. O, qeyri-legitim (qanunazidd) yolla sovetlərin də fəaliyyətini dayandırdı.

1993-cü ilin dekabrın 12-də Rusiya parlamentinə, yəni keçmiş adı yenidən bərpa edilən Dumaya seçkilər və Rusiya Federasiyasında yeni konstitusiya layihəsi ilə əlaqədar referendum keçirildi. Konstitusiyaya görə Rusiyada prezident 4 il müddətinə seçilir və böyük səlahiyyətlərə malik idi.Lakin hər hansı şəxs bu vəzifəyə ancaq iki dəfə seçilə bilərdi. Parlamentə seçkilər 4 ildən bir keçirilməli idi.

1995-ci ildə Dumaya keçirilən seçkilərdə ən çox səsi Zuqanovun başçılıq etdiyi Kommunist partiyası topladı. 1996-cı ilin iyun ayında növbəti prezident seçkiləri keçirildi. Prezidentliyə namizəd: Yeltsin, Zuqanov və Lebed idi. Birinci turdan sonra Zuqanovun qələbə qazana biləcəyini hiss edən Yeltsin hiylə işlədərək Lebedi öz tərəfinə çəkdi. Onu Təhlükəsizlik Komitəsinin katibi təyin etdi və onun səslərini özünə götürərək II turda qalib gəldi. Lakin prezident seçkildikdən az sonra o, Lebedi vəzifəsindən uzaqlaşdırdı.

1999-cu ilin dekabrın 31-də Yeltsin öz vəzifəsindən istefa verdiyini və səlahiyyətlərini baş nazir V.Putinə həvalə etdiyini bildirdi. V.Putin qanuni yolla 2000-ci ilin may ayında Rusiya Federasiyasının prezidenti oldu. O, 2004-cü ilin martın 14-də keçirilən prezident seçkilərində də yenidən qələbə qazandı.

90-cı illərdə Rusiyanın siyasi həyatında çoxpartiyalı sistem formalaşdı. Ölkənin siyasi həyatında Jironovskinin başçılıq etdiyi millətçi liberal-demokratlar, Zuqanovun başçılıq etdiyi yaşlı nəsil içərisində böyük nüfuza malik olan Kommunist, Çernomırdinın başçılıq etdiyi «Naş dom», Lapşinin başçılıq etdiyi «Aqrarilər», Yavlinskinin başçılıq etdiyi «Yabloko», Pextunun başçılıq etdiyi «Edinstvo», Nemsevin başçılıq etdiyi «Sağ qüvvələrin ittifaqı», «Oteçestvo» partiyaları mühüm rol oynayırdı.


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin