Azərbaycan respublikasi prezidentinin



Yüklə 15,31 Kb.
tarix02.07.2018
ölçüsü15,31 Kb.
#55574


AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ
SƏRƏNCAMI
Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında

Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub respublikamızın bütün bölgələrini əhatə edir.

Ölkəmizdə muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus yol keçmişdir. Azərbaycan hökmdarlarının saraylarında, məbədlərdə, həmçinin digər tikililərdə mədəniyyət tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri mühafizə edilmişdir. Tarixi və bədii əhəmiyyət daşıyan eksponatların mühüm bir qismi sonrakı dövrlərdə əsas etibarilə şəxsi kolleksiyalarda toplanmışdır. Eyni zamanda, tarixən regionda baş vermiş geosiyasi hadisələr nəticəsində Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin unikal nümunələri yüksək estetik dəyərə malik əsl sənət möcüzələri kimi dünyanın ən məşhur muzeylərinin daimi eksponatları sırasında yer almışdır.

XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai-siyasi, mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaradılmasına başlanmışdır. İlk belə muzeylərdən biri görkəmli maarifpərvər yazıçı Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur.

Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərmişdir. Maddi mədəniyyət nümunələrinin, müxtəlif nadir əlyazma və sənət əsərlərinin toplandığı bu muzeyin müvafiq şöbələri əsasında 1930-cu illərdə artıq bir neçə muzey yaradılmışdır.

Sonrakı illər ərzində Azərbaycanda yeni muzeylər fəaliyyətə başlamışdır. Bu muzeylərdə davamlı olaraq ekspozisiyalar yaradılmış, mövcud ekspozisiya və fondlar isə zənginləşdirilmişdir. Ötən əsrin 70-ci illərindən etibarən respublikada muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almış və yüzdən artıq muzey yaradılmışdır. Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri təşkil edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi respublikamızda muzeylərin inkişafına ağır zərbə vurmuşdur. Erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalan ərazilərimizdəki tarix-memarlıq abidələri, xatirə-memorial komplekslər və muzey-qoruqlar dağıdılmış, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarları bütünlüklə qarət edilmişdir.

Son illər sürətli yüksəliş dövrü yaşayan ölkəmizdə milli mədəni sərvətlərin qorunması və gələcək nəsillərə çatdırılması işinə lazımi diqqət göstərilir. Respublikanın artan iqtisadi potensialı əsasında yüksək inkişaf tempinə uyğun olaraq, mədəniyyət sahəsində ardıcıl mühüm işlər aparılır, bir sıra mədəniyyət ocaqları yaradılır, mövcud mərkəzlər üçün isə yeni binalar inşa olunur.

Azərbaycanda bu gün muzey işinin inkişaf etdirilməsi istiqamətində lazımi tədbirlər görülür. Hazırda Azərbaycan Tarixi və Azərbaycan Ədəbiyyatı muzeylərində əsaslı yenidənqurma və təmir-bərpa işləri aparılır. Regionlarımızda muzeylər şəbəkəsinin inkişafında nəzərəçarpan irəliləyiş əldə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" 2006-cı il 18 dekabr və "Müasir İncəsənət Muzeyinin yaradılması haqqında" 2006-cı il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın təzahürüdür.

Bununla yanaşı, ölkə muzeylərinin mövcud vəziyyəti bu sahədə təxirəsalınmaz əlavə tədbirlərin həyata keçirilməsi zərurəti doğurmuşdur. Bir çox muzeylərin yerləşdiyi Muzey Mərkəzinin hazırkı mənzərəsi onun son dərəcə ciddi təmirə ehtiyacı olduğunu göstərir. Qırx il əvvəl dünyada ilk dəfə olaraq Bakıda yaradılan, unikal eksponatlarla zəngin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi müasir beynəlxalq standartlara cavab vermir.

Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq, elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikilməsi üçün Bakı şəhərində müvafiq sahənin ayrılması və tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki:

3.1. Muzey Mərkəzinin təmiri və yenidən qurulması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Dövlət İncəsənət Muzeyinin əsaslı təmirindən sonra həmin muzeydə, Azərbaycan Rəssamlar İttifaqının rəyi nəzərə alınmaqla, yeni ekspozisiyaların yaradılması ilə bağlı təkliflərini 2007-ci ilin sentyabr ayına qədər Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Azərbaycanda muzeylərin fəaliyyətinin muzey işinin müasir prinsipləri əsasında dünya standartlarına müvafiq olaraq yenidən qurulmasını və muzey ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 6 mart 2007-ci il
Yüklə 15,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin