Azərbaycan Respublikasının Təhsil Qanunu



Yüklə 178,46 Kb.
səhifə1/2
tarix17.12.2017
ölçüsü178,46 Kb.
#35117
  1   2



Azərbaycan Respublikasının Təhsil Qanunu

Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və üstün inkişaf etdirilən fəaliyyət sahəsidir. Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır.

Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır.

Təhsil sistemi qarşısında duran vəzifələr Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına, Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa və müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir.

Təhsil Qanunu təhsil sisteminin ümumi əsaslarını müəyyən edir.

I bölmə. Ümumi müddəalar

Maddə 1. Təhsil qanunvericiliyi və onun vəzifələri

1. Təhsil qanunvericiliyinə daxildir: həmin Təhsil Qanunu; ona müvafiq olaraq Azərbaycan Respublikasında verilmiş digər təhsil qanunvericiliyi aktları; Azərbaycan Respublikası tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasında həmin Təhsil Qanunu əsasında qəbul edilmiş qanunvericilik aktları.

Təhsil Qanunu Azərbaycan ərazisində olan bütün təhsil müəssisələrinə, müvafiq orqan və təşkilatlara şamil edilir. Azərbaycanın təhsil sistemi həmin Qanun əsasında fəaliyyət göstərir.

Təhsil qanunvericiliyini pozanlar qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

2. Təhsil qanunvericiliyinin vəzifələri aşağıdakılardır:


    • təhsil sahəsində dövlət siyasəti prinsiplərinin müəyyən edilməsi;

    • təhsil sisteminin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün hüquqi təminat yaradılması;

    • hüquqi şəxslər və təhsil subyektlərinin hüquq və vəzifələrinin, səlahiyyət və məsuliyyətinin müəyyən olunması;

    • vətəndaşların təhsil haqqında konstitusiya hüquqlarının təmin olunması və müdafiəsi.

Maddə 2. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri

Azərbaycan Respublikası fasiləsiz təhsil sistemi yaratmaq siyasəti yeridir. Dövlətin təhsil siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

Hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması; bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamıya bərabər şərait yaradılması; təhsilin demokratikləşdirilməsi və dövlət-ictimai xarakter daşıması; təhsil müəssisələrinin müstəqilliyinin artırılması; təhsilin humanistləşdirilməsi; ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının, şəxsiyyətin azad inkişafının üstün tutulması; təhsilin humanitarlaşdırılması; təhsildə milli zəminin və bölgə komponentinin gücləndirilməsi; təhsilin fərdiləşdirilməsi və differensiallaşdırılması; təhsilin məzmununun inteqrasiya edilməsi; təhsilin elmi-dünyəvi xarakter daşıması; elm, istehsalat, xarici ölkələrin təhsil müəssisələri və orqanları ilə sıx əlaqə; təhsil müəssisələrinin partiyalardan, ictimai-siyasi və dini təşkilatlardan, hərəkatlardan asılı olmaması; təhsildə azadlıq və plüralizm; yaradıcılıq; tamlıq; varislik; çeviklik; təhsilin dünya standartları səviyyəsində olması.

Maddə 3. Vətəndaşların təhsil hüquqları

1. İrqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, yaşından, səhhətindən, sosial-maddi vəziyyətindən, fəaliyyət sahəsindən, ictimai mənşəyindən, yaşayış yerindən, dinə münasibətindən, siyasi əqidəsindən, həmçinin üzərində məhkumluğun olmasından asılı olmayaraq, vətəndaşların təhsil hüququna təminat verilir.

Müəyyən peşələr və ixtisaslar üzrə hökumət tərəfindən yaş həddinə, habelə cinsə, sağlamlığa, mühakimə olunmaya görə məhdudiyyətlər qoyula bilər.

Dövlət, mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir.

2. Dövlət təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər. Həmin təhsil müəssisələrində əlavə pullu təhsil qrupları da yaradıla bilər.

3. Vətəndaşların təhsil formasını, təhsil müəssisəsinin və təlim dilini seçmək azadlığı təmin olunur.

4. Sosial müdafiəyə və yardıma ehtiyacı olan vətəndaşların təhsil hüququnu təmin etmək məqsədilə dövlət onların təhsil xərcini qismən, yaxud bütünlüklə öz üzərinə götürür.

5. Pullu təhsil müəssisələrində təhsil alan aztəminatlı vətəndaşlara eyni növdən və tipdən olan dövlət təhsil müəssisələrinin normativləri əsasında dövlət tərəfindən ödənc verilir.

6. Dövlət xüsusi istedada malik olan və sosial yardıma ehtiyacı olan şəxslərin respublikada və ya xaricdə təhsil ala bilməsi üçün tam şərait yaradır.

7. Dövlət ali məktəb tələbələrinə təhsilini başa vurduqdan sonra beş il müddətində ödəmək şərtilə kredit verə bilər.

8. Vətəndaşlar təhsil müəssisələrinin proqramlarını sərbəst surətdə öyrənib ekstern yolu ilə imtahanlar verərək müvafiq təhsil sənədi (ali təhsilin birinci — bakalavr pilləsi də daxil olmaqla) almaq hüququna malikdirlər.

9. Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin məzunları yuxarı pillədən olan növbəti təhsil müəssisəsinə qəbul olunarkən bərabər hüquqa malikdirlər.

Maddə 4. Təhsil prosesi və ictimai-siyasi fəaliyyət

1. Təlim-tərbiyə prosesi pozulmazdır. Siyasi partiyalar, ictimai-siyası cəmiyyətlər və təşkilatlar, dini və digər qurumlar təhsil müəssisələrinin fəaliyyətinə və təlim-tərbiyə prosesinə müdaxilə edə bilməzlər.

2. Təhsil işçisinin konstitusiya çərçivəsində fəaliyyət göstərən hər hansı partiyanın, habelə digər ictimai-siyasi və ya dini təşkilatın üzvü olması onun pedaqoji fəaliyyətinə mane ola bilməz.

3. Yetkinlik yaşına çatmayanların siyasi aksiyalara cəlb olunmasına yol verilmir.

4. Təhsil müəssisələrində və təhsil orqanlarında siyasi partiyaların, ictimai-siyasi hərəkatların təşkilat strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Maddə 5. Təhsil və din

Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır.

Dünyavi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər.

Maddə 6. Təhsil dili

1. Azərbaycan Respublikasının təhsil müəssisələrində təlim dili Azərbaycan dilidir.

2. Cəmiyyətin tələbinə, vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin arzusuna müvafiq olaraq müəyyən təlim-tərbiyə müəssisəsi bazasında, dövlət standartları çərçivəsində, mütləq Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı və Azərbaycan coğrafiyası da tədris olunmaqla azsaylı xalqların dillərində, həmçinin xarici dillərdə də təhsil aparıla bilər.

3. Təhsil dili seçmək hüququ müvafiq qaydada siniflər, qruplar açılması və onların fəaliyyəti üçün şərait yaradılması yolu ilə təmin edilir.



Maddə 7. Dövlət təhsil standartları

Azərbaycan Respublikasında dünya standartlarına müvafiq olan dövlət təhsil standartları tətbiq edilir. Dövlət standartları müxtəlif tipli tədris müəssisələri haqqında Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş xüsusi əsasnamələrlə müəyyən edilir və həyata keçirilir.



Bu funksiyanı həyata keçirmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyası yaradılır. Komissiya haqqında əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Maddə 8. Təhsil haqqında sənəd

1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsinini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir.



II bölmə. Təhsil sistemi

Maddə 9. Təhsil sistemi və onun başlıca vəzifəsi

Təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının məcmusundan, onları həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir.

Təhsil sisteminin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, praktiki hazırlığa, yüksək mədəniyyətə, məsuliyyət hissinə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmaq, soykökünə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə bağlı olan, xalqının milli, əxlaqi, humanist, mənəvi və mədəni dəyərlərinə dərindən yiyələnən, onları qoruyan və daim inkişaf etdirən, ailəsini, vətənini, millətini sevən və daim ucaltmağa çalışan, ümumbəşəri dəyərlərə yiyələnən, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, biliyinə, yüksək əxlaqi və mənəvi keyfiyyətlərinə, demokratikliyinə görə dünyanın ən qabaqcıl ölkələrinin vətəndaşları səviyyəsində dura bilən sağlam yurddaşlar yetişdirmək və bununla yüksək sivilizasiyalı cəmiyyət qurmağa, Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik dövlətlərindən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdir.

Maddə 10. Təhsil proqramları

1. Azərbaycan Respublikasında həyata keçirilən təhsil proqramları bunlardır: ümumtəhsil proqramları; peşə-ixtisas təhsili proqramları.

2. Ümumtəhsil proqramlarına daxildir: məktəbəqədər təhsil proqramları; ibtidai, əsas, orta ümumtəhsil proqramları.

3. Peşə-ixtisas təhsili proqramlarına daxildir: texniki-peşə təhsili proqramları; orta ixtisas təhsili proqramları; ali ixtisas təhsili proqramları; ali təhsildən sonrakı ixtisas təhsili proqramları (ordinatura, magistratura, doktorantura və s.)



Maddə 11. Təhsil sisteminin quruluşu

Təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunur:

Məktəbəqədər tərbiyə.

Ümumi təhsil:



    • ibtidai təhsil;

    • əsas təhsil;

    • orta təhsil.

Peşə-ixtisas təhsili:

    • texniki-peşə təhsili;

    • orta ixtisas təhsili;

    • ali ixtisas təhsili.

Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s.)

Magistratura.

Doktorantura.

Məktəbdənkənar təlim və tərbiyə.

Sərbəst təhsil.

İxtisasartırma və kadrların yenidən hazırlığı.



Maddə 12. Təhsil formaları

Təhsil aşağıdakı formalarda həyata keçirilir: istehsalatdan ayrılmaqla və ayrılmamaqla təhsil müəssisəsində; ailədə; sərbəst yolla.

Müxtəlif təhsil formalarının əlaqələndirilməsi mümkündür.

Bütün təhsil formaları üçün müvafiq təhsil proqramları çərçivəsində vahid dövlət standartı tətbiq edilir.

İstehsalatdan ayrılmadan və eksternat yolu ilə qazanılması qadağan olunan peşə və ixtisasların siyahısını Azərbaycan Respublikası hökuməti müəyyən edir.

Maddə 13. Təhsil müəssisələri

1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılır, yenidən təşkil olunur, ləğv edilir. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər.

2. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm-istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. Hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

3. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.

4. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir.

Maddə 14. Məktəbəqədər tərbiyə müəssisələri

1. Təhsilin əsasında məktəbəqədər tərbiyə durur. Məktəbəqədər tərbiyə ailədə və məktəbəqədər uşaq tərbiyə müəssisələrində həyata keçirilir. Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar ailə ilə sıx əməkdaşlıq şəraitində tərbiyə olunurlar. Dövlət körpələrin tərbiyəsi, sosial müdafiəsi üçün maliyyə və maddi yardım göstərilməsinə təminat verir.

2. Məktəbəqədər tərbiyə müəssisələrinə daxildir: körpə evləri, körpə evləri-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar, bağça-internatlar, uşaq evləri, ahıl evləri yanında uşaq evləri-internatlar, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə müəssisələri və s.

Məktəbəqədər tərbiyə müəssisələrinə uşaqlar valideynlərin (və ya onları əvəz edənlərin) arzusu ilə qəbul olunurlar. Uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə qəbulu qaydası xüsusi əsasnamə ilə tənzim olunur.

Qeyri-dövlət məktəbəqədər tərbiyə müəssisəsi ilə valideynlər (yaxud onları əvəz edənlər) arasındakı hüquqi münasibətlər müqavilə ilə tənzimlənir.

3. Məktəbəqədər müəssisələrdə tərbiyə işinin məzmunu müəyyən olunarkən ümumbəşəri dəyərlərə istinad olunmaqla milli zəmin əsas götürülür. Evdarlıq, cəngavərlik, qəhrəmanlıq və vətənpərvərliklə bağlı oyunlar, xor mahnıları, dövlət rəmzləri, o cümlədən himni öyrədilir. Xalq ədəbiyyatından götürülmüş süjetlər əsasında yaradılmış proqramlar üstünlük təşkil edir. Xüsusi metodika əsasında xarici dillərin öyrədilməsinə başlanılır. Azərbaycan dilinin öyrənilməsinə üstünlük verilir. Nadir istedada malik uşaqlar üçün xüsusi bağçalar və ya qruplar açılır. Əlavə məşğələlərin — xoreoqrafiya, nitq məharəti, üzgüçülük, bədii gimnastika, musiqi, rəsm, əmək, xarici dil, evdarlıq və s. müxtəlifliyi təmin edilir. Pedaqoji kadrlar hazırlanarkən bu cür ixtisaslaşdırma nəzərə alınır.

Məktəbəqədər tərbiyə qruplarında uşaqların sayı müvafiq əsasnamə ilə tənzim olunur.

Maddə 15. Ümumtəhsil məktəbləri

1. Ümumi təhsil üç pillədən ibarətdir:



    • ibtidai təhsil (I—IVsiniflər);

    • əsas təhsil (V—VIII siniflər);

    • orta təhsil (IX—XI siniflər).

Üçüncü pilləni başa vuranlar tam orta ümumi təhsil alırlar.

İbtidai, əsas və orta təhsil müəssisələri ayrı-ayrılıqda da fəaliyyət göstərə bilərlər.

İbtidai təhsil 6 yaşdan başlayır.

2. 14 yaşı bitmiş şagirdlər məktəb nizamnaməsinə əsasən məktəbdən çıxarıla bilər. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar qəyyumluq və himayə orqanlarının razılığı olmadan məktəbdən çıxarıla bilməzlər.

3. İbtidai və əsas təhsil pillələrində siniflərdə, günü uzadılmış qruplarda şagirdlərin orta sıxlığı, maddi-texniki baza imkan verdikcə, 20 nəfər müəyyən edilir. Siniflərin iki yerə bölünməsi müvafiq normativ sənədlə tənzim olunur.

4. Kənd yerlərində, zəruri hallarda, ibtidai və əsas təhsil pillələrində məktəb və ya ayrıca siniflər yaradılarkən şagirdlərin sayı nəzərə alınmır. Bu cür məktəblər və ya siniflər yerli təhsil orqanlarının qərarı ilə açılır.

5. Əsas təhsil məcburidir.

6. Əsas təhsili başa vurmuş şagirdlər öz təhsillərini ümumtəhsil məktəblərinin orta təhsil pilləsində, incəsənət məktəblərində, peşə məktəblərində və peşə litseylərində davam etdirirlər, həmin məktəblərə qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə qaydası məktəb nizamnaməsi ilə müəyyən olunur.

7. Ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsində təlim təbiət-riyaziyyat və humanitar təmayüllər üzrə aparılır. Xüsusi istedada malik şagirdlər üçün ixtisas sinifləri açılır.

8. Orta təhsil pilləsində, maddi-texniki baza imkan verdikcə, siniflərdə şagirdlərin orta sıxlığı 15 nəfər müəyyən edilir. Siniflərin iki yerə bölünməsi müvafiq normativ sənəd əsasında həyata keçirilir. Xarici dil dərslərində, habelə təlim qeyri dillərdə aparılan siniflərdə Azərbaycan dili dərslərində, ixtisas siniflərində, bədən tərbiyəsi və əmək təlimi dərslərində siniflər iki yerə bölünür.

9. Xüsusi istedadı olan şagirdlər üçün ümumtəhsil məktəblərinin üçüncü (orta təhsil) pilləsindən başqa ixtisaslaşdırılmış fənn məktəbləri, gimnaziyalar, litseylər və digər təlim-tərbiyə ocaqları yaradılır. Ayrı-ayrı fənn məktəbləri müvafiq ali məktəblərin nəzdində də fəaliyyət göstərə bilər.

10. İşləyən yurddaşların orta təhsil ala bilməsi üçün ümumtəhsil müəssisələri bazasında axşam və qiyabi təhsil sinifləri, qrupları açılır.

Ümumi təhsilin müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına da yol verilir.

11. Şagirdlərin təlimdə fərqləndirilməsi bilik yarışının səmərəli təşkilinə yönəldilir. Mükəmməl bilik və bacarıq başlıca məqsəddir.



Maddə 16. Sosial yardıma və sağlamlıqlarının bərpasına ehtiyacı olan uşaqlar üçün təlim-tərbiyə müəssisələri

Sosial yardıma və sağlamlıqlarının bərpasına ehtiyacı olan uşaqlar üçün aşağıdakı təlim-tərbiyə müəssisələri açılır: ailədə tərbiyə və təhsil alması üçün zəruri şəraiti olmayan uşaqlar üçün ümumtəhsil internat-məktəbləri; yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri, internat-məktəblər; uzunmüddətli müalicəyə ehtiyacı olan uşaqlar üçün sanatoriya tipli məktəblər, internat-məktəbləri, uşaq evləri (bu cür uşaqlara həmçinin xəstəxanalarda, sanatoriyalarda, evlərdə də dərs keçilir); əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi məktəblər, internat-məktəblər, uşaq evləri; əlahiddə şəraitdə tərbiyə olunması zəruri olan uşaqlar və yeniyetmələr üçün xüsusi ümumtəhsil və peşə məktəbləri; yaşayış yerlərindən kənarda yaradılmış düşərgələrdə məskunlaşmış məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin uşaqları üçün təhsil standartlarına uyğun olan məktəbəqədər və ümumi orta təhsil müəssisələri və s.



Maddə 17. Peşə məktəbləri və peşə litseyləri

Peşə məktəbləri və peşə litseyləri müxtəlif peşədən olan sənətkarlara tələbi ödəyən, həmçinin Azərbaycanın unudulmuş və sıradan çıxmaqda olan nadir və ənənəvi sənətkarlıq sahələrinin dirçəldilməsinə yönəldilən ilkin peşə təhsili müəssisələridir.

Peşə məktəblərinə icbari təhsili başa vuran sənətə meyilli şəxslər, müxtəlif istehsal sahələrində peşə hazırlığını artırmaq istəyən, həmçinin peşəsini dəyişdirmək arzusunda olan gənclər qəbul olunurlar. Ayrı-ayrı hallarda ümumi əsas təhsili olmayanların da ilkin peşə təhsili almasına şərait yaradılır. Orta təhsilli gənclər də arzularına uyğun olaraq ilkin peşə məktəblərində təhsil ala bilərlər. Peşə məktəblərində orta təhsil verilmir.

Vətəndaşların müxtəlif peşələr öyrənməsi, ixtisasını artırması və yeni ixtisasa yiyələnməsi üçün peşə məktəblərindən əlavə tədris kombinatları — kurslar, iri istehsal müəssisələri nəzdində müxtəlif peşə kursları da fəaliyyət göstərir.

Peşə litseylərinə qəbul olunan gənclər üç-dörd il ərzində nisbətən mürəkkəb peşələrə yiyələnməklə bərabər, orta təhsil də alırlar. Peşə litseylərində ümumi orta təhsili başa vurmuş gənclər üçün də müvafiq qruplar təşkil olunur.

Peşə məktəbləri və peşə litseylərinin tədris qruplarında orta sıxlıq, maddi-texniki bazadan asılı olaraq 15 nəfər müəyyən edilir. Qrupların iki yerə bölünməsi müvafiq normativ sənədlə tənzim olunur. Xarici dil dərslərində, habelə təlim qeyri dillərdə aparılan siniflərdə Azərbaycan dili dərslərində, ixtisas siniflərində, peşə-ixtisas fənləri, istehsalat təlimi və bədən tərbiyəsi dərslərində siniflər iki yerə bölünür.

Peşə tədris müəssisələri dövlət sifarişi, həmçinin idarə, müəssisə, təşkilat, ayrı-ayrı vətəndaşlarla bağlanmış müqavilələr əsasında fəaliyyət göstərir. Peşə-tədris müəssisələrinin uzunmüddətli müqavilələr əsasında kadr hazırladığı baza müəssisələri də ola bilər. Ayrı-ayrı rayonlarda, o cümlədən kənd yerlərində ənənəvi sənət və məşğulluq sahələri üzrə peşə məktəbləri və peşə litseyləri açılır. Birliklərin, istehsal komplekslərinin, ali məktəblərin nəzdində də peşə-tədris müəssisələri: peşə məktəbi zavod, peşə məktəbi fabrik, peşə məktəbi fermer təsərrüfatı və digər özünümaliyyələşdirmə peşə ocaqları yaradıla bilər. Peşə məktəbləri və peşə litseyləri digər hüquqi şəxslərlə ortaq istehsalat müəssisəsi yarada bilərlər.

Peşə-tədris müəssisələrinin məzunlarına öyrəndikləri peşəyə müvafiq olaraq müxtəlif dərəcələrdən olan «sənətkar» ixtisası verilir.

Peşə-tədris müəssisələrində təhsilin gündüz və axşam formaları olur.

Fiziki cəhətdən qüsurlu uşaqlar üçün xüsusi peşə kursları, məktəbləri və litseyləri açılır.



Maddə 18. Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər)

Orta ixtisas məktəbləri (texnikumlar, kolleclər və s.) orta ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir. Həmin təhsil müəssisələri əsas və orta ümumi təhsil, peşə məktəbləri və peşə litseyləri bazasında fəaliyyət göstərməklə orta pillədən olan ixtisaslı mütəxəssislər hazırlayır, onları təkmilləşdirir və ixtisaslarını artırır. Əsas təhsili başa vurduqdan sonra orta ixtisas məktəbinə daxil olmuş vətəndaşlar orta ixtisas təhsili ilə yanaşı ümumi orta təhsil də alırlar.

Ali məktəblərin nəzdində də müvafiq ixtisaslar üzrə texnikumlar, kolleclər fəaliyyət göstərə bilər.

Orta ixtisas məktəbləri bitirənlərə «kiçik mütəxəssis» dərəcəsi verilir.

Tədris prosesini dünya standartları səviyyəsində qurmuş qabaqcıl texnikumların maddi-texniki bazası və kadr potensialı əsasında müasir kolleclər şəbəkəsi yaradılır.

Maddə 19. Ali məktəblər

Ali məktəblər (ali kolleclər, institutlar, konservatoriyalar, akademiyalar, universitetlər və s.) ali ixtisas təhsili proqramlarını həyata keçirən tədris müəssisələridir.

Azərbaycan ali məktəbləri konkret ixtisaslar verən tədris müəssisələri, çoxpilləli tədris kompleksləri, tədris-elmi komplekslər, tədris elmi-istehsalat-müalicə kompleksləri və başqa formalarda fəaliyyət göstərir. Onların nəzdində müxtəlif pillədən olan tədris müəssisələri (orta məktəblər, litseylər, peşə litseyləri, texnikumlar, kolleclər və s.), elmi-tədqiqat mərkəzləri və institutları, istehsalat müəssisələri, klinikalar, əczəxanalar və s. fəaliyyət göstərir.

Azərbaycan Respublikasında ali təhsil orta təhsil bazasında hayata keçirilir. Ali məktəblərdə kadr hazırlığı əyani, qiyabi, axşam, həmin formaların birləşdirilməsi və eksternat yolları ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müvafiq ixtisaslar üzrə qiyabi, axşam və eksternat yolu ilə ancaq «bakalavr» dərəcəsi verilə bilər.

Ali məktəblərin seminar və praktiki məşğələ qruplarında tələbələrin orta sıxlığı, maddi-texniki baza və kadr hazırlığına olan tələbat nəzərə alınmaqla, 12-15 nəfər müəyyən olunur.

Ali məktəblərin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: müxtəlif dərəcədən olan ali təhsilli mütəxəssislər hazırlamaq; elmi araşdırmalar aparmaq; yüksək ixtisaslı elmi-pedaqoji, elmi kadrlar hazırlamaq; elmi-pedaqoji və elmi kadrların attestasiyasını keçirmək; ixtisasartırma və kadrların yenidən ixtisaslaşmasını təmin etmək; mədəni-maarifçilik, nəşriyyat, maliyyə-iqtisadi, təsərrüfat, elmi-istehsalat, kommersiya fəaliyyəti; xarici əlaqələr.

Ali məktəblər dövlət sifarişləri, həmçinin idarələr, təşkilatlar, müəssisələr, habelə ayrı-ayrı şəxslərlə bağlanmış müqavilələr əsasında fəaliyyət göstərirlər.

Maddə 20. Ali təhsilin pillələri və ixtisas dərəcələri

Ali təhsil təhsil müəssisələrinin kadr potensialı, maddi-texniki bazası və ixtisasın xüsusiyyətindən asılı olaraq birpilləli, ikipilləli və üçpilləli ali məktəblərdə həyata keçirilir. Ayrı-ayrı pillələrdə təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Xalq Təhsili Nazirliyi tərəfindən təsdiq edilir.

Birpilləli ali məktəblərdə (institutlarda, konservatoriyalarda, ali kolleclərdə və s.) müəyyən peşə istiqaməti və ya konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlanır, sahə (fakültə) elmi şurasının qərarı ilə «bakalavr» ixtisas və elmi dərəcəsi verilir.

İkipilləli ali təhsil müəssisələrinin birinci pilləsini bitirənlər müvafiq dövlət standartına uyğun olaraq ümumi ali təhsili başa vurur, sahə (fakültə) elmi şurasının qərarı ilə «bakalavr» elmi və ixtisas dərəcəsi alır, əmək fəaliyyətinə başlayır. Ali təhsil müəssisələrinin «bakalavr» pilləsində tələbələr əsas ixtisas fənlərindən, o cümlədən xarici dildən, həmin fənlərin tədrisi başa çatarkən, kafedra qarşısında yekun dövlət imtahanları verirlər. Təhsil müddəti boyunca veriləcək yekun imtahanları və diplom ixtisası tədris planında göstərilir. «Bakalavr» dərəcəsi almış mütəxəssislərin ən istedadlı və ümidverən hissəsi müsabiqə əsasında magistraturada saxlanılır. Magistratura üçün keçirilən müsabiqələrdə əvvəllər «bakalavr» dərəcəsi almış məzunlar, birpilləli ali məktəblərin məzunları da iştirak edə bilərlər. Magistraturada dərin ixtisaslaşdırma aparılır, elmi araşdırma bacarığı və vərdişləri formalaşdırılmasına, xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirilir. Magistraturanı başa vuranlar müdafiə etdikləri elmi işə görə ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə «magistr» ixtisası və elmi dərəcəsi alır və ixtisas üzrə fəaliyyətə başlayırlar. «Magistr» dərəcəli mütəxəssislər ali məktəblərin «bakalavr» pilləsində, habelə institutlarda, kolleclərdə, konservatoriyalarda və başqa birpilləli institutlarda, həmçinin elmi-tədqiqat mərkəzlərində və institutlarında, müxtəlif pillədən olan tədris müəssisələrində fəaliyyət göstərə bilərlər.

Kadr potensialı və maddi-texniki bazası imkan verən bəzi universitetlər və akademiyalar üçpilləli təhsil sisteminə keçirlər. Bu cür ali məktəblərdə «magistr» dərəcəsi verilərkən xüsusi elmi hazırlıq, bacarıq və konkret elmi nəticə nümayiş etdirmiş məzunlar ixtisaslaşdırılmış elmi şuranın qərarı ilə üçüncü pillədə — doktoranturada saxlanmağa məsləhət görülür, müvafiq imtahanlar verdikdən sonra doktoranturada araşdırmalarını davam etdirirlər. Ancaq doktoranturanı başa vurub ixtisaslaşdırılmış elmi şurada doktorluq dissertasiyası müdafiə etmiş və «doktor» elmi dərəcəsi almış yüksək ixtisaslı mütəxəssislər ali məktəblərin «magistratura» pilləsində fəaliyyət göstərə bilərlər. Doktorlar həmçinin elmi-tədqiqat mərkəzlərində və institutlarında, müxtəlif pillədən olan tədris müəssisələrində və başqa sahələrdə fəaliyyət göstərirlər.

Maddə 21. Ali və orta ixtisas məktəblərinə qəbul

Ali və orta ixtisas təhsil müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir.

Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir.

Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir.



Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.

Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alanır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur.



Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 22. Elmi dərəcələr və elmi adlar

Ali ixtisas təhsili sistemində elmi dərəcələr aşağıdakı kimi müəyyən olunur:



    • «bakalavr» — birpilləli ali tədris müəssisələrinin, ikipilləli və üçpilləli ali məktəblərin «bakalavr» pilləsinin məzunlarına elmi işinə görə sahə (fakültə) elmi şurasının qərarı əsasında verilən birici elmi dərəcə; «bakalavr» həm də ixtisas dərəcəsidir;

    • «magistr» — ikipilləli və üçpilləli ali məktəblərin ixtisaslaşdırılmış elmi şuraları tərəfindən verilən ikinci elmi dərəcə; «magistr» həm də ixtisas dərəcəsidir;

    • «doktor» — ixtisaslaşdırılmış elmi şuralar tərəfindən verilən üçüncü — ən yüksək elmi dərəcə.

Həmin Qanunla fəaliyyətə başlayan təhsil sistemində ilk doktoranturalar açılana qədər «elmlər namizədi» elmi dərəcəsi saxlanılır. Yeni doktoranturalar fəaliyyətə başlayarkən elmlər namizədlərinin attestasiyası keçirilir. Attestasiyanın nəticələrinə uyğun olaraq onlara «magistr» və ya «doktor» elmi dərəcəsi verilir.

«Dosent», «professor», «baş elmi işçi» və b. elmi adları ali məktəblərin, elmi-tədqiqat institutlarının elmi şuraları verir və müəyyən olunmuş qaydada təsdiq olunur. Magistrdan sonra birbaşa doktor elmi dərəcəsinə keçilməsi ilə əlaqədar olaraq «dosent» və «professor» elmi adlarının verilməsinə tələbkarlıq artırılır. Ali məktəb vəzifələrinə seçkilərdə ancaq doktorlar iştirak edir.



Maddə 23. Ali təhsil sistemində elmi araşdırmalar

Ali məktəblər həm də mühüm elm mərkəzləridir. Ali məktəb elmi ixtisas profilinə uyğun olaraq təhsil prosesinin daim təkmilləşdirilməsini təmin etməklə bərabər dövlət sifarişlərinin, müqavilə və bağlaşmalar əsasında proqramların, layihələrin yerinə yetirilməsində fəal iştirak edir. Bu məqsədlə ali məktəblərdə kafedralarla yanaşı elmi-tədqiqat laboratoriyaları, mərkəzləri, institutları, yaradıcılıq kompleksləri və s. yaradılır. Dövlət milli dirçəlişi təmin edən elm sahələrində, o cümlədən təhsil və mədəniyyət problemləri sahəsində əsaslı araşdırmalara üstünlük verilir. Elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq bəzi ali məktəb mütəxəssislərinin fəaliyyətinin mühüm hissəsi elmi-tədqiqat sahəsində cəmləşdirilir. Bu cür mütəxəssislər ümumi dərs yükünün azaldılması hesabına ixtisas kursları, seminarlar, kurs və diplom işlərinin hazırlanmasına, yüksək ixtisaslı kadrlar yetişdirilməsinə yaxından cəlb edilirlər.



Maddə 24. Ali məktəblərin müstəqilliyi

Ali məktəblərin dünya standartlarına tam müvafiq olan və Xalq Təhsili Nazirliyində qeydiyyatdan keçirilən tədris planlarını müstəqil surətdə yerinə yetirirlər. Onlar tədrisin, həmçinin elmi araşdırmaların səmərəli və qabaqcıl metodlarını müstəqil surətdə tətbiq edirlər. Tədris planlarında nəzərdə tutulmuş tədris vaxtının 20 faizinə qədərindən sərbəst istifadə olunur.

Kadr potensialı, maddi-texniki bazası, tədris-elmi uğurları nəzərə alınaraq ali məktəblərə müəyyən olunmuş qayda əsasında muxtariyyət verilir. Muxtariyyət hüququ almış ali məktəblər aşağıdakı əlavə hüquqlara malikdir: dünya standartlarından aşağı olmamaq şərtilə təhsilin məzmununu müəyyən etmək; dövlət sifarişi nəzərə alınmaqla tələbə (bakalavr, magistr) və doktorant qəbulu planını müəyyən etmək: sərbəst surətdə elmi dərəcə vermək, öz elmi adlarını təsis etmək və vermək; təhsil müəssisəsinin yerləşdiyi binaya, maddi-texniki bazaya, torpağa və başqa əmlaka mülkiyyət hüququ; əsasnaməyə müvafiq olaraq dövlət idarə orqanlarına aid olan səlahiyyətləri həyata keçirmək.

Muxtariyyət əldə etmiş ali təhsil müəssisi özünün ayrı-ayrı salahiyyətlərini dövlət təhsil orqanlarına verə bilər.



Maddə 25. İxtisasartırma və kadrların yenidən hazırlanması

İxtisasartırma və kadrların yenidən hazırlığı müəssisələrinin fəaliyyəti cəmiyyətin tələbi əsasında sifariş prinsipi ilə qurulur, dövlət sifarişi nəzərə alınmaqla müəssisə, təşkilat, idərə və tək-tək vətəndaşlarla bağlanılmış müqavilələr əsasında həyata keçirilir. Təlimin forması, müddəti və məzmunu sifarişçi ilə razılıq əsasında müəyyən olunur.

Pedaqoji təhsili olmadan tədris müəssisələrində işləyən müəllim heyətinin pedaqogika və psixologiya elmləri üzrə yenidən hazırlanması təmin olunur.

İxtisasartırma və kadrların yenidən hazırlığı müəssisələri aşağıdakılardır: ixtisasartırma və kadrların yenidən hazırlığı institutları; ali məktəblərin müvafiq fakültələri; iri istehsal müəssisələri yanında fəaliyyət göstərən müvafiq kurslar; peşə tədris-tərbiyə müəssisələri; tədris-kurs kombinatları; təhsil orqanlarından xüsusi icazəsi olan başqa tədris müəssisələri.

İxtisasartırma və yenidən kadr hazırlığı müəssisələrinin gündüz və axşam şöbələri, həmçinin müvafiq peşə və ixtisaslar üzrə ayrı-ayrı yerlərdə filialları da ola bilər.

İxtisasartırma və yenidən kadr hazırlığı müəssisələrində müvafiq problemlər ətrafında araşdırmalar aparılır.



Mülkiyyət formasından asılı olmayaraq səhiyyə müəssisələrinin mütəxəssisləri peşə seçdikdə, peşələrini dəyişdikdə və fəaliyyət göstərdiyi peşə üzrə beş ildə bir dəfədən az olmayaraq ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil aldıqdan və imtahan verdikdən sonra müvafiq sertifikat almalıdırlar.

Maddə 26. Məktəbdənkənar təlim-tərbiyə

Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır.

Məktəbdənkənar təlim-tərbiya müəssisələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, stansiyaları, klubları, idman və incəsənət məktəbləri, studiyaları, kitabxanaları, sağlamlıq müəssisələri və s.

Uşaq tərbiyə müəssisələrində tərbiyə olunan uşaqlar, şagirdlər, tələbələr dövlət məktəbdənkənar idman və mədəniyyət müəssisələrinin xidmətindən pulsuz və güzəştlə istifadə edirlər.

Məktəbdənkənar təlim və tərbiyə müəssisələrində işin məzmunu və formalarını həmin müəssisələrin şuraları müəyyən edir.

Maddə 27. Sərbəst təhsil

Vətəndaşların sərbəst surətdə təhsil ala bilmələri üçün xalq universitetləri, mühazirə salonları, kitabxanalar, məlumat mərkəzləri, klublar, tele və radio tədris proqramları və s. fəaliyyət göstərir.

Sərbəst təhsil alan vətəndaşlar müvafiq icazə əsasında müxtəlif təhsil müəssisələrində mühazirə dinləmək və praktiki məşğələlərdə də iştirak edə bilərlər.

Maddə 28. Təhsil müəssisələrinin təsisçiləri

Təhsil müəssisələrinin təsisçiləri aşağıdakılar ola bilərlər: dövlət orqanları; bütün mülkiyyət formalarından olan yerli və xarici birliklər, müəssisələr, idarə və təşkilatlar; ictimai birlik və təşkilatlar; Azərbaycan Respublikasının vətəndaşları; xarici ölkə vətəndaşları.

Qeyri-dövlət təhsil müəssisələri maarifçilik-xeyriyyəçilik niyyətilə yaradılır və şəxsi qazanc məqsədi güdmür.

Təsisçilərlə təhsil müəssisələri arasında münasibətlər təhsil qanunvericiliyinə müvafiq müqavilələr əsasında qurulur.



III bölmə. Təhsil sisteminin idarə olunması

Maddə 29. Təhsilin idarə olunması

Təhsili idarə etmək üçün dövlət və ictimai özünüidarə orqanları sistemi yaradılır. Həmin orqanlar təhsil qanunvericiliyinin müəyyənləşdirdiyi səlahiyyətlər hüdudlarında fəaliyyət göstərir və qanunla qadağan olunmamış qaydada təşəbbüskarlıq fəaliyyəti göstərirlər. Təhsilin idarə olunması Təhsil Qanunu, müvafiq qanunvericilik aktları, əsasnamələr və təhsil müəssisələrinin nizamnamələri ilə tənzim edilir.

Azərbaycan Respublikası hökuməti, Xalq Təhsili Nazirliyi, habelə yerli təhsil orqanları təhsil sistemini idarə edən başlıca subyektlərdir.

Təhsil müəssisələrinin idarə olunmasında yerli dövlət orqanları, müvafiq elmi-pedaqoji kollektivlər, peşə yaradıcılıq ittifaqları, cəmiyyətlər, ictimai-siyasi qurumlar və ictimaiyyət iştirak edir.

Qeyri-dövlət təhsil müəssisələri təhsil qanunvericiliyinə əsaslanan nizamnamələr əsasında idarə olunur.

Maddə 30. Azərbaycan Respublikasının Nazirlər Kabineti

Nazirlər Kabineti təhsilin strategiyasını müəyyənləşdirir. Bu məqsədlə: Təhsil Qanununun, bu barədə müvafiq qanunvericilik aktlarının və sənədlərin icrasına nəzarət edir; təhsil sisteminin idarə olunmasının təşkilat strukturunu müəyyən edir; təhsilin mərkəzi dövlət idarə strukturlarını yaradır və onlara rəhbərlik edir; təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qaydasını müəyyən edir; dövlət idarəçiliyində olan peşə-ixtisas təhsili müəssisələrini yaradır, yenidən təşkil edir və ləğv edir; bütün peşə-ixtisas təhsili müəssisələrini dövlət qeydiyyatına alır; peşə-ixtisas təhsili müəssisələri üçün ixtisasların siyahısını təsdiq edir, sosial sifarişdən asılı olaraq belə ixtisasları açır və bağlayır; dövlət təhsil standartlarını təsdiq edir, təhsil barədə qəbul olunan sənədlərin həmin standartlara müvafiq olmasına nəzarət edir; təhsil müəssisələri, onların attestasiyası, akkreditasiyası və lisenziyalaşdırılması barədə dünya standartına müvafiq olan əsasnamələri təsdiq edir; təhsilin inkişafına dair dövlət, həmçinin beynəlxalq proqramlar hazırlayıb həyata keçirir; təhsilin maliyyələşdirilməsi üçün milli gəlirdən pay ayrılması, təhsillə bağlı respublika büdcəsinin, təhsilin inkişaf fondlarının formalaşdırılması barədə təkliflər verir; təhsilin maliyyələşdirilməsinin dövlət normativlərini, təhsil sistemi işçilərinin əmək haqqının ödənilməsi qaydasını, əmək haqqı minimumunu, güzəşt və imtiyazları, tələbələrin təqaüdlə təmin olunmasının, digər kateqoriyalardan olan pedaqoji işçilərin, təhsil və tərbiyə alanların sosial müdafiəsinin norma və qaydalarını müəyyən edir; təhsilin inkişafını stimullaşdıran vergi siyasəti yeridir; yüksək ixtisaslı mütəxəssislərin attestasiyasının təşkil olunmasına rəhbərlik edir; təhsil sistemi işçiləri üçün fəxri adlar və mükafatların təsis olunması barədə məsələ qaldırır.



Maddə 31. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi

Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin, baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris motodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir və onları qeydiyyata alır .



Maddə 32. Yerli təhsil orqanları

Yerli təhsil müəssisələrini idarə etmək üçün Xalq Təhsili Nazirliyinin yerli orqanları — təhsil şöbələri yaradılır. Yerli təhsil şöbələrinin fəaliyyəti aşağıdakı istiqamətlərə yönəldilir: səlahiyyətləri daxilində dövlətin təhsil siyasətini həyata keçirmək; təhsil qanunvericiliyinin pozulmasına yol verməmək; tədris-tərbiyə müəssisələrinin elmi-metodiki təminatının təşkili; təhsil işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi və onların yenidən hazırlanması; pedaqoji kollektivlər, istehsal müəssisələri, ailə və ictimayyətin uşaqların təlim-tərbiyəsi sahəsində fəaliyyətini əlaqələndirmək; yerli tələbatı müəyyənləşdirmək əsasında pedaqoji kadrlar, həmçinin müxtəlif kateqoriyalardan olan mütəxəsislər yetişdirmək barədə dövlətə sifaririşlər hazırlamaq, bu barədə müvafiq müqavilələr bağlamaq; təhsilin səviyyəsinə, təhsil işçilərinin peşə hazırlığına və yerli əhəmiyyətə malik olan tədris-tərbiyə müəssisələrinin attestasiyasına olan dövlət tələblərinin yerinə yetirilməsinə nəzarət.

Yerli təhsil orqanları Xalq Təhsili Nazirliyinə təbedirlər.

Maddə 33. Yerli dövlət idarə orqanları

Yerli dövlət idarə orqanları öz səlahiyyətləri çərçivəsində dövlətin təhsil siyasətinin həyata keçirilməsində iştirak edirlər. Yerli dövlət idarə orqanlarının səlahiyyətinə daxildir: yerli büdcə hesabına maliyyəşdirmə normativlərini müəyyən etmək; ərazilərində yerləşən tədris-tərbiyə müəssisələrini maliyyələşdirmək; bölgənin xüsusiyyətləri, perspektivləri və sosial-iqtisadi inkişafını nəzərə almaqla təhsilin inkişafı qayğısına qalmaq, maddi bazasını möhkəmləndirmək, təsərrüfat təchizatını təmin etmək; təhsil işçiləri və təhsil alanların sosial müdafiəsini təmin etmək; könüllü ayırmalar hesabına təhsil fondu yaratmaq; məktəbyaşlı uşaqların qeydiyyatını və təhsil almasını təmin etmək; valideyn himayəsindən məhrum olmuş və yetim qalmış yetkinlik yaşına çatmamış uşaqların himayəyə götürülməsini təmin etmək; yaşayış yerlərində uşaqların tərbiyəsi, qabiliyyətlərinin inkişafı və maraqlarının təmin olunması üçün zəruri şərait yaratmaq; kənd yerlərində, zəruri hallərda uşaqların təhsil müəssisəsinə nəqliyyətla pulsuz aparılıb-gətirilməsini təmin etmək; müvafiq tədris-tərbiyə müəssisələrinin açılması, ləğv olunması və yenidən təşkil edilməsi barədə məsələ qaldırmaq.

Yerli dövlət idarə orqanları təhsil müəssisələrinin idarə olunması ilə əlaqədər məsələlərə müdəxilə etmirlər.

Madddə 34. Təhsil sistemində ictimai özünündarə orqanları

Təhsil sistemində ictimai özünüidarə orqanları aşağıdakılardır: təlim-tərbiyə müəssisəsinin ümumi yığıncağı (konfransı); təlim-tərbiyə müəssisəsinin şurası; təhsil işçilərinin rayon, şəhər konfransları; rayon, şəhər təhsil şuraları; təhsil işçilərinin respublika qurultayı; Azərbaycan Respublikasının Təhsil Şurası.

İctimai özünüidarə orqanları təhsil müəssisələrinin təlim-tərbiyə, elmi-tədqiqat, metodika, maliyyə-təsərrüfat, kommersiya-iqtisadi, kadr fəaliyyətinin müxtəlif məsələlərinin həllinə yönəlmiş səmərəli təkliflər verir, bununla idarəçilikdə iştirak edirlər.

Maddə 35. Təlim-tərbiyə müəssisələrinin özünüidarəsi

Təhsil müəssisələrinin özünüidarə hüququna aşağıdakılar daxildir: öz işini müstəqil surətdə planlaşdırmaq, təlim-tərbiyə, elmi-tədqiqat, metodiki, maliyyə-təsərrüfat, iqtisadi-kommersiya və s. məsələləri sərbəst surətdə həll etmək; dövlət sifarişini, həmçinin ayrı-ayrı müəssisə, təşkilat, idarə və vətəndaşların sifarişlərini nəzərə almaqla qəbul planının müəyyənləşdirilməsində iştirak etmək; təhsilin məzmununun məktəb komponentini, təlimin forma və metodlarını müəyyən etmək; müəssisəni kadrla komplektləşdirmək, o cümlədən başqa dövlətlərin vətəndaşlarını işə qəbul etmək; müəyyən olunmuş əmək haqqı fondu çərçivəsində müəssisənin quruluşu və ştat cədvəlini təsdiq etmək; maliyyələşdirmənin müxtəlif növlərindən sərbəst istifadə etmək; tədris-tərbiyə müəssisəsində iaşə üzərində ictimai nəzarəti həyata keçirmək.



Maddə 36. Təlim-tərbiyə müəssisələrinin təsis olunması şərtləri

Təlim-tərbiyə müəssisəsi cəmiyyətin tələbinə uyğun olaraq yaradılır. Bunun üçün müvafiq kadr potensialı, maddi-texniki və elmi-metodiki baza olmalıdır. Tədris-tərbiyə müəssisəsi, onun statusu və mülkiyyət formasından asılı olmayaraq, dövlət standartının tələbinə müvafiq tərbiyə və təhsil verməlidir.

Dövlət əhəmiyyətli təlim-tərbiyə müəssisələrinə olan tələbatı və bu cür tədris-tərbiyə müəssisələrinin şəbəkəsini Nazirlər Kabineti, yerli əhəmiyyəti olan tədris-tərbiyə müəssisələrinin açılmasına olan tələbi isə yerli dövlət idarə orqanları müəyyənləşdirir. Tədris-tərbiyə müəssisəsinin açılması qaydasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.

Maddə 37. Dövlət təhsil müəssisəsinin idarə olunması

1. Dövlət təhsil müəssisələri təhsil qanunvericiliyi və təlim-tərbiyə müəssisəsinin buna müvafiq olan nizamnaməsi əsasəında idarə olunur. Nizamnamə təsisçilər tərəfindən təsdiq olunur və müəssisə Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatından keçməmiş təlim-tərbiyə müəssisəsi hüquqi şəxs sayılmır.

2. Yerli təlim-tərbiyə müəssisələrinin, həmçinin dövlət əhəmiyyətli təhsil müəssisələrinin təlim-tərbiyəni təşkil edən ilkin strukturlarının səlahiyyətləri artırılır, onların fəaliyyəti xüsusi əsasnamələrlə tənzim olunur.

3. Dövlət təlim-tərbiyə müəssisəsinə müvafiq olaraq müdir, direktor, rektor, prezident və s. başçılıq edir. Təhsil müəssisəsinin başçısı həmin müəssisənin nizamnaməsinə əsasən 5 il müddətinə (iki müddətdən artıq olmayaraq) seçilir. Özünü doğrultmayan başçı nizamnaməyə əsasən geri çağırıla bilər.

4. Hərbi və polis məktəblərinin rəisləri müvafiq qaydada təyin olunurlar.



Maddə 38. Qeyri-dövlət təlim-tərbiyə müəssisələrinin idarə olunması

Qeyri-dövlət təlim-tərbiyə müəssisələri respublikanın təhsil qanunvericiliyinə və xüsusi normativ aktlara müvafiq olan nizamnamə əsasında idarə olunur. Bu müəssisəsinin təsisçiləri təhsilin dövlət standartlarına müvafiq qurulmasına məsuliyyət daşıyırlar; təhsil müəssisələrinin fəaliyyəti nəticəsində əldə edilən gəlirdən təhsil müəssisələrin daha da inkişaf etdirilməsi məqsədilə istifadə olunur, təhsilin maddi-texniki bazası genişləndirilir və müasirləşdirilir, təlim stimullaşdırılır, təkmilləşdirilir, elmi araşdırmalar dərinləşdirilir, uşaqların, şagird və müəllimlərin sosial-iqtisadi mənafeləri daha dolğun təmin edilir, təhsil müəssisələrinin xarici ölkələrlə əlaqələri genişləndirilir.

Əldə olunan gəlirdən şəxsi qazanc məqsədilə istifadə olunmur.

Maddə 39. Təhsil müəssisələrinin elmi-metodiki və informasiya təlimatı

Ali məktəblər, elmi-tədqiqat institutları, pedaqogika və psixalogiya sahəsində araşdırmalar aparan elmi-tədqiqat kollektivləri, iqtisasartırma institutları, kitabxanalar, informasiya orqanları və başqa elmi-metodiki müəssisələr müvafiq təhsil ocaqları, təşkilatları və kollektivləri ilə, habelə yaradıcılıq birlikləri, cəmiyyətləri, assosiasiyaları ilə sıx əməkdaşlıq şəraitində təhsilin elmi-metodiki və informasiya təminatını həyata keçirirlər. Respublikanın məktəbəqədar və ümumi orta təhsil müəssisələrinin kadr, elmi-nəzəri, praktiki və metodiki problemlərini həll edən vahid pedaqoji mərkəz — üçpilləli tədris, elmi-tədqiqat və təcrübə kompleksi olan ali təhsil müəssisəsi — Pedoqoji Universitet, həmçinin Azərbaycan Dövlət Elmi Tədqiqat Təhsil Problemləri Mərkəzi yaradılır. Xalq Təhsili Nazirliyi bütün pillələrdən olan tədris müəssisələrini tədris planları və proqramlarının tənzimlənməsini, buna müvafiq olaraq yeni dərsliklər yaradılmasını təmin edir.

Pedaqoji mətbuat, dərsliklər, tədris-metodiki vəsaitlərin nəşri, ali məktəblərin nəşriyyatları dövlət vəsaiti hesabına maliyyələşdirilir.

Maddə 40. Təhsil sistemində psixoloji xidmət

Təhsil müəssisələrində dövlət-psixoloji xidməti fəaliyyət göstərir. Psixoloji xidməti psixoloq-praktik həyata keçirir. Psixoloq-praktik öz statusuna görə pedaqoji işçilərə bərabər tutulur.



Maddə 41. Təhsil sistemində sosial-pedoqoji himayə

Təhsil sistemində sosial-pedoqoji himayə xidməti fəaliyyət göstərir. Bu xidməti sosioloq-pedaqoqlar həyata keçirirlər. Onlar tədris-tərbiyə müəssisələri ilə ailə və cəmiyyət arasında əlaqə yaradılmasında iştirak edir, mühitin dəyişməsi ilə əlaqədar olaraq valideynlərə məsləhət verirlər. Sosioloq-pedaqoqlar öz statusuna görə pedoqoji işçiyə bərabər tutulur.



Maddə 42. Dövlət, ictimai, kooperativ və özəl müəssisələrin, təşkilatların, habelə ayrı-ayrı vətəndaşların təhsil prosesində iştirakı

Dövlət, ictimai, kooperativ və özəl müəssisələr, təşkilatlar, həmçinin ayrı-ayrı vətəndaşlar tədris-tərbiyə müəssisələrinə, şagird və tələbələrə, aspirant və doktorantlara maliyyə yardımı, maddi və s. kömək göstərməklə təhsil prossesində iştirak edirlər. Dövlət idarə və müəssisələri (büdcəyə daxil olmayan), ictimai idarə və təşkilatlar, kooperativlər və assosiasiyalar dövlət təhsil müəssisələrinə mütəxəssis hazırlanması barədə sifarişlər verə bilərlər. Belə sifarişlər dövlət təhsil müəssisəsi və sifarişçi arasında bağlanan müqavilə əsasında tənzim edilir.

Təhsil müəssisəsi şurasının qərarı ilə idarə, təşkilat və müəssisələrin nümayəndələri, elm, mədəniyyət xadimləri, başqa sahələrdən olan vətəndaşlar təhsil müəssisəsinin idarəçiliyinə və təlim-tərbiyə işinə cəlb olunur, uşaqların və gənclərin intellektual, mədəni inkişafına kömək edir, tərbiyəçilərə və müəllimlərə məsləhət verirlər.

Maddə 43. Təhsil sistemində tibb xidməti

Təhsil sisteminə daxil olan bütün təlim-tərbiyə müəssisələrində tibb xidməti təşkil olunur. Tibb xidmətini Səhiyyə Nazirliyinin müvafiq idarə və müəssisələri, sahə tibb müəssisələri göstərirlər. Tibb xidmətinin göstərilməsini yerli dövlət orqanları təmin edirlər.



Maddə 44. Təhsil müəssisələrində iaşənin təşkili

Təhsil müəssisələrində iaşə xidmətinin təşkilinə müvafiq icra hakimiyyəti orqanları cavabdehdirlər. Təhsil müəssisələri özləri də iaşə xidməti təşkil edə bilərlər. Yeməyin keyfiyyətinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 45. Təhsil prosesi üçün sağlam və təhlükəsiz şərait yaradılması

Təhsil müəssisəsində sağlam və təhlükəsiz şərait yaradılmasına cavabdeh onun mülkiyyətçisidir. Yetişməkdə olan nəslin sağlamlığını təmin etmək məqsədilə təlim-tərbiyə müəssisələrində bədən tərbiyəsi və idmanın inkişafına dövlət qayğısı göstərilir. Milli idman növləri dirçəldilir. Tədris planları yenidən nəzərdən keçirilir. İdman-sağlamlıq kompleksləri şəbəki genişləndirilir.



Təhsil və təlim-tərbiyə müəssisəsində, həmçinin ondan 100 metrədək məsafədə spirtli içki və tütün məmulatlarının reklam yayımına yol verilmir.

Yüklə 178,46 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin