Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,61 Mb.
səhifə11/28
tarix19.06.2018
ölçüsü2,61 Mb.
#54264
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

AŞIQ RƏVAYƏTLƏRİ
108. SARI AŞIQ
I mətn

Bir gün Sarı Aşığın yolu dağlara düşür. Bir çobanın evində qonaq qalmalı olur. Sən demə, çobanın bir neçə qoyunu quzula­yıbmış. Evin xanımı təzə sağdığı süddən kətəməz bişirir. Süd bişdikcə bərkiyir. Bunu görən aşıq deyir:

Mən aşiqəm, buz bağlar,

Çaylar, sular buz bağlar.

Bu gün bir əcaz gördüm,

Od içində buz bağlar.



II mətn

Bir dəfə taxıl biçini zamanı Sarı Аşıq bir kəndlinin evində qonaq imiş. Ev yiyəsi oğlanları ilə biçilib bənd vurulmuş taxılı xırmana daşıyır, bir tərəfdən at qoşulmuş vəl ilə taxılı döyürmüşlər. Evin xanımı da evdə qonaq olduğundan məcməyidə düyü artlayır­mış ki, aş bişirsin. Aşıq bu mənzərəni görüb deyir:

Mən aşıq, yaydı günü,

Sonalar yay dügünü.

Qəmər çəkər, sar döyər,

Açılmaz yay dügünü.


III mətn

Bir gün Sarı Аşıq Yaxşıgilə gəlir. Yaxşının bacısı Günəş Аşı­ğa çox hörmət qoyur. Aşıq da Günəşin hörmət-izzətini görüb deyir:

Mən aşıq, yaxşı Günəş,

Çıxıbdı yaxşı günəş.

Yaxşıya gözəl çatmaz,

Yaxşıdan yaxşı Günəş.

Bu zaman içəri girən Yaxşı Sarının dediyi bayatıdan çox mütəəssir olur. Əməlli başlı qaş-qabaq tökür. Məsələnin nə yerdə olduğunu duyan Sarı Aşıq səhvini düzəldir və deyir:

Mən aşıq, Gün aşanda,

Durmuşam günaşanda.

Üzgörəsi demirəm,

Sən handa, Günəş handa?
IV mətn

Yaxşının yaşadığı Maqsudlu kəndi Həkərinin sol sahilində, Sarı Аşığın yaşadığı kənd isə sağ sahilində idi. Aşıq sevgilisini görmək üçün çayı keçib bu tərəfə gəlməli imiş. Bir gün Yaxşının anası soruşur:

– Ay Sarı, sən bu çayı necə keçibsən ki, heç islanmayıbsan?

Aşıq cavabında deyir:

Mən aşıq, bayı keşdim,

Xotkarı, bayı keşdim.

Altı camış, yüz keçi,

Qucaqda çayı keşdim.

Heç nə başa düşməyən ev əhlinə aşıq bayatını xırdalamalı olur. Sən demə, Sarı Аşıq çarıqlarını qucağında islatmadan bu taya keçirif. Çarığın da altı camış dərisindən, üzünün ipləri isə keçi dərisindən toxunmuşmuş.
109. AŞIQ ƏLƏSGƏR
Aşıq Ələsgər evdən çıxanda bir mollaynan qavaxlaşır.

– Salam-məlöykü.

– Əlöykümət-salam.

Molla deyir:

– Ələsgər, hara gedirsən?

Deyir:


– Gedirəm məclis var, ora.

Deyir:


– Ələsgər, qoltuğundakı nədi?

Deyir:


– Sazdı.

Deyir:


– Ələsgər, onu çalma ey, günahdı.

Deyir:


– Buy, ay molla, nətər günahdı, niyə günah olur?

Deyir:


– Vallah, çalmax günahdı da.

Deyir:


– Molla, sən gejə ayağınnan asılırsan ki, ya Allah, bir adam ölsün, səhər gedim onun meyidin götürüm, pul alım gətirim, uşa-ğım yesin. Mən də gejə ayağımdan asılıram ki, ya Allah, sən özün toy elə, şaddıx elə, şənnih elə, gedim çalım-çağırım, gətirim, onun pulun verim balalarımı saxlıyım. Niyə səninki halaldı, mənimki haram?

Deyir:


– Vallah, o şeytan işidi.

Deyəndə Ələsgər götürür deyir:

– Molla, sənnən üş qatar söz soruşajam. Əgər o sözü maa deyə bildin, oxuduğun Quran haqqı, burda sazı yerə vuruf qırajam. Deyə bilməsən, Quran kitabını əlinnən alajam.

Deyir:


– Yaxşı, de.

Götürür orda deyir:

Mənnən salam olsun, ay duran molla,

Altı gündə dünya neçə don geydi?

Kim idi göyün bənnası,

İldızdar harda yerbəyer oldu?

Deyəndə molla boynun dalın qaşıyır.

Deyir:


– Ə, niyə dinmirsən?

Deyir:


– Yaxşı, o biri kəlməni de görüm.

Deyir:


Mələhlər cəm oldu, neçə idi sayı,

Hansı idi onun içinin bəyi?

Hara çağırdılar, molla, Məhəmməd peyğəmbəri

O kim idi, onnan bixəbər oldu?

Deyəndə gənə boynun dalın qaşıyır. Deyir:

– Əyə, niyə dinmirsən. Deyir:

– Yaxşı, axırıncı kəlməni ge görüm.

Ələsgər götürür deyir:

Ələsgərəm, muğarraram saadını,

Yerdən xəvər verərəm göy büsatını.

Cannıdı, cansızdı, molla, ərşin sütunu

Müsurman əhlinə nə xəvər oldu?

Deyəndə bu yönəlir getməyə. Deyir:

– Hara gedirsən, ə?

Deyir:

– Rəhmətdiyin oğlu, sən ərşdən-ürşdən danışırsan. Mən nə bilim ərşin sütunu cannıdı, cansızdı.



Dedi:

– Bilmirsənsə, bəs niyə mənim çaldığımı günah eliyirsən, ə. Maa ver, ə, Quran kitabını.

Quran kitabını əlinnən alır. Molla başdıyır buna yalvarmağa. Çox xayişdən-minnətdən sora verir. Deyir:

– Ala, Quran kitabını verirəm özünə. Get arvatdarı allat, duadan-muadan yaz, başını saxla. Aşığnan nə işin var?


TOPONOMİK RƏVAYƏTLƏR
110. GÜRCÜHANİ
Bir gün Nadir şah Gürcüsdana hücuma keçəndə bı gürcülər qaçıf bir dərədə gizdəniflər ki, Nadir şah bıları tuta bilməsin. Hay gəlif ki, bəs şah, gürculər filan yerdədi. Oların gizdəndihləri yerdən bəridə bir hündür təpə vardı. Nadir şah çıxıf həmin təpəyə, əlini qoyuf gözü­nün üsdünə, deyif ki, ə, gürcü hanı? O kəndin adı qalıf Gürcühanı. Soh­radan o kənt gürcüləşif. İndi böyüh şəhərdi, adı da qalıf Gürcühani.
111. ƏTYEMƏZLİ KƏNDİ
Kəndin adının qoyulması belə oluf ki, keşmiş vaxdı rəvayətə gö­rə, ajdıx oluf. Bütün kəntdərdə atdarı kəsif yeyiflər. Müsəlmana guya at yemək olmaz. O kəndin camaatı at əti yemiyif. Ora at əti aparan olanda deyərmişdər olar at yemillər. At yemillər sözü tədri­cən uzun-uzun illər keşdihcə çevrilif oluf Ətyeməzdi. Amma əslində Atyeməzdidi.
112. ANA-BALA QAYASI
Keşmişdə qaçaqaç imiş. Amma bilmirəm, erməni qovluyur qaçıllarmış, yoxsa elə belə. Güney tərəfə qaçıllarmış. Yarısınadək qaçıfdı. Qaçıf çıxıf, amma o gəlin qaça bilmiyif. Deyif:

– Ya Allah, məni ya quş elə, ya daş elə.

Qurban olduğum bunu daş eliyif. İndi həmən qaya durur. Uşağı kürəyinə şəlləkli, başında yaylığı, əlində sumkası güneyin döşündə beləcə görükür ki, çıxa bilmiyif. Yanında iki qaya dа var. Daa bilmirəm o nə qayadı. İnsan şəkli deyil, elə belə qayadı da, daş.
113. ÇAYLI KƏNDİ
Zəngilan tərəf bizə tərəkəmə deyir, biz də olara Çaylı deyirik. Ona görə ki, biz dədə-baba köçəri olmuşux. Nikolay vaxdında dağa köşmüşüh, sentyabr ayında qayıdıf gəlmişih arana. Sovetin vaxdında da bir müddət camaat getdi, gəldi. Sohra kalxoz oldu. Çaylıda çəltih əkilirdi, pambığ əkilirdi qabaxlar. Onlara Çaylı deyirdih çayın qırağında olduğuna görə.
114. HACILAR KƏNDİ
Aşağı zona ki var – Muğan tərəf, onnar haca gedəndə də, gələndə də Hacıqabulda toplaşırmışdar. Amma bu zona kı var – Zaqatala, Qax, Balakən, Tərtər, bular həmişə haca gedəndə bura (Hacılar kəndinə – top.) toplaşırmışdar, Xudapirimdən** keçif haca gedirmişdər. Haca gedənnərin toplaşma yeri bura olduğunnan kəndin adı onnan qalıf.
MÜXTƏLİF MÖVZULU RƏVAYƏTLƏR
115. QIŞIN DOSTLUĞU
Qışnan biri dosd olur. Çox söhbətdər olur aralarında. Nəhayət, baxıf görür havalar yavaş-yavaş soyuyur. Qışa deyir ki, xəbər elə, mən heyvan üçün ot tədarükü görməmişəm, odun tədarükü görmə­mişəm. Gələndə mənə deyərsən, mən hazırraşaram da.

Deyir:


– Yaxşı.

Bəli, vaxd keçir, payız gəlir çatır. Qışın gəlməyi başdıyır. Bir səhər durur görür ki, sağ tərəfdə hündür bir dağ var, ora qarrıyıf, qar yağıf. Aradan beş-on gün keçir, baxır görür ki, sol tərəfdə hün­dür bir dağ var. O dağa qar yağıf. Bir beş-altı gün keçif, duruf görür ki, arxa tərəfdə bir dağ var. O dağa qar yağıf. Elə yağıf yumurta boyda. Bir səhər də duruf görür ki, həyətə nətər qarrıyıfsa, qapını açır, qar doluf içəri. Qışı çağırır. Deyir ki, biz dosdux?

Deyir:

– Hə.


Deyir:

– Bəs sənə demədim ki, gələndə mənə xəbər elə, hazırraşım.

Deyir:

– Xəbər eləməyim nətər olur ki? Buynuzu olur xəbər eləməyin? Xəbər elədim da. O dağa yağdım, səə bildirdim ki, bax, yağdım bura. O dağa yağdırdım, səə bildirdim ki, qardı ha, qış gəlir. Arxadakı dağa yağdım, qarşıdakı dağa, daa yer qalmadı. Sən başa düşmədin ki, bir gün də sənin qapının ağzına qarrıyajaxdı. Daa bunnan yaxşı bildirməh necə olur?



Hə. Qış məlumatını helə dosduna verir.
116. İNAM
Biri gəlir görür ki, molla çayın kənarında dəsdəmaz alır. Deyir:

– Molla dayı, mən üzə bilmirəm, mənə bir barmax dua yaz, bu çaydan keçim.

Molla yazır duanı, verir buna. İnama gətirirəm ey, inam ayrı şeydi. Girir suya, qaça-qaça keçir o üzə. Molla qalır bu üzdə. Deyir:

– Molla dayı, sən də keç.

Molla deyir:

– Yox, bala, qorxuram.

Deyir:

– Nətər ə, mən sənin bir barmax kağızınnan keşdim, indi sən keçə bilmirsən?



Deyir:

– A bala, sən inam gətirirsən, mənsə qorxuram.



117. YAXŞI QONŞU
Deyir bir gün bir kişinin ayləsi elə vəziyyətə düşür ki, evi satmax isdiyir. Elan verir. Ev alıcıları gəlir bının qapısına. Deyillər:

– Evi neçiyə verirsən?

Deyir:

– Vallah, evi bı qiymətə verirəm, hamma qonşumu bı qiymətə verirəm, satıram saa.



Deyillər:

– Bı nətər olan şeydi?

Qonşu da bını eşidirmiş öz həyətinnən. Evi satan kişi deyir:

– Mənim qonşum o qədər mehriban qonşudu ki, onu evimnən baha verirəm saa. Qonşumu alsan, evi verəjəm, almasan, vermijəm.

Qonşu bını eşidir, deyir: “Ə, bı nə sirdi görəsən?” Tez addıyıf gəlir öz həyətinnən bıra. Deyir:

– A qonşu, bı nədi, bı nə əhvalatdı?

Deyir:

– Əşi, nə bilim, filankəsdən borc almışıx, indi qaytara bilmirih. Vaxt gəlif tamam oluf. İndi evi satıf onun pulunu vermək isdiyirih.



Qonşu da deyir ki, nə qədər pul boşdusan, de, mən verəjəm. Deyir, qonşu çıxardır verir. Deyir:

– Nə evi sat, nə də bir şey elə. Apar pulu ver, ev də halalın olsun.


118. SALAVAT ÇƏKMƏYİN SAVABI
Birinin bir əziz, bircə madar oğlu varmış. Bı gəlir qəfil ölür. Öləndə görür kü, bı vəşidi, tez üsdünü örtür. Oğlu da deyəndə kişi­nin elə bil yüz yaşı varmış, oğlunun da altmış yaşı dayna. Oğlu da qojeymiş. Üsdünü örtür. Qurban olduğumun biri gəlir, bının üsdünü aşdırmax isdiyəndə bı deyir:

– Aşma, aşma.

Bı açır. Açanda görür kü, həmənki adamdı. Deyir ona görə bı adam oldu ku, şərt namaz qılmaxda dəyil. Salavat hamısınnan üsdündü. Gündə üş dəfə “la ilahə illallah, Məhəmmədü Rəsullalah” deyif üzaa salavat çəkməlisən (söyləyici bu yerdə salavat çəkir – top.). Gündə üş dəfə “la ilahə illallah” demək çox savabdı. Deyif bı bir dəfə üzünə salvat çəkif, ona görə qayıtdı belə oldu.
119. GÖLƏ QƏLƏM SANCAN
Birinin gözü görmürmüş. Allah-talıya yalvarıllar ki, xudavən­di-aləm, bının gözünü aş dayna, cavan oğlandı. Hamı çimir, bı qalır belə zəlil. Deyir:

– Ey mənim bəndələrim, onu mən həylə eləmişəm, həylə də qoymuşam. Həylə məsləhət bilmişəm, həylə şeyə layixdi. Onu mən həylə kor eləmişəm.

Olmur. Deyir:

– Yaxşı, açajam, – bəndələrinə deyir. Bı gəlir açır.

Gedillər gölə çimməyə. Bu oğlan habelə qələmə qayırır çoxlu, aparır sancır gölün dibinə. Uşaxlar hoppanıf çimdihcə qələmə qarınlarına batır, qan axır. Allah qayıdır deyir ki, sizə demədim mənim hesabıma əl qoymuyun.

Allah hər küşdənin əməlini öz qabağına qoyur.


120. CƏNNƏTİN QAPISINI BİRİNCİ AÇAN
Biri atasına deyif ki, ateyi-mehriban, görən cənnətin qapısını kim açacax birinci? Deyif:

– Bala, bırda bir naxırçı arvadı var – Xeyri arvat var, o açacax.

Deyif ki, nətəri? Deyir ki, o açacax da.

Gedir görür kü, bı Xeyri arvad oturuf cəhrə əyirir. O nama­zımıza qoşulan Xeyri arvat. Ona görə də namazımızda deyilir ki, xeyir işdər sahibi olax. O arvadın adınnan qalıf. Görüf kü, oturuf cəhrə əyirir, yanında balaca ağ quruşqada su, üsdündə də bir belə quru çörəh, yanında da bir uzun çombax. Bına sual verir. Deyir ki, niyə belə?

Deyir:

– Ona görə ki, mənim ərim axşama kimi naxırdadı, mən yaxşı çörəh yesəm, yaxşı çay işsəm, günah elərəm. O çombax da onnan ötəridi ki, ajığı tutanda məni vırsın.



Yoxsa indikilər kimi? Baş yoldaşın yolu ağırdı, bala. Onçün də birinci cənnətin qapısını həmən Xeyri arvad açıf. Namazımızın, cən­nətin qapısını həmən Xeyri arvad açıf. Qırx dəvəən avsarını o çəkif.
121. YONQARINA BƏRƏKƏT
Söyləyicinin dediyinə görə, evlərini təmir edəndə ustadan aylıq qazancını xəbər alır. Usta yüksək bir məbləğ deyəndə təəccüb edir ki, nə üçün bu qədər qazancı olduğu halda gileylənir? Usta deyir ki, bizi peyğəmbərin qarğışı tutub, ona görə nə qədər qazan­saq da, yonqar kimi sovrulur. Ardından da bu mətni danışır.

Deyir, bir dülgər işinin müqabilində bir təlis pul alıb yol ilə gedirmiş. Bu zaman qarşısına bir peyğəmbər çıxır. Salamlaşıb hal-əhval tutandan sonra peyğəmbər təlisə işarə edir ki, bu nədi belə aparırsan? Dülgər fikirləşir ki, əgər desəm ki, bu puldur, peyğəmbər deyəcək apar bunu kasıb-kusuba payla. Mən də ki, pulumu heç kəsə vermək istəməyəcəm. Aramızda inciklik düşəcək. Odur ki, deyir:

– Peyğəmbər sag olsun, mən bir dülgər babayam, bu təlisdəki də işlədiyim yerdən götürdüyüm ağac yonqarıdı, aparıram evdə sobada yandıram.

Peyğəmbər baxıb deyir:

– Allah yonqarına bərəkət versin.

O zamandan dülgərlər nə qədər çox pul qazansalar da, pulları deyil, yonqarı bərəkətli olur.


122. MİN ŞÜKÜR
Söyləyicinin dediyinə görə, bu mətni taksi sürücüsündən eşidib. Taksi sürücüsü öz halına şükür edərək bu mətni danışıb.

Bir gün bir vəzir padşahın yanına gəlir. Deyir ki, şah sağ ol­sun, ölkədə dolanışığı düşən adamların sayı aşıb daşır, hamı nara­zılıq edir. Padşah bir az fikirləşib vəzirə deyir ki, get o adamları vəzifəsinə və işinə görə sıra ilə düz. Sonra hər kəsə de ki, özünnən sonra gələ­nin və­ziyyətini öyrənsin. Vəzir gedir, əvvəl özü durur, sonra vəkili, ondan sonra saray əyanlarını, tacirləri, bənnaları, onla­rın şəyirdləri, işi-gücü olanlar, əlsiz-ayaqsızlar düzülür. Vəzir özün­nən sonra baxır vəkilə və fikirləşir ki, mənim bir işim-gücüm var, otururam padşahın yanında, onun yeyib-içdiyinnən yeyib içirəm. Buna da min şükür. Vəkil baxır sarayın əyan-əşrəfinə, öz-özünə deyir ki, elə mənim də bu sarayda vəzir qədər hörmətim var, yeri gələndə padşah mənim də fikrimi soru­şur. Ailəm də heç vəzirin­kindən pis dolanmır, min şükür. Saray əyan­ları da baxır tacirlərə, fikirləşirlər ki, bunlar bir tikə pul qazanmaq üçün ölkələr gəzirlər. Onlar da öz rahatlıqlarına min şükür edirlər. Belə-belə növbə gəlir digər sənət sahiblərinə. Onlar da özlə­rin­nən son­ra gələnlərlə özlə­rini müqayisə edib, şükür edirlər. Əlsiz-ayaqsızlar da göz­ləri gör­mə­yən­lərə baxıb deyirlər, Allah, sənə şükür, bizim gözü­müz var, bu dünyanı görürük. Qəbirstanlığın yanında duran kor ayağı altda yatanları düşü­nüb, öz halına şükür edir. Beləliklə, camaat arasında narazılıq yatır.


123. XEYİR ƏMƏL
Qayınanam deyərdi ki, heç kəsi yeyəcək bir şeylə umsundur-ma. Əgər umsundurdunsa, həmin yeməkdən ona da ver. Verməsən, yerin cəhənnəmdir.

O danışırdı ki, iki qonşu olur. Biri çox kasıb, o biri qonşu isə çox varlıymış. Bir gün varlı qonşu müqəddəs yerlərə həcc ziyarə­tinə getməyə hazırlaşır və həmin günü həyətində heyvan kəsir, varlı dost-tanışını da yığıb qonaqlıq verir. Bişirilən kababın iyi ətrafa yayılır. Kasıb qonşunun bir hamilə gəlini var imiş. Gəlin kababın iyin­dən çox narahat olur. Gəlinin qayınatası gizlincə pişiyi tutur, dal­da bir yerdə kəsir, pişiyin ətindən kabab çəkib gəlninə yedizdirir.

Sabahısı günü zəvvarlar yola düşür. Ziyarətə çatırlar. Varlı yatır, çox qəribə bir yuxu görür. Yuxuda müqəddəslərdən biri ona deyir ki, ay filankəs, sən niyə belə yubanmısan, sənin kasıb qonşun səndən əvvəl mənim ziyarətimə gəlmişdi. Varlı buna inanmır, deyir ki, bu ola bilməz. Çünki o adamın bura gəlmək imkanı yoxdur. Müqəddəs ona deyir ki, mən əlimi yağa bulayıb onun kürəyinə vurmuşam. Varlı ziyarətini başa vurub evinə qayıdır. O qədər həyəcanlı olur ki, öz evinnən qabaq qonşuya gedir və onun arxadan kürəyinə baxıb görür ki, bəli, adamın çuxasının arxasında beş bar­maq şəkili düşüb. O zaman başa düşür ki, xeyir əməl çox vacibdir.
124. AĞLARSA, ANAM AĞLASIN
Deyir qədim zamanlarda bir oğlanla bir qız olur. Bunlar bir-birini çox sevirmişlər. Bir gün oğlan xəstələnib ölür. Oğlan o dünyada gəzdiyi vaxt görür bir göl var, kənarında da bir qoca kişi oturub. Yaxınlaşır soruşur ki, bu nə göldü belə, burada niyə otur­mu­san? Kişi cavab vermir, oğlan da çıxıb gedir. Üstünnən xeyli za­man keçir, oğlan gəzə-gəzə gəlib bir də burdan keçəndə görür ki, gölün suyu xeyli quruyub, amma qoca yenə gölün kənarında out­rub. Yenə də qocaya nə sual verirsə, qoca cavab vermir. Üstünnən bir müddət də keçir. Oğlan bir də həmin kişiylə rastlaşır. Görür ki, qoca oturub gölə baxır. Ancaq göl elə quruyub ki, lap bir ovuc qalıb. Oğlan bu işə lap mat qalır. Yenə qocaya deyir:

– Ay əmi, bu gölün suyuna nə olub, niyə quruyub?

Qoca bu dəfə dilə gəlib deyir:

– Oğul, bu gölün suyu, sənin üçün o dünyada ağlayanların göz yaşından əmələ gəlmişdi. Hər gün sənə ağlayanların sayı azaldıqca, bu gölün suyu da qurudu. Hətta səni sevən o qız belə ağlamır. Bu qalan su isə sənin ananın göz yaşlarıdı. Çünki o, hələ də ağlayır.



Söyləyici bu mətni yas məclisində eşidib.


125. AYININ QIZI OĞURLAMASI
Ayı bir qızı oğurruyur aparır. Bunu kadını kimi saxlıyır. Bu olmuş şeydi ey. Yalan şey döyül. Kişilər söhbət eliyəndə eşitmi­şəm. Bu kadın hamilə oluf. Bunun ayıdan iki dənə oğlu oluf. Ayı gedirmiş alaçığ evlərdən motal gətirirmiş, yağ dərisini oğurruyuf gətirif qoyurmuş bunun yanına. Bişmiş çörəyi gətirif yığırmış ora. Çox vaxdan sora o uşaxlar da iriliyif-eliyif. Ova-zada gələn oluf. Səs-küyə ayı burdan uzaxlaşıf. Ayı bunu güdürmüş, qoymurmuş. Kahası var imiş. Onun qabağına elə daş yığır ki, on adam onu aşıra bilməzmiş. Bu kadın çıxır, ovçulara qoşulur gəlir.
126. İLAN DAVASI
I mətn

Palaçı Məmməd oluf. İlannarı o taydan o keçirif bəriyə. Deməh, bı Qavırrı yaylağında bılar vırışıflar. Naxçıvan tərəfdədi. Bı Naxçıvan ilannarının padşahı İran ilannarına əmr eliyif ki, saa müharibə elan eliyirəm, hazır ol. Bı padşah da qoşununu cəm eliyif.

Üş min ilan oluf, gəlif Arazın qırağına ki, keçə Diri dağı tərəfə, ordan da gedə Naxçıvana. Bı ilannardan iki başçı gəlif, bı Palaçı Məmmədin biri o tərəfini kəsdirif, biri də bı tərəfini. Bı nağarajax? Əlacı kəsilif, ilannarı yarı-yarı, hissə-hissə yığıf palanın üsdünə, çəkif bəriyə, bəri taya. İlan da çox ağır olur, heylə oldu­ğuna baxma. Daşıyır, axırda bir qara ilan bının barmağınnan vırır. Bı gəlir bıların başçı­larının yanına ki, bəs belə-belə, sənin ilan­narınnan biri mənim barma­ğım­nan vırdı. Bı padşah bının barma­ğını alır ağzına, nə ki zəhər var soorur hamısını, soorur tüpürür. Sohra da əmir eliyir, bı ilannar tökülür bı qara ilanın üsdünə, onu tiftih-tiftih eliyillər, bir sümühləri qalır. Bı ilannardan bir azı Diri dağı isdi olduğunnan qalıllar bırda, tay gedə bilmillər. Onnan Diri dağı heylə ilannığ olur.

Həə, bılar gedif çıxıllar o Qavırrı yaylağınnan bəriyə, bir dərə­nin başına. Orda bir Bunyovka dəyirmanı varıydı, onu biz gör­müşdüh, mən özüm çox görmüşdüm. Siz hardan göreydiz. Bı dəyirmançı baxır ki, bı ilannar gəldi, girdi bının dəyirmanına. Sayır, görür düz iki yüz ilan girdi bının dəyirmanına. Dəyirmanın suyu kəsilir, işdəmir. Səhər olur, bı baxır ki, bı ilannar başdadı dəyir­mannan çıxmağa. Sayır, görür yüz doxsan dokquzu çıxdı, biri çıxmadı. Gedir oların qəməndirinə deyir ki, sənin ilanının biri qalıf mənim dəyirmanımda. Çıxmır ki, mən dəyirmanımı işdədim. Deyir, o nətər fit verirsə, o ilan əlbəəl ordan çıxır gəlir.

O dərədə bıların böyüh davası olur. İndi bir dənə də o dərədə ot bitmir. Teyxa ilan qanıdı, ilan zəhəridi. Biz onnan çox götürüf gəlirdih. Elə bil ki, qoyunun yelini gələndə biz onnan avışdırırdıx, elə onnan da qayıdıf gedirdi. O davadan düz iki yüz ilan salamat çıxır, sağ qalır. Onun birinin quyruğu yox, birinin yarısı yox, biri­nin gözü kor. Hamısı yaralı, şikəst. Gəlillər, bıları təzədən Palaçı Məmməd keçirif o taya. Biz hər yaylağa gedəndə o torpaxdan gətirirdih.
II mətn

Muğan tərəfdə oluf, bunu yaşdı kişilər söhbət eliyiflər. O formu ilan sürüsü gedir, heş kəsə də dəymir, toxunmur. Böyür-başıynan da gedən var. Belə-belə (söyləyici başını sağa-sola çevirir – top.) eliyə-eliyə gedir ki, toxunmuyun, dəymiyin. O ilannardan biri suyun üzüynən getdi, nətər elədisə, o taydan qayığı sürdülər gətdilər düz Kürün qırağına. Hamısı yığıldı o qayığın içinə, bax bu forma, qayıx da keçirdi o üzə. Üş günnən sora bax bu forma gəlirdi. Çoxusunun quyruğu yoxuydu, beli yaralı, qanı axa-axa. İlannarın da müharibəsi oluf. Olufdu, həqiqətən də, olufdu heylə şey.




II. VERGİLİ ADAMLAR
1. GÖZ ƏTİNİN TƏMİZLƏNMƏSİ
Gülnisə addı arvat varıydı. O gözə ət gələndə onu silkirdi. Bir qaba su tökürdü. Qırx dənə buğdanı əlində saxlıyırdı. Bir-bir həmən gözün üsdünnən salırdı suya, qaba. Amma onun orda dediyi sözdər də varıydı. O sözü bilmirəm mən. Yalannan özümnən qura bilmərəm. Sohra da içində buğda olan suyu üş dəfə adamın başına fırrıyıf o sudan çırtdadırdı ət gələn gözə. Onun da sözü varıydı. Sohra ona nəzir verirdi gözünə ət gələn adam, qəbul olsun deyənə. Qəpiydən, qəntdən, qənfetdən, nəzirsiz olmaz. Qardaşı ölənnən sohra verilmişdi vergi. Onnan başqa heş kimdə yoxuydu o vergi.
2. İLAN TUTAN SEYİDLƏR
I mətn

Bı Sofu Usufun əsli İrannan gəlmişmiş. Onun üç oğlu vardı. O kəntdəri gəzərdi. Özü söhbət eliyirdi ki, məni urus gəldi apardı. Dedilər ki, dağda mağarada bir əjdaha var yekə, onu tutmalısan. Üş dənə cızıx çəkdim çəliyimnən dairəvi. Oxudum, qışqırdım, oxudum, qışqırdım. Gördüm kü, oyanıf gəlir. Gəldi birinci cızığı keşdi, ikin­cisini keşdi, üçüncüdə qışqırdım, dayandı. Tutdum qoydum meşoğa, verdim olara. Maa təzə pal-paltar, qəsdum, pul verdilər.


II mətn

Bir dəfə məni qolumnan ilan bərк çaldı. Dədəm Sofu Usufu çağırdı. Gəldi qolumu lezviynan doğram-doğram elədi (söyləyici açıf qolunu gösdərir. Sol qolu, həqiqətən, doğram-doğramdı – top.). Durdu qatıxdan çoxlu sürtdü. Zəhəri sığadı töhdü yerə. Sohra dədəm Musa bına dedi ki, ay Sofu Usuf, çağır o ilanı gəlsin, görəh nətəri ilandı, baxax. Dedi:

– A Musa, sən Allah, üz vurma. Onsuz da günaha batıram. Oları çağıranda yalan demiş oluram. Oları çağıranda dua oxuyu­ram. İlannar da elə bilir ki, dünyanın hər tərəfi od tutuf yanır, bircə mənim qarşım salamatdı. Ona görə də gəlif düz ayaxlarımın altında durullar. Axı dünya od tutuf yanmır, yalan demiş oluram.
III mətn

Sofu Suf Qumlaxdandı. Amma çox güjdü sofuydu. Bir dəfə Niqalay vaxdı, bının cavan vaxdı İran xanı gəlif Xudafərini addıyıf bı taya. Bının bir sofusu oluf, onu da gətirif. Deyif, gəlin sınaxdan keçirəh, görəh sizin sofu güjdüdü, yoxsa bizim sofu. Bı İran sofusu tutduğu ilanın zəhər dişini çıxardıf. Bı sofu ilanı bıraxıf. Xan bına deyif ki, tut onu. Bı gülüf. Deyif:

– O ilanın zəhər dişini çıxardıflar.

Əl atıf tutuf. Sohra deyif, maa bir saj gətirin, çörəh sajı. Bir də bir ojax qalıyıf. Torbasında çoxlu ilan oluf. Gözdüyüf, bı saj bir azca isinif. Sohra ilanın birini atıf bı sajın üsdünə. İlan da isdidən ajıxlanır, ajığı tutur. Sohra əl atıf ilanı tulluyuf yerə, deyif:

– Tut.

İran sofusu qorxuf qaçıf. Bı təzədən əl atıf ilanı götürüf qoyuf qoynuna. Bı İran xanı bına çoxlu ənam verif.



Mən özüm onnan yaxın olmuşam, onun evində olmuşam, çay işmişəm. Həmişə həyətində çoxlu cürbəcür ilannar olufdu. Heş kimə dəyif toxunmurdular. O, ilanı çağıranda üş dənə belə yumru dayirə cızırdı. Kiminsə evinə, tavlasına ilan girəndə gedif onu gətirir­dilər. O da gəlirdi, cızıx çəkirdi, başdıyırdı dua oxumağa, ilanı ça­ğırmağa. Özü də bı vaxt çox möhkəm tərriyirdi. Teyxa su olurdu. İlan da gəlif yatırdı, qıvrılırdı onun cızığında. O da tutuf ya qoy­nu­na qoyurdu, ya da torbasına.

Özü də o çox güjdü sofuydu. Seyitdərdən belə güjdüydü. Özü seyid dəyildi, amma hörməti seyitdərdən çoxuydu. Camaat ona çox hörmət eliyirdi. O vaxt hamı gedif anbardan buğda, peyin götü­rürdü. Biri deyirdi ki, mənim payımnan on kilo, biri deyirdi əlli kilo kəsif verərsən Sofu Suf aparar. Beş-altı dəfə də mən maşınnan aparmışam onun taxılını. Bir də görürdün dört-beş ton taxılı olurdu.

Bir dəfə mən maşını aşırdım. Nəysə, heş işdərim yaxşı olmur­du. Getdim onun yanına. Bir göy daşı varıydı. Daşın üsdü teyxa ilan gözü kimiydi. Onnan baxdı. Maa dedi ki, yaxşı görükmür, şoferrihdən bir az uzaxlaş. Belə-belə hər il getdim, maa dedi, hələ ica­zə yoxdu. Düz beş ildən sohra maa dedi ki, indi qayıda bilərsən sənətaa. İndi yaxşı görükür. Onnan sohra mən təzədən qayıtdım maşın sürməyə.


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin