Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası



Yüklə 311,07 Kb.
səhifə1/3
tarix17.11.2018
ölçüsü311,07 Kb.
#82720
  1   2   3





Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası

Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə



c:\users\user10\appdata\local\microsoft\windows\inetcache\content.word\без названия.jpg

Bakı 2018

KBT 91.9:5

S 18


Tərtibçi: Y.Ə. Qarayeva

Mətnin redaktorları: S.Ə. Şəfiyeva

M.T. Əliyeva

İxtisas redaktoru və

buraxılışa məsul: Kitabxananın direktoru O.İ.Quliyev
Sağlam gənclik, sağlam həyat, sağlam nəsil naminə: tövsiyə-bblioqrafik vəsait.-C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası.- Bakı, 2018.- 40 səh.
Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu sahədə kitabxanaların rolunu da xüsusilə qeyd etmək lazımdır.Tərtib edilən bu tövsiyə-biblioqrafik vəsaitdən tabeliyindən asılı olmayaraq respublikanın kitabxana mütəxəssisləri və geniş oxucu kütləsi istifadə edə bilər.

© Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2018

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə
 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:



1. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına həvalə edilsin.

3. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına tapşırılsın ki, bu Sərəncamla təsdiq edilən Dövlət Proqramının icrası sahəsində görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin




İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 24 iyun 2013-cü il

  


 

 

 

GİRİŞ


Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməmişdir. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terror mərkəzlərinin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amilə çevrilmişdir

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirmək gərəkdir. Sərəncamda bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması, onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz bir vəzifə kimi qarşıya qoyulub.

Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir. 

Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür. Bu sahədə kitabxanaların rolunu da xüsusilə qeyd etmək lazımdır. Kitabxanaların narkomaniyaya qarşı apardığı təbliğat çox güclü vasitədir.



Tərtib edilən vəsaitdə narkomaniya və narkobiznesə qarşı mübarizədə qəbul edilmiş dövlət sənədləri işıqlandırılmış, bu problemə qarşı mübarizədə kitabxanaların qarşısında duran vəzifələrdən, təbliğat vasitələrindən bəhs edilmişdir. İnanırıq ki, bu göstərici kitabxana işçilərinə narkomaniya və narkobiznesə qarşı mübarizə sahəsində tədbirlərin həyata keçirilməsində yaxından köməklik edəcəkdir.
Narkomaniya haqqında ümumi anlayış
Qəribə də səslənsə, narkomaniyanın tarixinin, kökünün nə vaxta və hara söykəndiyinə nəzər salaq. Tarixə baxsaq, görərik ki, narkomaniya sadəcə, müasir dövrün və ya bir neçə əsrin bəlası deyil. Təəssüf ki,

narkomaniyanın tarixi çox qədimdir. Narkotik maddələrin ilk istifadəsi haqda məlumatlara papiruslarda rast gəlirik. Belə ki, təxminən eramızdan 1500 il əvvəlki papiruslarda tiryəkin ağrıkəsici və sakitləşdirici xüsusiyyətləri haqda yazıya rast gəlinir. Çətənə və tiryək yabanı halda çox asan tapıldığı üçün şumerlər tərəfindən ilk istifadə olunan narkotik maddələr siyahısına daxildir. Şumerlərdən sonra narkotik maddələr Mesopotamiyaya, oradan da İrana və Misirə yayılmışdır. Son olaraq da Misirdən Yunanıstana keçməklə narkotik maddələr fəlsəfə tarixinə keçmişdir. Çünki antik Yunan yuxu (xəyali) tanrısı olan Morfeusun (Morfin adı buradan gəlir) simvolu tiryək meyvələridir. Antik Yunan yazarı olan Homer öz Odisseya dastanında tiryək haqqında belə deyir:” Kim bu dərmanı içərsə göz yaşı tökməz, hətta öz atası,dostu, sevgilisi də gözünün önündə öldürülsə o rahatlığını pozmaz”. Hippokrat isə öz kitabında tiryəkin prostat iltihabında, ishal və isterik xəstəliklərdə sakitləşdirici və ağrıkəsici olaraq istifadə edilməsini tövsiyə edirdi. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir.

Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarını azaldan vasitə kimi qəbul olunurdu. Xaşxaş qozasından alınan cirə - yəni tiryək tibbi məqsədlər üçün istifadə olunub. Ümumiyyətlə, tiryəkli preaparatlar orta əsrlərdə təbabətdə geniş yayılmışdı. Tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunurdu. Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi, müasir dövrümüzdə də aktualdır. İnsan orqanizminə, səhhətə, sağlamlığa, mənəviyyata ən sağalmaz zərbələr vuran, yaranan narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi, qədim zamanlarda da ən xoşagəlməz, ən çirkin və ikrahedici vərdişə çevrilmişdir.

Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehsalçılarının acınacaqlı vəziyyətini görən zaman bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlayır, hətta Hindistanı gəzən bir alim tiryəkdən asılılığı belə şərh edir:"Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir".
XIX əsrdə Fransada "Həşişçilər məclisinin" üzvü şair Şarl Bodler "Süni cənnət" əsərində asılı olduğu "ağ sərxoşluq" mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq, belə təsvir edir: "Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar, ya yox: lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan həşiş, digəri isə əndazə bilməyən iblisdir".
Lev Tolstoy isə deyirdi: "Mən dünyada iki böyük bədbəxtlik tanıyıram: bunlardan biri vicdan əzabı, o biri də sağalmaz xəstəlik olan narkomaniyadır".

Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. İyirminci yüz illiyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqlarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilmişdir.

   




İnsanlar narkomaniya adlanan tora necə düşürlər?


Narkotika nədir? Əhali, xüsusilə yurdumuzun gələcək qurucuları olan gənc nəsil onun törədə biləcəyi faciələri daha dərindən dərk etsin deyə bu barədə qısa da olsa söz açmaq istəyirik. Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur. Narkotik maddələrin çoxu qana şprislə ötürüldüyündən və narkoman qrupları daxilində eyni iynədən istifadə edildiyindən onların müxtəlif xəstəliklərə yoluxma halları daha asanlıqla baş verir. Narkotikanın ən çox yayılmış növləri xaş-xaş, kokain, nəşə, metazon, tiryək, marixuana və heroindir. Ən geci saat yarımdan sonra tədricən öz təsirini göstərməyə başlayan bu narkotik maddələri bir-iki dəfə qəbul etdikdən sonra insan onlara öyrəşir, vaxtı çatanda qəbul etmədikdə bədəndə dəhşətli ağrılar başlayır. Hətta bəziləri narkotik maddə tapa bilmədiklərindən, ağrılara dözməyib özlərinə qəsd etmək məcburiyyətində qalırlar. Nəşə psixi xəstəliklər yaratdığından və narkomanlarda qorxu sindromu çox olduğundan onlar daim qaçıb insanlardan uzaqlaşmağa çalışırlar.

Narkotik maddə təkcə onu qəbul edən adamı məhv etmir, onun ailə üzvlərinin də sağlamlığına mənfi təsir göstərir. Onların uşaqları fiziki və psixi çatışmazlıqlarla dünyaya gəlirlər. Son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr xüsusilə təhlükəlidir. Çünki o, insanı asanlıqla özünə alışdırır, tezliklə əridib çöpə döndərir və tədricən ölüm yatağına doğru sürükləyir. Ölümün sindromu olan  narkomaniya ilə mübarizə aparmaq o qədər də asan məsələ deyil. Narkotik maddə alverçiləri bir növ "ölüm kabusları"dır. Onlar əsasən uşaqların və gənclərin cəmləşdiyi yerlərdə olur, pul qazanmaq xatirinə həmin məhsulları təklif etməklə, onları ölümə aparan bu pis vərdişə alışdırmağa çalışırlar. Pulunu da əvvəlcədən yox, çox vaxt onları bu ağır xəstəliyə düçar etdikdən sonra istəyirlər. Təzə narkoman da maddi cəhətdən imkansız olduğundan xərci ödəmək və yeni narkotik maddə almaq üçün hətta oğurluq yoluna qədəm qoymaq məcburiyyətində qalır.

Böyük Fransız təbibi Fransua Moriakın dediyi kimi, "narkomaniya insanın öz ölümündən həzz almasıdır". Narkomanlar özlərini bilə-bilə ölüm adlı kabusun qoynuna atanlar zümrəsidir. Onların arasında QİÇS-ə yoluxanların 70 faizi venadaxili narkotiklərdən istifadə edənlərdir. Hətta narkotiklərdən burun vasitəsilə bir dəfə, yalnız bircə dəfə istifadə ildırım sürətli ölümlə nəticələnə bilər. Narkotiklərdən venadaxili istifadə edənlərin çoxu Hepatit-C virusu ilə yoluxurlar ki, bu da çox təhlükəli və qarşısı heç bir qüvvə ilə alına bilməyəcək bir xəstəlikdir. Onun klinik simptomları axırıncı mərhələdə özünü büruzə verdiyindən müalicəsi effektli olmur və ölümlə nəticələnir. Narkoman narkotik maddə əldə etmək üçün istənilən cinayəti törətməyə hazır olur. Narkotiklərin əksəriyyəti gənc ikən dünyasını dəyişir. Bəziləri, xüsusilə İİV-ə (insanda immunçatışmazlığı virusuna) və ya Hepatit-C-yə yoluxanlar uzun müddət müalicə alsalar belə, ailələri və cəmiyyət ücün ağır bir yükə və üz qaralığına çevrilirlər. Narkotik aclığı zamanı orqanizmdə baş verən dəyişikliklər əsasən əzələlərin gərilməsi ilə müşahidə olunur. Həmin gərginliyin ilk əlaməti sümük ağrılarıdır. Sonra yuxulu durum başlanır, əhval dəyişir, bədən daxilindəki ətraf ərazilərdə ağırlaşmalar, ağızda quruluq yaranır, orqanizm istiliyə düçar olur. Daha sonra ürəkbulanma, qusma, əsnəmə, hərarət, yuxusuzluq və ən əsası, nəyin bahasına olursa-olsun, yenidən oriat (morfin və heroin) qəbul etmək istəyi... Tiryəkdən istifadə edənlər adətən tənəffüsün qəfil dayanmasından dünyasını dəyişirlər. "Xalis mal", yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, insan zəhərin təsirindən dərhal dünyasını dəyişə bilər. Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş-beyin zədələnir və bununla da həmin şəxs şikəstlik əzabına düçar olur. Belə halda insan düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu dəhşətli vəziyyət illərlə davam edə bilər. Çünki o, müalicəsi mümkün olmayan bir xəstəlikdir.

Narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğan "ağ ölüm"dür. Narkomaniya yunan sözüdür. "Narko" donub qalmaq, "maniya" psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir ki, onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sual işarəsinə dönüb. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya əhalisinin 250 milyonu  planetimizin ən qlobal problemlərindən birinə çevrilən, insanları ölümün ağuşuna atan, genofonda sarsıdıcı zərbələr endirən bu ağır bəlanın əzabını yaşamaqdadır ki, onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına düşür.

Bu gün təkcə Meksikada narkomanların sayı 1 milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada 750 minə yaxın insan narkotik maddələrdən istifadə nəticəsində  əlləri ilə öz bədən əzalarına ölüm hökmü yazmaqdadır. MDB və Asiya ölkələri də Qərbdən geri qalmır. Bu gün orada 26 milyondan çox insan həmin "ağ ölüm"ün iti caynaqlarında çırpınmaqdadır.

Azərbaycan Respublikasının narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçirdiyi tədbirlər
  Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Etiraf etmək lazımdır ki, narkomaniya bizə SSRİ dövründən miras qalıb. O vaxt dövlət bu ağır problemin cəmiyyətdə mövcudluğunu hər vasitə ilə ört-basdır etməyə çalışdığından, narkotiklərlə bağlı cinayətlər haqqında rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxladığından müalicəsi çox çətin olan bu xəstəliyin get-gedə yayılıb kök atmasına səbəb olmuşdu

Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdu.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramın”da bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi vəzifə kimi aidiyyəti orqanlara tapşırılmışdır.”Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dovriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” bu istiqamətdə həyata keçrilməli olan kompleks tədbirləri müəyyən etmişdir. Dövlət rəhbərliyi tərəfindən bu sahədə qarşıda qoyulmuş vəzifələrin həlli məqsədilə Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə çərçivəsində ardıcıl tədbirlər həyata keçirir, sağlam həyat tərzinin təbliği sahəsində məqsədyönlü fəaliyyətini davam etdirir.

Gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində maarifləndirmə tədbirləri xüsusi əhəmiyyət kəsb edir. Narkomaniyaya qarşı mübarizə məqsədilə təşviqat aksiyaları, mədəni-kütləvi tədbirlər, müsabiqələr, festivallar təşkil olunur. Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı yönəlmiş kütləvi idman yarışları keçirilmişdir. Narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində, xüsusilə sosial şəbəkələrdə təbliğat aparılması səmərəli və önəmli vasitəyə çevrilmişdir. Bu sahədə həm nazirlik, həm də gənclərin qeyri-hökumət təşkilatları tərəfindən görülən işlər mütəmadi olaraq sosial şəbəkələrdə təbliğ edilir. Narkomaniyaya qarşı mübarizə sahəsində atılan addımlar öz müsbət nəticələrini verməkdədir.

Azərbaycanda 2017-ci ilin rəsmi statistikasına əsasən, qeydə alınan narkotik istifadəçilərinin sayı 30 min nəfərdən artıqdır. Onlardan 25.139-u dispanser, 4.992-si profilaktik, 1.031 nəfəri isə anonim qeydiyyatda olanlardır. Təəssüf ki, onların arasında gənclərin də sayı çoxdur. Belə ki, ölkə üzrə narkotik istifadəçilərinin 1.566 nəfəri 18-24, 4.225 nəfəri 25-29, 4.463 nəfəri 30-34 yaşında olanlardır. Təəssüf ki, bu bəlaya qurşananlar arasında 15-17 yaşında olan yeniyetmələr də var. Azərbaycanda narkomaniya ilə mübarizə, qanunsuz narkotik dövriyyəsinin və narkotikadan istifadə hallarının qarşısının alınması daim aidiyyəti dövlət qurumlarının diqqət mərkəzindədir. Bu problemlə mübarizənin gücləndirilməsi üçün respublikamızda qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilib.

Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı 36 qanun, Azərbaycan Respublikası Prezidentinin 13 fərmanı, 53 sərəncamı, Nazirlər Kabinetinin 23 qərarı, 5 sərəncamı, o cümlədən Ali Məhkəmənin plenimunun qərarları qəbul edilib. Hazırda Prezident İlham Əliyevin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Harkotik, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlıt Proqramı” icra olunmaqdadır.

İxtisasartırma institutlarında məktəb psixoloqlarının hazırlığı proqramına “Yeniyetmə və gənclərin böyüklərlə qarşılıqlı münasibəti və narkomaniyaya qarşı mübarizədə onların nəzərə alınması”, “Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri” mövzuları daxil edilib. Ümumtəhsil məktəblərində “Sağlam gələcək naminə ağ ölümə yox deyək”, “Azərbaycan gəncləri narkotiklərə yox deyir”,” Gələcəyimizi bir yerdə düşünək, narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzularında maarifləndirici tədbirlər təşkil olunur. “Narkomaniyaya yox deyək”, Narkomaniya böyük bəladır”, “Narkomaniya sağlamlığımıza zərbədir”, “Gəncliyimizi qoruyaq” kimi çağırışlar özündə böyük problemlərin həllini tapır. Keçirilən aksiyalar, elmi-praktiki konfranslar, kütləvi idman tədbirləri və s. Gənclərin və yeniyetmələrin sağlam ruhda öz gələcəyini qurmasına, heç bir təsirə düşmədən düzgün seçim etmələrinə, müstəqil dövlətin vətəndaşları olaraq öz potensial imkanlarını ölkənin gələcəyi üçün təhsillərini lazımi səviyyədə almalarına, elmin sirlərinə dərindən yiyələnmələrinə öz müsbət təsirini göstərir.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.

Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir.

Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.

  Aydın məsələdir ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkotizmin vəziyyəti və narkotik vasitələrin ümumi çəkisi rəsmi qaydada aşkar edilmiş cinayətlərdən və müsadirə edilmiş narkotiklərdən başqa, təqribi hesabalamalara da əsaslanır. Bu rəqəmlərin dolğun olması üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına nail olunur, daha sonra isə real əməliyyat şəraitinə uyğun tədbirlər keçirilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Bir Azərbaycan vətəndaşı olaraq müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Azərbaycan müstəqil bir dövlət kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Təbii ki, bu xatırlatmamız səbəbsiz deyil. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. Qeyd etidyimiz kimi, narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb edən prosesdir. Ölkənin maliyyə imkanlarının artırılması üçün isə təbii ki, iqtisadi qüdrət artırılmalıdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün əsasını qoyduğu neft strategiyası bu gün də uğurlarımızın davamlılığına zəmin yaradır. Azərbaycan çox qısa zamanda iqtisadi qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı daha da artdı. Bir əsas məqam da hər zaman önə çəkilir ki, ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi mütləqdir. Bunun üçün ayrı-ayrı sahələr üzrə Dövlət Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur.

Azərbaycan "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkotizmlə və narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq  ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

  Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir.

  İnsan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar.

 Bu gün torpaqlarımızın 20 faizdən çoxunun işğal altında olması narkomanlıqla mübarizədə bəzi çətinliklər törədir. İşğal altında olan Azərbaycan ərazilərində - Dağlıq Qarabağda və ona bitişik bölgələrdə narkotiklərin yetişdirilməsi və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır. Bu fakt işğal altında olan torpaqlarımızın nəzarətsiz zona olduğunu təsdiqləməklə yanaşı, Ermənistanın terroru dəstəkləyən, terror təşkilatlarının fəaliyyətinə geniş meydan açan ölkə olduğuna işıq salır. Təsdiqlənmiş faktdır ki, Ermənistan ordusunun zabitləri işğal altında olan Azərbaycan torpaqlarında yetişdirdikləri narkotik maddələrin transferi nəticəsində maddi vəziyyətlərini yaxşılaşdırırlar.

Dövlət başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu bəyan etmişdir. Azərbaycan dövlətinin uğurlu siyasəti Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllini tapacağına inamı artırır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin dayanıqlı inkişafı bu və ya digər problemlərin həllini təmin edəcək.

Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə əhalinin məlumatlandırılması istiqamətində aparılan təbliğat işlərinin gücləndirilməsində də məqsəd beynəlxalq səviyyədə həyata keçirilən narkomanlığa qarşı mübarizədə Azərbaycanın fəallığını təmin etməkdir. Hüquq mühafizə, gömrük orqanlarının bu sahədə apardıqları mübarizə tədbirləri nəticəsində ölkəyə qeyri-qanuni, qaçaqmalçılıq yolları ilə gətirilən xeyli miqdarda narkotik maddələrin müsadirə olunaraq zərəsizləşdirilməsi istiqamətində mübarizə tədbirləri davamlı olaraq diqqətdə saxlanılır. Bir sözlə, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

Respublikamız imperiya çəpərlərini dağıdıb öz müstəqilliyinə qovuşduqdan sonra bu ölüm kabusu ilə mübarizədə dövlət orqanlarıyla  yanaşı, içtimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır. Mütəxəssislərin fikrincə, narkotik ticarətçiliyi neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə "narkomaniyanın vətəni" adlanan Əfqanıstanda onun meydanının ilbəil genişlənməsinə səbəb də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın inkişaf sürətini vaxtında sədləyə bilməsə, o, yaxın gələcəkdə böyük içtimai faciələrə gətirib çıxara bilər. Bu gün narkomaniya və narkobiznes təkcə ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil, dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır. Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür və bu pul xalqların  həyat səviyyəsinin yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə deyil, yeni müharibə və münaqişə oçaqlarının, nüvə bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur. Həm də narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar bəşəri qanunlar qəbul etmiş superdövlətlərin gözləri qarşısında.

Bu gün Dağlıq Qarabağda və Azərbaycanın işğala məruz qalmış digər ərazilərində onlarca narkotik laboratoriya fəaliyyət göstərməkdədir. Azərbaycanın silahlı münaqişə şəraitində olan nəzarətsiz ərazilərindən hər il Rusiyaya və Avropa ölkələrinə on tonlarla narkotik maddələr daşınır.

XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya, sazişlərə qoşulmuşdur

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən, artıq 31 ildir ki, dünya əhalisi 26 iyunu "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü" kimi qeyd etməkdədir. Ayrı-ayrı dövlətlər narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını  təkmilləşdirmək sahəsində səylərini artırıb, insanları sağalmaz xəstəliklərə dücar edıb, onları son nəticədə aqressivliyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxaran bu faciə sindromuna qarşı istər fərdi şəkildə, istərsə də beynəlxalq əməkdaşlıq çərçivəsində mübarizə aparsalar da, dünya üzrə narkomaniya adlı bu cəhənnəm əzabına  düçar olanların sayı ilbəil artmaqdadır.

Yer kürəsində mövcud olan 11 iqlim qurşağından 9-nun Avropa ilə Asiya qitəsinin  qovuşağında yerləşən Azərbaycan ərazisindən keçməsi, burada səhra, yarımsəhra, mülayim, subtropik, kontinental və digər iqlim şəraitlərinin mövcudluğu ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib-becərilməsinə, həm də yabanı halda bitməsinə şərait yaradıb. Məsələn, xaşxaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u yabanı halda yetişir. Azərbaycan imperiya əsarətindən qurtulub müstəqilliyə qovuşduqdan və digər ölkələrlə əməkdaşlığı genişləndirdikdən sonra narkotik vasitələrin yayılması, çirkli pulların yuyulması üçün kriminal strukturlar qarşısında geniş üfüqlər açıldı. Beynəlxalq narkosindikatlar narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya daşınmasında Azərbaycanı tranzit əraziyə  çevirmək cəhdində oldular. Həmçinin Ermənistan-Azərbaycan, Daqlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərdi. Torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalması, Azərbaycanın İranla dövlət sərhədinin 132 kilometrinin Ermənistan hərbi birləşmələrinin əlində olması işğalçı dövlətin həmin əraziləri transmilli cinayət üçün nəzarətsiz zonaya çevirmələrinə,  hər il orada min tonlarla narkotik maddə yetişdirib Avropa və Qara Dəniz hövzəsi ölkələrinə ixrac etmələrinə və silah qaçaqmalçılığı ilə məşğul olmalarına geniş şərait yaradıb. Azərbaycan 1998-ci ildə BMT-nin "Narkotik vasitələr haqqında" 1961-ci il və "Psixotrop maddələr haqqında" 1971-ci il konvensiyalarına da qoşulmuş, Milli Məclisin 18 iyun 1999-cu il tarixdə qəbul etdiyi Azərbaycan Respublikasının qanununa müvafiq olaraq, ölkəmizdə narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının  və xammalın hazırlanması qadağan edilmişdir

Dünyanın başı üstündə dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən o müdrik şəxsiyyətin 1996-cı il avqustun 26-da "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında"  imzaladığı fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Həmin fərman əsasında 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlanmış, həmin bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradılmışdır.

Ulu öndərin15 iyul 2000-ci il tarixli fərmanı ilə 2000-2006-cı illərədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə daha bir Milli Proqram qəbul edilmiş, bu proqramın tələblərindən irəli gələn məsələlərin həlli, həmçinin aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır. Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi. 2011-ci il oktyabrın 17-də BMT-nin dəstəyi ilə "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda paytaxtımızda keçirilən ikigünlük beynəlxalq konfrans da bu cəhətdən böyük əhəmiyyət kəsb etmişdir.

Narkotizmlə və narkobizneslə mübarizə hər şeydən öncə ölkəmizin ərazi bütövlüyünün qorunması, onun suverenliyinin bərpası, cəmiyyətin sağlamlığının, dinclik və əmin-amanlığının mühafizəsi zərurətindən irəli gəlir. Çünki narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir.

Bu sahədə ölkəmizdə  normativ hüquqi baza da yaradılıb, müvafiq təşkilati strukturlar da, milli proqramlar da. Artıq 30 ilə yaxındır ki, Azərbaycan  narkotizmin Yer kürəsində yayılmasının qarşısının alınmasına dair BMT-nin üç bəşəri konvensiyası ətrafında dünya ölkələri ilə sıx əməkdaşlıq şəraitində, vahid əqidə bayrağı altında birləşərək yeni mübarizə metodları hazırlamaqda, bəşər sivilizasiyasını lərzəyə gətirən bu ölüm kabusunun qarşısının alınmasında birgə səy, hünər və əzmkarlıq nümayiş etdirməkdədir. Narkotizmlə mübarizə uzunmüddətli və çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir proses olsa da, öz ictimai təhlükəliliyi ilə fərqlənən, həmişə gizli şəraitdə baş verdiyi üçün ictimai nəzarətdən kənarda qalıb durmadan artan bu cinayətkar prosesə qarşı səylə mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsinə çevrilməli, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artmasının  qarşısı qətiyyətlə alınmalıdır.




Yüklə 311,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin