Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 8,77 Mb.
səhifə3/35
tarix30.07.2020
ölçüsü8,77 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   35

26. ODLA PAMBIQ
Məhəmməd peyğəmbər gedir bir məclisə. Məclisdə deyillər ki, gəl otu da. Deyir ki, yox, oturmuram, tələsirəm. Deyillər ki, otu da, nəyə tələsirsən? Deyir, yox, oturmuram, tələsirəm. Odnan pam­bığı qoymuşam bir yerdə, gəlmişəm. Deyillər ki, od kimdi, pambıx kimdi? Deyir, od qızımdı, pambıx da oğlumdu.

Qızım, yanı deməh isdiyir ki, oğlannan qızı bir yerdə qoymax səhvdir.


27. QARIŞQANIN DUASI
Peyğəmbər əleyhsalamın dünyaya nazil olmasından bir yaxşı əhvalat danışaram. Elə vaxd oluf ki, il quraxlıx oluf. Quraxlıx olanda camahat bir-birinə deyif ki, bu il ajdıx olajax. Ağıllı adamın biri deyif ki, indiyətən fikir eliyərdıx. İndi peyğəmbərimiz var, nə fikir eliyax. Peyğəmbərə deyərıx Allaha deyər, yağar. Məsləhət bilinən adamlardan göndərillər peyğəmbər əleyhsalamın görüşünə. Peyğəmbər əleyhsalamın da deyilməynən görüş yeri bir mətə imiş. Oraya gedənnərdən gəlif soruşurmuşlar ki, nə istiyirsən, nə deyir­sən, onnar da istəklərin deyirmişlər. Peyğəmbər gələn adamları qəbul eliyif. Deyif ki, ya peyğəmbər, il quraxlıxdı. Camahat bizi gön­dərdi ki, gedin peyğəmbərə deyin Allaha istixaza eləsin, bəlkə yağış yağdı, aj qalmıyax. Deyif, yaxşı eləmisiz. Gedin camahata deyin yuyunsunnar, qüsullansınnar, səhər çıxax sahəyə, o pay torpax­da Allaha dua eliyərıx, inşallah yağar.

Bu fikirnən camahat gedif qüsullanır. Səhər gəlillər peyğəm­bər əleyhsalam qabaxlarında, camahat da arxasında. Gedillər sahə­yə çıxıllar. Sahəyə çıxanda peyğəmbər əleyhsalam nəxarta dua eli­yir, istixaza eliyir, yalvar-yapış eliyirsə, nə bulud, nə nəm, nə çiskin – heş nə gəlmir. İndi camahat bir-birinə deyir ki, bu yalannan deyir peyğəmbərəm. Buların belə deməsi peyğəmbərə agah olur. Pey­ğəm­­bər əleyhsalam Allaha yalvarır ki, ilahi pərvər­digar, mənim nə günahım var ki, sözüm eşidilmədi. Günahımı de, canımı al. Mən o camahatın üzünə nejə çıxaram?

