Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


DÜNYANI NECƏ TUTSAN, ELƏ DƏ GEDƏR



Yüklə 8,77 Mb.
səhifə22/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   35

17. DÜNYANI NECƏ TUTSAN, ELƏ DƏ GEDƏR
Şah Abbasnan vəziri çıxıllar səyahətə, gəzillər. Bunnar düzü-biyabannan gedillər, bərk susuyullar. Görüllər ki, yolun qırağında bir nəfər qarpız satır. Şah Abbas deyir:

– Vəzir, bu qarpızdardan birin alax kəsək yeyək.

Düşüllər atdan, deyillər qarpızın biri neçiyədi? Deyir, biri iki manıt. Şah Abbas deyir, yox, mən iki manıt verif qarpız yemərəm. Elə bu mamentdə cavan bir oğlan gəlir, iki manıt verir qarpızın birin alır. Qarpızı kəsir, bir azını özü götürür, qalanını verir bulara. Nəysə, yeyillər. Vəzir deyir:

– Şah sağ olsun, biz şah ola-ola iki manıta qıymadıx, onun varı-yoxu iki manıtı vardı, verdi qarpızı aldı, onu da bizə yedirdi.

Şah Abbas deyir, əşi, dünyadı, nətər tutsan, heylə də gedəjəh. Bu da ağıllı uşağmış. Deyir:

– Şah sağ olsun, elə o sözü yaz, peçat vur, ver mənə.

Şah orda yazır, dünyanı nətər tutsan, heylə də gedər. Peçat vurur, verir gedəyə. Gedə qoyur civinə, gəlir kəndə. Gedir filankəsə deyir, mənə yüz manıt borc ver, verəjəm. Belə-belə külli miqdarda pul topluyur, gedir başqa ölkəyə. Gedir stalovada oturur. Kim qapı­dan girirmiş deyir otur. Bir-iki gün belə. Gedir şaha çatır ki, bir nə­fər gəlif hamını qonaxlıyır. Deyir, gedin onu çağırın gəlsin, bu nə­tər şeydi bir xeylə pulu orda xaşdıyır. Gəlir salaməlöykü, əleyki­mət salam. Sən kimsən, nəçisən bir belə pul xəşdiyirsən?

Deyir:


– Mən Şah Abbasın oğluyam.

Deyir:


– Şah Abbasın oğlusan, gəl buruya sənə qullux eliyək, sənə hör­mət eliyək. Sən gedif restaranda pullarını havayı yerə xəşdiyir­sən.

Bu burda qalır, buna yaxşı hörmət eliyillər. Şah vəzirin çağı­rır, deyir, bu Şah Abbasın oğludu. Neyniyax ki, bu bizdən razı gedə.

Deyir:


– Vallah, bircə yolu var. Gəl qızını ver buna, qohum ol da, Şah Abbas da arxanda dursun.

Belə məsləhət eliyillər, gətirillər buna qırx gün-qırx gejə toy çaldırıllar. Vurhavur, tuthatut. Bir ay qalır, iki ay qalır. Bir gün oğ­lan deyir, mən gedəsiyəm, burda qalmıyajam. Bunu qəflə-qatır­nan yola salıllar. Şah deyir ki, atana məktub yaz, səni qarşılasın. Bir mək­tub yazıf göndərir ki, ata, üzr isdiyirəm, bağışda məni, da sən­siz burda evləndim. Məktub çatır. Şah Abbas fikirrəşir mənim hey­lə oğlum yox gedə orda evlənə gələ. Allahverdi xan vəziri çağırır, deyir:

– Vəzir, bu nətər şeydi?

Deyir:

– Şah sağ olsun, məktub yaz ki, gözüm üsdə yerim var, toy eləmisən, gəl. Gələndə görəjəhsən da.



Belə bir məktub yazıb göndərillər. İndi bu ürəkli-ürəkli gəlir, bunu qarşılıyıllar, aparıllar yerrəşdirillər, xəlvətə salıllar. Səhər Şah Abbas deyir:

– Bala, sən mənim oğlum deyilsən, bu nə həngamadı yarat­mısan?

Deyir:

– Şah sağ olsun, sən özün yazmısan ki, dünyanı nətər tutsan, heylə də gedəjəh. Mən də dünyanı belə tutmuşam da.



Deyir:

– Oğlumsan ki, oğlumsan.

Təzədən toy çaldırır.
18. HAMBAL MEHDİ
Vəzifəyə uyğun olmuyan bir adam qoyulanda babam həmişə bunu məsəl kimi çəkərdi.

Deyirdi ki, Şah Abbas bir gün dərviş paltarında gedir, vəziri də yanında. Bir nəfər gəlir, palanın soyunur çiyninnən, qoyur yerə. Öz-özünə deyir ki, məni İsfahana qoburnat qoyalar, onda biləllər, analar necə oğul doğufdu. Şah Abbas da bunu eşidir. Vəzirə deyir ki, onun adın, familin örgən gör kimdi. Vəzir örgənif gəlir.

Şah Abbas səhər onu çağırtdırır saraya. Deyir ki, səni İsfa­hana qoburnat qoyuram. Deyir ki, mən hambalam, mənim sənətim, işim budu. Qoburnatdıx mənim işim deyil. Deyir, yox, səni təyin elədim, get. Gedir.

Bir gün Şah Abbasa şikayətə gəlillər ki, şah sağ olsun, təyin etdiyin qoburnat qoymur meyitdərimizi basdırax. Harda ölən olur, deyir ki, mənsiz basdırmıyın. Gəlif qulağına nəsə deyir, onnan sora icazə verir basdırmağa. Qabaxdan yay gəlir. Belə getsə meyit­lərimiz iylənəjəhdi. Olmaz axı belə şey. Şah Abbas onu çağırtdırır yanına. Deyir, onu gedin gətirin bura, görüm o meyitdərin qulağına nə deyir. Gəlir. Deyir ki, sən gedif o meyitdərin qulağına nə de­yir­sən? Deyir, şah sağ olsun, mən gedif deyirəm ki, səni dağılasan İsfahan, gör nə günə qalmısan ki, Hambal Mehdi qoburnatdı.


19. ƏDALƏTSİZ ŞAH
İki kasıf dost olur. Onnar fəhləlih eliyir da, dolanıllar. Bir dənə komada oturullar. Bir gün eşidillər ki, carçı çağırır ki, bəs sabah quş uçurdacıyıx. Quş kimin çiyninə qonsa, onu şah seçəciyih. Dostun biri o birisinə qayıdıf deyir ki, birdən səni padşah seçsələr, sən nətər padşah olarsan? Qayıdıf deyir ki, mən o qədər ədalətdi şah olaram ki, yer üzündə hər yeri ədalət bürüyər. O birisi də ona deyir ki, bəs sən nətər şah olarsan? Qayıdıf deyir ki, mən də elə şah olaram qan su yerinə axar. Ədalətsiz bir şah olaram. Nəysə, iki dost belə danışıf deyir ki, əşi, kimdi e bizi şah seçən, kasıf, fəhlə babalarıx.

Nəysə, bir gün səhəri bı quşu uçurdullar. Quş gəlif qonur oğ­la­nın birinin çiyninə. Hansı ki, deyir e, mən zalım padşah ola­cam, qan su yerinə axsın. Gəlif baxıllar ki, quş qonuf cavan bir oğlanın çiy­ninə. Deyillər, yox, yəqin quş düzgün qonmuyuf. Aparıf təzdən bir də uçurdullar. Quş yenə gəlif qonur oğlanın çiyninə. Məcbur oluf apa­rıf oğlanı şah seçillər. Bir gün belə, beş gün belə. Oğlan şah se­çilənnən bir gün sora camahata o qəddər zülüm eliyir ki, qan su ye­rinə axır. Ta camahat bu zülümdən boğaza yığılır. Bir gün ağsak­qal­lar yığışır, deyillər ki, gedək bının bir dosdu varıdı axı, bir yerdə iş­diyirdilər. Gedəh dosduna deyəh, gəlsin bının yanına, bəlkə sözünə baxar.

Nəysə, gəlif bına deyillər. Oğlan da duruf gəlir. Oturur elçi da­şı­nın üstündə. Şah, sarayınnan baxıf görür ki, bunun fəhlə işdə­diyi dos­tu oturuf elçi daşının üstündə. Adam göndərir, bını gətiz­dirir. Gə­lir bınnan görüşür. Oğlan deyir ki, niyə belə zülümkar şah­san? Ca­mahat yazıxdı, onnara niyə zülüm eliyirsən. Şah oğlana deyir ki, yadındadı oturmuşdux, sən dedin, əgər şah seçilsəm, mən ədalətdi şah ola­cam. Mən də dedim, zülümkar şah olacam. O quş gəldi mənim çiynimə qondu. Elə bı xalqa ədalətli şah lazım olsaydı, quş gəlif sənin çiyninə qonardı. Bı xalqa zülümkar şah lazımdı ki, quş da gəlif mənim çiynimə qonuf. Elə ona görə mən zülümkaram da. Bu xalqa belə şah lazımıymış. Dosdu bına ta heş nə demir, kor-peşman qayıdır, çıxır gəlir.


20. AĞILSIZ ADAM
Padşah vəzirə əmr eliyir ki, mənə ağılsız adam lazımdı. Vəzir düşür kəntbəkənd gəzir, soruşur, ən ağılsız adam kimdi, deyillər, filankəs, filankəs. Gəlir ki, bir yerdə böyük bir yığıncaxdı. Bir qırmızı isdoldu, biri oturuf çox ağayana. Bir də qara isdoldu, bir kişi büzüşüf duruf orda. Camahat hamısı sıraynan gəlir qırmızı isdolda oturanın əlinnən öpür, keçir o qara isdolda oturanın üzünə tüpürür. Vəzir deyir ki, bu nə bayramdı, nə mərasimdi? Deyillər ki, bu qara isdolda oturan kəndin kəndxudasıydı, çıxarıflar, indi qır­mızı isdolda oturanı bu kəndə kəndxuda seçirik.

Deyir:


– Yaxşı, niyə o çıxanın hamı bir-bir üzünə tüpürür?

Deyir ki, bizim kəndin adətidi da. Vəzifədən çıxannan sora hamı onun üzünə tüpürməlidi. Deyir ki, o adam görmür kü, işdən çıxanın üzünə bu cür tüpürüllər? Deyir ki, niyə görmür, o da bizim kəndin sakinidi də. Deyir:

– Bəs o vəzifəni niyə qəbul eliyir?

Deyir:


– Nə bilək, qəbul eliyir da.

Vəzir də öz-özünə fikirrəşir ki, ən ağılsız adam bu olar da. Qolunnan yapışır gətirir padşahın hüzuruna. Deyir ki, padşah sağ olsun, tapmışam bir ağılsız adam.



Deyir:

– Nə cür sübut eliyə bilərsən ki, ağılsız adamdı.



Vəzyəti olduğu kimi danışır. Deyir, getdim ki, hamı bunun əlinnən öpür, keçir o birinin üzünə tüpürür. Soruşdum bu nədi, dedilər bizdə adətdi də. Vəzifəyə gələni belə təbrik eliyillər, əlinnən öpüllər, çıxanın da üzünə tüpürüllər. İndi bu o qədər ağılsız adam­dır ki, fikirrəşmir, beş ildən sora bunu da çıxardajaxlar.
21. ÇÖRƏYƏ EHTİRAM
I mətn

Bir kasıf kişi olur. Görür ki, day yaşıya bilmir da, kasıfçı­lıxdan ölür. Peyğəmbər zamanasında bir gün gedif peyğəmbərə yalvarıf ki, ay peyğəmbər, elə elə ki, heç olmasa əlim bir çörəyə çatsın da, ölü­rüh axı. Peyğəmbər deyir ki, qoy gedim Allahnan kəlmələşim, saa gə­lif deyəcəm. Peyğəmbər qurban olduğum Allah­nan kəlmələşir. Al­lah deyir, mən ona çörəh verdim, getsin dolansın. Kişi gəlif deyir ki, ya peyğəmbər, saa qurban olum, nə xəbər gətirdin? Deyir ki, dedim, qurban olduğum dedi ki, mən ona çörəh verdim, getsin dolansın. So­ra kişi hansı işin dalınca gedirsə, görür ki, əli gətirir. Əli pula çatdı, çörəyə çatdı. Ruzusu bol oldu da. Ruzu da olduxca baxır görür ki, evdə evin qadını, uşağı heş bu çörəyə fikir vermillər, əhəmiyyət ver­millər. Kişi gəlif içəri girəndə baxıf görür ki, çörəyin qədrini bilən yoxdu. Deyir ki, ay allah, mən neyniyim ki, bunnar çörəyin qədrini bilsin? Duruf çıxıf yola. Peyğəmbər gələndə deyir ki, ya peyğəmbər, get bizim allahımıza denən ki, mən onnan bı qədər çörəh istəmədim. Bir az versin, qədrini bilsinnər çörəyin (istəmir də çörəh ayax altına düşsün). Peyğəmbər genə deyir, dayan gedim Allah-taalaynan kəl­mə­ləşim, sora deyərəm. Qayıdıf gələndə kişi deyir ki, Allah nə dedi? Peyğəmbər deyir ki, Allah deyir, getsin yuxa-çörəh bişirsin, versin uşaxları yesin, onda çörəyi azalajax. Kişi duruf gəlif qadınına deyir ki, ay arvad, daha bınnan sora yuxa çörəh bişir, qalın çörəh bişirmə. Qadın başdıyır yuxa çörəh bişirməyə. Yuxa çörəh də quru olur axı birəz. Tökülür yerə, birəz ora, birəz bıra. Kişi hər uşağı üçün arva­dına bir önnüh tikdirir. Çörəh yeyəndə önnüyü tutur uşaxların qaba­ğına, deyir ki, tökülən tökülsün önnüyün üstünə. Uşaxlar həylə də eliyir. Kişi bir il, iki il baxıf görür ki, daha da varrandı, çörəyi aşıf da­şır. Kişi deyir ki, ay Allah, peyğəmbərdə də yalan olar, axı maa dedi yuxa bişir çörəyin azalajax. Ama azalmadı axı. Genə gedir yol­da oturur. Peyğəmbər gələndə deyir ki, sizdə də yalan olur, ya pey­ğəmbər, sənə qurban olum? Deyir, dayan, gedim Allah-taalanın yanı­na, gələndə saa deyəjəm. Ama peyğəmbərə agahdı axı nə var, nə yox. Peyğəmbər gedif heç bı dəfə Allah-taalaynan kəlmə­ləş­mir. Qa­yıdıf gələndə kişiyə deyir ki, ay kişi, getdim sənin dedi­yini Allah-taalaya çatdırdım. Allah dedi ki, o kişi çörəyə həylə qiymət verir. Mən dedim yuxa çörəh bişir, çörəh quru olur axı. Tökülsün, gələn-gedən ayaxlasın da onu, onda sənin çörəyin azalajax. Sən onnan belə çörəyin qədrini bildin. Ona görə də get, oğul, bı çörəh sənindi. Sənin bir də çörəyin kəsilmiyəjəh.
II mətn

Bir dənə padşah varıymış. Padşaha səs, sorax gəlir ki, bu ma­hal­da hamı acınnan ölür da. Bütün camahat ac qalır. Elə adam var ki, bir uşağı var, ama çörəh tapbır ki, yedizdirsin. Ama bir gəlin var. O qadının səkgiz-dokquz uşağı var. Onnarın uşaxları həmişə çörəh tapıllar yeyillər. Padşaha bu maraxlı gəlir ki, o qadın neyniyir ki, onun uşaxları aj qalmır. Padşah vəzirin, vəkilin də götürüf gedir ma­halı gəzir. Görür ki, uşaxlar hamısı aj-susuzdu. Görür bir dənə uşax var. Anası uşağı çağırır, çörəyin arasına nəsə qoyur, verir uşağa. Uşax çörəyi yeyir, tökə-tökə, ayaxlıya-ayaxlıya gedir.

Gedif çıxır səkkiz uşağı olan qadının evini tapır, gəlir ora. Gö­rür ki, qadın süfrə açıf. Uşaxların hamısını otuzduruf, hərəsinin də əlinə çörəh verif. Çörəh də quru çörəhdi da. O vaxtı yaxşı çörəyi kim tapırmış ki, quru çörəymiş da. Quru çörəh verir bınnarın əlinə. Uşax­lar yeyillər, ama yerə tökülmür da. Padşah yaxınnaşıf bınnara. Görür ki, uşaxların hərəsinin boynunda bir torba var. Qadın tikif də. Padşah deyir ki, niyə tihmisiniz bu torbanı? Anaları deyir ki, pad­şah sağ olsun, bu torbanı tihmişəm ki, uşaxlar yedihcə qırıxları tö­külsün bu torbanın içinə. Əyağ altına tökülməsin, ayaxlamasın da. Uşaxlar da yedihcən tökülür torbanın içinə. Torbanın içində­ki­ləri təz­dən qaba tökürəm. Uşaxlar onu təzdən yeyillər da. Yerə çörəh düşmür.

Padşah deyir ki, həə, gəlin qayıdax. Vəzir deyir ki, ay padşah, nə annaşdırdın, bu uşaxları nəynən dolandırır bu qadın? Padşah deyir:

– Bu qadına Allah verir. Ona görə ki, bu qadın çörəyin qədrini bilir.


22. OTUZİLLİYƏ VERİLƏN VAR-DÖVLƏT
Bala, genə də bir kasıf kişi olur. Həmən kişi kasıflıxdan ölür­müş. Deyir ki, gedirəm Allah-taalanın yanına, onnan birəz var-döö­lət istiyəm, mən də yaşıyam. Kişi gedir peyğəmbərin yolunda du­rur. De­yir ki, ya peyğəmbər, mənim allahıma denən ki, yazığam. Maa bi­rəz var versin, döölət versin mən də yaxşı dolanım. Peyğəm­bər ge­dir Allah-taalanın yanına. Qayıdanda deyir ki, Allah dedi ki, get o kişiyə denən ki, iyirmi, otuz illiyə saa bu qədər var verdim, get dolan. İyirmi-otuz ildən sora o varı sənnən elə alajam, sənin bu günün o günaa şükür olsun. Peyğəmbər gəlir kişiyə deyir ki, Allah-taala maa belə dedi. Saa iyirmi, otuz illiyə var-döölət verir. Ama deyir ki, otuz ildən sora onu pis vəzyətə salajam, varı-dööləti əlinnən alajam.

Kişi fikirrəşir deyir ki, əşi, hələlik gedim otuz il dolanım, sorası da Allah kərimdi, pənah Allaha. Durur gedir. Günü-günnən bının va­rı, dööləti artır. Bının uşaxları da böyüyür. Yaxşı imarat-zad tihdirir. Bir gün kişinin oğlu deyir ki, ata, get padşahın qızını al maa. Kişi deyir ki, ay bala, səni and verirəm Allaha, padşah hara, biz hara. Ama kişi Allahın ona dediyi sözləri demiyif onnara, yanı evdəkilərə. Bircə özü bilir. Bı kişi nə qədər oğluna deyir ki, ay oğul, alma o qızı, sora peşman olarsan. Deyir ki, yox, alacam. Almasam, özümü öldü­rə­cəm. Kişinin əlacı kəsilir, duruf gedir padşahın yanına elçiliyə. Padşah da baxıf görür ki, bu padşaha layıq bir adamdı da, hər şeyi var. Padşah qızını kişinin oğluna verir. Oğlu götürür gəlir qızı evlərinə.

Allah-taalanın dediyi vaxtın tamam olmasına bir il qalanda kişi günü-günnən geri gedir, düşür yorğan-döşəyə. Pis günə düşmən­lə­rin­dən qorxur da. Gəlin gəlir qaynatasına deyir ki, ay ata, saa noluf, gü­nü-günnən əriyirsən? Axı saa noluf? Hər şeyin var. Varın, döölətin, nə bilim nəyin, oğlun, qızın, nəvə-nəticən. Niyə bu günə düşmüsən? Kişi gəlinə deyir ki, ay gəlin, mən biləni sən bilsən, sən də belə olar­san. Gəlin deyir ki, nə var ki? Padşah qızıdı da, savatdı adamdı, əl çəkmir. Mənə deməlisən görüm sənin dərdin nədi? Kişi de­yir ki, ba­la, öz oğluma, qızıma, arvadıma açmamışam, saa açıram. Qızım, bı varı-dööləti Allah-taala maa vaxtnan verif. İndi bı il başa çatan kimi Allah-taala bı varı bizdən alacax, bizi elə bir günə qoyacax ki, əvvəl­ki gününnən də pis olacax. Biz heç, o günə, yanı kasıfçılığa örgəş­mi­şih, dözəciyih. Mənim dərdim sənsən, qızım. Axı sən padşah qızısan, qızım, dözmərsən o günə. Ona görə də mən belə günə düşmüşəm.

Deyir:


– Ba, mən də deyirəm ki, nəə görə belədi?

Gəlin qaynatanı durğuzuf geyindirir. Tutuf qolunan götürür gedir. Deyir ki, gəl gedəh, mən peyğəmbərə deyim, getsin Allah-taalaya, bir söz deyəcəm, sözümə cavab gətirsin. Qaynatasınnan gedir peyğəmbərin yolunda oturur. Peyğəmbər gələndə kişi deyir ki, ya peyğəmbər, saa qurban olum, bı mənim gəlinimdi. Sənnən bir xayişə gəlif. Deyir ki, qızım, nə xayişdi?

Deyir:

– Ya peyğəmbər, saa qurban olum, get bizim allahımıza denən ki, o kişinin gəlini deyir ki, ey mənim allahım, bizim varı­mı­zı da al, döölətimizi də al, nəyimizi alırsan al, təki bizim canımızı sağ elə, bir də bizim mehribançılığımızı əlimizdən alma. Qalan hər şeyimizi al. Qurban olduğum da deyir ki, yaxşı, gedif deyərəm.



Peyğəmbər gedif Allah-taalaynan kəlmələşəndə deyir, sənin bəndən öza agahdı da. Allah-taala deyir ki, get o bəndiyə denən ki, o varı-dööləti oğulbaoğul verdim saa. Peyğəmbər durur gəlir. Deyir ki, Allah-taala deyir ki, varı-dööləti verdim onnara.

Kişi ikinci dəfə bir də gedir peyğəmbərin yolunu kəsir. Deyir, ya peyğəmbər, sizdə yalan olmaz axı. Allah varı, dööləti vaxtnan vermişdi. İndi noldu, onun hamısın birdəfəlih verdi maa? Nədi, nədi gəlin bir söz deməhnən belə olur? Peyğəmbər gedir Allah-taa­lanın yanına, qayıdıf gələndə kişiyə deyir ki, a kişi, bilirsən Allah o varı-dööləti sizə niyə verif? Sənin canı sağ eləmiyənnən sora, meh­riban­çılıx olmıyannan sora, var olar? O, savatdı padşah qızıdı, deyir ki, bizim canımızı sağ elə, bir də mehribançılıxımızı əlimizdən alma. Can sağ olanda, mehribançılığ olanda var öz-özünə gələjəh.


23. ŞAH ABBAS VƏ ÜÇ OĞRU
Şah Abbas qapı-qapı gəzir. Görür ki, xəzinənin yanında üş nəfər adam var. Gejənin yarısı, üç nəfər adam xəzinənin yanında. Şah da şahdı axı, balaja adam deyil. Bilir ki, bular xəzinəni yar­ma­ğa gəlif. Oğru diliynən bulara deyir ki, kimsiz? Olar da oğru diliy­nən deyir... (Oğru dili də var, aşıq dili də. Məsələn, toya gedəndə öz yoldaşımnan mən nə danışsam heş kim məni başa düşməz). Hələ xəzinəyə yaxınnaşmıyıflar, aralıdadılar. Şah deyir ki, əlinizdən nə iş gəlir? Şah da adicə fəhlə paltarındadı ey, seçilmir bulardan. Bu­la­rın libası hələ şahınkınnan yaxşıdı. Biri deyir ki, biz oğruyux, gedə­jeyih oğurruğa. İt hürsə, biləjəm ki, o it nə deyir. Şah deyir ki, sən öl, sənin işin yaxşıdı. O birsinə deyir ki, ə, sənin əlinnən nə gəlir?

Deyir:


– Mənim əlimnən o gəlir ki, nətər çətin qıfıl olsa, ona əl buladımsa açmalıyam.

Deyir:


– Sən öl, səninki lap yaxşıdı.

O birsinə deyir ki, bəs sənin əlinnən nə gəlir? Deyir:

– Zülmət gejədə bir adamı görsəm, otuz il onnan sora onu ta­nıyajam.

Onnardan biri çevrilir deyir ki, bəs sənin əlinnən nə gəlir? Deyir:

– Mənim əlimnən o gəlir ki, ölüm ayağı oldu, can baratı oldu, gördüm ki, ölüm gəlif duruf, tənəzzül gəlif duruf, əlimi bığıma çəkəjəm o tənəzzüldən azad olajayıx.

Bular deyir:

– Sən öl, lap yaxşı.

Gedif xəzinəni yarıllar. Hərəsi bir kilo, yarım kilo qızıl götü­rür, paylaşıllar. Şah da öz payını götürür gedir öz evinə. Buların üçünü də tanıyır. Səhər qasidə deyir ki, getginən onnarı çağır. Qasid gedir çağırır, üçü də gəlir. Şah deyir, bu gejə şahın xəzinəsini yarmısız, sizi dar ağacınnan asdırajm. Dar ağaşdarın qurdurur, ca­ma­hat yığılır, el yığılır. O adət çoxdandı ey. Axırıncı variantda de­yillər nə deyirsən, asıllar səni. Biri deyir:

– Vallah, səyf eləmişəm, uşaxlarım var, ayləm var, yazığın gəlsin.

O birisi deyir ki, işdi olufdu, qələt eləmişik, amanın günüdü bizi öldürmə. Qızılını da veririk. Növbə adam tanıyana gəlir. Adam tanıyan deyir:

– Şah, biz xəzinəni dörd adam yarmışıx. Ya dar ağacın dörd elə, o adam da gəlsin asılsın, ya da əlini bığına çək.

Heylə olur üçün də buraxır. Deyir, sizə yaxşı yol, gedin.



Söyləyici nağılı atasından eşidib. Atası toy bəyi olub,

məclisdə, evdə yeri gələndə belə nağıllar söyləyirdi.
24. DİLİMİ YAXŞI DANIŞMAĞA ÖYRƏDİRƏM
Şah oğlu Şah Abbas dedinsə, gərək deyəsən cənnətməkan. O sözü deməyən adamın nə Şah Abbasdan xəbəri var, nə də afsanaya düşməz. Onun bir misalı var. Deməli, Şah oğlu Şah Abbas cənnət­məkan öz dəsdəsiynən çıxıf mahalı gəzəndə görür ki, bir balaca uşağ eşşəyin boynun qucaxlıyıf üzünnən öpür. Başına dö­nüm, qə­şəh­­di, başına dönüm, nejə gözəldi. Öpür, öpür. Bular da gedir ki, uşağ eşşəyin boynun qujaxlıyıf burnunnan, üzünnən öpür. Deyir, qəşəh bala, haramdı ey, onu niyə öpürsən, boşda getsin. Deyir, ay baba, dilimi yaxşı danışmağa örgədirəm. Şah oğlu Şah Abbas cən­nət­məkan əmr eliyir, hərə bir avış qızıl verir uşağa. Uşağın papağı dolur, yer olmur ətəyin tutur.

Xülas ki, bular qızılın verif gedir, uşağ eşşəyin arxasınca gəldiyi yerdə qujağında işıldıyan qızıl. Bir ağsakqal kişi görür ki, uşağın qujağında nəysə işıldıyır. Gəlir deyir ki, qəşəh bala, o nədi? O atdılar kimlər idi? Deyir, baba, bilmirəm kim idi. Amma bir adam dedi ki, Şah Abbas, gör nə ağıllı uşaxdı ey. İndi Şah Abbas hansıydı mən bilmirəm. Maa dedilər eşşəyin üzünnən öpmə. Mən dedim ki, dilimi yaxşı danışmağa örgədirəm. Onnan bu qızılı verdi­lər mana, özdəri də gülüşə-gülüşə getdilər. Kişi də uşağa deyir ki, bala, eşşəyi ver, onnar qayıdanda görax mana da qızıl verirmi? Kişi eşşəyi alır, uşax gedir sevinə-sevinə.

Bunnar qayıdan başı görüllər ağsakqal kişi eşşəyin o üzünnən, bu üzünnən öpür. Gəlir həmənki qaydada deyir ki, əşi, ağsakqal kişisən, eşşəyin üzünnən niyə öpürsən? Deyir, dilimi yaxşı danış­mağa örgədirəm. Deyir, ə, çırpın bu kopoğlunu. Həştad yaşına qə­dər dili yaxşı danışmıyıf, innən belə örgədir.

Köhnə adamlar Şah Abbasın nağılın danışanda həmişə deyir­dilər ki, bax ha, bax ha, bax ha, şah oğlu Şah Abbas deyəndə cən­nət­məkan deməsəniz onun ruhu sizi tutar.


25. ALLAHDAN GƏLƏN BƏLA
Bir gün bir məmləkətin sahibinə məlum olur ki, xəzinəsində bir maat pul qalmıyıfdı. Vəzirin, vəkilin çağırır. Deyir ki, bu nətər məsələdi? Gedin hazırrıx görün, bu mələsə düzəlməlidi. Bunnar da bunun üsdündə işdəmişlər. Deyillər, qibleyi-aləm, hazırramışıx, biz deyəni elə sən. Deyir, neyniyim? Bunnar deyir ki, biz ölkəmizdə nə qədər varrı sahibkar varsa, hamısın siyahısın tutmuşux. Ona sual verəjəhsən, sualı bilmiyəjəh. Onda əmr ver ki, boynu vurulsun. Biz yüyürüf gələjeyih ki, qurban olum, bu yaxşı adamdı. Sən də denən bəs neyniyim. Biz də deyəjeyih ki, cərmə elə. Sən də ağlına gələn bir məbləği deyərsən, alıf xəzinəni doldurarsan. Bir toyuğu yolul­lar, qəfəsdə gətirif qoyullar padşahın qarşısına. Deyir, içəri girənə sual ver ki, bu nə balasıdı. Heç kim düz deyəmmijəh. Məsələn, de­jəh toyux balasıdı. Axı bu toyuğun balası deyil, toyuxdu.

Nəysə, indi varrı adamları yığıllar sarayın qabağına. Biri girir içəri. Girir, salaməlöyküm. Baş əyir, ehtiram göstərir. Deyir ki, bu­yur. Padşah deyir ki, sən ölkənin ən ağıllı adamısan. Mənə bir ənam göndəriflər, amma onu tanıyan yoxdu. Onu mana düz desən sənə ənam verif yola salajam, düz deməsən boynu vurdurajam. Deyif, buyur. Deyir, bu nədi? Baxır, baxır, görür ki, toyuxdu. Deyir ki, toyuxdu. Qışqırır ki, ə, toyux belə olar? Görmürsən camış ba­la­sıdı. Vurun boynunu. Fərraşdar cumanda vəzir durur yalvarır ki, qur­ban olum, boynun vurma.



  • Bə neyniyim?

Deyir:

– Cərmə elə.

Deyir:


  • Səkgiz yüz tümən cərmə elədim.

Gedir ödüyür. İndi bu çölə çıxanda soruşullar noldu. Deyir vallah, bir toyuğu yoluf qoyuflar qəfəsə. Dedim toyuxdu, dedi yox, camış balasıdı. O biri deyir, sən öl, mən girəndə deyəjəm camış balasıdı. Girir gənə ədəb qaydasıynan salam verir, ehtiram göstərir. Padşah deyir, bu nə balasıdı? Camış balasıdı deyəndə dəli olur. Deyir, görmürsən doşan balasıdı, nə camış balasıdı? Vurun boynu­nu. Birincini səkgiz yüz tümən cərmə eləmişdisə, bunu min səkgiz yüz tümən cərmə eliyir. Belə-belə kim girisə boynuna bir cərmə qoyur. Nəhayət, biri gəlir. Gəlir baş əyir, ehtiram göstərir. Deyir ki, qibleyi-aləm, eşidirəm. Deyir ki, sualıma cavab versən ənam alıf ge­dəjəhsən, verməsən boynu vurdurajam. Deyir, buyur. Deyir, bu nə balasıdı? Deyir, qibleyi-aləm sağ olsun, bu toyux balasıdı bil­mirəm, camış balasıdı bilmirəm, doşan balasıdı bilmirəm. Amma bir onu bilirəm ki, bu Allahdan gələn bir bəladı.

İndi qardaş, bizə Allahdan gələn bəladı ki, para-para oluf düş­müşük çöllərə. Hərəmiz bir diyardayıx.



26. SARSAQ ARVAD
Bir kişi gəlif görür ki, bir dəvə gijitkan yeyir, üstündə də qızıl yükü. Bu dəvə də karvannan ayrılıf qalıf bırda. Axı dəvə də gijit­kanı yaxşı yeyir.

Nəysə, gətirir kişi dəvəni kəsir, qızılı da gizdiyir. Bını bişirif yeyillər. Padşah da hardansa gələndə deyir ki, görüm bı dəvə harda qaldı? Padşah bir qarını tutur, al dillə göndərir dəvəni kəsən kişinin evinə. Qarı deyir ki, bəs mənim uşağım xəstədi. Həkim uşağa deyif ki, dəvə əti yesin. Deyirəm, bəlkə sizdə olar? Kişinin arvadı deyir, bıy, hə. Kişi dəvə tapbışdı. Dəvənin ətinnən bir əz verir bına. Sora padşah bı kişini yanına çağırır. Deyir ki, mənim dəvəmi sən oğur­ramısan. Kişi boynuna almır. Deyir ki, mən kiməm padşahın dəvə­sini oğurruyam? Onu da deyim ki, hələ kişi evdən çıxanda ar­va­dına deyif ki, ay arvad, mən gedirəm, qapı-bajanı yaxşı gözdüyərsən.

Həə, arvad gözdüyür ki, kişi gəlmədi. Arvad duruf o qapını çərçivədən çıxardır, qapını şəlliyif dalına kişinin dalınca gedir.

Həə, padşah kişiyə deyir ki, arvadın deyir ki, biz dəvəni kəsif yemişih. Kişi deyir ki, padşahi-aləm sağ olsun, o sarsax şeydi. Onun sözünə nəə inanırsan? Mən dəli olmuşam saa yalan deyim. Elə bı dəmdə baxıf görüllər ki, kişinin arvadı qapı dalında şəllənif gəlir bıra. Belə dəəndə padşah deyir ki, sən bıra nəə gəlmisən? Arvad deyir ki, kişini sən çağırmışdın. Kişi maa demişdi qapını gözdüyərsən. Mən də gözdədim gördüm ki, kişi gəlmədi. Qapını da gətirdim görüm nooldu. Belə dəəndə kişi padşaha deyir ki, pad­şa­hım, mən saa demirdim ki, arvadım sarsaxdı, onun sözünə inanma. Padşah da baxıf görür ki, arvad qapını çərçivədən çıxarıf alıf dalına. Elə onnan da iş bağlanır. Yanı kişinin dəvəni kəsdiyinin üstü açıl­mır. Özü də, bala, kişi arvadına qapını gözdə deyəndə həyət-bajanı deyirmiş, bu qapını demirmiş ki. Sarsax dedihləri arvad belindəki qapıynan özü də bilmədən kişini ölümdən qutarır.



Kataloq: Folklore -> 2014

Yüklə 8,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə