Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə26/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   ...   19   20   21   22   23   24   25   26   27

SAMİR ABBASOV


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

dissertant

samir-culture@mail.ru


AZƏRBAYCANDA KİTABXANA-İNFORMASIYA FƏALİYYƏTİNİN YAXŞILAŞDIRILMASI SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ
Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında, informasiyalaşdırılmış cəmiyyətinin və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların üzərinə böyük vəzifələr düşür.

Kitabxanalar əhalinin bütün təbəqələrinə kitabxina-informasiya xidməti göstərən yeganə sosial institutdur. Onlar əhalinin intellektual potensialının formalaşması və inkişafı kimi əvəzedilməz funksiyaları yerinə yetirirlər. Məhz kitabxanalar vasitəsilə müxtəlif informasiya daşıyıcıları sistemli formada toplanıb mühafizə edilir, onların ödənişsiz ictimai istifadəsi təşkil olunur. Kitabxanalar milli yaddaşımızı, milli və intellektual sərvətlərimizi qoruyub saxlayır və nəsillərdən-nəsillərə ötürür. Bu gün bir çox Azərbaycan kitabxanalarında artıq nadir nüsxələrə çevrilmiş əlyazmalar, kitab, qəzet və jurnallar saxlanılır. Onların bir çoxu kitabxanalara şəxsi kolleksiyalardan hədiyyə verilib. Hal-hazırda əhalinin bütün təbəqələrinə ödənişsiz xidmət edən, dövlətin fasiləsiz informasiya və təhsil siyasətini təmin edən müəssisə kitabxanalardır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasının Konstitusiyasının Azərbaycanda əhaliyə kitabxana xidmətinin təşkili və onların istənilən informasiyanı əldə edə bilməsi hüququnu təmin edən 50-ci maddəsində deyilir: “Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır” (3).

Məhz buna görə də respublikanın bütün şəhər və rayonlarında onlara xas olan təkrarolunmaz və bənzərsiz materiallar (elmi nəşrlər, yerli qəzetlər) əbədi mühafizə edilərək konservasiya olunmalı və tədricən elektron informasiya daşıyıcılarına köçürülməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı dəstələri işğala məruz qoyduqları ərazilərimizdə vandalizm aktı törətmiş, 4 milyondan artıq kitabın mühafizə olunduğu 9 Mərkəzləşdirilmiş Kitabxana sistemi və 927 kitabxana tamamilə dağıdılmış, talan edilmişdir (2).

Müstəqil Azərbaycan dövlətinə keçmiş sovet dövründən kitabxanaçılıq sahəsində böyük problemlər miras qalmışdır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bazar iqtisadi münasibətlərinin yaranması, iqtisadiyyatda, siyasətdə, dövlət quruculuğunda, ideologiyada baş verən dəyişikliklər kitabxana işində də yeniliklərin baş verməsinə səbəb olmuşdur. Ölkədə həyata keçirilən köklü ideoloji çevriliş, marksizm-leninizm və sosialist ideologiyasından imtina, kitabxana işinin demokratikləşdirilməsi uğrunda aparılan mübarizə, bu sahədə illərdən bəri hökm sürən partiyalılıq prinsipinin və senzuranın ləğvi kitabxana işinin yeni ideoloji prinsiplər, yeni dünyagörüşü, milli-mənəvi dəyərlər əsasında qurulmasını tələb edirdi.

Azərbaycanda kitabxanalara qayğı və kitabxanaların vəziyyətinin yaxşılaşdırılması sahəsində dövlət siyasəti məhz Azərbaycan xalqının ümummillilideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyata keçirilmişdir. Sözün həqiqi mənasında 15 iyun 1993-cü il Azərbaycan Respublikasının həyatında yeni dövrün başlanğıcı oldu. Müstəqil, suveren Azərbaycan dövlətçiliyinin həyatında yeni mərhələ – Heydər Əliyev mərhələsi başlandı (4).

XXI əsrin əvvəlləri müstəqil Azərbaycanın mədəni həyatında bir çox yaddaqalan tədbirlərlə zəngindir. Keçid dövrünun çətinlikləri aradan qaldırıldıqdan sonra dövlət mədəni quruculuq sahəsində gələcəyin inkişaf yolunu işıqlandıran, onun inkişaf istiqamətini, məqsəd və vəzifələrini müəyyənləşdirən proqram xarakterli bir çox sənədlər qəbul etmişdir.

Ümummillilider Heydər Əliyev bu sahəni mədəni həyatın prioritet istiqaməti kimi hər zaman diqqət mərkəzində saxlamışdir. Ulu öndər 1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etmək barədə Nazirlər Kabinetinə tapşırıq vermişdir. Bu göstərişə əsasən 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin respublika müşavirəsi keçirilmiş, kitabxana işinin inkişafının yeni istiqamətləri və vəzifələri müəyyənləşdirildi. “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” 1996-cı il 27 iyul tarixli qərar qəbul edilmiş, qərarın kitabxanaların sonrakı inkişafında xüsusi rolu olmuşdur.

29 dekabr 1998-ci il tarixdə ümummilli lider H.Əliyevin imzası ilə “Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilimiş, 12 mart 1999-cu il tarixində qüvvəyə minmişdir. Bu qanun ölkəmizdə kitabxana işi sahəsində dövlət siyasətinin əsasını təşkil edir. Qanunun üçüncü maddəsində deyilir: “...kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (İnternetdən və s.) istifadə və milli fondların həmin sistemlərdə əks olunması; milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması; xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və əlyazmaların (imkan olmadıqda surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması; dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi; kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması; kitabxana fondlarının statistik uçotunun aparılması və s.” məsələlər artıq öz həllini tapmışdır.

Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Xələfov öz tədqiqat əsərində yazır: “Bu qanun Azərbaycanda kitabxana işinə dövlət münasibətinin, dövlət qayğısının və dövlət siyasətinin əsası, onun məhək daşıdır, kitabxana şəbəkəsinin qorunub saxlanılması və inkişafının hüquqi bazasıdır”(4).

Dünyada qlobal problemə çevrilən əhalinin informasiya təminatı məsələsi ölkəmiz üçün bu gün aktuallıq kəsb edir.Məhz Azərbaycan kitabxanaları günü-gündən inkişaf edən Azərbaycan dövlətinin, onun vətəndaşlarının informasiya tələbatına cavab verməli və milli resursları dünya informasiya məkanına çıxarılmasını təmin etməlidir. Qarşıda duran vəzifələri həyata keçirmək üçün Azərbaycanın kitabxana-informasiya sahəsində köklü islahatların həyata keçirilməsi tələb olunur.

1998-ci il 6 fevral tariixində ümummillilider H.Əliyevin imzası ilə “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanunda kitabxanalar mədəni təsisatların tərkib hissəsi kimi birinci yerdə verilir və qanununun “Kitabxana fəaliyyəti” adlanan 24-cü maddəsində deyilir: “Kitabxana fəaliyyəti vətəndaşların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara dövri nəşrlərə və kitabxana fondunu təşkil edən başqa sənədlərə tələbatını ödəmək məqsədilə həyata keçirilir”(3). Doqquz fəsil, 51 maddədən ibarət olan Qanunda kitabxanaların mədəni təsisatların tərkib hissəsi kimi verilməsi onun mədəniyyət funksiyasından və ümumi mədəniyyətin tərkib hissəsi olmasından irəli gəlir.

Ümummilli lider H.Əliyevin imza atdığı daha bir fərman “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Altı fəsil 21 maddədən ibarət olan Qanunun 2-ci maddəsində “informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemi” kimi dəyərləndirilir.

Ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin bilavasitə kitabxana işinə həsr edilən və böyük strateji əhəmiyyət daşıyan mühüm proqram əhəmiyyətinə malik “Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması” 2007-ci il 20 aprel tarixli Sərəncamı(1) Azərbaycan kitabxana ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.

Azərbaycan kitabxana işi tarixində ilk dəfə olaraq kitabxana işi, onun əhəmiyyəti, cəmiyyətdə tutduğu mövqe, müasir informasiya cəmiyyəti şəraitində kitabxanaların vəzifələri, gələcək inkişaf istiqamətləri və perspektivlərini müəyyənləşdirən böyük proqram əhəmiyyətli bir sənəd qəbul edilmişdir. Belə bir sənədin imzalanması dövlət başçısının Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitab və kitabxana işinə böyük qayğısının təzahürüdür.

Bu mühüm sənəddə kitabxanalara kompleks yanaşılmış, onun Azərbaycanın elm, mədəniyyət tarixində, xalqımızın maariflənməsində, mədəni və intellektual səviyyəsinin yüksəlməsində, təhsil və tərbiyyəsində rolu və əhəmiyyəti geniş şəkildə şərh edilmiş, Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirilmişdir.

Prezident sərəncamında olduqca mühüm bir problemə – xarici ölkələrin böyük milli kitabxanalarında saxlanılan qiymətli Azərbaycan kitablarının müəyyənləşdirilib respublikamıza gətirilməsi probleminə toxunulmuşdur.

Sərəncamda göstərilir:“Ölkəmiz qədim dövrlərdən başlayaraq öz yüksək kitab mədəniyyəti ilə seçilmiş və zəngin kitabxanaları ilə tanınmışdır. Azərbaycanın müxtəlif kitabxanalarda saxlanılan və xalqımızın ədəbi-estetik elmi-mədəni fikir dünyasını əks etdirən çox sayda əlyazma XIX əsrin əvvəllərindən regionda cərəyan edən hadisələr nəticəsində ölkə xaricinə aparılmış və bu gün də dünya kitabxanalarında Şərq fondlarının əsasını təşkil edərək mühafizə olunur”(3).

Sənəddə öz əksini tapmış bu problem respublikamızın elmi ictimayyətini, kitabşünas və kitabxanaşünas alimlərini çoxdan düşündürürdü. Ancaq bu məsələni həll etmək, qiymətli Azərbaycan kitablarını, əlyazmalarını və nadir kitabları respublikamıza gətirmək mümkün deyildi. Bu məsələni ancaq dövlət səviyyəsində həll etmək mümkündür. Sözügedən sərəncamda Azərbaycanın informasiya cəmiyyətinə doğru intensiv inkişaf etməsi ilə əlaqədar elmi-mədəni informasiya sərvətlərindən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, eləcə də ölkə kitabxanalarının dünya informasiya məkanına daxil olmasının təmin edilməsi məqsədilə dövlət orqanları qarşısında konkret vəzifələr qoyulmuşdur. Artıq bu sahədə mühüm işlər görülmüşdür. Ümid edirik ki, bu sərəncamın yerinə yetirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı tədbirlər planı əsasında bu problemin həlli ardıcıl olaraq davam edəcəkdir.

Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi müvafiq qurumlarla birgə Azərbaycanın regionlarında fəaliyyət göstərən kitabxanaların təmirinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya daşıyıcıları ilə təmin olunmasına dair xüsusi tədbirlər planı hazırlayıb həyata keçirmişdir. Sənəddə ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanasının müasir standartlar səviyyəsinə qaldırılması və onun bazasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılması və oxucuların tam istifadəsinə verilməsinə dair tapşırıqlar artıq öz həllini tapmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması” 2007-ci il 20 aprel tarixli Sərəncamında Azərbaycan elminin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən bəndlərdən biri də “Akademiya şəhərciyinin”nin ərazisində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının yeni binasının tikilməsi üzrə təkliflərin hazırlanması və 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinə dair müvafiq tapşırıq verilmişdir. Artıq bu məsələ öz həllini tapmış, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının yeni binası – İnformasiya Resursları Mərkəzi istifadəyə verilmişdir.

Qeyd etmək istərdik ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmiş bu sərəncam ölkədə kitabxana işinin inkişafının prioritet istiqamətlərini müəyyənləşdirən və həyata keçirilməsini təmin edən tarixi sənəddir. Burada qoyulmuş məsələlər, irəli sürülmüş təkliflər və müvafiq dövlət qurumlarına verilmiş tapşırıqlar Azərbaycanda informasiya cəmiyyətinin qurulmasında, kitabxanaların informasiyalaşmasında xüsusi əhəmiyyət daşıyır və bu sahənin inkişafı üçün yeni imkanlar açdı.

Məhz sözügedən sərəncamın 2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi müvafiq qurumlarla birlikdə ”Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə “Dövlət Proqramı”nı hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin”(3).

Bu sərəncamın icrası məqsədi ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə “Dövlət Proqramı” və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı hazırlandı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il, 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edildi (2).

Azərbaycan kitabxana tarixində ilk dəfə olaraq məzmunu, əhatəliyi, konkretliliyi ilə fərqlənən kitabxana işinin inkişaf istiqamətlərini, maddi-texniki bazasının möhkəmlənməsini, kitabxana xidmətinin səviyyəsinin yaxşılaşdırılmasını, maliyyələşdirilməsini, həyata keçiriləcək tədbirlərin icra tarixini dəqiq göstərən bir sənəd kimi “Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb edir.

“Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında görüləcək iş, onun icra vaxtı və icra edəcək dövlət orqanının göstərilməsi onun praktik əhəmiyyətini və nəzarət sistemini daha da gücləndirir.

Bu sənəd beş bölmədən və dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planından ibarətdir.

Dövlət Proqramının preambula hissəsində ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən hadisələr təhlil olunur, keçid dövrünün böyük çətinliklərinin kitabxana işinə olduqca mənfi təsir göstərməsi, kitab nəşri və kitab təchizatı sisteminin iflic vəziyyətə düşməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsində və maliyyələşdirilməsində ciddi problemlər yaranması konkret faktlarla əsaslandırılır (2).

Proqramın ən yaxşı cəhətlərindən biri də budur ki, dövlət kitabxana şəbəkəsi ilə yanaşı ayrı-ayrı nazirliklərin, idarə və təşkilatların kitabxana şəbəkələrinin vəziyyəti də öyrənilmiş bu şəbəkələrdə həyata keçirilən işlər təhlil edilmiş, ümumiləşdirmələr aparılmış, kitabxanalarda aparılan islahatlar onların informasiya texnologiyası ilə təmin edilməsi və informasiyalaşdırma problemi təhlil edilməklə qarşıda duran vəzifələr müəyyən edilmişdir. Bu sətirlərin müəllifi də “Dövlət Proqramı”nın hazırlanmasında yaxından iştirak etmişdir.

Məqsədə nail olmaq üçün kitabxanaların modernləşdirilməsi, köklü islahatların aparılması, beynəlxalq təcrübənin öyrənilməsi, informasiya və biliklər cəmiyyətinin Azərbaycan modelinin yaradılması, kitabxanaların informasiya texnologiyası ilə təmin edilməsi, kitabxanaların avtomatlaşdırılması, elektron kitabxanaların yaradılması zəruri hesab edilmişdir.

Məhz sözügedən “Dövlət Proqramı” imzalandıqdan sonra hər il Dövlət büdcəsindən respublikanın kitabxanaları üçün maliyyə vəsaitinin ayrılması artırılmişdır. Kitabxana-informasiya sahəsinə bütün dövlət qurumlarının diqqəti və qayğısı da xeyli artmışdır.

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası məqsədi ilə mühüm işlər həyata keçirilmiş, respublikanın kitabxana-informasiya sahəsində kompleks islahatlar aparılmışdır.

Dövlət Proqramının “Dövlət Proqramının məqsəd və vəzifələri” adlanan 1.2. paraqrafında qeyd olunur: “informasiya cəmiyyəti quruculuğu şəraitində beynəlxalq standartlar normativ hüquqi aktlar, milli informasiyalaşdırma siyasəti əsasında ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi; köklü islahatların aparılması, kitabxana-informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, idarələrarası koordinasiyanın təşkili; "informasiya cəmiyyəti", "Biliklər cəmiyyəti" Azərbaycan modelinin qurulması prosesinə yardım göstərilməsi; elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın oxucuların istifadəsinə verilməsi; elektron kataloq və elektron kitabxanaların yaradılması işinin təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması;  kompüterləşdirilmiş kitabxana infrastrukturunun qurulması, kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi; “Azərbaycanın kitab abidələri” dövlət reyestrinin hazırlanması, milli informasiya resurslarının elektron daşıyıcılara köçürülməsi; əhalinin bütün təbəqələrinə kitabxana-informasiya xidməti səviyyəsinin yüksəldilməsi;  Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin modernləşdirilməsini təmin edən layihələrin işlənilməsi üçün dövlət və donor təşkilatların cəlb edilməsi; kitabxanaların ictimai statusunun yüksəldilməsi, kitabxana-informasiya sahəsinə dövlət qayğısının gücləndirilməsi, habelə müxtəlif ictimai qurumlar, beynəlxalq təşkilatlar tərəfindən bu sahəyə diqqətin artırılması” və s. bu kimi mühüm məsələlər demək olar ki, öz həllini tapmışdır (3).

Təqdirəlayiq hal kimi qeyd etməliyik ki, Azərbaycanda son illərdə respublika əhəmiyyətli bütün kitabxanaların, habelə şəhər, rayon Mərkəzi kitabxanalarının Veb-saytları yaradılmış, onlar kompüter və digər müasir informasiya texnologiyaları ilə təmin edilmişdir. Respublika əhəmiyyətli böyük kitabxanaların əksəriyyətinin, habelə respublikanın şəhər, rayon Mərkəzi kitabxanalarının Elektron kataloqu və Elektron kitabxanaları oxucuların istifadəsinə verilmişdir.

Ümumiyyətlə, icrası həyata keçirilən Dövlət Proqramı respublikamızda bütün sahələrdə olduğu kimi kitabxana işi sahəsində də ürəkaçan nailiyyətlər qazanılmasına imkan vermişdir. Respublikanın kitabxana-informasiya şəbəkəsinə Dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi hər il artaraq kitabxanaların inkişafı üçün yeni imkanlar açır.

Kitabxanaların maliyyələşdirilməsində Dövlət büdcəsindən başqa donor təşkilatların, qeyri-hökumət təşkilatlarının, iş adamlarının cəlb edilməsi və bu yolla qarşıda duran problemlərin həll edilməsi zəruridir.

Ölkənin mədəni həyatının müstəqil bir institutu olan kitabxana şəbəkəsinin təşəkkülü prosesində məqsədli maliyyələşdirmə və ünvanlı yardım mexanizmlərindən istifadə edilməlidir.

Respublikanın kitabxana-informasiya sahəsinin inkişaf dinamikası, kitabxanalara “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın maliyyə təminatı üçün ayrılmış vəsaitlərin həcmi Maliyyə Nazirliyinin açıqlamalarında aşağıdakı kimi sxemdə öz əksini tapmışdır.

Beləliklə sxemdə göründüyü kimi Dövlət Proqramının icrası məqsədi ilə kitabxanalara ayrılan vəsait 2008-ci ilə nisbətən 2009-cu ildə ən yüksək pilləyə çatmış 322,4 min arataraq 1159,4 min manat təşkil etmişdir.

Ümumiyyətlə, sxemdə illər üzrə kitabxanalara ayrılan vəsaitləri analiz etsək Azərbaycan Respublikasının 10 mindən çox kitabxanalarının modernləşdirmək, maddi-texniki bazasını möhkəmləndirmək, kitabxanaları avtomatlaşdırmaq, habelə onların fəaliyyətini müasir dünya standartları səviyyəsinə çatdırmaq çətin məsələdir. Məhz bu səbəbdən bu məsələ hər il dövlətin nəzarətində saxlanılır və Dövlət Büdcəsinin ictimaiyyət tərəfindən müzakirəsi zamanı mədəniyyət sahəsinə ayrılan vəsaitlərin qaldırılması məqsədi ilə hər il əlavə vəsaitin ayrılması təklifi irəli sürülür.

Nəticə olaraq qeyd etmək olar ki, Respublikanın maddi imkanları yüksəldikcə, iqtisadiyyatı inkişaf etdikcə dövlətin bu sahəyə qayğısı artır, kitabxana-informasiya sahəsinin maliyyə durumu yaxşılaşdırılır və onların inkişafı üçün yeni imkanlar açılır.



Ədəbiyyat :
1. “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Azərbaycan. 2007,21 aprel.

2. Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri metodik və təcrübi jurnal. – 2008. - №2. - S.7-30.

3. Əfəndiyev İ., Mustafayev İ. Texnoloji proseslərin optimal idarəetmə sis-temlərinin layihələndirilməsi metodları. - Bakı, 2005.

4. Xələfov A.A. Heydər Əliyev və Azərbaycanda kitabxana işi. – Bakı : Azərnəşr, 2006. - 312 s.


Abbasov Samir
STATE POLİCY İN THE FİELD OF İMPROVİNG LİBRARY AND İNFORMATİON ACTİVİTİES İN AZERBAİJAN

Summary
The given article discusses the state policy in the field of improving library and information activities in Azerbaijan. “State Program on Library Information Development in the Republic of Azerbaijan for 2008-2013” and “Order of the President of the Republic of Azerbaijan "On improving the activity of libraries in Azerbaijan”were taken as basis.

ƏRKİNAZ RƏSULZADƏ

Bakı Dövlət Universiteti,

doktorant

arkinaz.rasulzadehh@mail.ru
SÜRREALİZM VƏ RAMİZ RÖVŞƏN POEZİYASI

XX yüz illik özü ilə bərabərində Avropa cəmiyyətinə bir sıra yeniliklər gətirdi. Birinci Dünya müharibəsi cəmiyyətdə köklü dəyişikliklər edilməsini qaçınılmaz etmiş, müharibədən sağ çıxmış insanların mənəvi azadlığına, rahatlığına son vermiş, bəzilərinin cismini, bəzilərinin isə ruhlarını şikəst etmişdir. İnsanlarda yaranan bu mənəvi- psixoloji sarsınsıtılar özünü ədəbiyyatda, cəmiyyətdə, mədəniyyətdə də göstərdi. Belə ki, mənəvi boşluq və böhran içərisində olan insanlar yeni bir yaşam fəlsəfəsi axtramağa çalışırdılar və bütün bunlar yeni bir cərəyanın- Modernizmin yaranmasına səbəb oldu. Beləliklə, Modernizm güclü estetik sistem kimi formalaşdı.

Modernistlər köhnə cəmiyyət qanunlarını yıxmaq və tamamilə yeni cəmiyyət yaratmaq istəyirdilər. Onlar həmçinin, illərlə qəbul edilmiş ənənələrə, inanclara da qarşı çıxırdılar. Modernistlər daxili məni anlamağa, onun fərdi dünyasının özəliklərinin öyrənilməsinə çalışır və hesab edirdilər ki, "mənəvi başlanğıcın öyrənilməsi özünəməxsus tərzdə ilkinə qayıdış və həqiqi "Mən"in əldə edilməsidir, çünki insan subyekt olaraq ilk əvvəl özünü dərk edir, sonra isə dünya ilə obyektiv münasibətlər yaradır"(5; 4).

Modernizm özü də bir neçə mərhələyə bölünmüşdür. Bunlara şüur axını, ekspressionizm, sürrealizm, abstaksionizm, ekzistensializm və başqaları aiddir. Bunlar arasında özünəməxsusluğu ilə fərqlənən isə sürrealizm olmuşdur. Sürrealizm ilk dəfə Fransada yaranmış, əsas prisnsipləri isə Freydin "psixoanaliz və psixi avtomatizm" təliminə əsaslanmışdır. Sürrealizmi sistemləşdirən isə Andre Breton olmuşdur. O ilk dəfə 1924- cü ildə fransız dilində "Sürrealizm manifesti" ( "La Révolution Surréaliste") adlı əsərini yazmışdır. Onun ikinci kitabıda 1930 - cu ildə çap olunmuş və burada sürrealizmin əsas məqsədlərindən bəhs etmişdir. Ümumiyyətlə, sürrealizmdən ilk dəfə 1919- cu ildə istifadə edilmiş, lakin yazıçılar, şairlər tərəfindən "gülərüzlə" qarşılanmamışdır. Bundan sonra 1924 - cü ildə Andre Bretondan sonra Paul Eluard, Louis Aragon, Philippe Saupault, Plere Reverdy, Roberst Desnos, Rem Crevel kimi şair və yazıçılar öz yaradıcılıqlarında istifadə etmişlər.



Sürrealizm fövqəl gerçəklik deməkdir. XX əsrdə belə hesab olunurdu ki, sürrealizm dadaizmin davamıdır. Sürrealistlərin əsas məqsədi insan fikrinə, insan ruhuna azadlığın verilməsi, onu cəmiyyətin dar düşüncə cərcivələrindən, qəlibləşmiş stereotiplərindən, ağılın və məntiqin fikri idarə etməsindən uzaqlaşdırmaq idi. Sürrealistlər insan düşüncəsinə bəxş etdiyi azadlıq nəticəsində fikri qanadlandırıb, insan dünyasının səmalarına uçururdular. Onlar üçün fikrin rastlaşa biləcəyi heç bir mane yox idi. Andre Breton həmçinin, özü də "Sürrealizmin Manifesti" adlı əsərində qeyd edir : "Azadlıq kəliməsi məni həyəcanlandıran yeganə şeydir. Miras aldığımız bədbəxtliklərə baxmayaraq, ən çox düşüncə azadlığına sahib olduğumuzu etiraf etməliyik"(1; 8). Göründüyü kimi sürrealistlər üçün əsas olan mənəvi azadlıq, düşüncə azadlığı olduğu halda, onlar ağıl, zəka, məntiq kimi rassional düşüncədən üz çevirirdilər. Sürrealistlər həmçinin, qeyd edirdilər ki, həqiqi insanı üzə çıxartmaq üçün onun şüuraltının boşaldılması yəni, şüuraltı düşüncəsinin açılması lazımdır. "Şüur bir kənara çəkilib təhtəlşüur axınına yol verməlidir, o, həyatı təəsüratların xaosunu dərk etməklə deyil, məhz düşünmədən mənimsəməyə başlayacaq. Məhz onları- saf, ilkin silinməzləri incəsənətə gətirmək lazımdır" (5; 25)

Sürrealizmin əsas prinsiplərindən biri də tendensiyalara qarşı çıxmaq idi. Məlumdur ki, 1960- ci illər Azərbaycan ədəbiyyatının özünə qayıdış dövrü kimi dəyərləndirilir. Rəsul Rzanın Azərbaycan ədəbiyyatına "sərbəst şeiri", modernist üslubu gətirməsi nəticəsində poeziyada canlanma özünü açıq şəkildə göstərdi. Poeziyanın gənc nümayəndələri Avropa ədəbiyyatında baş verən prosessləri öz ədəbiyyatlarına inteqrasiya etməyə can atırdılar. Belə şairlərdən biri də Ramiz Rövşən idi. Ramiz Rövşən yaradıcılığı 1960-70- ci illərdə özünəməxsusluğu ilə xüsuslilə fərqlənirdi. O, şeirlərini tamamilə başqa səpkidə yazmağa çalışırdı.

Qeyd oldunduğu kimi modernizm adət ənənələrə, köhnə cəmiyyət qanunlarına qarşı bir üsyan metodu idi. Ramiz Rövşən də öz yaradıcılığını məhz modernist üslubda yazaraq köhnə Sovet cəmiyyətinə qarşı öz etirazını bildirirdi. Şeirlərindəki dərin məna yükü, sözlərin fəlsəfi anlamı, sadəliyi, pafosculuqdan uzaq olması Ramiz Rövşən poeziyasının ana xəttini təşkil edirdi. "Şair, dünyanın mətnini oxuyub emosional bir tərzdə bəşəriyyətin qanunlarının deşifrə edən kahindir" (2; 22). Bu fikri romantiklər sürrealistlər barəsində səsləndiriblər. Lakin bu fikri tamamilə Ramiz Rövşən yaradıcılığına aid etmək olar. O şeirlərinin hər birində həyat, dünya barəsində öz şəxsi, fəlsəfi, orjinal düşüncələrinə bədiilik qatır. Onun "İçindən yıxılır adam", "Yorğunluq", "Yuxu", "Ay işığı", "Ümid yox bir adama", "Mən küsüb gedirəm" kimi şeirlərində sürrealist ifadə forması özünəməxsusluğu ilə fərqlənirdi. Bu şeirlərlə sanki, ağılın, rassional, məntiqi düşüncənin dəyərlərinə böyük bir zərbə vurulur, şair xəyalı, utopiyası, yuxusu ilə gerçəklik, ağıl qarşı- qarşıya gəlir və bu qarşılaşmada şairin hissi düçüncəsi qələbə qazanır.
Ay işığı düşdü göydən,

canımdan- qanımdan keçdi,

Gözümün içindən keçdi,

Özümün içimdən keçdi,

keçdi, dabanımdam keçdi,

Az qaldı ki,

iki yerə bölə məni,

Başımdan göyə mıxladı,

dabanımdan yerə məni,

Ha istədim,

addım ata bilmədim... (3; 9)
"Ay işığı" şeirindən gətirilən bu nümunədə sürrealist ifadə forması öz orjinallığı ilə seçilir. Bu şeirdə fövqəl gerçəklik əks olunmasına baxmayaraq, oxuyucu misraların, sözlərin sehrinə elə qapılır ki, burada onun üçün qeyri adi hal yoxdur. Əksinə Şairin yaratdığı dünyada öz qəlb evinin, öz daxili evinin qapısını açıb, öz evinin seyrinə dalır.

Sürrealizmin başlıca prinsiplərindən biri simvollardan istifadədir. Adonis qeyd edir ki, simvolizm sürrealizmin inkişafında mühüm rol oynamışdır. Ramiz Rövşənin şeirlərində isə simvollar öz mifoloji xüsusiyyətləri ilə fərqlənirlər. Bulud, quş, kəpənək, ilan, quş kimi simvollara onun şeirlərində tez- tez rast gəlinir. Bu simvollar hər bir şeirdə tamamilə fərqli məna ifadə etsələr də, lakin ümumi nəzər yetirdikdə görürük ki, simvollar vasitəsilə şeirlər bir- birlərinin məntiqi davamı olur. "Bulud", "Kəpənək qanadları", "Kölgə" kimi şeirlərində simvollar ifadə etdiyi məna xüsusiyyətlərinə görə orjinaldılar, sanki bu sözlər Ramiz Rövşən poeziyasında istifadə olunduğuna görə yeni bir anlam qazanır.
Çölüm bulud, içim bulud;

Köksümdə ürəyim -bulud,

Əynimdə pencəyim, köynəyim - bulud,

Alnımda saçım- bulud. (4; 16)



Belə bir məqamda “İlan balası” şeiri yada düşür. Belə ki, burada işlədilən "İlan balası" poetik obrazına görə, bəziləri bu şeiri "simvolizm nümunəsi" kimi, bəziləri isə Ramiz Rövşəni simvolist kimi qiymətləndirirdi. Müsahibələrinin birində Ramiz Rövşən özü də “İlan balası”na öz münasibətini bildirdi: “Simvolist olmaq eyib deyil. Simvolizm bütün dünya mədəniyyəti və ədəbiyyatında axırıncı böyük cərəyandır. Amma məsələ bundadır ki, mən simvolist deyiləm. Bəziləri simvolizmlə simvolları qarışdırılar. “İlan balası” məhz antisimvolik şeirdir. Mən ilanla bağlı məlum olan simvolları dağıdıb, ilan balasının poetik obrazını yaratmaq istəmişəm. Mən poetik obrazı simvoldan qat-qat geniş sayıram. Simvol azad deyil, birmənalıdır, izah olunandır. Poetik obrazı isə azad, sonsuz və zahirən nə qədər sadə görünsə də, əslində, izah olunmazdır”

Andre Breton sürrealizmdə yuxunu xüsusi olaraq dəyərləndirirdi. "Breton insanın daxilində mövcud olan röyalar və orjinal düşüncə arasında bir elaqə olduğunu zənn edir. Yuxulu ikən məntiq və mühakimə yox olur. Yuxu insanı başqa dünyaya, daxildəki surətlər və şüuraltı cərəyanından ibarət olan fərqli bir dünyaya aparar" (2; 35). Bu xüsusiyyət Ramiz Rövşənin şeirlərində də özünü göstərir. Onu "Yuxu", "Yorğunluq", "Sonuncu nəğmə", "Ölüm kölgəsi" kimi şeirlərində "lirik mən" birdən tamamilə başqa bir dünyada özünü görür. Buradakı surətlər də real həyatdakı insanlardan fərqlənir. Həmçinin, bu kimi şeirlərdə bir maraqlı cəhət özünü göstərir, yatan adam yuxuda kənardan öz ölümünün şahidi olur. Ölümün bu cür poetikləşdirilməsi məhz Ramiz Rövşən yaradıcılığı üçün səciyyəvidir.


Bir ölüm havası dəydi üzümə,

Nə gözəl, nə sərin havaymış Allah.

Sən demə, ürəyim ölümdən ötrü

Darıxan bir bomboş yuvaymış, Allah. (4; 83).

Ramiz Rövşən poeziyası çağdaş türk şeirinin ən böyük ədəbi hadisələrindən biridir. XX əsrin 60-cı illərindən başlayaraq Azərbaycan şeirini dəbdəbədən, şüarçılıqdan, pafosdan, təsvir və tərənnümün kütləviliyindən uzaqlaşdırmağa nail olmuş Ramiz Rövşən həm də bu fəaliyyətləri ilə poeziya yeni nəfəs gətirmişdir. Şairin poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün və dünyagörüşün güzgüsüdür və Azərbaycan poeziyasında ayrıca bir mərhələ kimi qiymətləndirilməlidir. Çünki Ramiz Rövşənin yaradıcılığı klassik şeirlə çağdaş poeziya arasında etibarlı körpü rolunu oynayır.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin