Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci ildə fəaliyyəti haqqında hesabat



Yüklə 86 Kb.
tarix02.06.2018
ölçüsü86 Kb.
#52418

Azərbaycan Respublikası Hesablama Palatasının
2012-ci ildə fəaliyyəti haqqında hesabat

Hesablama Palatasının 2012-ci ildəki fəaliyyəti qüvvədə olan qanunvericilik aktlarına, Palatanın təsdiq olunmuş İş planına və aidiyyəti normativ sənədlərin tələblərinə uyğun həyata keçirilmişdir.
Hesabatda dünya iqtisadiyyatında davam etməkdə olan qeyri-müəyyənliyə baxmayaraq, aparılan məqsədyönlü iqtisadi siyasət və ona müvafiq həyata keçirilən əsaslandırılmış tədbirlər nəticəsində ölkə iqtisadiyyatında əhəmiyyətli nəticələr xüsusi qeyd edilmiş və vurğulanmışdır ki, qlobal böhranın təsiri nəticəsində dünya iqtisadiyyatında artım templərinin zəifləməsi fonunda ölkəmizdə ÜDM-in istehsalı üzrə əvvəlki illə müqayisədə 2,2 faiz artım əldə edilmişdir ki, bu uğurlu nəticə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın sahə və regional strukturunun optimallaşdırılması, monetar və fiskal siyasətin mövcud şəraitə uyğun uzlaşdırılması, iqtisadi potensialın gücləndirilməsi üçün diversifikasiya siyasətinin həyata keçirilməsini təmin edən tədbirlərin artırılması və qeyri-neft sektorunun daha sürətli inkişafına nail olunması, maliyyə potensialının və valyuta ehtiyatlarının daha da gücləndirilməsi və s. istiqamətlərdə görülən işlər nəticəsində əldə olunmuşdur.

Qeyd edilmişdir ki, bu müsbət nəticələrin davamlı olması və daha böyük iqtisadi artımlara nail olunması strategiyası öz növbəsində ölkəmizdə artan maliyyə vəsaitlərinin effektiv idarə edilməsini və onlardan istifadə zamanı səmərəliliyin daha da yüksəldilməsini prioritet vəzifələrdən birinə çevirir. Bu isə büdcə vəsaitlərinin məqsədyönlü və qanunvericiliyə uyğun bölüşdürülməsi və səmərəli istifadə olunmasında, habelə şəffaflıq və hesabatlılığın artırılmasında qarşıya qoyulmuş vəzifə və öhdəliklərin vaxtında və dəqiq yerinə yetirilməsi üzrə kənar dövlət maliyyə nəzarətinin rolunun gücləndirilməsini daha da aktuallaşdırır. 


Vurğulanmışdır ki, Palatanın ekspert-analitik fəaliyyəti onun büdcə prosesində əsas vəzifələrindən biri olmaqla büdcə vəsaitlərinin effektiv idarə olunması və onlardan istifadə üzərində nəzarətin təmin edilməsi istiqamətində mühüm mexanizmlərdən biridir. Bu fəaliyyət büdcə vəsaitlərinin səmərəli və məqsədyönlü, habelə qənaətlə istifadə olunmasında kənar nəzarəti artırmaqla büdcə layihələrində nəzərdə tutulan gəlir və xərc parametrlərinə təsir edən amillərin və makroiqtisadi şəraitin təhlil olunmasına, büdcə, vergi və sosial siyasətin ümumi iqtisadi siyasətə və strateji inkişaf hədəflərinə uyğunluğunun araşdırılmasına, dövlət büdcəsinin icrasının müvafiq büdcə layihəsindəki məqsədlərə müvafiqliyinə, habelə bu nəticələrin ölkənin iqtisadi və sosial sahələrdəki inkişaf göstəricilərinə təsirinin təhlilinə və s. məsələlərə yönəldilir. Palatanın qanunvericiliklə müəyyən olunmuş funksiyalarının icrasına uyğun olaraq 2012-ci ildə ekspert-analitik fəaliyyət sahəsində aşağıda qeyd olunan rəylər hazırlanaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur:

- “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata rəy;


“Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy;


“Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy; 

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə rəy.

Hesabatda göstərilmişdir ki, Palata tərəfindən 2010-cu ildə 41 audit və 6 analitik təhlil işi, 2011-cu ildə 46 audit və 7 analitik təhlil işi həyata keçirilmiş, 2012-ci ildə isə 68 audit və 2 analitik təhlil işinin keçirilməsi təmin edilmişdir. Son illərdə Palata nəzarət tədbirlərinin keçirilməsində sonrakı maliyyə-büdcə nəzarətinə daha çox üstünlük vermiş, hesabat ilində 2010-cu illə müqayisədə 27 audit tədbiri (və ya 65,9%), 2011-ci illə müqayisədə isə 22 audit tədbiri (və ya 47,8%) çox aparılmışdır. Hesabat dövründə bu audit tədbirləri dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi, strukturu və təyinatı üzrə vaxtında və səmərəli istifadə olunmasını, habelə bu vəsaitlər üzrə maliyyə əməliyyatlarının qanunvericiliklə müəyyən edilmiş qaydalara və müddətlərə uyğun həyata keçirilməsini, vergi qanunvericiliyinə əməl edilməsini, vergilərin, dövlət rüsumlarının, cərimələrin və digər daxilolmaların düzgün hesablanmasını, tam və vaxtında ödənilməsini müəyyən etmək məqsədilə aparılmışdır.



Hesabatda qeyd olunmuşdur ki, keçirilən audit tədbirlərində dövlət büdcəsinin xərcləri üzrə xərc smetalarının müvafiq qaydada təsdiq edilməsi, mühasibatlıqda aparılmış xərc əməliyyatlarına təsdiqedici sənədlərin əlavə olunması, müvafiq mühasibat yazılışları verilməklə aparılmış əməliyyatların hesablaşmalarda öz əksini tapması, əsas vəsaitlər və mal-material qiymətlilərinin mərkəzləşdirilmiş mühasibatlıqda mədaxilə alınaraq maddi-məsul şəxslərin cavabdehliyinə verilməsi, mühasibat uçotunun ikili yazılış üsulunda aparılması və baş kitabda işlənilməsi, kassa kitablarının mövcud qaydalara uyğun tərtib və təsdiq edilməsi, illik köhnəlmə (amortizasiya) normalarının tətbiq olunması, inventarizasiyaların aparılması və nəticəsinin müvafiq qaydada rəsmiləşdirilməsi, smeta xərclərinin icrasına, əsas vəsaitlərin və materialların hərəkətinə dair hesabatların, debitor və kreditorların siyahısına əsasən icmallaşdırılması, yerli xərclərdən maliyyələşən təşkilatlardan maliyyə vəsaitlərinə olan tələbatları barədə daxil olmuş sifarişlərin Vahid Büdcə Təsnifatına uyğun olaraq ayrı-ayrı bölmələr, köməkçi bölmələr, paraqraflar, fəsillər, xərc paraqrafları, maddə və yarımmaddələr səviyyəsində icmallaşdırılıb müvafiq qaydada təqdim edilməsi, mənzil-kommunal sahəsi üzrə təşkilatlar tərəfindən əhalinin mənzil-kommunal xidmətlərinə tələbatının daha dolğun ödənilməsi məqsədilə bu sahənin təkmilləşdirilməsi və inkişafında dövlət siyasətinin təmin edilməsi, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, qorunması sahəsində tədbirlərin görülməsi və s. kimi müsbət işlərlə yanaşı, bir sıra nöqsan və çatışmazlıqlara yol verilmişdir. Belə ki, xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbatın düzgün müəyyənləşdirilməməsi, normativdən artıq ştat vahidlərinin saxlanılması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi və məzuniyyətdə olan işçilərə məzuniyyətdə olduqları dövr üçün əmək haqqının ödənilməsi, müəyyən ixtisas və ya istiqamətlər üzrə əsassız olaraq fakültə və kafedraların yaradılması, elmi dərəcələrə və elmi adlara, iş stajına görə əmək haqqına əlavələrin düzgün hesablanmaması, müvafiq təsdiqedici sənədlər olmadan təsərrüfat mallarının məxaricə silinməsi, malların (işlərin və xidmətlərin) satın alınması zamanı iddiaçı kimi iştirak etmiş malgöndərənlərin ixtisas göstəriciləri, maliyyə vəziyyətləri, vergi borcları və digər icbari ödənişlərə dair öhdəliklərinin olub-olmaması barədə məlumatların alınmaması, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduğu halda satınalmaların açıq tender üsulu ilə keçirilməməsi, büdcə ili ərzində bir xərc paraqrafı üzrə nəzərdə tutulmuş vəsait hesabına malların satınalınmasının ayrı-ayrı müqavilələrə bölünərək hər bir müqavilə üzrə müxtəlif satınalma metodundan istifadə olunması, tenderdə iştirak haqqından toplanmış vəsaitlərin büdcədənkənar hesaba mədaxil edilərək sair xərclərə yönəldilməsi, tender və kotirovkada nəzərdə tutulmayan malların alınması, malların müqavilə qiymətindən baha alınması nəticəsində artıq büdcə vəsaitinin ödənilməsi, bəzi hallarda satınalma proseduru keçirilmədən büdcə vəsaitinin xərc edilməsi, tikintidə yerinə yetirilmiş təmir işləri üçün smeta sənədlərinin tərtibi və cari qiymətlər səviyyəsində müqavilə qiymətlərinin müəyyən edilməsi zamanı müvafiq normativ-hüquqi aktların tələblərinə tam riayət edilməməsi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatları tərəfindən büdcə xərclərinin proqnoz göstəriciləri hazırlanarkən bəzi hallarda müvafiq normativ sənədlərin tələblərinə əməl edilməməsi, maliyyələşmə zamanı şəbəkə, ştat və kontingent göstəricilərinin icrasının tam nəzərə alınmaması, xərc əməliyyatlarının aparılması zamanı bir sıra büdcə təşkilatları üzrə vəsaitlərin təyinatının dəyişdirilərək xərc edilməsi, vəzifəli şəxslərə normadan artıq dərs tarifləşdirilməsi nəticəsində artıq əmək haqqının hesablanması, tədbirlərin keçirilməsi zamanı müvafiq proqramların hazırlanmaması, məsafəyə görə yanacaq sərfinin düzgün müəyyən edilməməsi nəticəsində artıq yanacağın silinməsi, təmir-tikinti işləri üçün bazis-smeta sənədlərinin tərtib olunmaması, təqdim olunmuş qiymət cədvəllərində işlərin müqavilə qiymətinə bilavasitə təsir edən göstəricilərin tam şəkildə qeyd olunmaması, kassa kitabında bəzi hallarda düzəlişlərin aparılması, təhtəlhesab şəxslərlə uzun müddət hesablaşmaların aparılmaması və nəticədə debitor borcun yaranması, əvəzsiz verilmiş mal-materialların anbarda və mühasibatlıqda uçota alınmaması, mənzil fondu üzrə gəlirlərin az hesablanması və fond üzrə zərər məbləğinin artıq proqnozlaşdırılması, tikinti-quraşdırma işləri üçün müqavilə dəyərinin bazis-smeta qiymətlərinə nisbətən artım əmsalının təyin edilməməsi, tikintinin investor-smeta dəyərinin hesablanılmaması və s. kimi hallar müşahidə edilmişdir.

Hesabatda Palata tərəfindən həyata keçirilmiş audit tədbirləri zamanı dövlət büdcəsinin gəlirləri sahəsində informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi nəticəsində vergi ödəyicilərinin qeydiyyatı, qeydiyyatda olan vergi ödəyicilərinin (həmçinin obyektlərin) ümumi və ayrı-ayrı meyarlar üzrə uçotu, vergi ödəyiciləri tərəfindən internetlə təqdim edilmiş bəyannamələrdəki (o cümlədən, dəqiqləşdirilmiş bəyannamələrdəki) müvafiq göstəricilərin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə işlənilməsi, cari vergi ödəmələrinin hesablanması, hesabat dövrü başa çatdıqdan sonra cari vergi ödəmələrinin yenidən haqq-hesab edilməsi, ödəmə vaxtı keçmiş vergi və digər icbari ödənişlər üzrə faizlərin hesablanması və bu işlər üzrə uçotun aparılması, daxil olmuş vergilərin və digər icbari ödənişlərin uçota alınması (vergi ödəyicilərinin şəxsi vərəqələrinə işlənilməsi) və artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının digər vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarla əvəzləşdirilməsi, eyni zamanda ödənilmə vaxtı nəzərə alınmaqla vergi borclarının məbləğlərinin müəyyənləşdirilməsi, müəyyən meyarlar üzrə vergi ödəyicilərinin bəyannamələrindəki uyğunsuzluqların aşkar olunması və diferensiallaşdırılması, habelə digər əlaqəli prosedurların avtomatlaşdırılması, respublika üzrə avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üzrə dövlət rüsumlarının tutulması və ödənilməsinin ümumiləşdirilmiş vahid hesabatının tərtib edilərək vergi orqanına təqdim edilməsi, tərtib edilmiş protokolların, qəbul edilmiş qərarların, tətbiq edilmiş və ödənilmiş cərimələrin uçotunun avtomatlaşdırılmış Mərkəzi məlumat sistemi vasitəsilə aparılması kimi müsbət işlərlə yanaşı, fiziki şəxslər tərəfindən yol vergisi üzrə vergi bəyannamələrinin vergi orqanlarına təqdim edilməsinin qanunvericilikdə nəzərdə tutulmaması səbəbindən həmin vergi ödəyiciləri tərəfindən faktiki ödənilmiş yol vergisinin artıq ödənilmiş vergi kimi uçota alınması, bir sıra hallarda xüsusi mülkiyyətə aid edilən vergi ödəyicilərinin ƏDV və mənfəət vergisi üzrə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi, operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları (həmçinin inzibati cərimələr) üzrə vəsaitin dövlət büdcəsinə ödənilməsinin təmin edilməməsi, zərərlə fəaliyyət göstərən vergi ödəyiciləri üzrə zərərin yaranmasının səbəblərinin səyyar vergi yoxlamaları zamanı araşdırılmaması, müxtəlif sahələrdə fəaliyyət göstərən və böyük məbləğdə dövriyyələri olan ƏDV ödəyiciləri üzrə vergitutma bazasına, habelə vergi nəzarətinin həyata keçirilməsinə təsir göstərə biləcək bir sıra hallar, o cümlədən mənfəət vergisi üzrə bəyannamələrə əlavələrin tam doldurulmaması, əsasən ticarət və tikinti fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üzrə malların dəyərinin, xammal və material xərclərinin ümumi gəlirdən çıxılan xərclərinin çox böyük hissəsini təşkil etməsi ilə yanaşı ƏDV üzrə əvəzləşmələrin aparılmaması, böyük məbləğlərdə dövriyyələri olduğu halda amortizasiya olunan aktivlərinin, digər əsas fondlarının və ya icarə xərclərinin olmaması və ümumi gəlirdən çıxılan vergilərin (o cümlədən yol vergisi, torpaq vergisi, əmlak vergisi) hesablanmaması, həmçinin bu müəssisələrin əksəriyyətində ardıcıl olaraq bir neçə il ərzində rentabellik səviyyəsinin çox aşağı olması və xüsusilə tikinti sahəsində fəaliyyət göstərən vergi ödəyicilərində həyata keçirilmiş səyyar vergi yoxlamalarının nəticələri üzrə tərtib edilmiş aktlarda həmin vergi ödəyicilərinin fəaliyyətinin lisenziyalaşdırılması barədə məlumatların əks etdirilməməsi və s. kimi nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur.
 
Palata tərəfindən görülən tədbirlər hesabına hesabat ilində böyük məbləğlərdə vəsaitin dövlət büdcəsinə bərpası təmin edilmiş, o cümlədən artıq ödənilmiş vəsaitlər nağd qaydada aidiyyəti qurumların kassa və ya bank yaxud xəzinə hesablarına bərpa edilmiş yaxud köçürmə yolu ilə dövlət büdcəsinə ödənilmiş, keyfiyyətsiz yerinə yetirilmiş və ya süni surətdə dəyəri artırılmış iş və xidmətlərin müqabilində əlavə işlərin və xidmətlərin görülməsi təmin olunmuşdur ki, bu da layihə-smeta sənədlərində nəzərdə tutulmuş təmir-bərpa və yenidənqurma işlərinin tam həcmdə yerinə yetirilməsinə imkan vermişdir. Bundan başqa, çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların, dərman vasitələrinin müqəssir şəxslərin vəsaitləri hesabına alınmaqla büdcə təşkilatlarına təhvil verilməsi, habelə uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması, mal, iş və xidmət alışı olmadan qabaqcadan aparılan ödənişlər hesabına yaradılmış debitor borcun uçota götürülməsi və ya ləğv edilməsi, həmçinin xeyli miqdarda kreditor borcun müvafiq olaraq ləğv edilməsi və ya bağlanılması təmin olunmuşdur, başqa sözlə maliyyə vəsaitlərinin dövriyyədən çıxarılmaqla ümidsiz borca çevrilməsinin, büdcə vəsaitlərinin podratçı təşkilatlar tərəfindən əsassız maliyyə mənbəyi kimi istifadə olunmasının qarşısı alınmış, ödənilən vəsait müqabilində müvafiq qurumların zəruri mallarla (iş və xidmətlərlə) təchizatı başa çatdırılmışdır. Eyni zamanda, DSMF-yə çatacaq vəsaitlərin Fondun hesabına bərpa edilməklə DSMF-nin büdcəsinə əlavə vəsaitin cəlb olunması təmin edilmişdir. Bunlarla bərabər, hesabat ilində Palatanın nəzarət tədbirləri nəticəsində yüzlərlə ştat vahidi, qrup və ya sinif, habelə kafedra ləğv edilmiş, başqa sözlə nəzarət tədbirləri nəticəsində xeyli miqdarda vəsaitin qanunvericiliyin tələblərinə zidd olaraq xərcə yönəldilməsinin qarşısını qabaqcadan almaq mümkün olmuşdur.

Bundan başqa, dövlət büdcəsinə böyük məbləğlərdə borcu olan vergi ödəyicilərindən 3 vergi ödəyicisi barədə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi başlanılmışdır.

Göstərilənləri yekunlaşdıraraq qeyd etmək lazımdır ki, Palata tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir ki, onların ümumi məbləği əvvəlki illərdə olduğu kimi Hesablama Palatasının saxlanılmasına hesabat ilində sərf edilmiş büdcə vəsaiti ilə müqayisədə dəfələrlə çoxdur. Palata hesabat ilində audit tədbirləri nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən məsul şəxslər barəsində aidiyyəti orqanlar tərəfindən ciddi intizam tənbehi tədbirlərinin görülməsinə də nail olmuşdur Belə ki, 44 nəfər (13 idarə və ya təşkilatın rəhbəri, 3 idarə və ya təşkilatın rəhbərinin müavini, 1 şöbə müdiri, 1 sektor müdiri, 10 baş mühasib, 16 işçi) işdən azad edilmiş, 44 nəfərə (18 idarə və ya təşkilatın rəhbəri,13 baş mühasib və 13 işçi) şiddətli töhmət, 92 nəfərə (36 idarə və ya təşkilatın rəhbəri, 4 şöbə müdiri, 5 sektor müdiri, 35 baş mühasib və 12 işçi) töhmət verilmiş, 70 nəfərə (19 idarə və ya təşkilatın rəhbəri, 3 idarə və təşkilatın rəhbərinin müavini, 8 şöbə müdiri, 1 şöbə müdirinin müavini, 4 sektor müdiri, 10 baş mühasib və 25 işçi) xəbərdarlıq edilmiş, 1 nəfərin (şöbə müdiri) vəzifə maaşı azaldılmış, 1 nəfər (işçi) aşağı vəzifəyə keçirilmişdir.

Hesabatda Palatanın maliyyə-büdcə nəzarəti tədbirləri ilə yanaşı, cari fəaliyyətinin tənzimlənməsi istiqamətində də görülmüş işlər barədə ətraflı məlumat verilmişdir, o cümlədən:



• Hesablama Palatasının potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası ilə Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi”nin (CAPSAP) tərkib elementi kimi İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) ayırdığı qrant hesabına müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Konfederasiyası Hökuməti arasında “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi” üzrə Texniki Yardım haqqında Sazişin tələblərinə əsasən Hesablama Palatası ilə Fərdi məsləhətçi arasında Palataya Texniki Yardım göstərilməsinə dair bağlanmış müqaviləyə uyğun olaraq hazırlanmış “2012-2014-cü illər üçün Hesablama Palatasının Strateji İnkişaf Planı” Palatanın müvafiq əmri ilə icra üçün qəbul edilmişdir. Eyni zamanda, CAPSAP layihəsinin Palataya aid komponentinin icrasının davam etdirilməsi çərçivəsində 2012-2014-cü illər üçün Strateji İnkişaf Planının həyata keçirilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsi, o cümlədən, səmərəlilik və risk-əsaslı maliyyə auditlərinin aparılmasında potensialın artırılması, Palataya öz hüquqi bazası və audit standartlarının təkmilləşdirilməsində yardım edilməsi, Palatanın insan resursları və təlim praktikasının dəstəklənməsi, Palatanın 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının uğurla həyata keçirilməsinə dəstək göstərilməsi məqsədilə müvafiq şirkət və Ali Audit Qurumunun seçilməsi üçün maraqların ifadə edilməsi üçün müraciət hazırlanmış və dərc edilmişdir. Layihə çərçivəsində Dünya Bankının qaydalarına uyğun olaraq satınalamalar proseduralarını həyata keçirmək üçün “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq Layihəsi”nin Hesablama Palatasına aid olan Komponent 2.2.2 üzrə Palatada Tender Komissiyası yaradılmış, Tender ilə bağlı maraqların ifadəsi üçün dəvət elanı Azərbaycan Respublikasının Hesablama Palatasının rəsmi veb-saytında və Dünya Bankının xüsusi internet resursu olan “Client Connection” sistemində yerləşdirilmiş, habelə yerli mətbuatda (“Xalq qəzeti”ndə) dərc edilmişdir. Beynəlxalq şirkətlər tərəfindən təqdim edilmiş texniki təkliflər Tender Komissiyası tərəfindən Dünya Bankının satınalmalar təlimatına uyğun qiymətləndirilərkən həmin təkliflərin heç biri minimum keçid balını toplaya bilmədiyi üçün tenderin nəticələri ləğv olunmuş və hər bir altkomponent üzrə texniki tapşırıq hazırlanmaqla yenidən yuxarıda qeyd olunan formada beynəlxalq tender elan edilmişdir. Bu zaman Hesablama Palatası tərəfindən INTOSAI (alt Komitələri və IDI daxil olmaqla), EUROSAI (İşçi qrupları daxil olmaqla), ASOSAI, ARABOSAI, OLACEFS, SECO, Avropa İttifaqı (Azərbaycandakı rəsmi nümayəndəliyi) kimi bir sıra beynəlxalq təşkilatlara müraciət edilərək tender ilə bağlı elan həmin təşkilatların rəsmi saytlarında yerləşdirilmiş və ya onların kommunikasiya şəbəkələri vasitəsilə daha geniş surətdə yayılmışdır. Müraciət etmək üçün elanda qeyd olunan son tarixə 11 şirkət tender ilə bağlı marağını ifadə etmişdir. Sonrakı mərhələ kimi Tender Komissiyası tərəfindən Dünya Bankının tələblərinə uyğun olaraq maraqlarını ifadə etmiş şirkətlərdən Məsləhətçilərin Qısa siyahısı tərtib edilmiş, Dünya Bankı həmin siyahının tərkibinə etirazını olmadığını bildirməklə növbəti mərhələyə keçidin mümkünlüyünə razılığını bildirmişdir. Bununla da ilkin mərhələ olaraq seçilmiş şirkətlərə Texniki Tapşırıq sənədi daxil olmaqla Təkliflərin təqdim olunması üçün sorğu adlı sənədlər toplusu göndərilmişdir. Hazırda, Məsləhətçilərin Qısa siyahısına daxil edilmiş şirkətlər tərəfindən təqdim olunmuş texniki və maliyyə təkliflərinin qiymətləndirilməsi aparılmaqdadır və ümumilikdə layihə çərçivəsindəki işlər Dünya Bankı ilə razılaşdırılmış qrafikə uyğun olaraq davam etdirilməkdədir;

• Palatanın cari fəaliyyətinin tənzimlənməsi üzrə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2012-ci il ərzində Palataya daxil olan 171 vətəndaş müraciətinə “Vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na və Hesablama Palatasının 2007-ci il 03 avqust tarixli Q-2 nömrəli iclas qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hesablama Palatasında vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlıq işlərinin aparılması və Palatada vətəndaşların qəbulu Qaydaları”na uyğun olaraq vaxtında baxılmış, müvafiq qaydada araşdırılmış, ərizəçilər məlumatlandırılmış, xüsusi hallarda isə ərizəçilər Palatanın məsul şəxsləri tərəfindən qəbul edilmişdir;

• Dövlət qulluqçularının həvəsləndirilməsi ilə əlaqədar tədbirlərdən irəli gələn məsələlərin həlli məqsədi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”na və 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na əlavələr və dəyişikliklər edilməsi barədə 2008-ci il 6 avqust tarixli 810 nömrəli Fərmanına müvafiq olaraq Hesablama Palatası Sədrinin Sərəncamı ilə Palatanın 49 əməkdaşına müvafiq ixtisas dərəcələri verilmişdir;

• Hər bir dövlət tərəfindən Ali Audit Qurumunun ali və müstəqil statusunun Lima və Mexiko Bəyannamələrinin təməl prinsiplərinə uyğun olaraq tam təmin edilməsinə beynəlxalq dəstək verilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66-cı sessiyasında 2011-ci il 22 dekabr tarixdə qəbul edilmiş “Ali Audit Qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması” adlı A/66/209 nömrəli Qətnaməsində verilmiş tövsiyələrin icrası olaraq müvafiq köməkliyin göstərilməsi üçün Hesablama Palatasının 2012-ci il 25 aprel tarixli 1/10-330 nömrəli məktubu ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına müraciət edilmişdir;

•  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 iyun tarixli 647 nömrəli Fərmanının icrası ilə əlaqədar hazırlanmış “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” qərar layihəsinə Hesablama Palatasının 2012-ci il 29 iyun tarixli 11-493 nömrəli məktubu ilə münasibət bildirilmişdir;

• Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli 1862 nömrəli sərəncamına uyğun olaraq hazırlanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” layihəsinə Palatanın 2012-ci il 18 may tarixli 1/2/11-403 nömrəli məktubu ilə müvafiq təkliflər verilmişdir;

2012-ci ildə Hesablama Palatasının beynəlxalq fəaliyyəti xarici ölkələrin Ali Audit Qurumları (AAQ), INTOSAI (AAQ-ların Beynəlxalq Təşkilatı), INTOSAI-ın regional qurumları – EUROSAI (AAQ-ların Avropa Təşkilatı), ARABOSAI (AAQ-ların Ərəb təşkilatı) və ASOSAI (AAQ-ların Asiya Təşkilatı), İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv olan ölkələrin AAQ-larının Birliyi (ECOSAI), habelə Dünya Bankı, Avropa Birliyi və digər beynəlxalq qurumlarla Palatanın potensialının daha da artırılması məqsədilə iki və çoxtərəfli münasibətlərin davamlı inkişafına xidmət etmişdir. Palatanın beynəlxalq fəaliyyəti əsasən onun üzv olduğu müxtəlif beynəlxalq işçi qrupları, xarici tərəfdaşlarla birlikdə həyata keçirdiyi layihələr çərçivəsindəki və beynəlxalq tədbirlərdə iştirakla bağlı olmuşdur.

Hesabat ilində Palatanın EUROSAI təşkilatı ilə əməkdaşlığı daha intensiv xarakter almışdır. 21-23 mart 2012-ci il tarixlərində Polşanın Vroslav şəhərində EUROSAI-ın Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə Xüsusi Qrupunun IV iclası keçirilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının üzv olduğu Xüsusi Qrupun bu iclasında Palatanın nümayəndə heyəti də iştirak etmişdir.



2011-ci ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş EUROSAI və ARABOSAI təşkilatlarının III Birgə Konfransında ölkəmizin beynəlxalq imicinin daha da artması, iqtisadi inkişafının güclənməsi və bu cür tədbirlərə ev sahibliyi etmək iqtidarında olması nəzərə alınaraq növbəti konfransın 2013-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsinə dair təşəbbüs tədbir iştirakçıları tərəfindən dəstəklənmişdir. Bu baxımdan 2012-ci il ərzində EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransına hazırlıq məqsədilə xüsusi əhəmiyyətə malik olan bir sıra tədbirlər görülmüşdür. Belə ki, EUROSAI və ARABOSAI təşkilatlarının Katiblikləri ilə razılaşdırılmaqla Hesablama Palatasının təşkilatçılığı ilə Bakı şəhərində təşkil olunacaq birgə konfransın mövzusu “Ali Audit Qurumlarının potensialının gücləndirilməsinin müasir çağırışları” kimi təyin edilmiş, həmçinin bu tədbirin 2013-cü il 16-18 aprel tarixlərində keçiriləcəyi müəyyən olunmuşdur. Bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə  Hesablama Palatasının nümayəndə heyəti tərəfindən konfransa hazırlıq çərçivəsində EUROSAI-ın Katibliyi olan İspaniya Hesablama Məhkəməsinin baş ofisində və sonuncu EUROSAI və ARABOSAI təşkilatlarının Birgə Konfransına ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Audit Qurumunda görüşlər keçirilmişdir. Görüşlər zamanı konfrans ilə bağlı müxtəlif texniki-təşkilati məsələlərə dair müzakirələr aparılmış, o cümlədən konfransın əsas mövzusu çərçivəsində müxtəlif sessiyalar zamanı müzakirə ediləcək alt-mövzular müəyyən edilmişdir. EUROSAI-ın Katibliyi olan İspaniya Hesablama Məhkəməsinin baş ofisində görüşdə iştirak etmək məqsədilə Hesablama Palatasının nümayəndə heyəti İspaniyanın Madrid şəhərinə 2012-ci il 8-9 oktyabr tarixlərində səfər etmişdir. İki günlük görüşlər zamanı aparılmış müzakirələr EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransına hazırlıq tədbirlərinə həsr edilmişdir. EUROSAI Katibliyinin məsul əməkdaşları ilə konfransa hazırlıq, onun gedişi və yekunlaşdırılması kimi müxtəlif mərhələlər ilə əlaqədar aidiyyəti məsələlər müzakirə olunmuş, bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün tərəflərin vəzifə və öhdəlikləri müəyyən edilmişdir. Müzakirə olunan bütün məsələlər üzrə qarşılıqlı razılaşma əldə olunmuş, görüşün nəticəsi olaraq konfransın keçirilməsi üzrə Katibliyin tövsiyələri, həmçinin zəruri material və sənədlər Palatanın nümayəndə heyətinə təqdim olunmuşdur. Daha sonra isə konfransa hazırlıq çərçivəsində Palatanın nümayəndə heyəti 2012-ci ilin 16-20 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Audit Qurumunun Prezidentinin dəvəti ilə Abu-Dabi şəhərinə səfər etmişdir. Səfərin əsas məqsədi EUROSAI və ARABOSAI təşkilatlarının III Birgə Konfransına ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Audit Qurumunun konfransın keçirilməsi ilə bağlı texniki və təşkilati məsələlər üzrə əldə etdikləri təcrübəni bölüşmək olmuşdur. Bakı şəhərində keçiriləcək EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransı barədə ilkin məlumat Ali Audit Qurumları arasında yaymaq məqsədilə EUROSAI-ın 54 saylı xəbər bülletenində dərc edilmişdir. Məlumatda Konfransın mövzu və alt-mövzuları qeyd edilmiş və Palatanın nümayəndə heyətinin hazırlıq işləri ilə əlaqədar İspaniya və Birləşmiş Ərəb Əmirliklərinin AAQ-larına səfəri barədə məlumat verilmişdir. Məlumat xəbər bülletenində EUROSAI-ın 5 işçi dilində (ispan, ingilis, fransız, alman və rus dillərində) dərc edilmişdir. Hesablama Palatasının 3 dekabr 2012-ci il tarixli Əmri ilə 2013-cü ildə EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransının təşkili və keçirilməsi ilə əlaqədar Hesablama Palatasında Komissiya yaradılmışdır. Komissiya Hesablama Palatası Sədrinin rəhbərliyi ilə Palatanın Sədr müavini, auditorları və struktur bölmələrinin rəhbərlərindən ibarət olmaqla fəaliyyət göstərəcəkdir. Komissiyaya IV Birgə Konfransın hazırlıq işlərinə ümumi rəhbərlik etmək, tədbirlə bağlı yaranacaq məsələlərin həlli və koordinasiyası və s. kimi vəzifələr həvalə edilmişdir. Eyni zamanda yuxarıda qeyd olunmuş Əmrə əsasən konfransın təşkili ilə əlaqədar Palata əməkdaşlarından ibarət İşçi Qrupu da yaradılmışdır. İşçi Qrupun əsas vəzifələri kimi təşkilati məsələlərin (işçi yazışmaların və danışıqların aparılması, yazılı tərcümə işlərinin görülməsi və s.) həlli müəyyən edilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının 18 dekabr 2012-ci il tarixli 103 nömrəli Əmri ilə IV Birgə Konfransın Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planında konfransın müxtəlif mərhələlərində görüləcək işlər, konfransın gedişatında həyata keçiriləcək tədbirlərlə yanaşı, icraya məsul şəxslər və icra müddətləri müəyyən edilmişdir. Konfransla bağlı yaradılmış Komissiyanın üzvlərinə və İşçi qrupuna qeyd olunan Əmrlə Tədbirlər Planında müəyyən edilmiş iş və öhdəliklərin vaxtında və keyfiyyətlə icra olunmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verilmişdir. Qeyd edilənlərlə yanaşı, EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransına hazırlıq işlərinin növbəti mərhələsi kimi Konfransın xüsusi loqosu və veb-saytı hazırlanmış, onlar www.conference.ach.gov.az ünvanında yerləşdirilmişdir. Veb-saytda konfrans və onun alt mövzuları, Hesablama Palatası, Azərbaycan və Bakı, konfransın keçirilmə yeri və s. haqqında müfəssəl məlumatlar öz əksini tapmışdır.

Sosial-iqtisadi həyatın müxtəlif qlobal problemlərinin həlli yollarına həsr edilmiş və beynəlxalq səviyyəli müntəzəm toplantıları ilə rəsmi və işgüzar dairələrdə nüfuz qazanmış Krans Montana Forumunun 7-10 mart 2012-ci il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində keçirilmiş toplantısında bu Forumun sədri və təsisçisi Səfir Jan-Pol Karteronun dəvətilə Hesablama Palatasının Sədri iştirak etmişdir. Dünyanın müxtəlif regionlarından olan hökumət və dövlət başçıları, nazirlər, parlament və özəl sektorun nümayəndələrinin iştirak etdiyi bu toplantıda Afrika dövlətlərinin enerji istehsalı və ixracının artırılması əsasında bütövlükdə qitənin əhalisinin rifahının yüksəldilməsi və bu kontekstdə enerji ilə zəngin olan ölkələrdə iqtisadi artımın dəstəklənməsi üçün zəruri tədbirlərin görülməsi, o cümlədən, şəffaflığın artırılması və korrupsiya ilə səmərəli mübarizənin aparılması məsələləri müzakirə edilmiş və toplantı iştirakçıları arasında müzakirələr aparılmışdır.

Ötən il Palatanın əməkdaşları aşağıda qeyd olunan treninq, seminar və konfranslarda iştirak etmişlər:
 - CAPSAP üzrə məsləhətçi xidmətləri göstərəcək şirkətlə daha səmərəli əməkdaşlıq üçün təcrübə mübadiləsi. 15-22 iyul 2012-ci il, Türkiyə, Ankara şəhəri; 
-    Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə EUROSAI-ın Xüsusi qrupunun IV iclası. 21-23 mart 2012-ci il, Polşanın Vrotslov şəhəri; 
-    Türkiyə Hesablama Məhkəməsinin 150 illiyi ilə bağlı tədbir. 28-29 may 2012-ci il, Türkiyə, Ankara şəhəri.
-    “Səmərəlilik auditi” mövzusunda seminar. 30 iyun-11 iyul 2012-ci il, İran, Tehran şəhəri;
-    Krans Montana Forumunun 6-cı illik toplantısı. 7-10 mart 2012-ci il, Belçika, Brüssel şəhəri;
-    INTOSAI-ın Fəlakətlərlə əlaqədar yardımın auditi və cavabdehliyi (AADA) üzrə İşçi qrupunun 2-ci toplantısı. 25-26 aprel 2012-ci il, Türkiyə, Ankara şəhəri;
-    EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransına hazırlıqla bağlı səfər. 07-11 oktyabr 2012-ci il, İspaniya, Madrid şəhəri;
-    EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransına hazırlıqla bağlı səfər. 16-21 oktyabr 2012-ci il, BƏƏ, Abu-Dabi şəhəri;
-    “Dələduzluq və korrupsiya ilə mübarizə” mövzusunda seminar. 12-18 noyabr 2012-ci il, Filippin, Manila şəhəri;
-    EUROSAI II Məqsəd Qrupunun iclası. 8-9 noyabr 2012-ci il, Almaniya, Potsdam şəhəri.

Hesabat ilində Hesablama Palatasının fəaliyyətini tənzimləmək məqsədilə Palatanın 31 Kollegiya iclası keçirilmiş və həmin iclaslarda Palatanın funksional vəzifələrinin icrası ilə bağlı 136 məsələ üzrə müvafiq qərarlar qəbul edilmişdir.

Hesablama Palatasına 2012-ci il ərzində dövlət təşkilatlarından və müxtəlif yerli və xarici təşkilatlardan əvvəlki illə müqayisədə 582 sənəd çox olmaqla 1911 sənəd, o cümlədən 701 sənəd dövlət təşkilatlarından, 630 sənəd xarici təşkilatlardan, 89 sənəd müxtəlif yerli təşkilatlardan, 29 sənəd mətbuat orqanlarından, 31 sənəd dövlət hakimiyyət orqanlarından, habelə 4 telefonoqram, 427 kitab, məcmuə və jurnal daxil olmuşdur.

Eyni zamanda, dövlət hakimiyyəti orqanlarından əvvəlki illə müqayisədə 2,4 dəfə çox olmaqla ümumilikdə 301 qanun, fərman, sərəncam və qərar, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasından 4 qanun, 7 fərman və 3 sərəncam, Azərbaycan Respublikasının Milli Məclisindən 3 qərar, Azərbaycan Respublikasının Nazirlər Kabinetindən 232 qərar və 52 sərəncam daxil olmuşdur.


 
Hesablama Palatası tərəfindən 2012-ci il ərzində əvvəlki illə müqayisədə 256 sənəd çox olmaqla cəmi 1102 məktub, o cümlədən 83 məktub dövlət hakimiyyəti orqanlarına, 499 məktub dövlət təşkilatlarına, 169 məktub müxtəlif yerli təşkilatlara, 341 məktub xarici təşkilatlara, 10 məktub mətbuat orqanlarına, habelə müxtəlif dövlət təşkilatlarına 16 telefonoqram göndərilmişdir.

Bu dövr ərzində Hesablama Palatasında 603 daxili sənəd hazırlanmışdır. Sənədlərin 302-si əmr, 86-ı sərəncam, 79-u auditin keçirilməsinə hüquq verən vəsiqə və 136-ı isə qərardır. Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirləri zamanı tərtib edilmiş 69 akt, 29 müqavilə və 19 satınalma müqaviləsi qeydə alınmışdır.

Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə əsasən Palata tərəfindən nəzarət tədbirinin predmetinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 100 təqdimat göndərilmişdir ki, bu da 2010 və 2011-ci ildə göndərilən təqdimatlardan müvafiq olaraq 59 ədəd (və ya 143,9%) və 43 ədəd (və ya 75,4%) çoxdur.
2012-ci ildə Hesablama Palatasının müraciəti əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən INTOSAI, EUROSAI, ASOSAI və ECOSAI təşkilatlarına üzvlük haqlarının vaxtında ödənilməsi təmin olunmuşdur.

Hesabatda, həmçinin, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələri üzrə nəzərdə tutulan vəsaitlərdən təyinatına görə qənaətlə və səmərəli istifadə olunması, bu sahədə maliyyə intizamının gücləndirilməsi, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın artırılması üçün, habelə qanunvericilik aktlarında və normativ-metodiki sənədlərdə mövcud olan boşluqların və ziddiyyətlərin aradan qaldırılması məqsədilə Palata tərəfindən 16 bənddən ibarət olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuş təkliflər də əks etdirilmişdir.



Bu təkliflərdə informasiya-kommunikasiya texnologiyaları üzrə xərclərin uçotunun şəffaf aparılması məqsədilə “Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı”nda müvafiq xərclərin iqtisadi mahiyyətinə (cari və əsaslı) uyğun daha dolğun nəzərə alınması, dövlət sifarişləri əsasında çəkilən kinofilm sahəsində yeni qaydaların və normativlərin hazırlanması, “Dövlət satınalmaları haqqında”, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunlarına və “İşçilərin ezamiyyə Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi, ştatdankənar işçinin dəqiq hüquqi təfsirinin verilməsini, onunla bağlana bilən müqavilələrin növlərinin və müqavilələrdə tərəflərin icbari öhdəliklərinin müəyyən edilməsini, habelə bu sahədə əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar digər məsələlərin həlli üçün əmək qanunvericiliyini tənzimləyən normativ aktlarda müvafiq müddəaların əks etdirilməsi, Nazirlər Kabinetinin 1999-cu il 09 iyul tarixli 115 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”na və 1999-cu il 09 iyul tarixli 115 nömrəli qərarı ilə təsdiq olunmuş “Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə ödəmə dərəcələri və qaydaları”na, “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” 2007-ci il 29 noyabr tarixli 191 nömrəli Qərarına əlavə və dəyişikliklərin olunması, hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatlardan istifadəyə görə sifarişçilərlə müqavilə bağlanan zaman hidrometeoroloji məlumatların tərkibinə daxil olan ayrı-ayrı element və komponentlərin sayından asılı olaraq məlumatların təsnifləşdirilməsi və buna uyğun olaraq tariflərin müəyyən edilməsi, dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinin dəqiq uçotunun koordinasiya edilməsi məqsədi ilə Torpaq Məcəlləsi və torpaq icarəsi haqqında qanunvericilik aktlarında dövlət mülkiyyətində olan torpaqların mövcudluğu və istifadəyə (icarəyə) verilməsi barədə müvafiq səlahiyyətləri həyata keçirən sərəncamçı dövlət orqanları arasında aidiyyəti məlumatların qarşılıqlı olaraq mütəmadi qaydada təqdim edilməsi normalarının daxil edilməsi, dövlət mülkiyyətində olan əkin, dinc və çoxillik əkmələrin altındakı torpaqların təyinatı üzrə və səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədi ilə həmin torpaqların istifadəyə və icarəyə verilməsi, habelə onun istifadə edilməsi üzrə ayrıca normativ hüquqi sənədin (qaydaların) hazırlanaraq təsdiq edilməsi, vahid büdcə təsnifatında büdcə gəlirlərinin müvafiq təsnifat kodu üzrə daxilolmaların diferensiallaşdırılması və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə tutulan və dövlət büdcəsinə ödənilən dövlət rüsumlarının məbləğinin Azərbaycan Respublikasının vahid büdcə təsnifatında ayrı təsnifat kodu ilə göstərilməsi, elektron vergi hesab-fakturalarının təqdim edilməməsi nəticəsində baş verə biləcək halların qabaqcadan aradan qaldırılmasının təmin olunması məqsədilə ƏDV ödəyiciləri tərəfindən əhali istehlak qrupu istisna olmaqla digər alıcılara (o cümlədən, büdcə təşkilatlarına) təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər) üzrə elektron vergi hesab-fakturalarının təqdim edilməməsinə görə məsuliyyətin (maliyyə sanksiyasının) müəyyən edilməsi istiqamətində qanunvericilikdə müvafiq əlavə və dəyişikliklərin edilməsi və daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin bazar qiymətləri nəzərə alınmaqla müəyyən edilməsi, o cümlədən dövlət əmlakının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında 29 noyabr 2007-ci il tarixli №191 nömrəli Qərarı ilə müəyyən edilmiş minimum icarə haqqı məbləğlərinin bazar qiymətləri nəzərə alınmaqla formalaşdırılması mexanizminin hazırlanması məqsədəuyğun hesab edilmişdir.

Qeyd edilmişdir ki, aşkarlığın, şəffaflığın və hesabatlılığın təmin edilməsi, eyni zamanda müasir informasiya texnologiyalarının tətbiqi ali kənar dövlət maliyyə nəzarəti orqanı kimi Palatanın cari fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir və bu istiqamətdə fəaliyyət qabaqcıl beynəlxalq təcrübəyə və qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun tənzimlənir.

Ötən illərdə olduğu kimi, hesabat ilində də həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar Palata tərəfindən vaxtında Milli Məclisə təqdim edilmiş, illik fəaliyyət barədə hesabat “Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı”nda, xülasəsi isə Palatanın veb-saytında yerləşdirilərək ictimaiyyətə açıqlanmışdır.

Palatanın Kollegiya iclaslarında qəbul edilən qərarlar barədə məlumatlar, bir qayda olaraq, Kollegiya iclaslarından dərhal sonra Palatanın veb-saytının müvafiq bölməsində yerləşdirilmişdir. Eyni zamanda, saytda ümumi dövlət büdcəsi, Palatanın büdcəsinin icrası haqqında, həmçinin qurumun büdcəsinə edilən dəyişikliklər barədə müfəssəl məlumatlar və təhlil materialları da mövcuddur. Palatanın fəaliyyətində şəffaflığın təmin edilməsi, zəruri məlumatların vaxtında və daha çevik qaydada ictimaiyyətə çatdırılması üçün daha çox Palatanın internet informasiya ehtiyatlarından istifadə edilmişdir. Hesabat ilində veb-saytın bütün bölmələri üzrə aidiyyəti məlumatların vaxtında və dolğun yerləşdirilməsi, Palatanın cari fəaliyyətini tənzimləyən qanunvericilik və normativ-metodiki təminatın zəruri materiallarla təchiz olunması, Palatanın xərclər smetasının icrasını, həyata keçirilən dövlət satınalmalarını, habelə cari fəaliyyətin digər istiqamətlərini əhatə edən məlumatların, xəbərlərin, elanların və digər bütün zəruri informasiyanın vaxtında yerləşdirilməsi təmin olunmuşdur.

Hesabatda qeyd olunmuşdur ki, ötən dövr ərzində Palataya 171 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da ötən dövrlə müqayisədə 76 müraciət və ya 80% çoxdur. Bu müraciətlərdən 87-i vəzifədən sui-istifadə ilə bağlı olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 37 müraciət və ya 74% çoxdur. Sosial məsələlər ilə bağlı 48 müraciət daxil olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 31 müraciət və ya 2,8 dəfə çoxdur. Bu müraciətlərin əksəriyyəti vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi barədə olmuşdur ki, bunlar müvafiq qaydada baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilmişdir. Audit tədbirlərinin keçirilməsi ilə bağlı vətəndaşlardan 14 müraciət daxil olmuşdur ki, bununla bağlı Hesablama Palatasının İş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılmasının mümkün olmaması və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə hazırlanacaq İş planlarında nəzərə alınmasının mümkün olması barədə vətəndaşlara məlumat verilmişdir. Bundan başqa, daxil olan müraciətlərdən 3-ü Hesablama Palatasının rəhbərliyinin qəbulu ilə bağlı, 19-u iş ilə təmin olunmaq barədə olmuşdur. Qeyd etmək lazımdır ki, son üç il ərzində Palataya edilən müraciətlərin böyük əksəriyyəti vəzifədən sui-istifadə və sosial məsələlər ilə bağlı olmuşdur.

Hesabatda qeyd olunmuşdur ki, Hesablama Palatasının fəaliyyətini səmərəli təşkil etmək üçün 2012-ci ilin dövlət büdcəsində 3542,3 min manat məbləğində vəsait nəzərdə tutulmuş və həmin vəsait-dən cəmi 2962,9 min manat istifadə edilmişdir. Başqa sözlə, Palatanın xərclər smetası üzrə nəzərdə tutulmuş proqnoz 83,6% səviyyəsində icra edilmişdir.

Dövlət büdcəsinin iqtisadi təsnifatı üzrə “Əməyin ödənişi” bölməsi ümumi xərclərin 77,0%-ni təşkil etməklə 85,0% həcmində icra edilmiş və ya 2729,8 min manat təyinata qarşı kassa xərci 2320,0 min manat olmuşdur.

“Malların (iş və xidmətlərin) satın alınması” bölməsi ümumi xərclərin 15,5%-ni təşkil etməklə 79,3% icra edilmiş və ya 549,4 min manat təyinata qarşı kassa xərci 435,4 min manat olmuşdur. Bu vəsaitdən “İdarənin saxlanılması” köməkçi bölməsinə 98,6 min manat, “Ezamiyyə xərcləri” köməkçi bölməsinə 179,2 min manat, “Nəqliyyat xidmətləri haqqının ödənilməsi” köməkçi bölməsinə 79,1 min manat, “Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi” köməkçi bölməsinə 60,7 min manat, “İstehlak mallarının və materiallarının alınması” köməkçi bölməsinə 17,8 min manat xərclənmişdir. Sonuncu köməkçi bölmə üzrə vəsaitlər Palatanın inventar və avadanlıqlarla təminatının və əməkdaşların iş şəraitinin yaxşılaşdırılması üçün istifadə edilmişdir.

“Təqaüdlər və sosial müavinətlər” bölməsi Palatanın ümumi xərclərinin tərkibində 2,5% təşkil etməklə 48,7% icra edilmiş və ya 90,2 min manat təyinata qarşı kassa xərci 43,9 min manat olmuşdur.

“Qeyri-maliyyə aktivlərinin alınması” bölməsi ümumi xərclərin tərkibində 4,4% təşkil etməklə 97,0% icra edilmiş və ya 158,7 min manat təyinata qarşı kassa xərci 154,0 min manat olmuşdur. Bu köməkçi bölmə üzrə 2012-ci ildə Palataya maşın və avadanlıqlar, o cümlədən 3 ədəd minik avtomobili, 14 kompüter dəsti, 5 ədəd noutbuk, 4 ədəd faks aparatı, 2 ədəd printer və sair ofis avadanlıqları alınmışdır.



 “Digər xərclər” bölməsi isə ümumi xərclərin tərkibində 0,4% təşkil etməklə 66,7% icra edilmiş və ya 14,3 min manat təyinata qarşı kassa icrası 9,5 min manat olmuşdur. 

Hesabat ilində Hesablama Palatası tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2012-ci ildə malların alınması, iş və xidmətlərin göstərilməsi üzrə 14 kotirovka sorğusu keçirilmiş və müvafiq təkliflərin təqdim olunması üçün kotirovka sorğuları qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələrində dərc edilməklə yanaşı, Palatanın rəsmi veb-saytının “Elanlar” səhifəsində də yerləşdirilmişdir. 
Yüklə 86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin