Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə2/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   35

III mətn

Aşıq Abbasın bir bajısı oğlu oluf, Qəmbər oğlu Mehdi deyər­dilər. Çox sərras ovçu oluf. Canavar gedif danaya söykənəndə atıf öldürürmüş. Hətta bir dəfə xəsdə imiş. Toran qarışan vaxdı mal gələndə sanıyıf görür alagöz inək yoxdu. Çörəyə oturanda deyif malların hamısı burda? Arvadı deyif hə. Deyir:

– A Pakizə, çaşmısan? Alagöz inək gəlmiyif ey.

Özü durur, yıxıla-yıxıla gedir ki, iki canavar daldan inəyi eşir. Bir gülləyə canavarları vurur, inəyi götürür gəlir.

Əlli-atmış yaşınnan sora o yuxu görüfdü, onnan sora güllə at­mıyıf. Yuxuda görür ki, əlik üzünə tüpürdü, onnan sora əlinə tüfəng almıyıf. Özü də evdə tir varmış, vurduğu əliklərin sayını bil­mək üçün hər gələndə ora bir kərt vururmuş. Saysaydın bəlkə beş yüz, altı yüz əlik vurmuşdu.
IV mətn

Əliquluuşağı kəndinin ərazisinin bir hissəsi meşəlik olmuşdu və nişanəsi qalırdı. Bu ərazi Ermənistanla sərhətdə Beşbarmaq ad­lanan sahə ilə Hamar adlanan sahə arasını təşkil edirmiş. Ağsak­qal­ların dediyinə görə, həmin meşədə bütün vəhşi heyvanlar yaşayırmış.

Bir gün Məmməd kişi silahını götürüb adəti üzrə ova gedir və Çömçəlinin dərəsində qarşısına yanı balalı maral çıxır. Məmməd kişi nişan alıb atır, danaça yerə yıxılır, ana maral isə qaçır. Məm­məd kişi həm cəld, həm də dəqiq nişan alan imiş. Ovunun dalınca qaçır və Ağ kahaya aşan yerdə nişan alıb maralı da vurur. Maral yerə yıxılmayıb təpəsi üsdə dayanır və bir neçə dəqiqədən sonra yıxılır.

Rəvayətə görə, kimin yüzüncü ovu (böyük heyvan) başı üstə durursa, həmin adam silahını yerə basdırmalıdır. Əgər silahı bas­dırmasa, həmin ovçu dəli olmalıdı. Məmməd silahını yerə basdır­mır və dəli olur. Bundan sonra ona “dəli Məmməd” deyirlər.
6. BƏDNƏZƏR ADAMLAR HAQQINDA
Yerə bir az qar yağıf. Maşınnan getmişik ot gətirməyə. Get­dik, həmən kişi (Ovçuluqla bağlı xatirələrdə (II mətn) haqqında bəhs olunan şəxs – top.) gəldi. Bunun ayağında da bir qaloş vardı. Aya­ğın qaldırdı maşının təkərinə qoydu, belə basdı dedi:

– Ə, bunun qaloşları nə təzədi, sürünçüf eləməz.

Otu yığdıx, yüz metr getməmişdik təkər atındı1. Ə, bu nətər ola bilər, buna mismar batdı, nə oldu? Getdik ki, bir çaylax daşı rusorun arasına keçif, fırlandıxça təkəri kəsif xarab eliyif. Sora gəldik otu tökdük. O biri təkəri maşının üsdünnən düşürdülər ki, vur­sunnar onun yerinə. Bizdən yenişdə qonşunun bosdanı vardı. Təkər əlimizdən çıxdı getdi bosdanın haçasına batdı, haça böyrün­nən çıxdı. İki təkərin ikisin də kişinin gözü heylə puç eylədi.

Sora dedilər ki, onu mundarlamax lazımdı. Çayına uşağın sidiyinnən bir-iki damcı damızdırıf verdik, onu içdi. Onnan sora onun gözü kəsərdən düşdü.

Körpə uşax yatsın, hansı adamın gözündə varsa, uşağa baxan kimi uşax səksənməlidi. Mən onun şahidi olmuşam. O adam uşağa baxan kimi uşax səksənif ayılıf.

7. İLAN HAQQINDA
Kəvşəndə ilan görəndə deyirdih ki, öldürmüyün, onun qaba­ğınca gəzənə qurban olum. Süleyman peyğəmbər gəzir onun qa­bağıncan. Ziyannıx vırmasın deyə, həbelə alqış eliyif qayıdırdıx əvə. Heylə deyəndə adamı ilan vırmırdı.
8. VAXT-VƏDƏ HAQQINDA
Quyruxdoğdu yay yarı olana – avqustun beşinə düşür. Təkə qarışdı düşür payızın ortasına, Xıdır Nəbi qışın ortasına düşür, ya­zın qırxbeşi də yazdan 45 gün keçənnən sora olur. Payızın ortasına qədər təkə ayrı gedir, keçi ayrı. Payızın ortasında təkə keçiyə qarışır. Yazın qırxbeşində el dağa köçür. Quyruxdoğdu oxatan bürcüdü. Oxatan bürcü üş dənə ildız belədi, üçü də belə. Gecə doğur, dalıncan da sarı ildız gəlir. Ona görə ona quyruxdoğdu de­yil­lər. Sarı ildız yayın bir ay yarımı gedəndə doğur. Həmin ildız doğannan sora artıq havalar soyumağa başdıyır, dağa gedənnər ya­vaş-yavaş arana qayıdırlar.

Xıdır Nəbi çilənin ortasına – fevralın beşinə düşür. Xıdır Nə­bidə xaşıl bişirillər, kömbə bişirillər, təkə düzəldillər. Uşaqlar oxu­yardılar:

Təkəm bir oyun oynar,

Qurdnan qoyun oynar.

Yığar Şəki-Şirvan düyüsün

Təkənin toyun eylər.

Buynuzdu təkə qayırardılar, onu oynadardılar. Qapı-qapı un yığardılar, yağ yığardılar. Xıdır Nəbi haram heyvannarın – pişiyin, itin, canavarın cütə gələn vaxdıdı.
9. BUĞA BÜRCÜ
Yayın bir ayı gedəndə buğa maral sürüsünə qarışır, on bir ayın içində doğur. On ayı ötürür, on bir ayın içində doğur. Ona bu­ğa bürcü deyillər. Maral gözün dikir ona, o doğan kimi qarışır sü­rüyə. Boğaz qalannan sora buğa təzdənnən ayrılır ayrı yana gedir, maral da ayrı yana. Həmin ildız may ayında doğur. Həmin vaxt maral, camış, atın hörə gələn vaxdı olur.
10. ALLAHIN TOYUĞA ACIQLANMASI
Qızım, biz uşağ olanda bir yerə gedəndə yadımızdan çıxırdı, demirdik ki, Allah qoysa, gedəjeyih. Nənəm də deyirdi ki, toyux ki­mi danışmıyın, bala. Allah qoysa deyin. Nənəm bizə toyuğun niyə uça bilmədiyini nağıl eliyirdi. Deyirdi ki, bir dəfə quşdar deyiflər ki, yığılax bir yerə. Çöl quşdarı, ev quşdarı – hamısı yığışıflar bir yerə. Quşdar deyiflər ki, Allah qoysa, biz hamımız uçajeyıx. Öz dillərində deyiflər. Birdən toyux deyif ki, Allah qoysa da, qoymasa da mən uçejem. Quşdar hamısı uçuf gedif, toyuğ uça bilmiyif. Deməli, bala, o vaxtdan toyuğ Allaha qarşı çıxdığınnan Allahın qə­zəbinə gəlib, uça bilmiyif. Allaha qarşı çıxmax olmaz.
11. ÇOBAN ALDADAN ULDUZ
Çoban qarannıx düşməmiş görür ki, göydə bir dənə ildız var. Elə bilir ki, axşam düşüf, sürünü haylıyıf kəndə tökür. Kənd cama­hatı deyir ki, çoban niyə sürünü erkən gətirif? Çoban da deyif ki, ildız çıxmışdı, onuçun elə bildim axşamdı. Camahat da deyif ki, o ildız səni aldadıf. Elə o vaxtdan da, bala, həmin ildızın adı çoban al­dadan ildız qalıf. Axşamlar ildızdardan ən birinci çoban ildızı çıxır.
12. KİRİŞİN ƏMƏLƏ GƏLMƏSİ
Canım fəda olsun sana. Deyillər ki, peyğəmbərimizin barmağı yaralanmışmış. Gedif oturuf bir qayada. Barmağının sarığını açıf atıf yerə. Orda kiriş əmələ gəlif. Yeyillər ha, bax o kiriş. Nətər onun barmağı sarıxlıydı, kiriş də o formada əmələ gəlif. Bı da or­dan qalıf.

13. ÇILPAQ DONUZ
I mətn

Musa peyğəmbər gəlir camahata deyir ki, bu il qış sərt olajax. Camahat da sırışt gəlir kolda-kosda nə ot-zad tapırsa, hamısın yığıl­lar. Həmən ili qış yumuşax keçir. Musa peyğəmbər bir də Allah-taalanın yanına gedəndə deyir ki, sən məni niyə yalançı elədin? De­yir, nətər? Deyir, sən dedin qış sərt keçəjəh, mən də camahata de­dim qış üçün ehtiyat görün. Camahat da əsir-yesir oluf, kolda-kosda ot qoymuyuf.

Demə, həmin il qamışdığa od düşür, qamış yanır. Qamışdığın içində bir donuz olur, donuz da ütülür. Tüksüz donuzdu da, hava sərt olsa, öləjəydi. Allah deyir, bir o donuzun səbəbinə mən bu qışı yüngül keçirdim ki, qoy donuz yaşasın.
II mətn

Bir illəri bütün meşə od tutuf yanır. Bütün cannılar hamısı yanır, bircə çılpax donuzdan başqa. Donuzun gizdənməyə yeri olmur. Həmən qışı deyillər, o donuz da öləjeh, ta qala bilməz. Meşə yanıf, hər yer açıx. Allah-taala elə eliyir ki, həmən ili qış yaz kimi keçir. Çılpax donuz sağ-salamat gəlif yaya çıxır da. Bını da el arasında deyillər ki, çılpax donuza rəhm eliyən Allah bizə də bir gün rəhm eliyər. Bı elə o vaxtdan bir deyim kimi qalır. Həmişə misal çəkirih.


14. BİBİ SU, BİBİ SU
Bir qardaş olur, bir bajı. Bıllar xəstələnillər. Yatırlar, bibi­lərinnən su istiyirlər. Bibi də gedir su tapmır. Ha eliyif su gətirincə, bınnar deyir ki, ay Allah, ya bizi quş elə, ya da canımızı al. Susuz­luxdan ölürlərmiş, əzyət çəkillərmiş da. Vəzyətdəri pis imiş. Bibi ha eliyif su gətirincə, bajı-qardaş dönüf olur göyərçin – bir cüt göyərçin. Ona görə bınnar həmişə qoşa gəzillər. Oxuyanda elə oxuyullar ki, elə bilirsən deyillər bibi su, bibi su, bibi su.

15. QARANQUŞ HAQQINDA
Bını mən doxsan yaşlı Mina xaladan eşitmişəm. Mina xala deyirdi ki, mənim qaynanam vardı. Onnan soruşurdux ki, niyə qaranquşa güllə atmax olmaz? O deyirdi ki, ona görə güllə atmax olmaz ki, peyğəmbərimiz yaralanan vaxtı bı quş gedif qanadını sərif onun üstünə. Ayaxları peyğəmbərin qanına batıf, ona görə ayağı qırmızıdı. Qaranquş qanatdarını açmaxla, peyğəmbərimizi gavurlardan qoruyuf. Qaranquşdar heş vaxt, heş yerdə ölmürlər. Gedillər bala çıxarıllar, balalarını böyüdənnən sora uçuf gedillər Kərbəlaya. Köhnələr ölür, təzələr qayıdıf gəlir.
16. SƏRÇƏNİ ÖLDÜRMƏK SAVABDI
I mətn

İmamlardan hansınınsa qızı deyir ki, ay baba, yeziddər gejə bizi qırajaxlar. Bıllar gizdənməh üçün bir şəl tapıllar, yanı kollux da. On­nar şəllihdə gizdənəndə bir dəstə serçə gəlir qonur şəlin üs­tünə. Ye­zid­dər görür ki, serçələr yaman səs salır. Onda başa düşül­lər ki, imam­lar şəllihdədirlər. Serçə onnara xəbər verir, imamları­mızı qırıllar.

Ona görə də, bala, serçəni öldürməh savabdı. Serçə lənətə gəlif.
II mətn

İmamlarımız buğdanı yuyuf sərillərmiş. Sərçələr tökülür bı­ların buğdaların hamısın yeyillər. Sora qaranquşdar gəlif gizdi­yil­lər, hamısın dimdihləriynən üstün örtüllər ki, sərçələr yeməsin da onnarın buğdalarını. O vaxtdan qaranquş müqəddəs quş sayılıf da. İmamlarımızın buğdasını qoruyuf da, ruzusunu qoruyuf. Sərçələr elə gavur sayılıflar.


17. ARDIC AĞACI
Bir günnəri Allah nəhlət eləmiş yezid istiyirmiş ki, imam­la­rı­mı­za zərbə vursun, onnarı qırsın. İmamlar bunnan xilas olmaq üçün qaçıllar ki, hardasa gizdənsinnər. Ora qaçıllar, bura qaçıllar, heş nə yox. Görünür qış fəsliymiş. Qaçıllar özləri üçün daldanacax tapsın­nar. Görüllər ki, bir yaşıl ağac var. Keçillər bu ağacın dalına. Sən de­mə bu da ardıc ağacıymış. Bınnar ağacın arxasında gizdə­nillər. Ye­zid gəlif keçir, heş nə tapmır. İmamlar onnarı xilas elədiyi üçün ağa­ja alqış eliyillər. Deyillər ki, səni görüm həmməşə yaşıl qala­san. Ona görə də həmin ardıc ağacı ilin bütün fəsillərində yaşıldı. Yarpağın dəyişir, ama elə dəyişir ki, növ­bəynən, tam çılpax qalmır, yaşıl qalır.
18. AŞIQ, YAZA NƏ QALDI
Minkənddə erməni varmış o zaman. Kür-Araz arasında Qul Alı oluf, onun orda kalafaları oluf. Minkəntdən yuxarı Çöplü gölə sarı onun kalafaları var, orda malın saxlıyıf. Dağda otu çalır yığır tayaya. Arana keçir, yaz açılan vaxdı bunun otu qutarır. Qutaranda gedir həmən erməniyə deyir ki, mənə bir az ot ver. Deyir, qızını ver mana, verim. Bu da naəlac qalır, döölətin üzünnən deyir:

– Verdim.

Deyir bir qızdı da verəjəm erməniyə döölətimi saxlıyam. Qız axşam çıxır çölə, deyir:

Aşıx, yaza nə qaldı?

Sorun yaza nə qaldı?

Ülkər yana sallandı

Görün yaza nə qaldı?

Çılpax donuza verən Allah qızın da harayını eşidir. Gejə bir yağış tutur, qar əriyif gedir, ot da çıxıf bura o qızın bir kəlmə­siy­nən. Heylə olur o kişi nə erməniyə qız verir, nə də ermə­ni­dən ot alır.
19. İLAN QAYASI
Orda qayadan ilan sallanır, aşağıda da daş vardı. Deyillər ki, çoban qoyun otarırmış. Süd sağanda belə baxıf ki, qayadan bir ilan sallanıf. O qayanın hündürrüyü bəlkə iyirmi metr, otuz metrdi. Orda deyif ki, ay Allah, məni ya daş elə, ya quş elə. Elə o çoban qoyunu ilə bir yerdə əlində qavlama daşa dönüf. İlan da daşa dönüf.

20. ÜÇ QARDAŞ
Yuxarı Molluynan Aşağı Mollu arasında Üç qardaş deyilən bir yer varıydı. Deyillər, onnar üç qardaş bir bajı oluflar. Onnar hansısa şahdan qaçıf orda gizdəniflər. Bacısı orda xəmir yoğuruf, sac qoyuf, xörəh bişirirmiş. Görüf ki, düşmənnər çatırıf bınnarın başının üstünü alır. Düşmən əlinə düşməmək üçün Allaha yalvarır ki, Allah, bizi burda daşa döndər. Bax, həmən orda üç qardaş, bajı, sajı, kündələri – hamısı daşa dönüflər.
PEYĞƏMBƏRLƏR VƏ DİNİ ŞƏXSİYYƏTLƏR HAQQINDA
21. ADƏMİN CƏNNƏTDƏN QOVULMASI
Siftə cənnət yarananda Adəm peyğəmbər Havvaynan olufdu cənnətdə. Sora Adəm peyğəmbəri şeytan aldadıf. Cənnətin qorux­çusu əjdaha imiş. Adəm peyğəmbəri cənnətə salanda deyif ki, mer­dən-meyvədən, gözünə dəyənnən ye, su iç. Buğda ağacı da varmış, deyif onnan yemə. Şeytan girif əjdahanın dilinin altına baş­dıyıf orda ağlamağa. Adəm peyğəmbər gəlif ki, ay allahın heyvanı, niyə ağlıyırsan? Deyif, bax, buranın gözətçisi, nəzarətçisi mənəm. Bax, bir belə baxçada, bağda hər şeydən gözəl o ağaşdı, onun meyvəsin­nən yemirsən. O dərdə ağlıyıram ki, o ağacı gözdü­yürəm, bir belə zəhmət çəkirəm, onnan yemirsən. Adəm peyğəmbər də aldanır, ge­dir bir avış buğdadan yığır yeyir. Yeyəndə üzr isdi­yirəm bədənində şişmə əmələ gəlir. Şişmə əmələ gələndə Allaha agahıdı, Allah-taaladan səda gəlir ki, ya Cəbreyil, tulla kənara. Havvanı bir tərəfə tulluyur, Adəm peyğəmbəri bir tərəfə.

Cənnətdən danışdım, cənnət bəlkə də bizim yer idi. Adəm peyğəmbəri cənnətdən qavan Allah elə deyil ki, bizim kimi bəndə­lərə qıymıya.


22. MUSA PEYĞƏMBƏR
I mətn

Musa peyqumbər çəliyin itirmişmiş. Bir gün gedirmiş Allah-taalanın yanına ki, çəlik versin. Tur dağına çıxanda düzəngahdı, düzəngahda gedif çıxmalıdı Tura. Bir kişi çıxıf qabağına. Deyir:



– Ya Musa, sən gedirsən Allah dərgahına. Mənim bir dərdimi de.

Deyir:


– Sənin nə dərdin var?

Deyir:


– Vallah, Allah-taala bu yaşdı vaxdımızda bizə bir oğul verdi. Oğul aynan-ilnən böyümədi, günnən böyüdü. Boy atdı, elm sahibi oldu, xalq arasında hörmət qazanan oldu. Ədəbli, ərkanlı, qüvvəli oğlan idi. Toy elədih, bir yaxşı nəsilnən qohum oldux. Gəlini gət­dik, oğlum gərdəyə yaxınnaşanda əcəlin tapşırdı öldü. İndiyə qədər bir dənə də günah işdətmiyifdi. Mən nə günah sahibi olmuşam ki, Allah-taala mənə bu zülmü elədi?

Musa qəzəbli insan oluf, həm də Allahın ərkəsöyünü oluf. Ge­dif çıxır dağa, Allahnan söhbət eliyir. Özünün dərdi yadınnan çıxır. Deyir:

– Sən yer üzündə insannara zülüm eliyirsən. Bu övladı sən vermiyərdin, vermisən niyə belə eliyirsən?

Deyir:


– Ya Musa, bunu bildik. Bəs sən nəyə gəlmisən?

Deyir:


Mən çəliyimi itirmişəm, mənə bir çəlik.

Deyir:


– Yaxşı. Sən get meşədən bir ağac qır gət, sənin çəliyinin möcüzəsin verim, həm də o kişinin dərdini sənə deyərəm.

Musa gedir. Axtarır, axtarır meşəni, görür meşənin ortasında bir tala var. Dairəvi düzəngah yerdi. Düz ortasınnan bir dənə nazik şiv çıxıfdı. O qədər gözəl ağacdı ki. Deməli, talada bunnan başqa bir dənə ağac yoxdu. Qəşəh şiv ağacdı. Dibinnən vurur sürüyə-sü­rüyə gətirir. Allah-taala buyurur ki, ya Musa, niyə gej gəldin? Deyir ki, vallah, bütün meşəni gəzdim, bunnan gözəl ağac tapmadım.

Deyir:

– Ya Musa, mənim əlimdə nə idi? Orda min illik palıtdar vardı, qupquru qurumuşdu, bir beləsin götürüf gətirsən sənə çəlik verəjey­dim. Niyə bu ağacı qırdın?



Deyir:

  • Bunnan gözəl ağaj yox idi.

Deyir:

– Bəri bax, neynirəm günahı cibində bol olannarı? Mən də dərgahıma təmiz adamlar gətirməliyəm da. Özünü mundarramamış götürüf gəlirəm da.

Şəhidlərimiz olan vaxdı valideynlərinə təskinlik vermək üçün bu misalı tez-tez çəkirdim.
II mətn

Musa bir gün gedir deyir ki, ya təbərri-allah, qoy bir gün mən allahlıx eliyim da. Deyif:

– Ya Musa, bəndədən Allah olmaz. Sənə peyğəmbərlik ver­mi­şəm, əl çək, ağ eləmə.

Deyir:


– Yox ey, nolar bir gün ver, oturum da taxtında.

Deyir:


– Yaxşı, gəl otur.

Bu oturan kimi gözü sataşır bir dəyirmana. Görür bir kişi qatırda iki çual buğda gətirifdi, bir kişi də dəridən düzəldilmiş dağarcıxda. Ağnağız deyillər. Beş kilo, altı kilo buğdanı gətirir dəyirmançıya verir. Dəyirmançı o buğdanı tökür istənilən adamın taxılının üstünə. Altdan unnan yığır ona verir, ona ağnağız deyillər. Əgər dəyirman boşdusa arada çaldırıf verir. Dağarda da çox ola altı-yeddi kilo buğda. Çual sahibi deyir ki, kömək elə taxılı dü­şür­dək. Düşürdüllər, qoyullar yerə. Adətən çualın ağzı açıl­malıdı, dəyirmançı gəlif dəni yoxlamalıdı ki, yaşdı, qurudu. Yaş olsa, üyüt­mür da. Dən quru olmalıdı. Açıllar çualın ağzını. Deyir:

– Bala, get dəyirmançını çağır gəlsin.

Deyir:


– Yaxşı.

Bu oğlan gedif dəyirmançını çağıranda bu götürür dağardan bir ovuş tökür çualın üstünə. Elə Musa qolun irəli uzadanda Allah tutur qolunnan:

– Ya Musa, neynirsən?

Deyir:


– Görürsən onu?

Deyir:


– Görürəm.

Deyir:


– Nətər görürsən?

Deyir:


– Görürəm da.

Deyir:


  • Qurban olum, qoy bunun gözün çıxardım kor eliyim, cama­hata görk olsun ku, dağardan oğurruyuf çualın üstünə tök­müyələr.

(Bugünkü gün imiş da). Deyir ki, ya Musa, görürsən sənnən Allah olmaz. Mən heylə eləmirəm. Deyir:

– Sən nətər eliyirsən?

Deyir:

– Mən çualın bərəkətin verirəm dağara, dağarın da bərəkətin verirəm çuala.



Bax, günümüzün bu günündə adamlar var ki, milyonu var, heç onun bərəkəti yoxdu. Mənim kimisi də oturur, əlhəmdullah, xırda-xırda qazanır, şükür Allaha, heş nəyə də ehtiyacı yoxdu.
III mətn
Bir gün Musa peyğəmbər əleyhsalam (salavat çəkir – top.) ge­dirdi Turi-sinaya. Gördü ki, çobandı, bir sürü qoyundu, beş yaşında uşaxdı, bir də köpəyidi. Bir dərənin içində kölgələnir. Dedi:

– Çoban.

Dedi:

– Nədi?


Dedi:

  • Demirsən, bulutdan yağış yağar, qoyunu dərədə sel aparar?

Dedi:

  • Yox qardaş, o qısır bulutdu, onda yağış yoxdu.

Peyğəmbər əleyhsalam tərəddüd elədi ki, nətər olur çoban bi­lir, mən bilmirəm. Getdi Allahnan söhbət elədi. Dedi:

  • Musa, niyə tərəddüd eliyirsən, sözün nədi?

Dedi:

– Əşi, belə-belə.

Dedi:

– Hə, çoban düz deyir, dümağ bulutdu, orda yağınnıx yoxdu.



Musa bikef durur. Allah deyir:

– Deyirsən indi o bulud qara bulud olsun?

Deyir:

– Hə dana.



Qara bulud gəldi, ildırım çaxdı, sel çobanın qoyununu, köpə­yini, beş yaşında uşağını götdü getdi. Peyğəmbər əleyhsalam gəldi ki, çoban əliynən başına döyür. Deyir:

– Ə, noldu?

Deyir:

– Ə, yeri get. Mərdimazara nəhlət.



Şəriyətdə nəhlətdən ağır söz yoxdu. Peyğəmbərin pisinə gəldi ki, qəzanı bu törədif. Tez qayıtdı bir də Turi-sənaya, Allah-taaladan istixazə elədi ki, ya Allah, mən neyniyim? Dedi:

– Onun beş yaşındakı uşağını ilişdirmişəm kola. Get onu tap, ver ona. O sana üş kərə deyəjəh Allah atana rəhmət eləsin, lənət üsdünnən götürüləjəh.

Gəldi dedi ki, qardaş, gəl mən sənin uşağını taparam. Uşağı ta­pıf verəndə çoban üş dəfə təkrar elədi ki, Allah atana rəhmət eləsin.

O uşağı ki tapdı verdi ona, nə qoyun çobanın gözünə göründü, nə köpək gözünə göründü. Səvinə-səvinə uşağı apardı.



23. DÖRD SEVGİ
Bir günnəri Fatmeyi Zəhra həyat yoldaşı Cənab Əliyə deyir ki, Əli, dünyada sən hər şeyi bilirsən? Deyir:

– Fatma, bilirəm.

Deyir:

– Elə şey olar ki, bilmiyəsən.



Deyir ki, yox, çalışaram hər şeyi biləm. Gedir atasına deyir ki, qibleyi ata, ola sən Əlidən bir şey soruşasan bilmiyə gəlif mənnən örgənə. Özünə tabe elətdirmək fikrinə düşür da. Deyir, qızım, söz yox ki, Cənab Əli hər şeyi bilir. Amma deyirsən da. Çalışaram ki, bunu eliyəm.

Günnərin bir günü günorta namazında peyğəmbər əleyhsalam deyif ki, əmoğlu, isdiyirəm sənnən bir şey soruşam. Deyir, buyur. Deyir ki, Allahı sevirsən? Deyir, bəli, sevirəm. Deyir ki, məni də se­virsən? Deyir, bəli, sevirəm. Deyir, qızım Fatmanı da sevirsən? De­yir, bəli, sevirəm. Oğlun Həsəni, Hüseyini sevirsən? Deyir, əl­bət­də sevirəm. Deyir, yaxşı, bu dört sevgini yığmısan bir yerə, bun­nar heş bir-birinnən dalaşıf bir-birin qırmır? Əli ilişir. Deyir ki, əmoğ­lu, onda icazə ver gedif fikirrəşim, gəlim saa cavab verim. Bu düşünə-düşünə gəlir. Fatmeyi Zəhra görür həyat yoldaşı Cənab Əli imtahandan çıxıb suala cavab vermiyən bir şəxs kimi gəlir. Gəlir çatır, Fatma bunu qarşılıyır. Deyir, əmoğlu, elə bil imatahan ver­mi­sən, cavab verəmməmisən. Deyir ki, heylə oldu, Fatma. Atan maa sual verdi, mən onu bilmədim. Nə sual verdi? Deyir, maa sual verdi ki, Allahı sevirsən, əlbətdə. Məni sevirsən, əlbətdə. Qızım Fat­manı sevirsən, əlbətdə. Bəs oğlannarını? Həmçinin. Bə bu dörd sevgini bir yerdə nejə dolandırmağı bacarırsan? Mən cavab verəm­mə­dim. Deyir, həqqi cavab verəmmədin? Deyir, bəli. Deyir, orda nə var. Deyir, Fatma, sən allah, bilirsən? Deyir ki, hə, bilirəm. De­yir, Fat­ma, onda onu maa de, gedif deyim. Deyir ki, deyərəm. De­yir ki, Al­lahı görmüsən? Deyir ki, xeyr. Söhbət eləmisən? Deyir ki, xeyr. Bir yerdə çörək yemisən? Deyir, xeyr. Deyir, Allahı ruhən sevirsən. Bu ruhən sevgidi. Atamı imanına görə sevirsən, məni nəfsinə görə sevirsən, balalarını da Allahdan gələn hisdi ki, se­vir­sən. Bu sevginin hərəsinin öz yeri var. Sən bunu niyə deyə bilmədin?


24. ÖMƏRİN FATMAYA ELÇİ DÜŞMƏSİ
Ömər ağa durur gedir Məhəmməd peyğəmbərin qızı Fatmaya elçiliyə. Birinci bir əkinçi ərəbə rast gəlir. Salaməlöyküm, əleyki­mət salam. Deyir:

– Ömərağa, xeyirdimi, gejənin bu vaxdı hara gedirsən?

(Adətən elçilər gejə gedir. Ona görə ki, nə qız yiyəsi utanmıya qızını ərə verir, nə də elçiyə “yox” deyəndə suyu tökülmüş qarılar kimi kor-peşman qayıdanda onu görməsinnər. Ona görə elçilik adətən gejə olur. İndi bizdə avropeyskidi, günortaya salıflar). Ərəbə deyir ki, mən əmim qızı Fatmeyi Zəhraya elçiliyə gedirəm, – deyəndə ərəb ayağ üsdə keçinif. Deyif, noldu? Deyir, Fatma yaxşı qızdı, onu mən də isdiyirdim. Deyir ki, nolar, sənin də elçiliyini eliyərəm, bəlkə sənə verdilər.

Bir müdəm gedənnən sora Cənab Əli çıxır qabağına. Salam­əlöyküm, əleykimət salam. Ə, əmoğlu, xeyirdimi? Gejənin bu vax­dı ha­ra gedirsən? Deyir ki, gedirəm Fatmaya elçiliyə. Cənab Əli ki­mi bir qüssəli, qürurlu pəhlivan ayax üsdə keçinir. Deyir, noldu, əmoğ­lu? Deyif, Fatmanı mən də isdiyirəm. Deyir, vallah, bir ərəb də maa dedi. Nolar, sənin də elçiliyini eliyərəm. Hansımıza versə, verəjəh.

Gedir Məhəmməd peyğəmbərin evinə daxil olur. Salam-ka­lam. Peyğəmbər deyir ki, əmoğlu, xoş gəlmisən, beş gəlmisən. Bə dərdin nədi? Deyir ki, Fatmaya elçiliyə gəlmişəm. Deyir ki, Allah xeyir versin. Mən səni bəyənmiyif kimi bəyənəjəm. Deyir, yox, mə­sələ heylə deyil. Deyir, nətərdi? Deyir, vallah, əkinçi ərəb də maa dedi, əmim oğlu Əli də. İndi üç elçiliyə gəlmişəm. Bu üç elçi­nin hansını məsləhət bilsən ona verəjəhsən. Məhəmməd pey­ğəm­­bər baxır, baxır, deyir, yox, bu mənnik olmadı. Qoy onda qızım Fat­manı çağırım, kimi desə ona verəjəm. Deyir, qızım, gəl bura. Gəlir. Deyir, qızım, bu şəriyətin işidi, Allahın verdiyi qərardı. Qız ərə getməlidi, oğul evlənməlidi. Mən tam sənə səlahiyyət verirəm. Üç elçi gəlifdi, hansın desən ona verəjəm. Biri əmin oğlu Ömərdi, biri əmin oğlu Əlidi, biri əkinçi ərəbdi. Qız başın salır aşağı, hannan-hana başın qaldırır deyir:



  • Qibleyi-ata. Ras ki, məsləhət görürsən, icazə ver bu əmim oğluna sual verim.

Deyir:

– Buyur.

Deyir:

– Əmoğlu, saa getsəm mənim aqibətim necə olajax?



Deyir ki, sənin aqibətin bu dünyada zərri-ziba içində itəjəh, amma o dünyan fanidi, o dünyan olmuyajax.

Deyir:


– Çox yaxşı. Bəs ərəbə getsəm nətər?

Deyir:


– Ərəbə getsən, Ərəbistanın çölüdü, bir parç sudu, cəhrədi, daraxdı əyirəjəhsən, darıyajaxsan. Quru çörəhdi, götürəjəhsən, di­şin tutmuyajax. İsdadıf onu udajaxsan. Nə bu dünyan var, nə o dünyan. Bu dünyan da fanidi, o dünyan da.

Deyir:


– Çox yaxşı. Bə əmim oğlu Əliyə getsəm nətər?

Deyir:


– Əmin oğlu Əliyə getsən, bu dünyan qan çanağı içindədi, amma o dünyan əbədidi.

Deyir:


Qibleyi-ata, məni ver əmim oğlu Əliyə.

Beləliknən, Fatmeyi Zəhranı verillər əmisi oğli Əliyə. Bunu deyən onnan ötrü deyif ki, Fatmeyi Zəhranın dünya­görüşü o dün­yasın əbədiləşdirif. Bu təbliğat onnan ötrüdü ki, ey insannar, siz bu dünyada yaxşılıx eliyin ki, o dünyanız əbədi olsun.


25. ALƏMƏ OD DÜŞƏR
Qurban olduğumnan Cəbrayıl yolnan gedirmiş. Xeyləh ge­dən­­nən sora görüflər, iki taya var. Tayalardan birinin çəpəri tafda­nıf, həm də bir bağ ot götürülüf. O birisi taya bütöydü, çəpəri dağıl­mıyıf, otu da götürülmüyüf. Cəbrayıl deyir ki, tafdanmış çəpərdən bir bağ ot gətir, verək ata. Qurban olduğum da deyir ki, ay Cənabi Cəbrayıl, o yazığın çəpəri dağılıf, bir bağ otu götürülüf. Elə bütöy­dən götürərdih dana, bərabər olardı. Cəbrayıl deyir ki, qurban oldu­ğum, bının onsuz da çəpəri də tafdanıf, bağı da gedif, dərdi görüf dözür. O bütöydən götürsəh, bu taya da od tutuf yanar, aləmə də od düşər. O, dərdə dözə bilməz. Ona görə də mən bını belə elədim.
Каталог: Folklore -> 2014

Yüklə 8,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə