Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi



Yüklə 377,44 Kb.
səhifə2/2
tarix08.03.2020
ölçüsü377,44 Kb.
1   2



Tərtib edən: Aygun Dadaşova

Metodika və biblioqrafiya”şöbəsi



Neftçala 2019

Milli bayramımız olan Novruzun adət və ənənlərini

qoruyaq, yaşadaq.

Dünya yaranandan xalqlar özünəməxsus adət-ənənə yaratmış və bu ənənələri nəsildən-nəsilə ötürmüşlər. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, özünün adət-ənənəsini yaratmış və dövrün, zamanın dəyişməsinə baxmayaraq, onu yaşatmışdır. Sevinc üzərində qurulan, meydana gələn adət-ənənə sonradan tarixi hadisə olaraq xalqımızın milli bayramı kimi formalaşmışdı. Artıq bütün dünyada qeyd olunmaqda olan Novruz bayramı da Azərbaycan xalqının tarixi qədim olan  bayramlarındandır. Tarixi mənbələrə əsasən, demək olar ki, hələ qədim zamanlarda bu bayram 12-15 gün qeyd olunub. Bayram günlərinin öz atributları, adət-ənənələri mövcuddur. Əyləncələrlə, oyunlarla zəngin olan hər gün yaradıcılığın bütün janrlarını əhatə edir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır. Dünyəvi şair "Siyasətnamə"sin də, Ömər Xəyyamın "Novruznamə"sin də və digər şair və yazıçılarımızın əsərlərində Novruz bayramı xalqımızın ən geniş şəkildə qeyd etdiyi bayramlardan biri kimi vurğulanmışdır. Nizami Gəncəvinin "İskəndərnamə" poemasında Nüşabənin İsgəndəri məhz Novruz bayramında qonaq çağırması və tonqal ətrafında ona müxtəlif cür Novruz adət-ənənəsini özündə əks etdirən nemətləri təqdim etməsi bu bayrama xüsusi önəm verildiyini göstərir.

Yazılı ədəbiyyata əsaslanaraq, demək olar ki, Novruz bayramı Baharın gəlişi ilə əlaqələndirilir. Təbiət hadisəsi ilə qədim insan cəmiyyətlərinin həmin anı bayram olaraq qeyd etmələrinin məntiqi səbəbləri var. Təbiətə yenilik gətirən bu anı yeni il kimi qeyd etmək də təsadüfi deyil. "Yeni gün" anlamına gələn bu bayram İslam adət-ənənəsinə də tam uyğundur. Çünki islam ümumbəşəri din olduğu üçün həqiqətdə islami dəyərlər olan bəşəri dəyərləri hər zaman ön cərgədə təqdim edib. Bu önəmli və vurğulanmalı məsələdir ki, Allah-Taala insanı pis və yaxşıdan seçmək kimi daxili bir qüvvə ilə zənginləşdirmişdir. Zövqü saf olan, dünya görüşü geniş olan hər bir kəs Allahın buyurduğu kimi yaxşını pisdən ayırmağı bacarmalıdır. Dini ayinlər sırasında məhz Novruz bayramına aid olan ilin təhvil verilməsinə xas duaların verilməsi, namazlarda yer alan ayinlərdəndir. Bununla belə Novruz bayramında bəzi  oyunlar, xüsusilə də, odun yandırılması və ondan dilək diləmək təbii ki, yolverilməz sayılır. Çünki dinimizdə "yalnız Sənə bəndəçilik edirik və Yalnız səndən kömək diləyirik" ayəsi mövcuddur. Eyni zamanda, Novruz bayramında qumar oynamaq kimi dəyərləndirilən yumurta və xoruz döyüşü kimi ənənələr də yolverilməzdir. Daha doğrusu, bu haram hesab olunur. Qulaq falına çıxmaq islam əxlaqına görə, icazəsiz başqasının söhbətlərinə qulaq asmaq kimi dəyərləndirildiyindən səhv hesab olunur. Təbii ki, bu fikirləri qeyd etməklə heç də bizim amalımız və amacımız milli adət-ənənəni dəyişmək deyil. Sadəcə diqqətli olmalıyıq ki, hər şeydən əziz və üstün olan dini normalara, milli dəyərlərə, islam əxlaqına biganə qalmayaq. Çalışmalıyıq ki, dini adət-ənənələrimizi lazımınca qoruyub-saxlamaqla onu inkişaf etdirək.

Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır, uşaqlar novruzgülü dərmək üçün dağlara, yamaclara, meşələrə üz tuturlar. Ona görə də, bayram günləri hər bir kəsin dodağında bu misralar səslənir:

 

Novruz, Novruz bahara,



Güllər, güllər nübara,

Bağçamızda gül olsun,

Gül olsun bülbül olsun,

Bahar gəldi, Bahar gəldi, xoş gəldi,

Xəstə könül onu görcək dirçəldi.
Bir məqamı da xatırlamaq lazımdır ki, bayramın gəlişi ilə qız-gəlinlər milli adət-ənənəyə uyğun olaraq libaslar geyinir, evlər bəzədilir, palaz-paltar yuyulur, həyət-baca süpürülərək təmizlənir. Təbii ki, axşam vaxtı qaranlıq düşəndə bütün el-obada tonqallar qalanır. Tonqalların üstündən hər kəs ənənəyə uyğun olaraq üç dəfə hoppanmaqla köhnə ilin azar-bezarını elə köhnə ildə də qalmasını arzulayır. Tonqal üstündən hoppanərkən hər kəs bu nəğməni oxuyur.

 

Ağırlığım, uğurluğum odlara,



Yazda mənlə hoppanmayan yadlara.

 

Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar.



 

Ağrım-uğrum tökülsün,

Oda düşüb kül olsun,

Yansın Alov saçılsın,

Mənim bəxtim açılsın.
Azərbaycan xalqının bağlandığı və geniş şəkildə qeyd etdiyi Novruz bayramın da süfrələrə cürbəcür xörəklər, meyvələr, şirniyyatlar düzülür. Süfrənin bəzəyi isə səməni olur. Təbii ki, bu hal da süfrədən gü-çiçək, su, güzgü, qızıl əşyaları da əskik olmur. Süfrəyə aş gətirildikdə isə ailə üzvlərinin hər birinin adına şamlar yandırılır. Adət-ənənəyə uyğun olaraq bayram günü hər kəs öz evində olmalıdır. Qəmi-kədəri unudub, şən əhval-ruhiyədə və bir-birinə xoş sözlər deməlidirlər.

Novruz bayramı demək olar ki, Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də, Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxıstanda, Tacikistanda, Özbəkistanda, Türkmənistanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd olunur. 2009-cu il sentyabrın 30-da isə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Qonşu dövlət olan Gürcüstanda dövlət səviyyəsində Novruz bayramına xüsusi önəm verilmiş və ötən ildən başlayaraq, martın 21-i qeyri-iş günü elan olunmuşdur.

Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (havanın), Torpağın isinməsi, "dirilməsi" durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə, insanların təsəvvüründə ilaxır çərşənbələr yaranmışdır. Əski inamlara görə bu çərşənbələrin hər birində təbiətin dörd ünsüründən biri "dirilmişdir". İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır. Bunlar Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adlanır.

Birinci su çərşənbəsi adlandırılırdı. Yəni, bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir dənə şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Bəzi bölgələrimizdə çox əziz tutulur. Yəni yel artıq azacıq oyanmış torpağı , təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət - Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də, ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.

Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi odla bağlı zəngin ənənələrə malikdir və bu su saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı çərşənbə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən yeddi dəfə tullanmalıdır, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanmaqla bərabər bu sözlər deyilir: "Sarılığım sənə, qırmızılığın mənə". Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl bir-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu Sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.

Çərşənbələrin içində ən vacibi axırıncı - axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdır, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("Gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır. Novruz bayramı qabağı adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir.Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər.

Bayram həm də qədim oyunlarla zəngindir. Xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından ən çox nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərələr və s. istifadə olunur. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" - meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.

Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yayılım atışları açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: "Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yayılım atışları bildirirdi". Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazırdı: "Münəccim (astroloq) tez-tez astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: "Təzə il gəldi!" və elə bu anda yayılım atışları başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı".

Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan". Bir qayda olaraq çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.

Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini - quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikinci - yay, üçüncü - payız, dördüncü günü isə - qış sayırlar.

 

Kitabxanalarda Novruz bayramı münasibibət ilə təşkil olunacaq tədbirlərdə aşağıdakı başlıqlardan istifadə oluna bilər:


1.“Novruz bayramınız mübarək”.

2.“Təzə ilin gəlişi”.

3.“Təbiətin oyanışı”.

4.“Elimizə bahar gəlir”.

5. “Xalqımızın milli bayramı Novruz”.

İstifadə edilən ədəbiyyat:



Nadir XƏLİLOV

Səs.- 2011.- 2 mart.- S. 10.

http://www.anl.az/down/meqale/adalet/2010/mart/111343.htm



Tərtib edən : Dadaşova Aygün

Metodika və biblioqrafiya”şöbəsi



2019
Каталог: front -> files -> libraries -> 2301 -> documents

Yüklə 377,44 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə