“Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyi



Yüklə 14,08 Kb.
tarix27.12.2018
ölçüsü14,08 Kb.
#86526


“Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsinə dair rəy Palatanın Kollegiya iclasının 16 iyun 2010-cu il tarixli Q-42 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Rəydə qeyd edilmişdir ki, qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin aradan qaldırılması üçün dünya ölkələri və beynəlxalq maliyyə institutları tərəfindən görülmüş tədbirlər iqtisadi resessiyanın nisbətən səngiməsinə səbəb olmuşdur ki, bu da dünya neft bazarında qiymətlərin sabitləşməsinə şərait yaratmışdır. Bütün bunlar ölkəyə daxil olan maliyyə resurslarının həcmini əhəmiyyətli dərəcədə artırmışdır. Rəydə göstərilmişdir ki, bu resurslardan daha məhsuldar istifadənin təmin olunması və həmin resursların ölkədə mövcud olan sosial-iqtisadi problemlərin həllinə yönəldilməsi öz növbəsində büdcə vasitəsilə dövlət vəsaitlərinin yenidən bölgüsünün həyata keçirilməsini zəruri edir.

Rəydə həm 2009-cu ilin nəticələrinə, həm də 2010-cu ilin yanvar-aprel aylarının yekunlarına əsasən makroiqtisadi göstəricilər üzrə ölkə iqtisadiyyatında inkişaf meyllərinin və makroiqtisadi sabitliyin qorunub saxlanıldığı, bu göstəricilər üzrə faktiki nəticələrin proqnoz göstəricilərini əsasən üstələdiyi nəzərə alınaraq, 2010-cu ilin dövlət büdcəsinin ilkin proqnoz parametrlərinin dürüstləşdirilməsinə zərurət yarandığı xüsusi vurğulanmışıdır.

Rəydə Palata dövlət büdcəsinin gəlir və xərclərinin təsdiq edilmiş proqnozunun artırılmasını, şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğlərin azaldılmasını və bunun müqabilində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin artırılmasını, habelə icmal büdcənin xərclərinin yuxarı həddinin və Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsirinin artırılmasını əsaslı yanaşma hesab etmişdir.

Layihədə dövlət büdcəsi gəlirlərinin tərkibində hüquqi şəxslərin mənfəət vergisi, əlavə dəyər vergisi (ƏDV) və Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmaların artırılması nəzərdə tutulmuşdur ki, bu da müsbət hal kimi dəyərləndirilmişdir.

Rəydə bu daxilolmaların artımının müvafiq olaraq əsasən xam neftin satış qiymətinin və neft hasilatının pay bölgüsü haqqında saziş üzrə podratçı tərəflərin mənfəət vergisi üzrə proqnozunun cari ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə artırılması, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə təmin olunan ƏDV (ölkə daxilində istehsal olunan mal, iş və xidmətlərə görə ƏDV) üzrə daxilolmaların artması və xam neftin 1 barelinin qiymətinin artımla proqnozlaşdırılması ilə əlaqədar olduğu qeyd edilmişdir.

Layihədə dövlət büdcəsi xərclərinin dürüstləşdirilmiş proqnozu ilkin proqnoza nisbətən əhəmiyyətli dərəcədə artırılmış və əsas artımlar “Sənaye, tikinti və faydalı qazıntılar”, “Əsas bölmələrə aid edilməyən xidmətlər” və “İqtisadi fəaliyyət” bölmələrində nəzərdə tutulmuşdur ki, bu da rəydə ölkəmizin yerləşdiyi geosiyasi vəziyyətə uyğun olaraq, onun müdafiə qabiliyyətinin daha da artırılması və təhlükəsizliyinin təmin edilməsi, ölkənin nəqliyyat infrastrukturu üzrə müvafiq layihələrin başa çatdırılması, sahə inkişaf proqramlarında və dövlət investisiyaları sahəsində siyasətin əsas istiqamətləri kimi müəyyən edilən prioritetlərin həyata keçirilməsi, istehsal və sosial infrastruktur layihələrinin, müxtəlif istiqamətli proqramların, dövlət əhəmiyyətli sosial obyektlərin, iqtisadiyyatın inkişafına əhəmiyyətli təsir göstərə biləcək tikinti və nəqliyyat qurğularının və s. bərpası, yenidən qurulması, tikintisi, genişmiqyaslı abadlıq-quruculuq işlərinin yerinə yetirilməsi, habelə 2010-cu ilin may və iyun aylarında respublikanın Kür, Araz və digər çaylarının daşması nəticəsində  baş verən təbii fəlakət zamanı bir sıra yaşayış məntəqələrinə, infrastruktur obyektlərinə, iqtisadiyyatın müxtəlif sahələrinə və əhaliyə dəymiş ziyanın dövlət büdcəsi hesabına ödənilməsi baxımından müsbət hal kimi dəyərləndirilmişdir.

Rəydə göstərilmişdir ki, idarəetmə və hüquq-mühafizə xərcləri üzrə artım əsasən dövlət qulluqçularının sosial təminatı nəzərə alınmaqla əmək haqqı və əmək haqqına üstəlik xərclərə yönəldilməklə yanaşı, müasir tələblərə cavab verən iş şəraitinin təmin edilməsi və silahlı birləşmələrin müasir tələblərə cavab verən maddi-texniki vasitələrlə təchizatı və tikinti-quruculuq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulmuşdur.

Elm və təhsil xərclərinin artırılması bu sahələr üzrə elmin müasir tələblər səviyyəsində inkişafı, elmi-texniki fəaliyyətin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması, elmin maliyyələşmə mexanizminin təkmilləşdirilməsi, həmçinin elm müəssisələrinin maddi-texniki təminatının yaxşılaşdırılması, ali təhsil mərhələsində əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin edən əsas şərtlərdən biri kimi dəyərləndirilmişdir.

Rəydə səhiyyə və mədəniyyət xərcləri üzrə nəzərdə tutulan artımların bu sahədə dövlət proqramlarında qarşıya qoyulmuş məqsəd və vəzifələrin icrasının sürətləndirilməsi və maliyyə təminatının yaxşılaşdırılması, habelə elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları xərclərinin ödənilməsinə yönəldilməsi təqdirəlayiq hal kimi dəyərləndirilmişdir.

Rəydə mənzil və kommunal təsərrüfatı, həmçinin kənd təsərrüfatı xərclərində nəzərdə tutulmuş dəyişikliklərin əsasən küçələrin işıqlandırılmasına yönəldilən vəsaitlərin azaldılması, kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin artırılması və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının gücləndirilməsi istiqamətinə yönəldilməsi müsbət hal kimi qeyd edilmişdir.

Hesablama Palatası göstərilənləri, habelə dünyada mövcud olan qeyri-müəyyənlik şəraitində iqtisadi artımın dayanıqlılığının qorunub saxlanılması hesabına ölkənin malik olduğu maliyyə resurslarından səmərəli istifadə olunması və onun əhalinin həyat səviyyəsinə təsirinin artırılması, zəruri infrastruktur layihələrinin həyata keçirilməsi, respublikanın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, respublikada baş vermiş təbii fəlakətin nəticələrinin qısa zaman kəsiyində və effektiv şəkildə aradan qaldırılması, iqtisadi potensialın imkanlarının büdcəyə cəlb edilməsi və yenidən bölüşdürülməsi və bütövlükdə iqtisadi siyasətin uğurla davam etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanun layihəsinin qəbul olunmasını məqsədəuyğun hesab etmişdir.




Yüklə 14,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin