Azərbaycan Respublikasının Təhsil Nazirliy
Azərbaycan Universiteti
Kafedra: İctimai Elmlər Kafedrası
Fənn: Azərbaycan Tarixi
Mövzu: Monqolların Azərbaycana II yürüşü
Fakultə: Humanitar
İxtisas: Tarix müəllimliyi
esse
Müəllim: Aytən İmanova
Tələbə: Babayev Vüsal
B A K I - 2011
P L A N
Monqolların Azərbaycana II yürüşü
Giriş
-
Monqolların Azərbaycana II yürüşü
-
Monqol əsarəti və ona qarşı mübarizə
-
Monqol yürüşlərinin Azərbaycan iqtisadiyyatına təsiri
Nəticə İstifadə olunmuş ədəbiyyat siyahısı
Giriş
XIII yüzilliyin əvvəllərində, Mərkəzi Asiyada güclü hərbi qüdrətə malik olan monqol dövlətinin qonşu ölkələrə yürüşləri ərəfəsində, Azərbaycanın xarici və daxili vəziyyəti gərgin halda idi. Orta Asiyada iqtisadi cəhətdən bir-birilə möhkəm əlaqədə olmayan vilayətlərin birləşməsindən təşkil olunmuş Xarəzmşahlar dövləti monqollara qarşı mübarizə aparmaq iqtidarında deyildi. Azərbaycan ərazisində isə vahid dövlət yox idi və feodal pərakəndəliyi hökm sürürdü. Ölkədə Eldənizlərin Atabəylər və Rəvvadilər nəslindən Ağsunqurilər sülaləsi (1108-1227-ci illər) hakimiyyət sürürdü. XII əsrin sonunda Eldənizlər dövləti öz əvvəlki qüdrətini itirdi. Eldənizlər sülaləsinin üzvləri arasında gedən mübarizələr səltənətin əsaslarını sarsıdırdı. Qızıl Arslanın xələfi atabəy Əbu Bəkr Azərbaycanda (Şirvan istisna olmaqla) hökm sürürdü. Atabəylərin Əbu Bəkri əvəz etmiş son nümayəndəsi Özbək feodal qruplarının əlində oyuncağa çevrildi, ölkədə feodal çəkişmələri daha da şiddətləndi.[1] [2]
Monqolların Azərbaycana II yürüşü
1231-ci ildə monqol qoşunları yenidən Azərbaycana soxuldular. Onlar bu dəfə ölkənin içərilərinə doğru irəliləməyə tələsmirdilər. Monqollar Marağa və Təbrizi tutandan dörd il sonra Azərbaycanın simal torpaqlarına hücum etdilər. Gəncə şəhərini mühasirəyə aldılar. Gəncəlilər düşmənə ciddi müqavimət göstərsələr də, monqollar şəhəri ələ keçirib onu dağıtdılar. Əhaliyə amansız divan tutdular. Şəhər xarabaya çevrildi. O, 4 il belə qaldı. Daha sonra monqollar Azərbaycanın zəbt edilməsini başa çatdırdılar. Beləliklə, monqolların Azərbaycanı zəbt etməsi üçün onlara 8 il vaxt lazım oldu. Monqollar bu müddətdə Gürcüstanı və Ermənistanı da tutdular və bu üç ölkəni bir canişinlikdə birləşdirərək, bu canişinliyin başına iri monqol feodalın qoydular. Bir qədər sonra monqollar bütün ətraf əraziləri zəbt edib böyük Hülakilər dövlətini yaratdılar. Azərbaycanda monqol əsarəti dövrü başladı. [4] [5]
Azərbaycanı zəbt edərkən monqollar Gəncə, Şamaxı, Beyləqan, Ərdəbil və s. şəhərləri viran etdilər. Bərdə şəhəri isə o vaxtdan bəri bir daha dirçəlmədi, kiçik yaşayış məntəqəsinə çevrildi. [4]
K.Marks monqol qoşunlarının ayaqlarının dəydiyi yerlərin xarabazara çevrilməsi barəsində yazmışdır. "İncəsənət, zəngin kitabxanalar, gözəl saraylar və məscidlər, hər şeyi yerlə-yeksan etdilər". Monqol əsarəti dövründə ölkənin təsərrüfatı pisləşdi. Torpaqların xeyli hissəsi uzun illər əkilməmiş qaldı, sənətkarlıq və ticarətə ciddi ziyan dəydi. Əsasən maldarlıqla məşğul olan monqollar ən yaxşı torpaqları, o cümlədən Kür-Araz ovalıqlarını ələ keçirərək otlaqlara çevirdilər. [4]
Monqol əsarəti və ona qarşı mübarizə
Azərbaycan xalqı monqol əsarətinə qarşı daim mübarizə aparmışdır. Çox vaxt feodal zülmündən cana doymuş kəndlilər silahlı dəstələr düzəldir, monqol feodallarının mülklərinə basqınlar edir, onları öldürməkdən də çəkinmirdilər. Bəzən bu mübarizə yerli feodallar da qoşulur, kəndli dəstələrinə başçılıq edirdilər. Monqol zülmünün ilk illərində Qarabağda böyük üsyan oldu. Bu üsyana yerli hakim Həsən Cəlal başçılıq edirdi. Bir qədər sonra Şirvanda da böyük çıxışlar baş verdi. Şəhər zəhmətkeşləri, sənətkarlar da bu çıxışlarda iştirak edirdilər. Belə çıxışlardan biri Təbriz şəhərində oldu. Bütün bu çıxışların çox ciddi xarakterli olmalarına baxmayaraq üsyançılar yaxşı silahlanmış, sayca daha çox olan qoşunlara ciddi müqavimət göstərə bilməyərək məğlubiyyətə düçar olurdu. [3] [5]
Monqol yürüşlərinin Azərbaycan iqtisadiyyatına təsiri
Monqolların Azərbaycana gəlməsi oturaq yerli əhalinin həyat tərzinə və ilk növbədə kənd təsərrüfatının və əkinçiliyin inkişafına mənfi təsir göstərdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına kəskin zərbə vurdu. Ölkədə feodal pərakəndəliyi daha da artdı. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin yerləri tapdalandı, xırmanlar yandırıldı. Monqollar ilk anlardan başlayaraq becərilən torpaqları zəbt edib otlaqlara çevirdilər. Muğanda çağırılmış qurultayda Ön Qafqaz ərazisi 110 nəfər monqol noyonu arasıında bölündü. Sərkərdə Molor noyon Şəmkirin və ətraf ərazinin hakimi oldu. Monqollar əhalinin mal-qarasını, xüsusilə atlarını güclə alıb öz ilxılarına qatdılar. İş o yerə çatdı ki, adamlar son heyvanlarını verib canlarını qurtarmalı oldu. Monqolların iqtisadi siyasəti əkin sahələrinin azalmasına və son nəticədə kəndlilərin həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu, kənd təsərrüfatı məhsullarının həcmi kəskin şəkildə aşağı düşdü. Monqol köçərilərinin mütəmadi olaraq bir yerdən digərinə köçmələri yararlı əkin sahələrinin mal-qaranın və ilxıların ayaqları altında qalıb xarab olmasına səbəb olurdu. Monqollar kəndlilərin özlərini də ya məhv edir, ya da əsir tutub apararaq onlardan mal-qaranın otarılmasında və ov mərasimlərində istifadə edirdilər. Bu isə Azərbaycanda kənd təsərrüfatının inkişafına ciddi maneə törədirdi. [1]
Monqol yürüşləri şəhər həyatına da mənfi təsir göstərdi. Monqillar şəhər və qalaları tutarkən kütləviqirğın törədir, əhalidən qiymətli daş-qaşın, qızıl-gümüşün, paltarın verilməsini tələb edirdilər. Sağ qalanları qul kimi, bəzən isə sıravi döyüşçü kimi istifadə olunurdu. Sənətkarlar bir qayda olaraq Qaraqoruma və digər yerlərə aparılırdı. Cüveynin məlumatına görə, Xarəzmdə 100.000-ə qədər sənətkar əsir saxlanılırdı. Onların bir qismindən tikinti işlərində, silah hazırlanmasında, zərgərlik emalatxanalarında və s. sahələrdə istifadə olunurdu. Gənc əsirlərdən köməkçi hərbi hissələr təşkil olunur və yeri gəldikcə ordunun önündə istifadə olunurdu. [2]
Sənətkarların qul halına düşməsi və onlardan hərbi qüvvələr kimi istifadə olunması yerli əhalinin mənafeyinə zidd idi və təsərrüfatın, sənətkarlığın inkişafına zərər vururdu. Təsərrüfatda kəndli əməyi əvəzinə əsirlərin - qulların əməyindən geniş istifadə olunması kənd təsərrüfatına və şəhər həyatına təsir göstərdi və iqtisadi tənəzzülə gətirib çıxardı. Monqol istilaları köhnə quldarlıq həyat tərzinin möhkəmlənməsinə imkan yaratdı. Azərbaycanın istehsal qüvvələrinə, ilk növbədə kənd təsərrüfatına ağır zərbə vurdu. Bəzi hallarda təsərrüfat həyatının canlanması üçün müəyyən tədbirlər görülsə də, istehsal qüvvələrinin inkişafı əvvəlki səviyyəyə çata bilmədi. [2]
Nəticə
Monqolların II yürüşdə məqsədi işğal etdikləri ərazilərdə, əsasən Azərbaycanda və ona qonşu olan ərazilərdə möhkəmlənmək idi. Onlar Monqolustana qayıtmadılar və tutduqları ərazilərdə, o cümlədən Cənubi Qafqazda məskunlaşdılar. Azərbaycan və Cənubi Qafqaz ərazisi 1239-1256 -cı illərdə Böyük Monqol imperatorluğunun buradakı canişinləri tərəfindən idarə olundu. Monqol əyanlarının Azərbaycanda həyata keçirdiyi siyasətin əsas mahiyyəti yerli feodalların-vassalların köçmə monqol əyanlarından asılılığını getdikcə artırmaq idi. Köçməəyanların bir qismi yerli feodallarla ittifaqa üstünlük verirdilərsə, başqaları onlara heç bir hüququn verilməməsinin tərəfdarı idi. [3]
İstifadə olunmuş ədəbiyyat siyahısı
-
Z.M. Bünyadov və Y.B.Yusifov "Azərbaycan Tarixi" Bakı-2009
-
Süleyman Əliyarlı "Azərbaycan Tarixi"
-
İqrar Əliyev "Azərbaycan Tarixi" Bakı-1993
-
Mahmud İsmayıl "Azərbaycan Tarixi" Bakı-1997
-
"Azərbaycan Sovet Ensiklopediyası" (VII cild) Bakı, 1981
Dostları ilə paylaş: |