Peyğəmbər əleyhsalam burda özünə ölüm istəsin, camahat da qayıdıf getməkdə olsun. Peyğəmbər addım-addım geri qayıdır. Pey­ğəm­bərin özünə ölüm istəməyi oxatrana Allaha xoş gedir ki, Allah­dan vəh gəlif, qarışqa peyğəmbərin qabağında dillənif: – Ya pey­ğəm­bər, niyə fikirrisən? Peyğəmbər əleyh­salam deyif ki, Allahın cüjüsü, sənnik döyül. Deyif ki, ya peyğəmbər, nolar ki, sən böyük­sən, mən kiçik. Səni də Allah yaradıf, məni də. Danışırıx, bəlkə kömək elədim. Peyğəmbər danı­şı­ğa cavab ver­mə­sə, olmaz. Deyir ki, camahatnan getdim dua elə­dim, yağmadı. İndi özümə ölüm is­di­yirəm. Deyir ki, ya peyğəmbər, gəl qayıdax, mən dua eliyim yağ­sın. Peyğəmbər əleyh­salam cavabında deyir ki, əgər sənin duana yağajaxsa, elə mənə ölüm lazımdı. Qoy bu başdan Allah mənim günahımı desin, canımı alsın. Qarışqanın cavabı bu olur ki, ya pey­ğəmbər, sən yalvardın, dua elədin noldu? Mən də dua eliyərəm, yağmaz, yağmaz. İndi qarış­qa qabaxca, peyğəmbər əleyh­salam da bu­nun arxasınca. Camahat baxır ki, peyğəmbər qayıdır. İndi də bir-bi­rinə deyir ki, peyğəmbər Allaha dedığı sözü bizim yanımızda de­mə­di ki, örgə­nərıx. İndi odey təkcə qayıdır. Qayıdıllar həmən mə­təyə. Qarışqa dua eliyir, peyğəmbər əleyhsalam deyir amin, amin. Allah-taala nəm gətirir, yağış gətirir. İndi peyğəmbər əleyhsalam Allaha daha sidq ürəknən deyir ki, mən sənin rəsulun, peyğəm­bə­rin. Mənim elədiyim dualara yağdırmadın, amma qarışqanın etdiyi duaya yağdırdın. Günahımı de, canımı al. Cənab Cəbrayıl vasitə­siy­nən vəh gəlir ki, ya peyğəm­bər, qarışqanın duasıy­nan yağmıyıf, peyğəmbərin amininə yağıf. Sənnən gələn maxluqatı şeytan qoy­madı amin desin. Sənin duanın arxasında amin olmadı. Amma qa­rış­qanın duasının arxa­sın­da pey­ğəmbər amini var, peyğəmbər ami­ninə yağıf. Onnan sora peyğəm­bər əleyhsalam təskinnik tapıf.
28. ALLAH DƏVƏNƏ BƏRƏKƏT VERSİN
Kənt camahatı hamı il urzaların yığıflar, kasıbınkı qalır axıra. Bir ağıllı adam deyir ki, bizim peyğəmbər çox insaflıdı. Get sənə bir yük heyvanı versin, sən də qutar da. Hər kəs özünü düşünür, sənin dərdinə kimdi qalan. Amma peyğəmbər Allahın rəsuludu, get denən.

Bu kasıb gedir peyğəmbər əleyhsalamnan görüşə. Gəlillər. Deyir, görüşmağ isdiyirəm. Bunu görüşdurmağa aparanda görür ki, peyğəmbər əleyhsalam bir qotur dəvəni öz əliynən yağlıyır. Bunun içinnən keçir ki, bu qotur dəvəni yağlıyan mana nə verər? Axı pey­ğəm­bər sirri-qafildi, kimin içinnən nə keçir ona agahdı. Pey­ğəmbər soruşur ki, eşidirəm. Deyir ki, ya peyğəmbər, elə görüşdüm bəsim­di, heş nə demiyəjəm. Deyir, yox, yox, de. İndi bu vəzyətə görə isdəmir deyə, bu da bildiyinə görə isdiyir deyə. Deyir:

– Ya peyğəmbər, vəzyət belə idi, onun səbəbinə gəldim. Səni də bu vəzyətdə gördüm, vallah, onçün demağ isdəmirəm.

Deyir:


– Yox, yox, adam gələndə deyər. Gəlmisən peyğəmbərə sö­zünü deyəsən. Niyə demiyəsən?

Çağırır:


  • Salman, Salman.

Hay verir. Deyir:

– Salman, bir irahat, yumuşax dəvə gətir.

Yəni dil bilən, yatmağı, qalxmağı başa düşən da. Da hirsdi yox. Salman bir dəvə gətirir. Bu kasıb baxır ki, heş qardaş qardaşa bunu verməz. Ovsarı Salman kasıba uzadanda deyir:

– Ya peyğəmbər, Allah malına min bərəkət versin.

Peyğəmbər çağırır:


  • Salman, get bir dəvə də gətir, o bunnan da irahat olsun.

Salman gedir bir dəvə də gətirir. Naxarta eliyir bu kasıb dəvənin ovsarınnan yapışmır. Deyir:

– Ya peyğəmbər, mən aparram, işimi qutaranda dəvəni gətirif verəjəyəm. Başıma bir iş gələ, axı mənim mağdurum yoxdu ki, iki dəvənin haqqını ödüyəm. Bu bəsdi.

Deyir:


  • Yox, yox. Götür.

Ovsarı tutanda kasıb deyir ki, ya peyğəmbər, Allah malına min əvəz versin. Bayax bərəkət isdiyif, indi əvəz isdiyir. Deyir:

  • Salman, Salman, get bir dəvə də gətir, o bunnardan da irahat olsun.

Gedir dəvəni gətirir. Görür axır gələn bu ikisinnən həm gözəl, həm də irahatdı. Dəvənin ikisinin də ovsarın kasıb boşduyur ki, ya peyğəmbər, başıma bir iş gəlsə, mən ödüyə bilmərəm. Biri bəs idi. Deyir ki, ay kişi, gəl bəri. Bilirsən niyə verdim? Deyir, bu tərəfdəki topa dəvəni görürsən? Okqədər sidq ürəknən dedin ki, Allah-taala mənim dəvələrimə qarışdırmax üçün qeybinnən bir heylə dəvə gətirif ora. O ki dedin min əvəz versin, bax onun da əvəzi odur. Bu dəvənin ovsarın tutmamısan, söz deməmisən, hələ onun əvəzi gəl­miyif. Gör sənin Allah xətrini nəkqədər isdiyir ki, sən ikisin apa­rırsan, Allah hər birinə yüz dəvə əvəz verif, bərəkət verif. Sənin sıd­qın Allah yanında eşidilif. Götür, götür. O ikisin əvəzin al­mışam, bu biri də halal-xoşun olsun. Get işini gör.

İndi bu dəvələri gətirəndə hər devrin şeytanı var. O deyif ki, sən öl, gör bu peyğəmbərə nə vəd verif ki, dəvələri buna verif. Bu yalannan kasıfdı, bijdih eliyir, bəlkə haqqın verif. Hərə bir söz de­yir. İşin qutarannan sora görüllər qaytarmadı axı. Deyir, niyə qay­­­­­­tar­­madın? Deyir, peyğəmbər əleyhsalam onu mana bağışlıyıf Allah xatirinə. Soruşan oluf ki, indi getsək, bizə də bağışlayar. Deyir, onu bir Allah bilir, bir də peyğəmbər bilir. Odey peyğəmbər ordadı, Allah da onun yanındadı.

İndi qaqa, bismillahnan, əlhəmdullahnan, haknan oturuf-du­randa Allahın bəndəsi naümüd olmaz.

29. PEYĞƏMBƏRİN YALANI
Bir şəxs peyğəmbər əleyhsalamı görəndə görür ki, başında tacı var. Öz-özünə deyir ki, görəm peyğəmbərin qarğışı neçə ildən sora tutur? Deyir:

– Ya peyğəmbər, sizdən soruşmağ olar ki, sizin qarğışınız var bəndələr üçün?

Deyir:

– Əlbətdə ki var.



Deyir:

– O neçə ildən bir tutur?



Peyğəmbər əlyehsalam deyir, qırx ildən bir. Bizim qarğış gün­dəlik döyül. Allah-taalanın da səbri var, bizim də. Amma qırx ildə nağdı tutur. Amma bu şəxs bilmir ki, onun içinnən keçən peyğəm­bər əleyhsalama agahdı. İçinnən keçirir ki, sən öl, bu tacı başınnan götürüf qaçırajam. Qırx il qoyajam başıma, deyəllər ki, Məhəmmə­din tacı var. Qırx ildən sora da ölərəm, cəhənnəmə ölərəm. Okqədər peyğəmbərnən fırranır, fırranır, fırranır. Fikirrəşir ki, peyğəmbər əleyhsalam su başına oturanda tacı götürəjəm. Ha eliyif özün düzəl­dincə qaçajam da, hara çatır. Bu ağılnan pey­ğəmbər əleyhsalam aftafaya oturanda tacı götürür qaçır. On metr getməmiş qıçı sınır yıxılır. Peyğəmbər əleyhsalama agahdı. İrahat öz işin görür, qutarır, gedir dəsdəmazın alır. Gəlir ki, yıxılıf buraya, taj yumalanıf odey oraya. Zarıya-zarıya deyir ki, ya pey­ğəmbər, sizdə də yalan var?

Deyir:


– Nooluf ki?

Deyir:


– Sən demədin qarğışım qırx ildən sora tutur.

Deyir:


– O mənim qarğışım döyül. Filan qarının inəyinin balasın apa­rıf kəsdin ey, o sarı inəyin qarğışıdı. Hələ mənim qarğışım qırx ildən soradı.

Peyğəmbər bu sözü deyir, gedir tacı götürür qoyur başına, düzəlir yoluna gedir.



30. BARAMAQURDU
Qaynanam deyirdi ki, bala, baramaqurdu var ha, o pey­ğəm­bərimizin canının qurdudur. Məhəmməd peyğəmbərin bir balaca evi oluf. Bütün bədəni yara tökür, həmin yarıya da qurd düşüf. Deyil­lər ki, ya peyğəmbər, belə olmaz axı. Bəs, siz ilahi bir adam­sız. Peyğəmbər deyif ki, məni Allah-taala bı qurtdara yem üçün belə eliyif. Qoyun yesinnər, doyuf çəkiləjəhlər.

Sora deyir, bir gün peyğəmbər də bınnan bezif. Deyif ki, gö­rüm, sizin yaratdığız yeejəh olsun, əl çəkin da mənnən. Onnan sora qurtdar qurban olduğumun bədəninnən əl çəkillər. Onnan da onun adı baramaqurdu qalıf. Yanı Məhəmməd peyğəm­bərin qarğı­şın­nan sora baramaqurdu əmələ gəlif. Baramaqurdun yaratdığı da ipəh oluf. Peyğəmbərimiz həm də deyif ki, yediyin tut yarpağı olsun, is­tehsalın ipəh olsun.


31. USTADINA RƏHMƏT
Dünya binnət olanda yer üzü xali idi, sirkələnif axırdı. Bir bə­ni-bəşər yox idi. Dünya su kim axırdı. Dünyanın əvvəllində məla­kələr nazil oldu: Cəbrayıl, Azrayıl, Mikayıl. Dünya salavat üsdə bərqərar oluf (salavat çəkir – top.). Həzrət Əli salavat çöördü dünya onda durdu. Onda Cənabi Cəbreyil zühr elədi Allahın hüzuruna. Getdi Allahın hüzurunda durdu. Allahdan səda gəldi ki, maxluq, sən kimsən? Dedi, sən sənsən, mən mənəm. Allah tərəfin­nən vurul­du, şapəri yandı, düşdü dəryaya. Cənabi Cəbreyil bir müddət qalan­nan sora qanatdandı bir də zühr oldu. Allahın dər­ga­hına gedəndə Allahdan səda gəldi ki, ya Əli, Cənabi Cəbreyil gəlir, onu örgət. Həzrət Əli deyir:

– Cənabi Cəbreyil, hara gedirsən?

Deyir:

– Allahın dərgahına gedirəm.



Deyir:

  • Nə deyəssən?

Genə əvvəlki sözü deyir. Deyir:

– Yox, Cənabi Cəbreyil. Heylə demə. Denən ki, sən xaliqsən, mən maxluğam. Sən yaratmısan, mən yaranmışam. Heylə de.

Cənabi Cəbreyil gedir Həzrət Əlinin örgətdiyini deyir. Allah­dan səda gəlir ki, ustadına rəhmət.
32. PEYĞƏMBƏRİN MERACA GETMƏSİ
Məhəmməd peyğəmbər Allahın dərgahına gedəndə Həzrət Əli evdə böləg2 idi. Min bir ad Allahındı, min ad Əlinindi. Bir neçə ta­ba­ğa qalxmışdı ki, bir şir kəsdi qabağını. Dedi ki, barmağındakı üzüyü ver, keç. Məhəmməd peyğəmbər barmağındakı üzüyü çıxart­dı verdi şirə, keşdi. Bir tabağa qalxdı, gördü malakələr yazı yazır. Məhəm­məd peyğəmbər keçəndə bular heş başın yuxarı qaldırmadı. Cənab Cəbreyil Məhəmməd peyğəmbərin yanında bələdçidi. Dedi ki, filan malakə, bu Allahın əziz peyğəmbəridi, niyə başını qaldır­mırsan? De­yir, majalım yoxdu, yazıram. Dedi, nə yazır­san? Dedi ki, mən Həzrət Əlinin şənin yazıram. Çıxdılar bir tabağa da yuxarı, bir malakə də burda yazır. Dedi ki, niyə başını qaldırmırsan, Alla­hın əziz peyğəm­bəri gəlif? Deyir, imkanım yoxdu, yazı yazıram. Dedi, nə yazırsan? Dedi ki, Əlinin şənin yazıram. Ona görə deyillər ki, dəryalar mü­rək­kəb ola, meşələr qələm, gənə Əlinin şənin yazıb qutarammaz.

Məhəmməd peyğəmbər çıxdı Allahın hüzuruna. Pərdənin ar­xa­sından səs gəldi, peyğəmbərnən kəlmələşdi. Behiştdə Məhəm­məd peyğəmbərin qabağına alma gəldi, bıçax gəldi. Məhəmməd peyğəmbər gördü ki, pərdənin dalınnan əl çıxdı, uzandı almaya. Mə­həmməd peyğəmbər almanın parasın kəsdi verdi ələ, parasın da qoydu cibinə, dedi, aparım Əliyə. Əl çəkildi. Məhəmməd peyğəm­bərin qabağına pilo gəldi. Bu tüklü əl gəldi. Köhnə adamlar deyirdi ki, bədəni tüklü adam Əlinin dosdudu. Bu düyüdən tükün arasına düşür. Məhəmməd peyğəmbər Allahnan kəlmələşdi, qayıtdı gəldi evə. Həzrət Əli dilləndi dedi ki, əmoğlu, nə gördün? Dedi ki, vallah, şir qabağımı kəsdi üzüyümü aldı, buraxdı. Amma Məhəmməd pey­ğəmbər demədi ki, hansı tabağaya qalxdımsa, Əlinin şənin yazır­dı­lar. Dedi ki, Allahı gördünmü? Dedi, yox, görmədim. Dedi, bə nə gör­dün? Dedi ki, Allah dərgahında mana tam gəldi. Pərdənin dalın­nan bir əl çıxdı, almanın parasın ona verdim, parasın da saa gətir­mişəm. Bir də mənnən tam elədi, tükünün arasına bir düyü dənəsi düşdü. Uşax güldü, almanı böləkdən çıxartdı dedi ki, gör budumu? Almanı tutuşdurdu, gördü parası həmin almadı. Əlin çıxartdı dedi, gör bu əldimi? Gördü düyü də ordadı. Dünya tarixində Allahdan başqa Həzrət Əlinin sirrini heş kəs bilmiyif.


33. HƏZRƏT ƏLİNİN ÖLÜMÜ
Həzrət Əli zərbənlənəndə İmam Həsənnən İmam Hüseyinə dedi ki, məni yuyun, kəfənniyin qiblə tərəfdən ağ dəvə gələjək. Qoyun ağ dəvənin üsdünə, gələn olajax, ovsarın buraxın özü gedə­jəhdi. Mənim dalımcan gəlmiyin. Yudular, kəfənə tutdular, nama­zın qıldılar. Hazır olanda ağ dəvə gəldi yatdı. Qoydular ağ dəvənin belinə, ovsarın buraxdılar. Bir gün keşdimi, iki gün keş­dimi orasın bilmirəm. İmam Həsən dayanammadı. İmam Hüseyinə dedi ki, mən gedəjəm atamın dalıncan. Düşür dalına. Gedir görür ki, dəvə gedir, qabağıncan da bir üzü rübəndli dəvəni çəkir. İmam Həsən dəvənin yanına çatır. Dəvənin yedəyin bu üzü rübəndlinin əlinnən alanda rübəndin belə atır, görür çəkən Əli özüdü. Deyir ki, oğul, saa de­məmişdim gəlmə. Dəvə harda dursa, məni orda dəfn elə.
34. COMƏRD QƏSSAB
Gəncədə Comərd Qəssab vardı. Bu qəssab qırx otax tikdirir. Qırxının da qapısın bağlıyır. Yuxuda Həzrət Əlini görmüşmüş. De­yir ki, bu otaxları Əlinin adına tikdirirəm, gələndə oturar. Pad­şaha xəbər aparıllar ki, bəs filan qəssab ət kəsəndə deyir ki, Əli başıçün nə artıx almaram, nə əysik vermərəm. Padşah cəllatdarı yolluyur ki, gedin onun başın kəsin, paltarını qanına bulayın gətirin. Həzrət Əliyə də agahdı ki, böyün qəssabı öldürəjəhlər. Deyir:

– Qəmbər, gözünü yum, min tərkimə. Gedəjeyih filan yerdə bir qəssab olur, onu öldürəjəhlər.

Qəmbər atın tərkinə minir, Həzrət Əli gəlir düz qırx otağın qapısına. Qəssabın da gözünün ağı-qarası bir oğlu var. Qəssab da bazarda ət satır, hələ evə gəlmiyif. Həzrət Əli Düldüldən düşəndə oğlan görür ki, otaxlar şarakkaşarax açıla-açıla getdi. Əli pilləkan­nan çıxır gedir oturur axırıncı otaxda. Gedə də dincəlmir. Atası axı buna danışmışdı ki, belə bir adam gələjəh. Çıxır çölə ki, atası gəlir. Deyir ki, ata, sən dediyin şəkildə iki qonağımız gəldi. Ayağın astanaya qoyanda qapılar öz-özünə açıldı, odey gedif oturuf axırın­cı otaxda. Qəssab girir içəri. Girir içəri, görür həmən şəkildə adam­dı. Düşür bunun ayağına, duz kimi yalıyır.

Qəssabın yoldaşı çörək hazırrıyır. Həzrət Əli də qəssabnan danışır. Bu heyndə cəllatdar qapını kəsir. Gedə çıxır. Deyillər ki, atana denən çıxsın çölə. Deyir:

– Mən deyə bilmərəm. Əziz qonağımız var, atam onnarnan söhbət eliyir. Mən onu çağıra bilmərəm.

Nəğadar eliyillər, deyir əziz qonağımız var, atam onnarnan şirin söhbət eliyir, çağıra bilmərəm. Nə dərdiniz var maa deyin. De­yir ki, bizi padşah yolluyuf ki, atanı öldürək qannı paltarın apa­rax. Deyir atamı mən çağıra bilmərəm, elə məni öldürün aparın. De­yən­də cəlladın biri deyir ki, padşah nə biləjək. Elə bunu öldürək. Ge­dənin başın kəsillər, köynəyin qana buluyuf gedillər.

Həzrət Əli bildi ki, gedəni öldürdülər. Qəssab çıxır çölə yol­daşına deyə ki, çörəyi gətir. Yoldaşı deyir ki, gədəni cəllatdar öl­dür­dü. Deyir ki, üsdünü ədyalnan ört, qonaxlar bilməsin. Bilsə çö­rək yemiyəjehlər. Qəssab tez gətirir üsdün soruxluyur. Yoldaşı çö­rəyi gətirəndə Həzrət Əli deyir ki, qəssab, bayaxkı uşağı gətir biz­nən tam eləsin. Deyir ki, ağa dərviş, gedifdi xalası evinə. Deyir, çağır gəlsin. O biznən tam eləməsə, biz tam eləmiyəjeyih. Qəssab baxır ki, vəzyət belədi. Deyir:

– Ağa dərviş, uşağı öldürüflər.

Əli çıxır çölə, Qəmbər də dalıncan. Deyir, soruğu götür. So­ru­ğu götürür. Həzrət Əli uşağın yönün çöörür qivləyə. Beş rükət ha­cət namazın qılır, ağzının liqabınnan şəhadət barmağıynan sürtür, başın qoyur boğazın üsdünə. Çəkir liqabın, gedə eşqırır sıçrıyır. Həz­rət Əlinin qıçın qucaxlıyır. Deyir ki, cənnət bağında gülün için­də gəzirdim.

Həzrət Əli qəssaba deyir ki, mən gedirəm padşahın meyda­nına, libası dəyişif gələrsən meydana. Həzrət Əli Qəmbər tərkində gedir. Həzrət Əlinin şəkli bütün padşahlarda vardı. Vəzir xəbər apa­rıf ki, Həzrət Əli gəlifdi. Padşah imarətinin qapısınnan baxır ki, şə­kildəki adamdı. Padşah deyir, biz onun qabağında tab gətirə bil­mə­rik. Ağ bayrax götürür yeriyir qabağına, dalıncan da vəziri, vəkili, qo­şunu. Gələndə Həzrət Əli zülfüqarı qaldırır, altınnan keçil­lər. Həz­rət Əli padşaha deyir ki, səni qoydum vəzir, qəssabı da qoydum buranın padşahı. Bu günnən qəssabın adın qoydum Comərdi Qəssab.

İndi həmən Comərdi Qəssabın məzarı Gəncədə ziyaratgahdı.


35. HƏZRƏT ƏLİ VƏ RÜSTƏM ZAL
Süleyman peyğəmbərnən Urustamı Zal bir tarixdə yaşıyıf. Həzrət Əlidən sora yer üzündə qüvvəli pəhlivan Urustamı Zal oluf. Yeriyəndə qurşağatan yeri yara-yara yeriyirdi. Devlər də o vaxdı yaşıyıf. İndi bizim yerrərdə kahalar vardı, deyirdilər ora dev kaha­larıdı. Süleyman peyğəmbər iclas keçirir, necə ki indi prezident ic­las keçirir. Əsabaların yığıf iclas keçirir. Ağ dev gəlir Süleyman pey­ğəmbərə şikayətə. Dev girir içəri ki, Urustamı Zal oturuf, Sü­leyman peyğəmbər də iclas aparır. Dev deyir ki, ya Süleyman, bu Urustamı Zaldan xəbər al, gör biz buna neynəmişik ki, bizim nəs­limizi tamam kəsifdi. Əmimi öldürüf, əmim oğlunu öldürüf, atamı öldürüf, qardaşımı öldürüf, kökümüzü kəsif. Belə deyəndə Urusta­mı Zal əlin uzadır, pəncəsinin beşini də vurur devin ciyarın sağ çı­xardır, qoyur qabağına. Deyir ki, səni də belə eliyərəm. Süley­man peyğəmbər də yer üzünün padşahıdı, yaranmışın dilin bilir, Al­lahın şərəfli peyğəmbəridi. Peyğəmbər sınır. İclas dağılır, peyğəm­bər də çox peşman olur. Allahdan səda gəlir ki, ya Əli, mənim əziz pey­ğəmbərimi Urustamı Zal sındırdı camahatın içində. Girirsən Süley­man peyğəmbərin şəklinə, güjünü Urustamı Zala gösdərərsən. Al­lah Əlini salır Süleyman peyğəmbərin şəklinə.

İndi Urustamı Zal iclasdan çıxıf gəlir, böyüh bir dərədi, ordan addıyajax öz iqamətgahına. Həzrət Əli Süleyman peyğəmbərin şək­lində kəsir bunun yolunu. Deyir:

– Urustamı Zal, ayağ saxla. O dev gəlmişdi maa şikayətə. Bəs sən məni niyə o camahatın içində sındıdın? İndi maa cavab ver.

Urustamı Zal gülür. Deyir:



  • Ya peyğəmbər, peyğəmbər adamsan, cavab ver nədi? Mən nətərə saa cavab verim?

Deyir ki, saa deyirəm maa cavab ver. Genə deyir, ya pey­ğəm­bər, axı sən peyğəmbərsən, mən nətər sənə güjümü gösdərim? Urus­tam Zal əlinin dalıynan yavaşca peyğəmbəri itələmək isdiyir, görür köklü daşdı, tərpədə bilmir. Ajığı tutur qurşağınnan tutur ki, qaldıra, görür yox, heş tərpədəsi deyil. Bir güj verir özünə, tokka yerinədək girir yerə, ayağın yerdən üzə bilmir. Əlin keçirir (canım sənə fəda olsun, ya şahi mərdan Əli) Zalın kəmərinə, qaldırır başı üsdə üş dəfə buluyur atır, düz gedir dirənir ağ buluda. Ağ buluda dirənəndə yönü bəri qayıdır. Qayıdanda əlin verir, başı üsdə çatan­da kəmərinnən tutuf ayax üsdə qoyur yerə. Deyir, get, bir də mən olan yerdə mənim sözümün qavağına söz çıxartma. Onnan sora Zal Süleyman peyğəmbəri görəndə onnan çəkinirdi. Süleyman peyğəm­bər də görür ki, Zal əvvəlki Zal deyil.
36. HƏZRƏT ƏLİ VƏ GAVUR
Deyir, bir gün bı Allah nəhlət eləmişdərin bir sərkərdəsi, yəni yeziddərin sərkərdəsi deyif ki, mən Əlini məhf eləməliyəm. Deyil­lər ki, yox, Əli girməli kol deyil da. Sən onu öldürə bilməz­sən. Nə­sə, gedillər. Rəvayətə görə, qurban olduğum Allah birinci gavura yol verir. Gəlir Əliynən üzbəüz durur. Deyir ki, Allah saa nəhlət eləsin, birinci sən məni vır. Bını Əli gavurun sərkərdəsinə deyir. Yezitdərin sərkərdəsi əmudu alır əlinə, nətər Əliyə endirirsə, Əlinin atı dizinə qədər batır torpağa. Əli sora silkələnif çıxır. Əli sərkər­dəyə deyir ki, Allah saa nəhlət eləsin, indi sən dur, mən vırım. Əli nə cür qılıncını endirirsə, düz bının özünü də, atını da biçə-biçə ge­dir ayağa. Biçməyi amma görünmür. Əli sora gavura deyir ki, əşi, haran ağrıdı? Deyir ki, alnım ağrıdı, bir də dilimin ucu ağrıdı. Əli ona deyir ki, alnın ona görə ağrıdı ki, sənin alnın möhür görmüyüf, dilin la-ilahə-illəllaha dönmüyüf, ürəyində də Allah xofu yoxdu. Allah saa nəhlət eləsin, tərpən. Tərpənəndə bir şakqa bir tərəfə dü­şür, bir şakqa da o tərəfə düşür. Onnan sora yezitdərdən nə qədəri Əlinin tərəfdarı oluf.

Bala, bını ana babamdan eşitmişəm.


37. ƏLİ DOSTU
Qəmbər Əli dosduymuş da. Qəmbəri od yandırmırmış. Biri gəlif deyir ki, mən Əli dosduyam. Deyir, nolar, mənnən dosd olur­san daha yaxşı. Bunu sınaxdan keçirir. Bir təndir yandırır, təndirin şirəmət yerində deyir özünü at təndirə. Bu şəxs özünü ata bilmir təndirə. Deyir, indi dur qıraxda. Çağırır:

– Ya Qəmbər.

Deyir:

– Can Əli.



Deyir:

– Bura gəl.

Gəlir. Deyir:

– Özünü at təndirə.

Sırazı Qəmbər özünü atır təndirə, bu da dəmiri götürür qoyur ağzına. Aradan bir az keçir. Gəlillər ki, Qəmbərin qabağında güllü baxça, kefdədi. Deyir ki, oğul, sənnən əziz dosd olmaz. Əziz dosd bax belə olar.


38. HƏZRƏT ƏLİ HAQQINDA DİGƏR MƏTNLƏR
I mətn

Cənab Əli Basarkeçər dağını qılıncıynan vuruf, dağı yarıf ordan keçif gəlif. Ona görə 1941-1945-də hər yer aj qalanda bir Bey­lə­qan­nan çörək qutarmadı (peyğəmbərin surfası oraya açıl­mış­dı), bir də Ba­sarkeçərdən. Basarkeçərdən gedif taxıl gətirif yeyərdih ajdıx ili.
II mətn

Həzrət Əli Dəcləmi, ya Fəratmı çayının yanında durur, deyir siz mənim ağlımnan yox, qolumnan istifadə etdiniz. Mənim ağlım­nan istifadə etsəydiniz, mən bu çaynan dünyanı nura qərq eliyərdim.
III mətn

Müharibə olur, bərk vuruşma gedir. Gavurlar Xeybər qalasına yığışıllar. Əli Xeybər qalasıın qapısını kəsir, deyir, burdan bir adam çıxmasın. Bunnarı qırır. Üzdən irax, bir qancıx balasın ağzına alır Xeybər qalasınnan çıxır. Əli deyir, burdan heş kim çıxmadı ki? Deyillər yox, heş kim çıxmadı. Amma bir qancığ ağzında balası çıxdı. Deyir:

– Vay dad, biz adam qırmamışıx, elə gavırlar öz yerindədi.
IV mətn

Həzrət Əli getmişmiş ova. Gedir ki, bir cüyür balasın əmiz­dirir. Cüyürü vurmur, çıxır gəlir. Sora başqa ovçular bu cüyürü vu­rullar. Görür ki, bunun balaları yetim qalıf. Ona çox heyfsilənir. Onnan sora ov mövsümünü o yaradıf ki, bala vaxdı heş kəs ova güllə atmasın.


39. BÖYÜYƏ HÖRMƏT
Xalam deyirdi ki, qurban olduğum da buyurur ki, böyüyə hörmət hamımızın borcudur. Lap gavur olsun, sənnən böyühdürsə (indi öldürməh vaxtı öldürür hamı bir-birini, ama hörmətə nə söz) gərəh hörmət eliyəsən. Doxsan dörd yaşı varıydı xalamın bınnarı maa deyəndə.

Xalam deyirdi ki, peyğəmbər zamanında peyğəmbər­lərimiz­dən imiş, ya da oğluymuş, yolnan gedirmiş. Nəysə da, onnardanıy­mış. Yolnan gedəndə elə bir yola çıxıf ki, dar yoldu. Bının qaba­ğında da bir qaraltı var. Yolun hər iki tərəfinə də buğda əkiflər. Qa­raltıya baxır ki, o ağsakqal bir adamdı, bının qabağında gedir. Yol da dardı. Deyir, neyniyim axı mən? Bı tərəf­nən getsəm, bırda çörə­yi əyaxlıyacam, o tərəfnən getsəm, o da çörəh­di, ayaxlıyacam. Qa­ba­ğımnan gedən də ağsakqal adamdı, mən bını necə ayaxlıyım? Durur gözdüyür, ta bınnarı ayaxlıya bilmir da. Qurban olduğuma bının hərəkəti agahdır. Bınnar o qədər yol gedillər ki, bu qoca kişi dönüf başqa bir yolnan gedəndə bı tez keçir, gedir atasına çatır. Ata­sı deyir ki, sən niyə gej gəldin? Deyir ki, ay sənə qurban, mə­nim gej gəlməyim sənin özaa bəllidir, mən keçə bilməzdim. Atası deyir ki, yox, dilinnən de görüm, niyə gej gəlmisən? Deyir, belə bir yola çıxdım, hər tərəfi buğda. Keçmədim ki, buğdanı ayaxlıyaram. O tərəfdən də keçmədim ki, çörəyi ayaxlıyaram. Nə də o qocanı ayaxlıyıf keçif gələ bilməzdim. Göz­dədim, öz yoluna dönənnən sora gəldim. Dedi ki, əgər sən gavur da olsaydı, həmin qojanı keçif gəlsəydin, mən səni peyğəmbərrihdən salardım. Qocaya hörmət lazımdı, kim olursa olsun.


Каталог: Folklore -> 2014

Yüklə 8,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə